Məhkəmə qərarları › İş №2-1(112)-2793/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2793/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2793/2022 26.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 18, H.Əliyev adına Ali Hərbi Məktəb) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xidmətdə olan polkovnik İddiaçı 28 ildir ki, hərbi qulluqçu olaraq Müdafiə Nazirliyində xidmət edir və bu xidmətdən şərəf duyur. Hazırda xidmətini H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirir. Ailəlidir, 2 övladı var. Məhkəməyə müraciət etməkdə məqsədi ondan ibarətdir ki, 20 təqvim ilindən artıq qüsursuz xidmət etməyinə baxmayaraq dövlət hesabına mənzillə təmin olunması barədə müraciətindən imtina olunmuşdur. Həmin imtina məktubunda Ağdam Hərbi Məhkəməsinin xx.xx.2007-ci tarixli hökmünə əsasən AR CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək AR CM-nin 62-ci maddəsi tətbiq edilməklə şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzasına məhkum edilməsi qeyd olunmuşdur. Həmçinin, məktubda göstərilmişdir ki, AR Müdafiə Nazirinin müvafiq əmrilə yaradılmış komissiya tərəfindən Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində, eləcə də ehtiyata buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarıbmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara onların adlarının əlavə edilməməsi qənaətinə gəlinmişdir. Ünvanladığı müraciətindən Müdafiə Nazirliyinin formal imtinası hüquqlarını pozduğu üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 20 təqvim ilindən artıq zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Lakin, İddiaçı Ağdam Hərbi Məhkəməsinin 13 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək ARCM-nin 62-ci maddəsi tədbiq edilməklə şərti maliyyə vahidinin 500 (beş yüz) misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın birinci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Cavabdehin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. İddiaçının cinayət törətməkdə təqsrli bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə qanun pozuntusuna, qüsura yol verməsi deməkdir. Məhkumluğun ödənilməsini və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət hüquqi baxımdan bu belə də qəbul olunur. Ancaq, məhkumluqla bağlı bütün hüquqi nəticələrin ləğv olunması heç də imtiyaz və güzəşt yaratmır. O cümlədən, dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (hazırda Azərbaycan Ordusunda) 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin edilmə imtiyazının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilməsi inzibati orqanın subyektiv fikri deyildir. Belə imtiyaz Prezidentin Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. İnzibati orqan həmin şəxslərin dairəsini genişləndirə bilməz və ya 20 illik hərbi xidmət dövründə cinayət törətmiş və məhkum olunmuş şəxslərin xidmətini qüsursuz saya bilməz. Sual yaranır: əgər cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi də qüsur deyildirsə qüsur nədir və nəyi qüsur saymaq olar? Yaxud 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirsə normativ hüquqi aktda qüsursuz sözü nə məqsədlə işlənmişdir və hansı məna kəsb edir? Nə məhkumluğun ödənilməsini və götürülməsini, nə də ayrı-ayrı dövlət təltiflərinin, orden və medalların verilməsini Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında nəzərdə tutulmuş 20 təqvim ili və daha çox xidmət etmənin qüsursuzluğu kimi qəbul etmək olmaz. Bəhs olunan Fərmanla 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara belə imtiyaz verilməmişdir. 2011-ci ildə dərc olunmuş Azərbaycan dilinin izahlı lüğətində (İİİ cild. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011) “qüsursuz” sözü heç bir qüsuru, eybi, nöqsanı, çatışmazlığı olmayan; nöqsansız; “qüsur” sözü isə həm eyib, nöqsan, çatışmayan cəhət, çatışmazlıq, həm də təqsir, günah, qəbahət kimi izah edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbinə əsasən: maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; maddə 58.7 sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən: maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; maddə 106.1 işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; maddə 217.1 məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; maddə 217.2 qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; maddə 217.3 qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 27 dekabr 2007-ci il tarixli qərarında göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən: maddə 3 vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər; maddə 4 hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar; maddə 30.1 hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər; maddə 30.3 qeyri-hərbi cinayətlərin törədilməsinə görə hərbi qulluqçular ümumi əsaslarla cinayət məsuliyyəti daşıyırlar. Müəyyən edilmiş hərbi xidmət qaydasına qarşı cinayət törədilməsinə görə onlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə hərbi cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar. maddə 31 mərbi qulluqçular barəsində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir. Məhkəmə təcübəsini nəzərə alsaq, bu kateqoriya işlər üzrə Ali Məhkəmənin mövqeyi formalaşmışdır. Belə ki, 1992-2016-cı illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmiş, Bakı Hərbi Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddəti müəyyən edilməklə barəsində şərti məhkum etmə təyin edilmiş iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi və sıra sayının məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2018-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətini təmin etməyən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(102)- 718/2018 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qərarında göstərmişdir ki, iddiaçının şərti məhkum edilməsi onun qüsursuz xidmət etməsi dəlilini təkzib etməklə istinad edilən qanunvericilik normalarının onun barəsində tətbiqini istisna edir. Cavabdeh Ali Məhkəmənin qüvvədə olan hər iki qərarını qanuni və əsaslı sayır. Hesab edirik ki, iddiaçının cinayət törətməkdə təqsili bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə yol verdiyi qanun pozuntusudur, qüsurdur. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı 20 təqvim ilindən artıq zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı Ağdam Hərbi Məhkəməsinin 13 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək ARCM-nin 62-ci maddəsi tədbiq edilməklə şərti maliyyə vahidinin 500 (beş yüz) misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. İddiaçı cavabdeh inzibati orqana hazırkı tələblə müraciət etmiş, lakin cavabdeh iddiaçının cinayət törətməkdə təqsili bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə yol verdiyi qanun pozuntusu, qüsur olduğunu əsas gətirərək müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Bənd 1.1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Bənd 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bənd 1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı: Bənd 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Bənd 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə 164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Maddə 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Maddə 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, cavabdeh imtina məktubunda və iddiaya dair yazılı etirazında iddiaçının məhkum olunmasına istinad edərək iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh inzibati orqan iddiaçının Ağdam Hərbi Məhkəməsinin 13 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək ARCM-nin 62-ci maddəsi tədbiq edilməklə şərti maliyyə vahidinin 500 (beş yüz) misli miqdarında cərimə cəzasına məhkum edildiyini əsas tutaraq onun 20 il qüsursuz xidmət etmiş şəxs sayılmadığını bildirmişdir. Bununla bağlı məhkəmə bildirir ki, cinayət qanunvericiliyin müddəalarına əsasən, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Ağdam Hərbi Məhkəməsinin 279 nömrəli xx.xx.2010cu il tarixli məktubundan görünür ki, iddiaçı ona təyin edilmiş şərti maliyyə vahidinin 500 (beş yüz) misli miqdarında cəriməni 2007-ci ilin iyul ayında tam həcmdə ödəmişdir və həmin vaxtdan heç bir cinayət xarakterli hərəkətə yol vermədiyinə görə məhkumluğu olmayan şəxs hesab edilir və məhkumluğun ödənilməsi onun barəsində məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək AR CM-nin 62-ci maddəsi tədbiq edilməklə şərti maliyyə vahidinin 500 (beş yüz) misli miqdarında cərimə cəzasına məhkum edilsə də, iddiaçı cəriməni 2007-ci ilin iyul ayında tam həcmdə ödəmiş, həmçinin onun məhkumluğu ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qüsursuz hərbi xidmət müddətinin hesablanması zamanı məhkumluğunun olduğu müddət nəzərə alınmasa da belə, onun hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.1997-ci il tarixdən hal-hazıradək, 24 ildən artıq müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etməsi, xx.xx.2007-ci il tarixli hökmə əsasən, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, şərti maliyyə vahidinin 500 (beş yüz) misli miqdarında cərimə cəzasına məhkum edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğunun ödənilməsi işin mübahisəsiz hallarıdır. Hazırkı mübahisənin düzgün həll edilməsi üçün müəyyən edilməli olan hal iddiaçının məhkumluğunun olduğu müddət nəzərə alınmadıqda qüsursuz xidmət müddətinin 20 il təşkil edib-etməməsi ilə bağlıdır. İşin qeyd edilən halları nəzərə alındıqda isə iddiaçının məhkumluğunun olduğu müddət xidmət müddətinə daxil edilməsə, onun qüsursuz xidmət müddətinin 20 ildən artıq təşkil etdiyi müəyyən edilir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı “Qüsursuz xidmətə görə” medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2004-cü il tarixli 047t nömrəli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 20159-ci il tarixli 052t nömrəli əmri ilə 2-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2016-cı il tarixli 0117t nömrəli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Medalların adından və təltif etmə şərtləri və qaydalarından görünür ki, bu təltiflər dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur. Eyni zamanda, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək kursant qismində və xx.xx.1997-ci il tarixdən bu günədək zabit qismində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçir. Göründüyü kimi, iddiaçı xx.xx.1997-ci il tarixdən bu günədək zabit qismində Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçir və bu hüquq, həmin maddənin tələbinə əsasən, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş şəxslərə verilə bilər. İddiaçının da hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etməsi nəzərə alınmaqla ona bu hüquq verilmişdir. Beləliklə, iddiaçının 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu olması təsdiq edilir. Odur ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid edildiyindən tələbində haqlıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ehtiyatda olan zabit kimi güzəştli mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar