Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2793/2025 09.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X12) qarşı “daşınmaz əmlakın dövlət reyestr qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi (vəzifəli şəxsləri) tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin X3 adına müvafiq olaraq xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrə ilə Reyestrdə aparılmış qeydiyyatla bağlı hərəkətləri qanunsuz hesab edilsin və həmin qeydiyyatın ləğv edilməklə reyestrdə düzəliş aparılması cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə X12 üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X17 arasında 26 yanvar 2008-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu VVADQ şöbəsində 73 nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla nikah bağlanmış və AZ-İ № 379204 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Sonuncuların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2009-cu il təvəllüdlü X18 anadan olmuşlar. İddiaçı X17 ilə rəsmi nikaha daxil olduğu gündən Bakı şəhəri, Zığ yolu, ev 1B, m.69 ünvanında yerləşən mənzilə köçmüş və iki övladları da qeyd edilən mənzildə anadan olmuşdur. Hal-hazıradək hər üçü də mübahisəli mənzildə yaşayırlar və mənzil üzrə bütün kommunal ödənişləri İddiaçı ödəyir, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli ******* saylı arayışdan göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzildə X14 da qeydiyyatdadır. Qeyd edir ki, X17 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Zığ yolu, ev 1B, m.69 ünvanında yerləşən mənzil 12 mart 1988-ci il tarixli order ilə X13 məxsus olmuşdur. Lakin mərhumun birinci nikahından olan qızı X12 xx.xx.2024-cü il tarixində İddiaçı qarşı “mənzildən çıxarma” tələbinə dair iddia tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Ona yalnız həmin işə qoşulduqdan sonra məlum olmuşdur ki, iddiaçı X12 atası X9 ölümündən sonra Bakı şəhəri, Zığ yolu, ev 1B, m.69 ünvanında yerləşən mənzili öz adına özəlləşdirmiş və ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə də, İddiaçı və onun mərhum həyat yoldaşı X17 ilə birgə nikahından anadan olmuş övladlarının qanunla nəzərdə tutulmuş hüquqları pozulmuşdur. X12 və onun ailə üzvləri uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır. X12 ünvan 1 ünvanında yerləşən mənzili özəlləşdirərkən, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət etməmişdir. Nəticədə isə, 2008-ci ildən faktiki olaraq mübahisəli mənzildə yaşayan iddiaçı və onun övladlarının qanunla nəzərdə tutulmuş hüquqları pozulmaqla Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X5 xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən mənzilin X3 adına qeydə alınmasının ləğv edilməsi ilə bağlı tərəfindən 30 iyul 2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müraciət edilmiş, lakin inzibati orqan tərəfindən müraciətimizə heç bir münasibət bildirilməmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq iddia ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. Həmçinin qeyd olunan ünvanda yerləşəm mənzil Binəqədi (keçmiş Kirov) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 247260 nömrəli orderi əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edirik.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, X14, X15, X6 və X12 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
6. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 2 saylı Mənzil Kommunal İstimar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsinin xx.xx.2008-ci ildə verilmiş nigah haqqında şəhadətnaməyə əsasən xx.xx.2008-ci ildən ünvan 4 ünvanında yaşayır.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə çıxarışın verilməsinə əsas olmuş sənədlər təqdim edilmişdir. XDS-nin xx.xx.1988-ci li tarixli, 247260 saylı orderinə əsasən X13 5 nəfər ailə tərkibi ilə birlikdə Bakı şəhəri, Zığ şossesi, ev 1B, 69 saylı mənzildə yaşayış sahəsi verilmişdir. Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizəyə əsasən X6 ünvan 4 ünvanında yerləşən mənzili X3 adına sənədləşdirilməsinə etiraz etməmişdir. Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizəyə əsasən X16 ünvan 4 ünvanında yerləşən mənzili X3 adına sənədləşdirilməsinə etiraz etməmişdir. ƏMDX DƏDKR publik hüquqi şəxisinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 4 ünvanına xüsusi mülkiyyət hüququ (tam) X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianının təmin edilməməsini xahiş etdi.
9. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi məhkəməyə iddianının təmin edilməməsini xahiş etdi.
I. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
14. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
18. Cavabdeh tərəfindən daxil olan iddaya yazılı etirazda bildirilmişdir ki, iddiaçı müvafiq iddia ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir.
19. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçının müvafiq ərizəsi ilə cavabdehə müraciəti mövcuddur. Həmçinin iş məhkəmənin icraatına daxil olduqdan sonra iddiaçının nümayəndəsi və vəkili dəfələrlə cavabdeh orqana müraciət etsə də, müraciətinə cavab verilməmişdir.
20. Odur ki, iddia mümkündür.
II. Məhkəmənin mövqeyi
21. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, XDS-nin xx.xx.1988-ci li tarixli, 247260 saylı orderinə əsasən X13 5 nəfər (Həsənova X.D, Həsənova S.V, Həsənova R.V, Həsənova X.V və Həsənov N.V) ailə tərkibi ilə birlikdə ünvan 4 ünvanında yaşayış sahəsi verilmişdir. Sözügedən order əsasında X12 yalnız X7 və X2 razılığı əsasında mənzilə mülkiyyət hüququ əldə edərək, xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
26. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır.
27. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
28. Məhkəmə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.
29. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər.
30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 1B, 69 saylı mənzilə dair X9 adına order verilsə də, kirayəçi ilə birlikdə faktiki yaşayan İddiaçı mübahisə predmetini təşkil edən əmlakın X4 mülkiyyətinə keçməsində razılığı olmadığı iş materialları ilə təsdiq edildiyindən, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir.
31. İddiaçı mənzilə dair çıxarış alınan zaman (xx.xx.2023-cü il tarixdə) mənzildə faktiki olaraq yaşamış, bu halı təsdiq edən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 2 saylı Mənzil Kommunal İstimar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışı mövcud olmuşdur.
32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, orderdə qeyd olunan və faktiki yaşayan ailə üzvünün (İddiaçı) razılığının olmadan mənzilin X4 adına özəlləşdirilməsi və çıxarışın verilməsi qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
33. İddia tələbinin ikinci hissəsi – dövlət reyestrində düzəliş aparılmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı müvafiq sənədlərlə cavabdeh orqana müraciət etməli və hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etməlidir.
34. Bu səbəbdən də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** saylı reyestr qeydinin və onun əsasında verilmiş çıxarış ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir.
35. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** saylı reyestr qeydinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva