Məhkəmə qərarları › İş №2-1(112)-2797/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2797/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2797/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, iddiaçı 16 saylı Bakı Peşə Litseyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə qarşı “altsistemə yerləşdirilmiş məlumatlara dəyişikliyin edilməsi öhdəliyinin qoyulması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 16 saylı Bakı Peşə Litseyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adları qeyd olunan mühəndis-pedaqoji işçilərin 16 nömrəli Bakı Peşə Liseyində işləməsini təsdiq edən ərizələri və işə davam etməkdə olmasını nəzərə alaraq ƏMAS sistemində xitam bildirişlərinin imtina edilməsinə qərar verilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 nömrəli Bakı Peşə Liseyində çalışan X14, X7, X2, X8, X6 mühəndis-pedaqoji işçilərə xx.xx.2024- cü il tarixdə ƏMAS proqramında səhvən xitam verilmişdir. Səhvi düzəltmək üçün dərhal ƏMAS alt sistemində “Etibarsızlaşdırma” əməliyyatı aparılıb. Ardınca ƏMAS-a email vasitəsi ilə müraciət edilmiş, lakin məlum olmuşdur ki, həmin funksiya aktiv deyil, bu zaman artıq 24 saat keçmişdir. Müəssisənin özü tərəfindən səhvi düzəliş etmək mümkün olmamışdır. Səhv verilmiş xitamların sistemdə ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinə rəsmi məktubla müraciət edilmiş, müraciətə cavab olaraq səhvi düzəltmək üçün tələb olunan sənədlər siyahısına əsasən bütün sənədləri göndərilmişdir. İşin icra müddəti ərzində ƏMAS sistemində müvafiq qanunvericilik dəyişikliyi olunmuş, müəyyən edilmişdir ki, yeni qaydaya görə sistemdə xitamın düzəlişi məhkəmə qərarına əsasən həyata keçirilir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X14, X7, X2, X8 və X6 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl hazırkı tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri və üçüncü şəxslər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-5/2-65759/2024 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, təqdim edilən sənədlərə baxış keçirilərkən 4 (dörd) əməkdaşın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən, 2 (iki) əməkdaşın isə həmin Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərinin "Əmək və məşğulluq' altsisteminə daxil edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin bildirilir ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Yuxarıda qeyd edilən səbəblərdən şəxslərin adına "Əmək və məşğulluq’’ altsisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin ləğv edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Eyni zamanda bildiririlir ki, “Əmək və məşğulluq” altsisteminə baxış keçirilən zaman X3 xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə, X1 xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə, X4 xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək bağlanmış müddətli əmək müqaviləsinə, X5 xx.xx.2012-ci il tarixindən bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində əmək qanunvericiliyin tələbləri pozularaq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsaslanmaqla xitam verildiyi müəyyən edilmişdir. Məktubda müraciətdə qeyd edilən şəxslərlə iddiaçı arasında əmək mübahisəsinin yarandığı təqdirdə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -16 saylı Bakı Peşə Litseyi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli 39k saylı “İşçinin işdən azad edilməsinə dair” Əmrdən görünür ki, ixtisas fənn müəllimi X14 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən son haqq-hesabı kəsilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -16 saylı Bakı Peşə Litseyi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli 40k saylı “İşçinin işdən azad edilməsinə dair” Əmrdən görünür ki, istehsalat təlim ustası X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən son haqq-hesabı kəsilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -16 saylı Bakı Peşə Litseyi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli 43k saylı “İşçinin işdən azad edilməsinə dair” Əmrdən görünür ki, istehsalat təlim ustası X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən son haqq-hesabı kəsilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -16 saylı Bakı Peşə Litseyi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli 44k saylı “İşçinin işdən azad edilməsinə dair” Əmrdən görünür ki, müəllim X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən son haqq-hesabı kəsilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -16 saylı Bakı Peşə Litseyi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli 46k saylı “İşçinin işdən azad edilməsinə dair” Əmrdən görünür ki, müəllim X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən son haqq-hesabı kəsilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -16 saylı Bakı Peşə Litseyi tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli 51k saylı “Xitam əmrinin ləğv olunmasına dair” Əmrdən görünür ki, X14, X7, X8, X2, X6 və X9 barəsində xx.xx.2024-cü il tarixli, 39k, 40k, 43k, 44k, 45k, 46k nömrəli səhvən verilmiş xitam əmrləri etibarsız hesab edilmişdir. -X7 tərəfindən cavabdehə ünvanlanan xx.xx.2024-cü il tarixli Ərizədən görünür ki, hal-hazırda 16 nömrəli Bakı Peşə Litseyində işləyir, hər ay aylıq əmək haqqı alır. -X6 tərəfindən cavabdehə ünvanlanan xx.xx.2024-cü il tarixli Ərizədən görünür ki, hal-hazırda 16 nömrəli Bakı Peşə Litseyində işləyir, hər ay aylıq əmək haqqı alır. -X2 tərəfindən cavabdehə ünvanlanan Məlumatdan görünür ki, A.İskəndərova 01.07.204-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq hər ay vaxtında əmək haqqını və məzuniyyət pulunu alır, bu barədə şikayəti yoxdur, hal-hazırda işləyir. -X8 tərəfindən cavabdehə ünvanlanan Məlumatdan görünür ki, S.Əliyeva 01.07.204-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq hər ay vaxtında əmək haqqını və məzuniyyət pulunu alır, bu barədə şikayəti yoxdur, hal-hazırda işləyir. -X14 tərəfindən cavabdehə ünvanlanan məlumatdan görünür ki, Z.Ağayeva əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq yay məzuniyyətini və əmək haqqını alır, bu barədə şikayəti yoxdur, hal-hazırda 1 illik müqavilə ilə işləyir. -İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2024-cü il tarixli, 01/104 nömrəli məktubdan görünür ki, 16 saylı Bakı Peşə Litseyinin rəhbərliyi mühəndis-pedoqoji işçilər, X14, X7, X2, X8 və X3 müqavilələrinə sistemdə səhvən xitam verildiyindən, xitamın etibarsız hesab olunması üçün sistemdə dəyişikliklik edilməsində köməklik edilməsini xahiş etmişdir. Beləliklə işin faktiki hallarına görə, işəgötürən 16 saylı Bakı Peşə Litseyi tərəfindən litseyin mühəndis-pedoqoji işçiləri X14, X7, X2, X8 və X6 barəsində xx.xx.2024-cü il tarixdə əmək müqavilələrinə xitam verilmiş, lakin 16 saylı Bakı Peşə Litseyinin xx.xx.2024cü il tarixli 51K ömrəli əmri ilə işçilərin əmək müqavilələrinə xitam verilmələri barədə əmrlər ləğv edilmişdir. Bundan sonra əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin texniki səhv olması əsası ilə ləğv etmə əməliyyat aparılmış, lakin funksiya aktiv olmadığından iddiaçı sözügedən əməliyyatı apara bilməmişdir. Altsistemdə düzəliş edilməsinə dair idiaçının cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasını Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti haqqında Əsasnaməsində xitam əmrlərinin ləğv olunmasının Xidmətin vəzifəsi olaraq nəzərdə tutulmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin V hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. AR Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən, Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 12-ci maddəsinin “k” bndinə əsasən, elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalardan: 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-İVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları müəyyən edir. 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun); 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun). 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 8.1. Bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır. Məhkəmə qeyd edir ki, qeyd edilən qaydalar məhz işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini tənzimləyir. Hazırkı halda iddiaçı ilə işəgötürən-iddiaçı arasında əmək müqaviləsi bildirişinin müvafiq sistemə daxil edilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Çünki işin hallarına əsasən nə işəgötürən, nə də ki, X14, X7, X2, X8 və X6 tərəfindən aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi niyyətində olmadıqları, bu istiqamətdə, yəni müqavilənin ləğvi ilə bağlı qanunda müəyyən olunan hərəkətlərin edilmədiyi aşkar görünən haldır. İddiaçı cavabdeh inzibati orqandan üçüncü şəxslərin əmək müqavilələrinə xitam verilməsinə dair əmrin ləğv edilməsini deyil, müvafiq altsistemə səhvən daxil etdiyi üçüncü şəxslərin əmək müqavilələrinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinə müvafiq elektron informasiya sistemində dəyişiklik edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdehin əmək müqaviləsi bildirişi ilə bağlı elektron informasiya sistemində dəyişiklik edilməsinin onun vəzifəsi kimi müəyyən edilmədiyini bildirməsi hazırkı tələbin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, əmək müqaviləsi hər iki tərəfin razılığı ilə bağlanır, tərəflərdən hər birinin ayrılıqda təşəbbüsü ilə xitam verilə bilər. Qeyd edildiyi kimi, işçilərlə işəgötürən arasında əmək münasibətləri ilə bağlı mübahisə mövcud deyil. İşəgötürənin isə elektron sistemə yanlış daxil edilmiş məlumatı düzəltmək üçün texniki imkanı mövcud deyil. Belə olan halda, “elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin vəzifəsidir” kimi yanaşılma hazırkı vəziyyətdə tərəflərin bərabərlik hüququnun, nəticədə işçinin əmək hüququnun pozulması ilə nəticələnə bilər. Cavabdehin dəlillərinə münasibətdə qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarına əsasən, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı" təsdiq edilmişdir. “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən: 1.2. Bu Qaydalar mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və informasiya sistemləri vasitəsilə digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi ilə bağlı məsələləri tənzimləyir. 2.1.1. elektron xidmətlər - mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə, tərəflər arasında bilavasitə təmas olmadan göstərilən xidmətlər; 2.1.3. elektron xidmət təminatçısı (bundan sonra - təminatçı) - elektron xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxs; 5.1. Elektron xidmətlərdən istifadə zamanı istifadəçilərin aşağıdakı hüquqları vardır: 5.1.1. elektron xidmətləri müvafiq inzibati reqlamentə uyğun qaydada və vaxtında almaq; 5.1.2. elektron xidmətlərdən istifadə etmək üçün dolğun, aktual və düzgün məlumat əldə etmək; 5.1.3. elektron xidmətlərdən eyni şərtlərlə və bərabərhüquqlu istifadə etmək; 7.1.3. elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçiyə məlumat almaq imkanının yaradılması və nəticənin ona təqdim edilməsi; 7.2. Elektron xidmətlərin göstərilməsi zamanı təminatçı istifadəçidən inzibati reqlamentdə nəzərdə tutulmayan sənədlərin, həmçinin digər dövlət qurumlarının informasiya ehtiyatlarında mövcud olan sənədlərin və məlumatların təqdim edilməsini, o cümlədən, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, digər dövlət qurumlarına əlavə müraciət etməsini, hər hansı razılaşdırma aparılmasını tələb etməməlidir. 7.3. Təminatçı istifadəçi tərəfindən elektron formada göndərilmiş sənədlərin və məlumatların adi qaydada emal edilməsini, saxlanılmasını və mövcud kargüzarlıq qaydalarına müvafiq olaraq baxılmasını təmin etməlidir. 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı” yeni redaksiyada təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi (9.13-cü bənd) və Əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi (9.14-cü bənd) növdə elektron xidmətlər müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Fərmanın 3.1.1-ci maddəsinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin vəzifəsidir. Qeyd edilən normativ hüquqi aktların təhlili bu nəticəyə gəlməyə əsas verir ki, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir, qarşıya qoyulan məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılmasıdır. Bu sahədə dövlət siyasətini həyata keçirən və əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsinə riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifəsidir. Cavabdeh qurumun imtinası isə qeyd edilən tələblərə cavab vermir. Bu isə qeyd edilən normativ aktlarla qarşıya qoyulmuş məqsədlərə mütənasib deyil, nəticədə isə vətəndaşların konstitusion bərabərlik və əmək hüquqlarının pozulması ilə nəticələnə bilər. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuna zidd hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilərək 16 saylı Bakı Peşə Litseyi ilə X14, X7, X2, X8 və X6 arasında bağlanmış əmək müqavilələrinə xitam verilməsi ilə bağlı bildirişə dəyişiklik edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 16 saylı Bakı Peşə Litseyi ilə X14, X7, X2, X8 və X6 arasında bağlanmış əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə dair məlumatlara dəyişikliyin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar