Məhkəmə qərarları › İş №2-1(112)-28/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-28/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-28/2023 11.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tələbə dəqiqləşmə verərək Bakı ş, Əmircan qəs, 6-cı dalan, 5Asaylı ünvanın bir hissəsi ünvanda yerləşən 0,017 ha ölçüdə torpaq sahəsinin faktiki yerləşmə yerinə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və uyğunsuzluğun aradan qaldırılması barədə torpaq sahəsinə dair plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi onun mülkiyyətinə keçmişdir, lakin cavabdeh heç bir əsaslı səbə olmadan müraciətinin təminindən imtina etmişdir. İmtina onunla əsaslandırılır ki, torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Sənəd əsasında olan torpaq sahəsi göstərilən sahədən 60 m aralıda yerləşir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Sənəd əsasında olan torpaq sahəsi göstərilən sahədən 60 m aralıda yerləşir. Alqı-satqı müqaviləsindən görünür ki, mülkiyyət hüquqları X3 məxsus olmuş 0,017 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bölgü-sxem və müqavilədən görünür ki, adıçəkilən torpaq sahəsi X1 mülkiyyətçi T.Ağayeva tərəfindən naturada yeri müəyyən edilməklə satılmışdır. Mütəxəssis rəyindən görünür ki, göstərilən sahə sənəd üzrə sahədən 60 m kənarda yerləşir. Ekspert rəyi ilə də həmin kənarlaşma öz təsdiqini tapmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranması üçün o, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş sənədlərdən birinə malik olmalıdır. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçı notarial təsdiq olunmuş alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyət hüququ ilə torpaq sahəsini satın almışdır. Göründüyü kimi mülki hüquqi əqdlər, indiki halda alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi üçün əsas qismində çıxış edir. Həmin müqavilə, o cümlədən ilkin mülkiyyətçinin adına olan mülkiyyət hüququna dair qeyd qüvvədədir ki, iddiaçı da vicdanlı alıcı kimi həmin qeydə etibar edərək müqavilə bağlamış, nəticədə də hazırda iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir ki, həmin hallar hazırkı iddianın qanuni və əsaslılığına şübhə yaratmaqla digər imtina dəlillərini aradan qaldırır. Belə ki, iddiaçının müraciəti torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlıdır. Mütəxəssis rəyi və ekspert rəyi ilə də müəyyən edilir ki, sənəd üzrə göstərilən torpaq sahəsinin yerləşmə yeri ilə faktiki göstərilən torpaq sahəsi 60 metr kənar ərazidə yerləşir. Lakin, məhkəmə hesab edir ki, sənəd üzrə və faktiki göstərilən torpaq sahəsinin uyğunsuzluğu öz təsdiqini tapsa da, həmin uyğunsuzluğun konstition hüququn dövlət qeydiyyatından imtina üçün əsas olması barədə cavabdehin mövqeyi ilə məhkəmə razılaşmır. Dəqiqləşdirilmiş iddianın mahiyyətindən də göründüyü kimi uyğunsuzluq mübahisə doğurmamaqla cavabdehdən məhz həmin uyğunsuzluğun aradan qaldırılması tələb edilir ki, məhkəmə hesab edir ki, cavabdeh məhz həmin uyğunsuzluğu da aradan qaldırılmalıdır. Belə ki, cavabdehin ilkin mülkiyyətçiyə verdiyi çıxarış, bölgü sxem, sonrakı mülkiyyətçinin adına verilmiş çıxarış və texniki sənədlər mövcud olduğu halda növbəti alqısatqı əməliyyatı ilə iddiaçı məhz naturada yeri müəyyən edilən torpaq sahəsini mülkiyyətinə keçirməyə dair iradə nümayiş etdirmişdir. Cavabdeh isə nə əvvəlki çıxarış və bölgü sxemlər, eləcə də iddiaçı ilə bağlanılmış altı-satqı müqaviləsinin mötəbərliyini şübhə altına almadan, ləğv edilməsi, dəqiqləşmələrin edilməsi barədə həmin hüquqmüəyyənedici sənəd və texniki sənədlərdə cəhg göstərmədən uyğunsuluğun aradan qaldırılması əvəzinə mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina etmişdir. Halbuki, iddiaçı sənəd üzrə aldığı sahəyə hüquqlarının dövlət qeydiyyatını yox, məhz naturada ona verilən sahənin onun adına qeydiyyatının həyata keçirilməsini iddia tələbinə dəqiqləşmə verərək tələb edir ki, dəqiqləşmənin mahiyyətindən də aydın olur ki, dəqiqləşmə məhz uyğunsuzluğun aradan qaldırılması ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-1113/2022 saylı iş üzrə də xx.xx.2022-ci il saylı qərarından da göründüyü kimi məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin etirazının dəlilləri isə ondan ibarətdir ki, həmin alqı-satqı müqaviləsi əsasında əldə olunmuş torpaq sahəsi Badamdar şossesinin kənarında şam ağacları olan ərazidə yerləşir, sərhədləri şərtidir və həmin ərazidə hasarlama işlərinin aparılmasına Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sadalanan həmin hallar iddiaçının satın aldığı mübahisəli torpaq sahəsinin onun adına qeydə alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinin tələbinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən 28 noyabr 2014-cü il tarixdə həmin torpaq sahəsi satıcı X2 adına reyestrdə qeydiyyata alınaraq ona bu barədə çıxarış verilmişdir Eyni zamanda, Ali Məhkəmə 2-1(102)-1023/2022 saylı iş üzrə də xx.xx.2022-ci il saylı qərarında oxşar mövqedən çıxış edilmişdir. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək üçün hüquqmüəyyənedici sənədə malik olduğundan, həmçinin cavabdehin imtina məktubunda göstərilən əsaslar təkzib olunduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Məhkəmə kassasiya instansiya məhkəməsinin öz qərarlarında nümayiş etdirdiyi mövqeyini hazırki işin faktiki halları ilə birgə təhlil edərək hesab edir ki, cavabdehin imtina əsası kimi göstərdiyi hal formal xarakter daşıyır və iddiaçının gözlənilən mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən 0,017 ha ölçüdə torpaq sahəsinin faktiki yerləşmə yerinə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun İddiaçı Sübhan oğlunun adına dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və uyğunsuzluğun aradan qaldırılması barədə torpaq sahəsinə dair plan və ölçünün iddiaçıya verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar