Məhkəmə qərarları › İş №2-1(112)-280/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-280/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-280/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X2rşı diplomun tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bakalavr təhsili üzrə hüquqşünaslıq ixtisası bitirməyinə dair YUB-7313 saylı bakalavr diplomunun "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarına əsasən nostrifikasiya edilməsi və müvafiq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ildə Rusiya Federasiyanın Soçı şəhərində yerləşən “Beynəlxalq İnnovasiya Universitetinin” “Hüquqşünaslıq” istiqaməti üzrə hüquq ixtisasını bitirmişdir. Təhsilini müvəffəqiyyətlə bitirməyinə dair 24 may 2019-cu il tarixli, YUB-7313 saylı bakalavr diplomu verilmişdir. Daimi yaşayış yeri Azərbaycan Respublikasında olduğu üçün burada ixtisası üzrə işləmək istəyir. İş yerinə diplomunu təqdim edərkən ona bildirilmişdir ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyində diplomunun ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) tələb olunur. Təhsil Nazirliyinə etdiyi müraciətinə elektron kabineti vasitəsilə imtina edilmişdir. İmtinaya əsas səbəb kimi onun xarici ölkədə olma müddəti göstərilmişdir. Pasport onun təhsil almağı haqqında birbaşa sübut rolunu oynaya bilməz. Təhsil aldığını təsdiq edən birbaşa sübut diplom və ona əlavə olunan qiymət cədvəlləridir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar, ekspert rəyində qeyd edilir ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il - 5 ay 6 gün; İİ il - 19 gün; İİİ il - 1 ay 5 gün; İV il - 5 ay 16 gün). Göründüyü kimi qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: Rusiya Federasiyası Xüsusi Ali Təhsil Müəssisəsi Soçı şəhəri “Beynəlxalq İnnovasiyalar Universiteti” tərəfindən verilmiş ЮВ-7313 qeydiyyat nömrəli, 24.05.2019-ci il tarixli bakalavr diplomunun və həmin diploma əlavənin azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, əyani formada bakalavr təhsil müddəti 4 il olmaqla İddiaçı 40.03.01. “Hüquqşünaslıq” istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə ona bakalavr dərəcəsi verilmişdir. Təhsil proqramının 46 həftəlik hissəsi “Rusiya Təhsil Akademiyasının Universiteti” APT QDTM-də mənimsənilib. Diplom 07.06.2019-cu ildə Krasnodar diyarı Təhsil, Elm və Gənclər Siyasəti Nazirliyi tərəfindən apostil edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 05.12.2020-ci il tarixli, 33/4207 №-li məktubdan görünür ki, İddiaçı 2014- 2019-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alınmışdır: 09.02.2014 çıxış Gürcüstan – 09.02.2014 giriş Gürcüstan; 24.12.2015 çıxış Gürcüstan – 28.12.2015 giriş Gürcüstan; 07.01.2016 çıxış Rusiya – 29.06.2016 giriş Ukrayna; 13.07.2016 çıxış Gürcüstan – 09.08.2016 giriş Gürcüstan; 15.09.2016 çıxış Gürcüstan – 15.09.2016 giriş Gürcüstan; 28.10.2016 çıxış Gürcüstan – 31.10.2016 giriş Gürcüstan; 28.02.2017 çıxış Rusiya – 10.03.2017 giriş Rusiya; 26.05.2017 çıxış Rusiya – 02.06.2017 giriş Rusiya; 30.08.2017 çıxış Rusiya – 07.10.2017 giriş Rusiya; 02.06.2018 çıxış Rusiya – 23.06.2018 giriş Rusiya; 29.08.2018 çıxış Gürcüstan – 11.10.2018 giriş Gürcüstan; 22.12.2018 çıxış Gürcüstan – 02.04.2019 giriş Gürcüstan; 04.05.2019 çıxış Gürcüstan – 08.06.2019 giriş Gürcüstan. - Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 00-03-197/TKTA №-li, 16.05.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafıq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən ölkəmizdə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir və əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Eyni zamanda həmin Qərara əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftə olmaqla, hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir. Yuxarıda göstərilənlərə əsasən sorğunuza cavab olaraq bildirilmişdir ki, “tələb olunan müddət” dedikdə, Azərbaycan Respublikasının dövlət təhsil standartlarında nəzərdə tutulmuş tədris müddəti, “qısa müddət” dedikdə isə təhsilalanın müvafiq təhsil formasının (əyani və ya qiyabi) normativi üzrə tədris yükünü yerinə yetirmək məqsədilə tədrisdə kifayət qədər iştirak etməməsi nəzərdə tutulur. - Cavabdeh tərəfindən iddiaçının elektron kabinetinə ünvanlanmış məktubdan görünür ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyasın Beynəlxalq İnnovasiya Universitetnin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən A78CBCD53686210 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 00-05-73/TKTA №-li, 28.01.2022-ci il tarixli məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(112)-1163/2021 saylı qərardadınn icrası məqsədi ilə İddiaçı Rusiya Federasiyasının Beynəlxalq İnnovasiya Universiteti tərəfindən verilmiş 24.05.2019-cu il tarixli, 132305 ******* nömrəli diplom üzrə alınan ixtisasın tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi məsələsinə yenidən baxılmışdır. Yenidən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən təhsil müəssisəsinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafıq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Beləliklə iddiaçı tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan, bu hal onun aldığı təhsilin məzmununa uyğun hesab edilə bilmədiyi üçün iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Przidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.1-ci bəndinə görə bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 13.05.2003-cü il tarixli, 455-İİQ №-li Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında" Saziş təsdiq edilmişdir. Həmin Sazişin: - 1-ci maddəsinə əsasən bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. - 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. - 7-ci maddəsinə əsasən beş ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən, mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali ixtisas təhsili haqqında diplom və mütəxəssis kvalifikasiyasının alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali təhsil müəssisəsinin yaxud elmi müəssisənin tələblərinə uyğun olaraq təhsilin növbəti mərhələlərində təhsilin davam etdirilməsi zamanı tanınır. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. - 11-ci maddəsinə əsasən bu Sazişin 4, 5, 6, 7, 8, 9 və 10-cu maddələri tədris müddətinin və hazırlıq sahələrinin əsasən üst-üstə düşməsini nəzərdə tutur. Ayrıayrı hallarda sorğu verilən Tərəfin səlahiyyətli orqanları bu maddələrdə göstərilmiş diplom sahiblərindən konkret tədris proqramında məxsusi fərqi olan fənnlər üzrə əlavə kurslar keçmələri və imtahan vermələri haqqında sənədlər tələb edə bilər. Ekvivalentlik barədə şəhadətnamə verilməsi ilə bağlı məsələnin həlli zamanı həmin Sazişin 11-ci maddəsinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın: - 5.5-ci bəndinə görə, ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. - 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı təhsil forması əyani, müddəti 4 il, tədris dili rus dili olmaqla Rusiya Federasiyası Xüsusi Ali Təhsil Müəssisəsi Soçı şəhəri “Beynəlxalq İnnovasiyalar Universiteti”nin “Hüquqşunaslıq” fakultəsində 2015- 2019-cu illər ərzində təhsil almış və ona Rusiya Federasiyası Xüsusi Ali Təhsil Müəssisəsi Soçı şəhəri “Beynəlxalq İnnovasiyalar Universiteti” tərəfindən ЮВ-7313 qeydiyyat nömrəli, 24.05.2019-ci il tarixli bakalavr diplomu verilmişdir. İddiaçı təhsil dövründə tədris ili üçün qanunvericiliklə müəyyən edilmiş 40 həftədən az müddətdə, yəni 1-ci tədris ilində 5 ay 22 gün, 2-ci tədris ilində 16 gün, 3-cü tədris ilində 1 ay 28 gün, 4-cü tədris ilində 5 ay 2 gün təhsil aldığı müəssisənin yerləşdiyi ölkədə olmuşdur. Göründüyü kimi iddiaçının qısa müddət ərzində tədris prosesində iştirak etməklə müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş tədris proqramını mənimsəməsi qeyri-realdır. Məhkəmə qeyd edir ki, ali təhsil sahəsində ixtisas almaq üçün müəyyən olunmuş ümumi tədris müddəti ərzində şəxsin davamiyyətli olaraq tədrisdə iştirak etməməsi onun ixtisasının tanınması zamanı mənfi rəyin verilməsi üçün zəmin yaradır. Bundan əlavə yuxarıda sadalanan normalardan görünür ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması zamanı nəzərə alınan əsas meyarlardan biri də təhsilin məzmunu və ixtisasın keyfiyyətinin kifayət qədər olmasıdır və bu hal Qaydalarda nəzərdə tutulmuş ixtisasın tanınmasından imtina üçün nəzərdə tutulmuş 3.7-ci bəndin geniş təfsirinə əsas verir. Cavabdeh orqanın isə diplomun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirmək hüququ «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»na uyğun olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya Rusiya Federasiyası Xüsusi Ali Təhsil Müəssisəsi Soçı şəhəri “Beynəlxalq İnnovasiyalar Universiteti tərəfindən verilmiş ЮВ-7313 qeydiyyat nömrəli, 24.05.2019-ci il tarixli bakalavr diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınmasından cavabdehin imtinası işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ona görə də iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar