Məhkəmə qərarları › İş №2-1(112)-2800/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2800/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2800/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “dərman preparatları ilə təmin olunma” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı dərman preparatları ilə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, uzun müddətdir şəkərli diabet, parkinson, mədə-bağırsaq xorası, yüksək təzyiq, babasil, əsəb, varikoz, gözlərin zəif görməsi, qəbizlik və s. xəstəliklərdən əziyyət çəkir. Sadalanan xəstəliklər tibb kitabçasında rəsmi qaydada qeydiyyata alınmışdır. Bundan əlavə protez dişlərə ehtiyacı vardır. O, uzun müddətdir heç bir dərman vasitələri ilə təmin edilmir. Protezlə bağlı həkimə müraciəti olmuşdur, həbsxanada dövlətin öhdəliyində olduğu üçün xəstəliyi ilə bağlı problemlərin həllində dövlətin üzərinə düşür. Lakin Tibb Baş İdarəsi bütün müraciətlərinə biganə yanaşır. Dişləri olmadığı üçün mədəbağırsaqda kəskin ağrılar yaranır.

3. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Umbakı penitensiar müəssisəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Penitensiar xidmətin Umbakı müəssisəsində (Kompleksində) saxlanılan məhkum İddiaçı tibbi sənədləri təqdim edilmişdir.

5. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı sağlamlıq vəziyyətinin müayinə edilərək müayinənin nəticələrinə əsasən təyin edilməli (eləcə də hazırda təmin edilən) dərman preparatları barədə dair rəyin (qərarın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmuş və cavabdeh Azərbaycan Respublikası Cavabdeh aparılan müayinənin nəticəsi barədə 20 (iyirmi) gün müddətində məhkəməyə ətraflı məlumat verilməsi tələb edilmişdir.

6. 03.02.2025-ci il tarixində məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Umbakı Penitensiar Müəsisəsinin (kompleksi) xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

7. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

8. Mülki Prosessual Məcəllədən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;

9. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qayda İnzibati Prosessual Məcəllədə müəyyən edilmədiyindən və bu həmin məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı üçün icraata qeyd edilən əsasla xitam verilməsi məsələsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

10. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi hüquq varisliyinə yol verilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Hüquq varisliyinə yol verilməyən hallara əsasən şəxsi xarakter daşıyan hüquq və öhdəliklər aid edilir. Hazırkı iş üzrə iddia tələbi şəxsi xarakter daşıdığından hüquqlar iddiaçının hüquqi varisinə hüquq varisliyi əsasında keçmədiyi üçün iş üzrə məhkəmə icraatı davam edə bilməz.

11. Konstitusiya Məhkəməsinin Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında ifadə edilən hüquqi mövqeyi nəzərə alaraq, qanunla ayrı qayda nəzərdə tutulmadığından məhkəmə hazırki qərardaddan şikayət verilməsinin mümkünlüyünü onun nəticə hissəsində nəzərdə tutur.

12. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar