Məhkəmə qərarları › İş №2-1(112)-2801/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2801/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2801/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X5 cəlb olunmaqla) qarşı «iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 21 aprel 1999-cu il tarixli 100 saylı sərəncamına əsasən Bakı şəhəri, Zığ yolu, 20a saylı evin yaxınlığında yerləşən sahədə 0,04 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçıya həmin torpaq sahəsi ilə bağlı JN-13267H (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Bundan başqa, sözügedən torpaq sahəsinin cizgi-planı da tərtib olunmuşdur. İddiaçı həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh məsələnin həllini təmin etməmişdir. Onun sonuncu müraciətinə 25 avqust 2022-ci il tarixli cavab məktubunda imtina səbəbi kimi bildirilmişdir ki, torpaq sahəsinə baxış keçirilməsi və texniki çöl-ölçmə işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Halbuki, torpaq sahəsinə baxış keçirilməsinə dair hər hansı bir xəbərdarlıq olunmamışdır. Həmçinin, məktunda “imtina sayılmır” qeydi də öz əksini tapmışdır. Beləliklə, onun (iddiaçının) hüquqları kobud surətdə pozulmuşdur. Bundan başqa, iddiaçıya məxsus həmin torpaq sahəsinə dair JN-13267H (kod ********) nömrəli şəhadətnamədə də yanlışlığa yol verilərək “Kərimov Elnur” əvəzinə “Kərimov Elmir”, “Kərimova Sunay” əvəzinə “Kərimov Sunan” göstərilmişdir. Bununla bağlı da müraciət olunsa da, cavab alınmamışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun müddəalarına əsaslanaraq, iddiaçının Bakı şəhəri, Zığ yolu, 20a saylı evin yaxınlığında yerləşən sahədə 0,04 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) bildirilir ki, İdarənin mövcud arxiv məlumatlarına əsasən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 1999-ci il tarixli 100 saylı sərəncamından çıxarışında qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Bundan əlavə, qeyd edilən torpaq sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Hazırda ünvan 1 ünvanı üzrə fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyata alınmışdır. Bu səbəblərdən ərizənizin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya 25 avqust 2022-ci il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 23-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsaslanaraq, İPM-in 48.2ci maddələrinin tələblərini rəhbər tutaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədiyini və iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 torpaq sahəsi və tikilinin ayrı-ayrı şəxslərin adına olduğunu, etirazda göstərilənləri müdafiə etdiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan Bakı şəhəri Xətai RİH başçısının 21 aprel 1999-cu il tarixli 100 nömrəli sərəncamından görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ünvan 3da cizgidə göstərilən sahədə 0,04 ha torpaq sahəsi ayrılmış və fərdi ev tikintisinə icazə verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş JN-13267H, KOD 01000003 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, həmin şəhadətnamə İddiaçı və digərlərinə Xətai RİH başçısının 21 aprel 1999-cu il tarixli 100 nömrəli sərəncamı fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış 0,04 ha torpaq sahəsi mülkiyyətə verilmişdir və çəhadətnamə qeydə alınmışdır. İş materiallarında olan 4 iyun 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X8 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 98 kv.m, yaşayış sahəsi 69 kv.m, yardımçı sahəsi 29 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin tam mülkiyyəti hüququ ilə ona məxsus hissəsini X4 mülkiyyətinə vermişdir. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 98 kv.m, yaşayış sahəsi 69 kv.m, yardımçı sahəsi 29 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin tam mülkiyyəti hüququ ilə ona məxsus hissəsini X2 mülkiyyətinə vermişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsinin ölçüsü 125,4 kv.m olmaqla X2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ümvanlanmış 25 avqust 2022-ci il tarixli məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 9.1.2 və 11.1-ci maddələrinə istinad edilmiş və bildirilmişdir ki, İdarənin mövcud arxiv məlumatlarına əsasən təqdim edilən Xətai RİH başçısı tərəfindən verilən 21 aprel 1999-cu il tarixli 100 saylı sərəncamından çıxarışında qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evi hüquq sahibi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Bundan əlavə, qeyd edilən torpaq sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərim aparılmaı və texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanmasını təmin etmək qurumun vəzifələrinə daxildir. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Beləliklə, məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisə predmetini təşkil edən əmlak Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 20a ünvanında yerləşən sahəsi 400 kv.m olan torpaq sahəsidir. İddiaçı Xətai RİH-in 21 aprel 1999-cu il tarixli 100 nömrəli sərəncamına istinadən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 3.1.2-ci maddəsində təsbit edilmişdir ki, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin vəzifəsidir. Cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xətai rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericiliyin müddəaları («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və icra hakimiyyəti orqanları tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, eləcə də 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Bakı şəhəri Xətai RİH-in 21 aprel 1999-cu il tarixli 100 saylı sərəncamı Bakı şəhəri, Xətai rayonu, __________ yerləşən 400 kv.m ölçüdə olan torpaq sahəsinin hazırkı İddiaçı qanuni istifadəsinə ayrılmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Həmçinin həmin sərəncam əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən iddiaçının adına verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə münasibətdə də eyni hallar mövcud deyil və bu səbəbdən həmin şəhadətnamə də mötəbər sübut sayılır. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtina əsası kimi istinad etdiyi dəlillər odur ki, RİH-in müvafiq sərəmcamında qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra özgəninkiləşdirilmişdir, torpaq sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır, hazırda torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin – X3 adına qeydiyyata alınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı münasibətdə sərəncamda qeyd olunan torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi, evə mülkiyyət hüququ qeydiyyat alınmaqla sonradan özgəninkiləşdirilməsi həmin torpaq sahəsinin onun qanuni istifadəsində olması və bu halın hazırkı cavabdeh orqan tərəfindən də mübahisəsiz hal kimi qəbul olunmasını ehtiva edir. İdarənin mütəxəssislərinin sahəyə baxış və ölçmə işlərini həyata keçirməsinə şərait yaradılması da formal xarakterli dəlildir. Evin başqa şəxsin (hazırkı üçüncü şəxsin) adına qeudiyyat alınmasına gəldikdə isə, məhkəmə qeyd edir ki, vaxtilə həmin fərdi yaşayış evi ilə bağlı alqı-satqı müqaviləsinin predmetinə torpaq sahəsi aid edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə xitam verilir. Belə olan halda məhkəmə vurğulayır ki, İddiaçı Xətai RİH-in 21 aprel 1999-cu il tarixli 100 saylı sərəncamı ilə əldə etdiyi və barəsində DTXK tərəfindən “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmiş Bakı şəhəri, Zığ yolu, 20a saylı evin yaxınlığında yerləşən 400 kv.m torpaq sahəsinin 125,4 kv.m hissəsinə həmin sahənin üzərində inşa edilmiş fərdi yaşayış evini özgəninkiləşdirməklə hüququnu itirmişdir. Həmin sahəyə mülkiyyət hüququnu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən fərdi yaşayış evinin (ev Zığ yolu, 20c ünvanı ilə qeydiyyat alınmışdır) hazırkı mülkiyyətçisi X5 əldə etmişdir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı ona Xətai RİH-in 21 aprel 1999-cu il tarixli 100 saylı sərəncamı ilə ayrılmış ünvan 8 ünvanında) yerləşən 400 kv.m ölçüdə torpaq sahəsinin 125,4 kv.m hissəsi istisna olaqla qalan hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın imtinası qismən (müvafiq hissədə) qanunun, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 16, 19, 24-cü maddələrinin tələblərinə ziddir və mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı Bakı şəhəri, Zığ yolu, 20a saylı evin yaxınlığında yerləşən 400 kv.m torpaq sahəsinin 125,4 kv.m hissəsi istisna olmaqla qalan hissəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 68 – 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Zığ yolu, 20a saylı evin yaxınlığında yerləşən 400 kv.m torpaq sahəsinin 125,4 kv.m hissəsi istisna olmaqla qalan hissəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar