Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2802/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin xx.xx.2010-cu il tarixli 15 saylı iclas protokolunun qərarı əsasında dəyərini ödədiyi ona verilmiş və faktiki mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş, 11 mərtəbəli 3 girişli binanın, 3-cü girişində yerləşən, sahəsi 89,00 kv.m olan 117 saylı mənzil (mansardın) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin xx.xx.2010-cu il tarixli 15 saylı iclas protokolunun qərarı əsasında ünvan 2 ünvanında inşa edilmiş, 11 mərtəbəli 3 girişli binanın, 3-cü girişində yerləşən, sahəsi 76.9 kv.m olan 117 saylı mənzil (mansarın) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. ünvan 3 ünvanda qeydiyyatdadır. Bakı şəhəri "xxxx" MTK-nın inşa etdiyi ünvan 1 ünvanında inşa etdiyi 11 mərtəbəli, 3 girişili binanın 3-cü girişində yerləşən, sahəsi 89,00 kv.m olan 117 saylı mənzil (mansard) sahəsi onun İddiaçı məxsusdur və həmin mənzil (mansard) sahənin dəyərini tam həcmdə "xxxx" MTK-ya ödəməklə əldə etmişdir. Bununla bağlı "xxxx" MTK ona müvafiq arayış da vermişdir. Həmçinin, Bakı şəhəri Naxçıvanski 8A ünvanda yerləşən "xxxx" MTK-nın xx.xx.2010-cu il tarixli 273 nömrəli maliyyə arayışında da ünvan 2 ünvanında inşa edilmiş, 11 mərtəbəli 3 girişli binanın, 3-cü girişində yerləşən, sahəsi 89,00 kv.m olan 117 saylı mənzilin (mansard) pay hüququ payçı o İddiaçı tərəfindən dəyəri tam ödənildiyi göstərilmiş və onun kooperativə heç bir məbləğdə borcu olmadığı bildirilmişdir. Bakı şəhəri Naxçıvanski 8A ünvanda yerləşən "xxxx" MTK-nin üzvlərinin xx.xx.2010-cu il tarixli 15 saylı iclas protokolunun qərarında da, ünvan 1 ünvanında inşa edilmiş, 11 mərtəbəli 3 girişli binanın, 3-cü girişində yerləşən, sahəsi 89,00 kv.m olan 117 saylı mansardın pay hüququ payçı o İddiaçı tərəfindən dəyəri tam ödənildiyi və iclas protokolunun qərarı ilə ona verildiyi göstərilmişdir. Qeyd edir ki, ünvan 2 ünvanında inşa edilmiş, 11 mərtəbəli 3 girişli binanın, 3-cü girişində yerləşən, sahəsi 89,00 kv.m olan 117 saylı mənzilin (mansard) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-213-30\2-16872\2024 (**********72) nömrəli cavab (imtina) məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında inşa edilmiş, 11 mərtəbəli 3 girişli binanın, 3-cü girişində yerləşən, sahəsi 89,00 kv.m olan 117 saylı mənzildə dair sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi bildirərək, imtina edilmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasına dair Bakı şəhər İcra Hakimiyyətinin başçısının 437 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında mənzillərin ümumi sayı 108 göstərilmiş və mansard mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasına dair Bakı şəhər İcra Hakimiyyətinin başçısının 437 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında mənzillərin ümumi sayı 108 göstərilmiş və mansard mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı mənzilin faktiki sahəsinin 76,9 kv.m olduğu müəyyən edilmişdir.
6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MTK-nın xx.xx.2010-cu il tarixli 273 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, "xxxx" MTK-ya məxsus ünvan 8 ünvanda inşa edilən 11 mərtəbəli binanın 3-cü girişində yerləşən sahəsi 89.00 kv.m olan 117 saylı mansardın pay haqqı payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun kooperativə borcu yoxdur.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2010cu il tarixli 15 saylı protokolundan olan çıxarışda qeyd edilmişdir ki, "xxxx" MTK-ya məxsus ünvan 9 ünvanda yerləşən 11 mərtəbəli, 3 girişli binanın 3-cü girişində yerləşən, sahəsi 89.00 kv.m olan 117 saylı mansard İddiaçı verilməsi qərara alınmışdır.
8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi 8A m 117 hüquq müəyyənedici sənəd üzrə ümumi sahəsi 89,0 kv.m. faktiki ümumi sahəsi 76,9 kv.m., otaqların sayı 3, yaşayış sahəsi 50,3 kv.m, köməkçi sahəsi isə 26,6 kv.m, Mənzil 11+ mansard mərtəbəli binanın mansard mərtəbəsində yerləşir. Təqdim olunmuş binanın qəbul aktında mansard qeyri-yaşayış kimi göstərilmişdir. Binanın mənzillərin sayı 110 və mansard mərtəbəsində 8 mənzil var və bunlardan 5-i qeydiyyatdan mənzil kimi keçmişdir. 3-cü giriş, soldan 2-ci qapı. Qəbul aktında mənzillərin sayı 108 göstərilməsinə baxmayaraq faktiki mənzillərin sayı 118-dir. Təqdim olunmuş mənzil qəbul aktındakı mənzillərin say tərkibindən çoxdur.
9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 17240/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi 8a saylı binada mansard mərtəbədə 5 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
10. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 437 saylı sərəncamı ilə təsdiq edilmiş tikinti başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2007-ci il tarixli aktına qeyd edilmişdir ki, Bakı rayonu Naxçıvanski küçəsi 2399-cu məhəllədə yaşayış binası istismara qəbul edilmişdir. Binanın mansardanın sahəsinin həm layihə, həm də faktiki göstəricilərinin 750 kv.m olduğu müəyyən edilmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX reyestr ******* nömrəli çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi 8a, mansard mərtəbəli, mənzil 115 X1 adına Dövlət qeydiyyatına alınmışdır.
12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2010-cu il tarixli 14 saylı protokolundan olan çıxarışda qeyd edilmişdir ki, "xxxx" MTK-ya məxsus ünvan 9 ünvanda yerləşən 11 mərtəbəli, 3 girişli binanın 2-ci girişində yerləşən, sahəsi 75.00 kv.m olan 115 saylı mansard X2 verilməsi qərara alınmışdır.
13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX reyestr ******* nömrəli çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi 8a, mansard mərtəbəli, mənzil 113 X3 adına Dövlət qeydiyyatına alınmışdır.
14. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2010-cu il tarixli 14 saylı protokolundan olan çıxarışda qeyd edilmişdir ki, "xxxx" MTK-ya məxsus ünvan 9 ünvanda yerləşən 11 mərtəbəli, 3 girişli binanın 2-ci girişində yerləşən, sahəsi 90.00 kv.m olan 113 saylı mansard X4 verilməsi qərara alınmışdır.
15. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2010-cu il tarixli 13 saylı protokolundan olan çıxarışda qeyd edilmişdir ki, "xxxx" MTK-ya məxsus ünvan 9 ünvanda yerləşən 11 mərtəbəli, 3 girişli binanın 1-ci girişində yerləşən, sahəsi 131.00 kv.m olan 112 saylı mansard X5 verilməsi qərara alınmışdır.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
19. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
21. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
23. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
27. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasına dair Bakı şəhər İcra Hakimiyyətinin başçısının 437 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında mənzillərin ümumi sayı 108 göstərilmiş və mansard mərtəbənin yaşayış təyinatlı olması qeyd edilməmişdir.
28. Məhkəmə cavabdeh inzibati orqanın dəlilləri ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 437 saylı sərəncamı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktına əsasən qeyd olunan yaşayış binasının istismarına icazə verilmişdir.
29. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 2 ünvanında inşa edilmiş 11 mərtəbəli, 3 girişli binanın 3-cü girişində yerləşən, sahəsi 76.9 kv.m olan 117 saylı mənzil "xxxx" MTK tərəfindən xx.xx.2010-cu il tarixli 15 nömrəli protokoldan çıxarışına əsasən iddiaçıya verilmiş, xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən iddiaçı mənzili "xxxx" MTK-dan əvəzini ödəməklə əldə etmiş, onun həmin daşınmaz əmlaka görə borcu yoxdur, mənzilin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən yaşayış binasının istismarına razılıq verilmişdir.
30. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsi 8a saylı binada mansard mərtəbədə 5 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
31. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.
32. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
33. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
35. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək;
36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 2 ünvanında inşa edilmiş, 11 mərtəbəli 3 girişli binanın, 3-cü girişində yerləşən, sahəsi 76,9 kv.m olan 117 saylı mənzilə (mansard) dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva