Məhkəmə qərarları › İş №2-1(112)-2803/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2803/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2803/2021 01.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа, аçıq şifahi məhkəmə baxış iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 15 may 2020-ci il tarixli **********700600 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(118)-1076/2020 saylı 29.10.2020-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC 26 aprel 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı vaxtında vergi orqanında bəyan etmişdir. Bununla da öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. 15 may 2020-ci il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında **********700600 №-li qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində hesablanmış vergi məbləği 128,057,25 manat məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə onlar tərəfindən hesablanmış vergi məbləği isə 00 manat azalma təşkil etmişdir. Cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdi. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı cəmiyyətin 26.04.2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyətinin “Kömmersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti”dən ibarət olduğu müəyyən edilmişdir. Araşdırma zamanı 10.08.2018ci il tarixli **********6980 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərar əsasında, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanında yerləşən mağazada keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə 14.08.2018-ci il tarixdə tərtib olunmuş VN-14016303 saylı yekun aktına əsasən, Cəmiyyətdə orta günlük dövriyyənin ümumilikdə 44 183,50 manat olduğu müəyyən edilmişdir. Lakin, 2020-ci ilin fevral ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301.1ci “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş ( 711429.19 manat) məbləğdən 711429.19 manat az olduğu müəyyən olunmuşdur. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 15 aprel 2020-ci il tarixli **********350300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri снап sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2020-ci ilin fevral ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 128057.25 manat əlavə vergi məbləği hesablanmış və 15 may 2020-ci il tarixli **********700600 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi C.Həmidov iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi A.Həsənova təmsil etdiyi qurumun etirazını müdafiə edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin səlahiyyətli nümayəndələrinin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, iddiaçı müvafiq olaraq 16.06.2020-ci il tarixdə (xəbərnaməyə əsasən) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, inzibati orqan tərəfindən qəbul edilən mübahisələndirilən 15.05.2020-ci il tarixli, **********700600 №-li “vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. Beləliklə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. İş materiallarında olan sənədlər: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı MMC 26 aprel 2016-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. -Xronometraj metodu ilə müşahidə aparılması haqqında 10.08.2018-ci il tarixli, **********56980 saylı qərarı ilə, Vergi Məcəlləsinin 23-cü və 50-ci maddəsinə əsasən İddiaçı MMC-yə məxsus olan obyektdə 11.08.2018-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. -11 avqust 2018-ci il tarixli, Seriya VN-14 № 016300 saylı Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktın surətindən görünür ki, İddiaçı MMC-nin anbarında satış dövriyyəsinin müəyyən edilməsi məqsədi ilə 11.08.2018-ci ilə xronometraj metodu ilə müşahidə aparılması tapşırılmışdır. Müşahidə Vergi Məcəlləsinin 50-1-ci maddəsinə və digər qanunvericilik aktlarına əsasən aparılmışdır. Günlük müşahidə nəticəsində 11.08.2018-ci il tarixdə satış dövriyyəsinin 132550,49 manat təşkil etdiyi müəyyən edilmişdir. -13 avqust 2018-ci il tarixli, Seriya VN-14 № 016301 saylı Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktın surətindən görünür ki, İddiaçı MMC-nin anbarında orta günlük satış dövriyyəsinin müəyyən edilməsi məqsədi ilə 13.08.2018-ci il tarixdən 13.08.2018-ci il tarixədək xronometraj metodu ilə müşahidə aparılması tapşırılmışdır. Müşahidə Vergi Məcəlləsinin 50-1-ci maddəsinə və digər qanunvericilik aktlarına əsasən aparılmışdır. 13 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0,0 manat müəyyən edilmişdir. -14 avqust 2018-ci il tarixli, Seriya VN-14 № 016302 saylı Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktın surətindən görünür ki, İddiaçı MMC-nin anbarında orta günlük satış dövriyyəsinin müəyyən edilməsi məqsədi ilə 14.08.2018-ci il tarixdən 14.08.2018-ci il tarixinə xronometraj metodu ilə müşahidə aparılması tapşırılmışdır. Müşahidə Vergi Məcəlləsinin 50-1-ci maddəsinə və digər qanunvericilik aktlarına əsasən aparılmışdır. 14 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0,0 manat müəyyən edilmişdir. -14 avqust 2018-ci il tarixli, Seriya VN-14 № 016303 saylı Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktın surətindən görünür ki, İddiaçı MMC-nin anbarında orta günlük satış dövriyyəsinin müəyyən edilməsi məqsədi ilə 13.08.2018-ci tarixdən 14.08.2018-ci il tarixədək olan dövrdə xronometraj metodu ilə müşahidə aparılması tapşırılmışdır. Müşahidə Vergi Məcəlləsinin 50-1-ci maddəsinə və digər qanunvericilik aktlarına əsasən aparılmışdır. Müşahidənin yekun nəticəsində 11 avqust 2018-ci ilə satış dövriyyəsinin 132550,49 (yüz otuz iki min beş yüz əlli manat, qırx doqquz qəpik) manat, 13 avqust 2018-ci il tarixdə 0,0 manat və 14 avqust 2018-ci il tarixdə 0,0 manat, cəmi: 132550,49 manat 3 günə, orta günlük satış dövriyyəsi 44183,50 manat müəyyən olması qeyd edilmişdir. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 15 may 2020-ci il tarixli **********700600 nömrəli qərardan görünür ki, təqdim edilmiş bəyannamənin 301.1-ci Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş ( 711429.19 manat) məbləğdən 711429.19 manat az olduğu qeyd edilməklə, kameral yoxlama nəticəsində vergi ödəyicisinə əlavə 128057,25 manat vergi hesablanmışdır. İş üzrə araşdırma zamanı müəyyən edildi ki, mübahisələndirilən 15 may 2020-ci il tarixli, **********700600 nömrəli “Vergilərin hesablanması barədə" Qərar müəssisədə keçirilmiş xronometraj müşahidəsinin nəticəsinə əsaslanmaqla qəbul edilmişdir. Vergi orqanı bundan əvvəl üç gün ərzində (11, 13 və 14 avqust 2018-ci il tarixlərdə) iddiaçı təşkilatda xronometraj metodu ilə müşahidə aparmışdır. 11 avqust 2018-ci il tarixli akta görə iddiaçının 11 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 manat təşkil etmişdir. 13 və 14 avqust 2018-ci il tarixli “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə" aktlarda isə iddiaçının həmin tarixlərdə satış dövriyyəsinin olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 37.4-cu maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq ucun vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 50-1.1-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyıcilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cu maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cu maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Həmin Məcəllənin 83.2-ci və 83.2.4-cu maddələrinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2 vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3 vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar: 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri. Məhkəmə ilk növbədə qeyd edir ki, 15 may 2020-ci il tarixli, **********700600 nömrəli “Vergilərin hesablanması barədə" Qərarla hesablanmış əlavə verginin qanuni olubolmamasını müəyyən etmək üçün ilk növbədə onun hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidənin nəticələrinin qanuni olub- olmaması araşdırılmalıdır. Bununla bağlı işin hallarından müəyyən olunur ki, üç gün müddətində iddiaçıda aparılmış xronometraj metodu ilə müşahidə zamanı iddiaçının satış dövriyyəsinin birinci gün üçün 132550,49 manat olması, digər iki gündə isə satış dövriyyəsinin olmaması, nəticədə _ iddiaçının orta günlük satış dövriyyəsinin 44183,50 manat (132550,49/3=44183,50) olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının orta günlük satış dövriyyəsinin 44183.50 manat kimi nəzərə alınmaqla ona əlavə vergilərin hesablanması qanunsuz olmuşdur. Məhkəmə bununla bağlı özünün mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən avqust ayı ərzində hansı günlərdə satış dövriyyəsinin olub-olmaması konkret müəyyən edilməmişdir. Halbuki, vergi orqanı xronometraj metodu ilə müşahidə aparılması üçün 11 avqust 2018-ci il tarixdən başlayaraq, 1-5 iş günu müddətində vaxtı olmuşdur. Çünki, müşahidə zamanı iki gün ərzində iddiaçının ümumiyyətlə satış dövriyyəsi olmamışdır ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin 44183,50 manat olmasını şübhə altına alır. Yəni, iddiaçının 14 avqust 2018-ci il tarixdən sonrakı günlərdə satış dövriyyəsinin nə qədər olacağı və ya ay ərzində ümumiyyətlə olub-olmayacağı (iki gün ərzində satış dövriyyəsinin olmaması buna əsas verir) vergi orqanına məlum olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının 01 avqust 2018-ci il tarixdən 11 avqust 2018-ci il tarixədək olan dövr ərzində olmuş satış dövriyyədisi cavabdehə məlum olmuş, həmin satış dövriyyəsinin düzgün olmaması cavabdeh tərəfindən sübuta yetirilməmiş, iddiaçı tərəfindən həmin dövr ərzində olan satışın nəzarət-kassa aparatına vurulmaması ilə bağlı hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, yəni satış dövriyyəsinin etalon kimi qəbul edilərək, vergi ödəyicisi tərəfindən yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizənin verilməməsi səbəbindən xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur. Bununla da Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 50-1-ci maddəsində xronometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənasından göründüyü kimi xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti novu olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir. Həmin maddədə xronometraj metodu ilə müşahidənin 15 ış günündən çox olmayan müddətdə aparılmalı olduğu təsbit edilmişdir. Hər nə qədər müşahidənin aparılmasının minimum müddətləri nəzərdə tutulmasa da, Məhkəmə hesab edir ki, belə müşahidə bir gün ərzində aparıla bilməz. Müvafiq olaraq bir günlük müşahidənin nəticəsinə əsaslanmaqla da əlavə vergi hesablana bilməz. Xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır kı, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibatı orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Bununla da müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş "Vergilərin hesablanması barədə” qəbul edilmiş 15 may 2020-ci il tarixli **********700600 saylı qərar qanunsuz və əsassız olmuşdur. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan, vergi orqanının mübahisələndirilən qərarı qismən, yəni 2014- 2015-ci illər üzrə ƏDV hissəsində ləğv edilməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 15.05.2020-ci il tarixli, **********700600 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar