Məhkəmə qərarları › İş №2-1(112)-2804/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2804/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2804/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (Baş İdarəsinə) qarşı «qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı MMC 26 aprel 2016-cı il tarixdə təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan vaxtdan iddiaçı nizamnaməsinə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuş, vaxtı-vaxtında öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən vergiləri vergi orqanında bəyan etmişdir. Bununla da, öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. Cavabdehin vergilərin hesablanması barədə 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində 17.390.95 manat vergi məbləği hesablanmışdır. Təqdim edilmiş bəyannamə üzrə iddiaçı tərəfindən hesablanmış vergi məbləği isə, 53.225.59 manat azalma təşkil etmişdir. Hesab edilir ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır. Yuxarıda göstərilənlərə və İPM-in 2, 33, 38-ci maddələrinə, AR Vergi Məcəlləsinin 62, 63, 64-cü maddələrinə əsaslanaraq, cavabdehin 7 yanvar 2020-ci il tarixli **********472800 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 26 fevral 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Baş İdarə iddia ilə razılaşmır. Uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı iddiaçının 26 aprel 2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyətinin "Kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti”dən ibarət olduğu müəyyən edilmişdir. Məlum olmuşdur ki, “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 10 avqust 2018-ci il tarixli qərar əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanında yerləşən mağazada keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə 14 avqust 2018-ci il tarixdə tərtib olunmuş yekun akta əsasən iddiaçının orta günlük dövriyyəsi ümumilikdə 44.183,50 manat olmuşdur. Lakin 2019-cu ilin oktyabr ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci uƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 1.078.947,09 manat məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.192.954,41 manat) məbləğindən 114.007,32 manat az olduğu aşkar edilmişdir. Bu hal verginin azaldılması kimi qiymətləndirilmiş və vergi ödəyicisinə 25 noyabr 2019-cu il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə 2019-cu ilin oktyabr ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.390,95 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin hesablanması barədə" **********472800 nömrəli 7 yanvar 2020-ci il tarixli qərar göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına (23.1.1, 37.1, 37.3-cü maddələrinə) müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.13, 37.5, 50-1.2, 67.1.9, 85.4, 94.0.2-ci maddələrinə əsaslanaraq, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. Sumqayıt İnzibati Məhkəməsinin 29 oktyabr 20202-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianın əsaslı olduğunu bildirdi və təmin olunmasını xahiş etdi. O, qeyd etdi ki, 2018-ci ilin avqust ayında keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticələri qurumun real dövriyyəsini əks etdirmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi, iddianın əsasız olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə görə xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasındadır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən aşağıdakılardır vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; (23.1.3) vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; (23.1.6) müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanındakı təsərrüfat subyektində vergi orqanının 10 avqust 2018-ci il tarixli **********6980 nömrəli qərarı ilə xronometraj metodu ilə müşahidə keçirilmiş və 3 gün ərzində (istirahət günü nəzərə alınmaqla) həmin tədbirin nəticəsi üzrə tərtib olunmuş 14 avqust 2018-ci il tarixli yekun akta əsasən qurumun orta günlük dövriyyəsi 44.183,50 manat müəyyən edilmişdir. İddiaçının vergi ödəyicisi kimi 2019-cu ilin oktyabr ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində əks olunan dövriyyə məbləği həmin xronometraj metodu ilə müşahidənin nəticələri üzrə dövriyyə məbləğindən az olduğundan, cavabdeh inzibati orqan kameral vergi yoxlaması keçirərək, iddiaçıya 2019-cu ilin oktyabr ayına ƏDV üzrə 17.390,95 manat əlavə vergi məbləğinin hesablanması barədə 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərar qəbul etmişdir. İddiaçı həmin qərarı mübahisələndirir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisə üzrə iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlili: - vergi ödəyicisi kimi iddiaçının 2019-cu ilin oktyabr ayı üzrə dövriyyəsi və son xronometraj metodu ilə müşahidənin nəticələri arasında yaranmış fərq kənarlaşma kimi qiymətləndirilmişdir. Onun həmin dövr üzrə fəaliyyətinə qanuni əsaslarla kameral vergi yoxlaması ilə 17.390,95 manat ƏDV məbləği hesablanmış və bu barədə 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərar qəbul edilmişdir. İddia əsassızdır. Mübahisə üzrə iddiaçının dəlili: - İddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən anbarında aparılmış qısa müddətli xronometraj metodu ilə müşahidənin nəticələri 2019-cu ilin oktyabr ayı üzrə dövriyyənin müəyyən edilməsi üçün əsas deyil, Vergi orqanının 7 yanvar 2020-ci il tarixli qərarı ilə müvafiq vergi məbləği düzgün hesablanmamış, həmin qərar əsassız olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmin Məcəllənin 50-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinin müddəaları vergi orqanına müvafiq hallarda və qaydada kameral vergi yoxlaması keçirmək, xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olanadək xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri əsasında vergiləri hesablamaq hüquqlarını, vergi ödəyicisinə isə xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra müvafiq müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar həmin tədbirin yenidən aparılmasını tələb etmək hüququnu verir. Hazırkı işin hallarına görə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının təsərrüfat subyekti olan “anbar”da vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə keçirildikdən sonrakı dövrdə iddiaçı xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə vergi orqanına müraciət etməsə də, cavabdeh inzibati orqan ümumilikdə 3 gün davam etmiş həmin tədbirin nəticələri nəzərə alınmaqla kameral vergi yoxlaması ilə onun dövriyyəsini müəyyən etməkdə və əlavə vergi məbləği hesablamada haqlı olmamışdır. Əlavə vergi məbləğinin bu meyarla hesablanması Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə formal riayət edilməsi və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 15.1, 17, 24-cü maddələrinin tələblərinin pozulması ilə nəticələnir. Bu hesablama barədə vergi orqanı tərəfindən qəbul edilmiş 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərar yuxarıda qeyd olunan Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati aktdır. Bu qənaət ondan irəli gəlir ki, işdə olan müvafiq aktlara əsasən xronometraj metodu ilə sonuncu müşahidə 3 gün davam etmiş və həmin nəticə yalnız 1 gün üzrə əldə olunan göstərici ilə eynilik təşkil edir, digər 2 gün üzrə anbarda satış dövriyyəsi ümumiyyətlə olmamışdır. Bu isə o deməkdir ki, 1 günlüik xronometraj metodu ilə müşahidənin nəticələri, xüsusilə də “anbarda satış” sahəsində real dövriyyənin müəyyən edilməsi üçün yeganə əsas kimi çıxış edə bilməz. Vergi qanunvericiliyi hətta vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə göstərdiyi dövriyyənin aşağı olması ilə bağlı vergilərin düzgün hesablamadığının aşkar edildiyi hallarda, digər üsullardan istifadə etməklə (Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun) vergilərin hesablanmasını mümkün sayır. Lakin cavabdeh həmin üsullardan heç birini seçmədən yuxarıda qeyd olunan sonuncu xronometraj metodu ilə müşahidənin nəticələrini nəzərə alınmaqla vergilər hesablamışdır ki, bu da adekvat (mütənasib) qiymətləndirilə bilməz. Odur ki, cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərarı qanuna zidd qiymətləndirilməlidir. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar