Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2804/2025 12.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 evə aid olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X1 Bürosu tərəfindən 1971-ci ilin iyun ayında verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki invertarizası və qiymətləndirilməsinə dair texniki pasportda göstərilmiş 312.0 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xreptovı küçəsində yerləşən 21 saylı ev ona məxsusdur. Həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən 1971-ci ilin iyun ayında Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport verilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən 1971-ci ilin iyun ayında verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda evinin həyətyanı sahəsi, tikinti altı olan 65,1 kvadrat metr olan hissəsi də daxil olmaqla, ümumilikdə 312,0 kvadrat metr təşkil edir. Həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən 1971-ci ilin iyun ayında verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportdan əlavə heç bir sənəd, yəni həm torpaq sahəsinə həm də evə dair çıxarış alınmamışdır. Bununla əlaqədar olaraq mülkiyyət hüququ ilə ona məxsus olan həmin evin yerləşdiyi 312,0 kvadrat metr olan torpaq sahəsinə çıxarış almaq üçün Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən 1971-ci ilin iyun ayında Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasportun surətini 25 iyul 2024-cü il tarixdə cavabdeh təşkilata göndərərək xahiş etmişdir ki, həmin texniki pasportda göstərilən 312,0 kvadrat metr olan torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququna dair çıxarışın verilməsini təmin edilsin. Həmin tarixdən, yəni 25 iyuldan sonra ərizə əsasında cavabdeh təşkilatın mühəndəsi yaşadığı ünvana gələrək müəyyən qeydlər etmiş, lakin müraciət etdiyi tarixdən bir aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də texniki pasportda göstərilən 312,0 kvadrat metr olan torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququna dair çıxarışın verilməsi təmin edilməmiş və faktiki olaraq çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-ti DƏDK və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrli Fərmanı ilə təsdiq edilmiş sənədlərin siyahısında qeyd edilmiş sənədlərdən olan onun evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1971-ci ildə verilmiş texniki pasportun surətini rəsmi qaydada verdiyi halda, ərizəsində tələb etdiyi texniki pasportda göstərilmiş 312,0 kvadrat metr olan torpaq sahəsinə çıxarış verməməsi və həmin çıxarışı verməkdən faktiki imtina etməsi, həmçinin bunu səbəbləri barədə məlum verilməməsi onun hüquqlarını pozmuş və məhdudladırmışdır. Ona görə də hesab edir ki, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xreptovı küçəsində yerləşən 21 saylı evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən 1971-ci ilin iyun ayında verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair texniki pasportda göstərilmiş 312,0 kvadrat metr torpaq sahəsinə dair çıxarışın verilməsini vəzifəsinin qoyulması haqqında Qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, inventarlaşdırma işləri aparılan zaman fərdi yaşayış evinə dair təqdim edilən layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu aşkar olunmuşdur. Belə ki, təqdim edilmiş layihə fərdi yaşayış evinin faktiki vəziyyətini əks etdirmir. Bundan əlavə, təqdim edilən layihəyə əsasən "A" literli tikilinin bir hissəsi (15.0 kv.m) əlavə torpaq sahəsində inşa edilmiş və ərazinin texniki pasportda göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxs tərəfindən istifadə olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********03 nömrəli məktubu ilə təqdim edilmiş ortofo görüntüdən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşmə halı yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********70 saylı məktubu ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, təqdim edilmiş layihəyə əsasən A tikilisinin 15.0 kv.m sahəsi əlavə zəbt torpaq sahəsində inşa edildiyindən və ərazinin texniki pasportda göstərilən torpaq sahəsinin bir hissəsi başqa şəxs tərəfindən istifadə olunur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********86 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid İddiaçı adına tərtib edilmiş iyun 1971-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 1 ünvanda torpaq sahəsinin ümumi sahəsi 312.0 kv.m, həyətyanı sahəsi 246.9 kv.m, tikintialtı sahəsi isə 65.1 kv.m təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-2170/2025 nömrəli məktubunda göstərilmişdir ki, arxiv texniki pasportda torpaq sahəsi 312.0 kv.m göstərilsə də, faktiki olaraq 501.9 kv.m təşkil edir. Həmçinin fərdi yaşayış evində əlavə otaqlar inşa edilmişdir. Arxiv texniki pasportda qeyd olunan İ, İİ saylı tikililər sökülmüşdür və fərdi yaşayış evləri inşa olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən təqdim edilən texniki pasportun baş planında qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Artıq torpaq sahəsi istifadə edilir. Faktiki ərazinin 28.0 kv.m hissəsi su xəttinin mühafizəsi zonasında yerləşir(sənədlə ərazinin 21.7 kv.m hissəsi su xəttinin mühafizəsi zonasında yerləşir). Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su ehtiyatları Agentliyinin xx.xx.2025-ci il tarixli 3-53-3/2-5226/2025 nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan ünvana baxış keçirilmiş və həmin ünvanda yerləşən torpaq sahəsinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi şəxsin istismarında olan kommunikasiya xətlərinin, su anbarlarının, nasos stansiya və qurğularının mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 312.0 kv m olan torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən müraciətə cavab verilməmişdir. Hazırkı tələbində iddiaçı ünvan 1 evə aid olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X1 Bürosu tərəfindən 1971-ci ilin iyun ayında verilmiş Şəxsi Mülkiyyət Hüququ ilə evlərin texniki invertarizası və qiymətləndirilməsinə dair texniki pasportda göstərilmiş 312.0 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; Göründüyü kimi yuxarıda adıçəkilən Siyahıda yaşayış və bağ evlərinə, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmışdır. İddiaçının təqdim etdiyi texniki pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki passport olmaqla torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Texniki pasport Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcuddur və bu da pasportun mötəbərliyini sübut edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdehin imtina dəlili kimi çıxış edən-torpaq sahsinin su xəttinin mühafizəsi zonasında yerləşməsi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə sorğusuna Azərbaycan Dövlət Su ehtiyatları Agentliyinin xx.xx.2025-ci il tarixli 3-53-3/2-5226/2025 nömrəli cavabında qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi şəxsin istismarında olan kommunikasiya xətlərinin, su anbarlarının, nasos stansiya və qurğularının mühafizə zonasında yerləşmədiyi qeyd edilmişdir. İddia olunan torpaq sahəsin dair arxiv texniki pasportda A tikilisinin və yerləşdiyi 312 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti ilə müqayisədə yerli müayinə zamanı cavabdehin mütəxəssisləri tərəfindən tərtib edilmiş əmlakın baş planında A tikilisi və torpaq sahəsinin yerləşmə vəziyyətinin eyni olduğu müəyyən olunur. İddiaçının sahibliyində faktiki olaraq 501.9 kv.m torpaq sahəsi olsa da cavabdeh texniki pasortdakı qanuni istifadədə olan 312 kv.m torpaq sahəsinin yerləşməsi ilə artıq qalan sahənin yerləşməsini fərqləndirmiş və zəbt olunmuş ərazini ştrix xətlə qanuni sahiblikdə olan sahədən ayıraraq koordinatlarını müəyyən etmişdir. Cavabdeh layihənin fərdi yaşayış evinin faktiki vəziyyətini əks etdirmədiyinə, təqdim edilən layihəyə əsasən "A" literli tikilinin 15.0 kv.m hissəsinin əlavə torpaq sahəsində inşa edildiyini əsas gətirsə də məhkəmə hesab edir ki, cavabdehin qeyd etdiyi dəlillər torpaq sahəsinə deyil, fərdi yaşayış evinə mükiyyət hüququnun qeydiyyatından imtinaya dair sas gətirə biləcəyi dəlillərdir. İddiaçı isə nə artıq istiadə etdiyi 189.9kv.m torpaq sahəsinə, nə də əlavə olaraq 15kv.m torpaq sahəsi və üzərindəki tikiliyə mülkiyyət hüququnun qeydiyyatını mübahisələndirir. İddiaçının tələbi yalnız arxv texniki pasporta əsasən qanuni sahibliyində olan 312.0 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. Texniki pasportda göstərilən torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxs tərəfindən istifadə olunması da çıxarışın verilməsinə mane olan əsas kimi qiymətləndirilə bilməz. İddia tələbi qanuni sahiblik və istifadədə olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması olduğundan torpaq sahəsinin faktiki olaraq digər şəxs tərəfindən istifadə olunması yalnız iddiaçının marağına əsas verən hal hesab olunur və cavabdehin mövcud hüququnun qeydiyyatından imtiaya qanuni əsas vermir. Beləliklə, iddiaçı tərəfindən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyaata alınmasına əsas kimi məhkəməyə təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid passport hüquqmüəyyənedici sənəd qismində çıxış etdiyindən və iddiaçı tərəfindən məhz həmin pasportda qeyd edilmiş və faktiki istifadəsinə olan 312.0 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi tələb qismində qoyulduğundan iddia tələbi əsaslıdır və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən 312.0 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2804/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2804/2025
12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver