Məhkəmə qərarları › İş №2-1(112)-2805/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2805/2020

21.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2805/2020 21.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum haqqında akt qeydinə düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə tərtib edilmiş 1548 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum yerinin “Mingəçevir şəhəri”dən “Bakı şəhəri”nə düzəliş edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Lakin buna baxmayaraq, Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə tərtib edilmiş 1548 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum yeri səhvən “Mingəçevir şəhəri” yazılmışdır. Azərbaycan Respublikası vətəndaşının seriyası AZE № 0******* olan şəxsiyyət vəsiqəsində doğulduğu yer “Bakı şəhəri” göstərilmişdir. Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, seriyası XİX-JQ № 379928 olan doğum haqqında təkrar şəhadətnamədə iddiaçının doğum yeri “Bakı şəhəri” qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon Hərbi komissarlığı tərəfindən verilmiş seriyası AO № ******* olan hərbi biletdə doğum yeri “Bakı şəhəri” göstərilmişdir. Doğum haqqında akt qeydində düzəliş edilərək uşaq haqqında məlumat qrafasında doğum yerinin “Mingəçevir”dən “Bakı” şəhərinə düzəliş edilməsi barədə iddiaçı tərəfindən Bakı şəhəri Cavabdehnə müraciət olunmuşdur. Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, 05/Q-10/68 saylı cavab məktubu ilə ona imtina edilmişdir. İddiaçının atası əslən Mingəçevir şəhərindəndir, iddiaçı isə Bakı şəhərində anadan olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə tərtib edilmiş 1548 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında iddiaçının doğum yeri "Mingəçevir şəhəri” yazılmışdır, lakin həmin qeydiyyat şöbəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş XİX-JQ seriyalı 370928 nömrəli doğum haqqında şəhadətnamədə isə iddiaçının doğum yeri “Bakı şəhəri” göstərilmişdir. Doğum haqqında akt qeydində doğulduğu yerə aid sənəd qrafasında Bakı şəhəri göstərilmişdir, lakin 1985-ci ildə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçının valideynlərinin yaşadığı yerə görə iddiaçının doğum yeri Mincəçevir şəhəri kimi qeyd olunmuşdur, təkrar şəhadətnamə verilərkən isə Bakı şəhəri yazılmışdır. Göstərilənlərə əsasən məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə məktubla müraciət edərək məhkəmə baxışı iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/Q-10/68 saylı məktubunda qeyd olunur: İddiaçı doğumu haqqında akt qeydinə düzəliş edilərək uşaq haqqında məlumat qrafasında doğum yerinin “Mingəçevir"dən “Bakı” şəhərinə düzəliş edilməsi barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Sənədlər nəzərdən keçirilərkən Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə tərtib edilmiş 1548 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum yeri "Mingəçevir şəhəri” yazıldığı halda, həmin qeydiyyat şöbəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş XİX-JQ seriyalı 370928 nömrəli doğum haqqında şəhadətnamədə isə həmin şəxsin doğum yerinin “Bakı şəhəri” göstərildiyi müəyyən edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Eyni zamanda Azərbaycan SSR-də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında Təlimatın 14-cü bəndinin müddəalarına görə Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 184-cü maddəsinə uyğun olaraq doğumun qeydiyyatı uşağın doğulduğu yerdəki və yaxud valideynlərinin və ya onlardan birinin yaşadığı yerdəki vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında həyata keçirilir. Uşağın doğulması onun doğulduğu yerdə deyil, valideynlərin və ya onlardan birinin yaşadığı yerdə qeydə alınarsa, bu zaman doğum haqqında akt qeydində valideynlərin yaşadığı yer uşağın doğulduğu yer kimi göstərilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələblərinə uyğun olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan İddiaçı məxsus AZE serailı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş (təkrar) XİX-JQ seriyalı 370928 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur, X1, milliyyəti azərbaycanlı, anası X3, milliyyəti azərbaycanlı qeyd edilmişdir. İş materiallarında olan İddiaçı məxsus AO serailı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur, milliyyəti azərbaycanlı, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/Q-227/75 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş İddiaçı xx.xx.1985-ci il tarixli 1548 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur. «Doğum yeri» qrafasında Mingəçevir şəhəri göstərilmişdir, lakin «Uşağın doğumunu təsdiq edən sənədlər» qrafasında Bakı şəhəri göstərilmişdir («Semaşko doğum şöbəsinin» sənədi). X1, milliyyəti azərbaycanlı, anası X3, milliyyəti azərbaycanlı qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatdan keçirilməlidir; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən aparılır; 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər; 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən həyata keçirilir; 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydalarının 2.1-ci maddəsinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur və bu barədə Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1985-ci il tarixli 1548 nömrəli doğum haqqında akt qeydində «Doğum yeri» qrafasında Mingəçevir şəhəri göstərilmişdir, lakin «Uşağın doğumunu təsdiq edən sənədlər» qrafasında Bakı şəhəri «Semaşko doğum şöbəsinin» sənədi qeyd edilmişdir. Eyni zamanda Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1996-cı il tarixdə təkrar verilmiş XİX-JQ seriyalı 370928 nömrəli doğum haqqında şəhadətnamədə, eləcə də iddiaçıya məxsus AZE serailı 0******* nömrəli şəxsiyyət vəsiqəsində iddiaçının doğum yeri Bakı şəhəri göstərilmişdir. Göründüyü kimi, iddiaçının doğum yeri Bakı şəhəri olduğu halda, doğum haqqında akt qeydində Mingəçevir şəhəri yazılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə tərtib edilmiş 1548 saylı İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək «uşaq haqqında məlumat» bölməsində «doğulduğu yer» qrafasında doğum yerinin “Bakı şəhəri” yazılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar