Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2808/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, Üçüncü şəxs "xxxx"ASC-nin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə üçüncü şəxs qismində "xxxx" firması və "xxxx" ASC cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdırlar ki, İddiaçı ilə "xxxx" Firması arasında 13 dekabr 2010-cu il tarixli ƏSR/13-10 saylı Müqavilə bağlanmışdır. Yuxarıda qeyd olunan müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəli olan binada qeyri-yaşayış sahəsi əldə etmişdir. Sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi (bundan sonra “Cavabdeh”) tərəfindən ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16,100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) verilmişdir. Cavabdeh Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 5 mərtəbə və zirzəmindən ibarət 16.100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binası və 0.2704 ha torpaq sahəsi ASC “Xalq” Bankının xeyrinə 09.07.2015-ci il tarixində yüklü edilmişdir. Hesab edir ki, Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra-idarə) tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı idarəyə 11.08.2021-ci il tarixdə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu barədə iddiaçıya **********87 saylı, 16.09.2021-ci il tarixli məktub ünvanlanmışdır. ünvan 2i-yaşayış binasına dair Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 327 saylı, 09.07.2008-ci il tarixli sərəncam və müvafiq torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış - hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarəyə ünvanladığı (Mərkəzi bankda ipotekada qalmaq şərtilə həmin torpaq üzərində yerləşən tikilinin qabaqcadan qeydiyyatına etiraz edilməməsi barədə) 15.12.2010-cu il tarixli, 05/04-719 nömrəli məktubu nəzərə alınmaqla, Mars-M firmasının adına ********** qeydiyyat nömrəli 24.12.2010-cu il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Daha sonra sözügedən qeyri-yaşayış binasına dair 26.12.2019-cu il tarixli, 67/01 nömrəli hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolu əsasında ASC "xxxx"-ın adına hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Həmçinin, sözügedən əmlakla bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1247/2019 saylı bildirişləri İdarəyə daxil olmuş, lakin müvafiq məhkəmə işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Cavabdeh göstərilənlənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili məhkəmə ərizə ilə müraciət edərək, hazırki inzibati işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxs Mars-M” firmasının nümayəndələri təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçı, cavabdeh və digər üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi və vəkili X4 məhkəmə iclasındakı çıxışında iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçıların sözügedən qeyri-yaşayış binasına subyektiv hüquqları yoxdur, bununla bağlı Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının və Konstitusiya Məhkəməsi Plenumunun qərarları mövcuddur. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsin izahat və çıxışını dinləyərək, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddiaçının iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: ƏSR/13-12 nömrəli, 13.12.2010-cu il tarixli müqavilə və ƏSR/13-10 nömrəli 13.12.2010-cu il tarixli arayışlara əsasən iddiaçı ünvan 4 ünvanda binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 40 kv.m olan 13 №-li mağazanı almışdır. İddiaçının cavabdehə ünvanlanmış 10.08.2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri S.Vurğun küçəsində 0,19426 ha torpaq sahəsində yerləşən 120 nömrəli binada 1627,3 kv metr ümumi, 374,4 kv metr əsas, 1252,9 kv metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə 13.03.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanda 0,2704 ha torpaq sahəsi 16.06.2010-cu ildə xüsusi mülkiyyət hüququ ilə "xxxx" firmasının adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 327 nömrəli 09.07.2008-ci il tarixli sərəncamına əsasən ünvan 5 ünvanda yerləşən "xxxx" firmasına məxsus qeyriyaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir. Cavabdeh tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış”a əsasən hüquq sahibi "xxxx" firmasının adına qabaqcadan qeydiyyat kimi 5 mərtəbə və zirzəmindən ibarət 16.100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi,120 ünvanda daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ 24.12.2010-cu ildə qabaqcadan qeydiyyata alınmışdır. Beləliklə, məhkəmədə işin araşdırılan hallarından müəyyən edilmişdir ki, ünvan 5 ünvanda 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 120 nömrəli qeyriyaşayış binası tam mülkiyyət hüququ ilə "xxxx" firmasının adına qeydiyyata alınmış, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 327 nömrəli, 09.07.2008-ci il tarixli sərəncamına əsasən Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən "xxxx" firmasına məxsus qeyri-yaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmiş, "xxxx" firması tərəfindən həmin bina sökülmüş, əvəzində inşa ediləcək tikili üzərində qabaqcadan qeydiyyat kimi ümumi sahəsi 5 mərtəbə və zirzəmindən ibarət 16.100.5 kv.m. sahəsi olan qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsi olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi,120 ünvandakı daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınmışdır. ”Mars-M” firması ilə bağlanmış müqavilələrə əsasən iddiaçı satın aldıgı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması həmin qabaqcadan qeydiyyatla bağlı mümkün olmadığı üçün daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi barədə cavabdehə müraciət etmiş, müraciəti təmin edilmədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışlar ki, tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələri üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatının aparıla bilməsi üçün ərizə (hüquqi şəxsin ərizəsi rəhbər tərəfindən imzalanır və möhürlə təsdiq edilir), dövlət rüsumuun ödənilməsi haqqında sənəd, plan-cizgi, tikintiyə icazə sənədləri tələb olunur ki, həmin sənədlər qeydiyyat aparılan zaman mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əssən tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Həmin Qanunun 17.5-ci maddəsinə əsasən bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında təlimat”ın 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17-ci maddələrinə əsasən torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə qabaqcadan qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayış verilir (2 nömrəli əlavə). Həmin Təlimatın 1.4-cü bəndinə əsasən, bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə qabaqcadan dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış verilir (3 nömrəli əlavə). “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Frespublikası Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş arxiv qovluğunda "xxxx" firmasının hüquqlarının qabaqcadan qeydiyyatı üçün təqdim edilmiş sənədlər sırasında “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsində sadalanan sənədlər mövcuddur. Belə ki, işin faktiki hallarına əsasən iddiaçının ləğv edilməsini tələb etdikləri arayışın verilməsi üçün hüquq sahibi kimi qeyd edilmiş "xxxx" firması tərəfindən ərizə ilə cavabdehə müraciət edilmişdir, həmin ərizə hüquqi şəxsin blankında yazılmış və "xxxx" firmasının möhürü ilə təsdiq edilmişdir, belə bir ərizənin mütləq qaydada çap edilmiş şəkildə olması qanunvericilikdə nəzərdə tutulmamışdır, hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsas – torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış, habelə tikintiyə icazə verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 09.07.2008-ci il tarixli, 327 nömrəli sərəncamı hüququn qabaqcadan qeydiyyatı zamanı tikintiyə icazə sənədi kimi təqdim edilmişdir. İddiaçının mübahisələndirilən qabaqcadan hüququn dövlət qeydiyyatı haqqında arayışda qeyd edilən əmlakdakı qeyri-yaşayış sahələsini satın almasına dair müqavilə bağlamasına və həmin qeyri-yaşayış sahəsi üzərində hüquq əldə etməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" firmasının cavabdeh ASC "xxxx"na qarşı aralarında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti və 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası və cavabdeh ASC “Xalq” Bankın iddiaçı "xxxx" firmasına qarşı 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətt müqaviləsi üzrə iddiaçının cavabdeh qarşısında 17000000 ABŞ dolları məbləğində əsas borcun, 2388957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11161,62 ABŞ dolları məbləğində cərimə faizlərinin, cəmi 19400119,08 ABŞ dolları və 26.05.2016-cı il tarixdən başlayaraq cavabdehin tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 26000000 manat məbləğində təyin olunması barədə qarşılıqlı iddia tələbinə və müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-zadə Afət Rəşid qızının və Hacıyeva Könül Rəşid qızının cavabdehlər "xxxx" firmasına və "xxxx" ASC-yə qarşı həmin qurumlar arasında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli “Sonrakı ipoteka müqaviləsi”nin Bakı şəhəri, Nərimanov rayonu, S.Vurğun küçəsi, 120 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv metr olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin Ağa-zadə Afət Rəşid qızına məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv metr sahəsi olan 1 №li mağazanın, həmin mərtəbədə yerləşən 30,2 kv metr qeyri-yaşayış sahəsinin, X3 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 25,6 kv metr 18 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi tələbinə dair işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasında 17.07.2019-cu il tarixdə 2-2(102)-285/2019 №li işə baxılan zaman və həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarından "xxxx" ASC-nin şikayəti əsasında Ali Məhkəmənin həmin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində yoxlanılması zamanı baxılan zaman iddiaçının iddia ərizələrində istinad etdiyi müqavilə nəzərdən keçirilməklə müvafiq qiymət verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarında ifadə olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci mddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanın özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən mülkiyyətçi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilmişsə və ya bilməli idisə vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları pozulmur”. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2808/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2808/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver