Məhkəmə qərarları › İş №2-1(112)-2809/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2809/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2809/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özü İddiaçı və həyat yoldaşı X1 hazırda yaşadıqları və istifadələrində olan ünvan 1 ünvanında pasport qeydiyyatına alınmalarının cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək özünün, yəni İddiaçı hazırda yaşadığı və istifadəsində olan ünvan 1 ünvanında pasport qeydiyyatına alınmasının Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşamaq üçün ev tikdirmişdir. Hazırda 9 ildən artıqdır ki, həyat yoldaşı X2 ilə birlikdə həmin ünvanda yerləşən evində yaşayırlar. Lakin illərdir yaşadığı evə pasport qeydiyyatına düşə bilməmişdir və hazırda da qeydiyyatsız yaşayır. Bu da o və həyat yoldaşının huquqi sənədlərin tərtibatında, Respublikada keçirilən seçkilərdə və referendumlarda səsvermə hüquqlarını məhdudlaşdırır və problemlər yaradır. Ona görə də 29.10.2020-ci il tarixində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai rayon Polis İdarəsinə rəsmi ərizə ilə onun və həyat yoldaşının evinə pasport qeydiyyatına alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Xərai RPİ-nin 06.11.2020-ci il tarixli, 101- 34457M-3220 saylı cavab məktubu ilə bu işin məhkəmə vasitəsi ilə həll olunması məsləhət olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ********* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Naxçıvan MR. Şərur rayonu, Kərimbəyli kəndində doğulmuş, yaşayış yeri Şərur rayonu, Kərimbəyli kəndidir. - Azərbaycan Respublikası vətəndaşının AZE 14335354 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 20.01.1964-cü ildə Naxçıvan MR. Şərur rayonu, Kərimbəyli kəndində doğulmuş, yaşayış yeri Şərur rayonu, Kərimbəyli kəndidir. - Sumqayıt şəhər Nikah Evi tərəfindən verilmiş İV ЖГ 292201 №-li, 13.04.1986-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Maməd oğlu ilə X3 arasında 13.04.1986-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova familiyası verilmişdir. - Bakı şəhəri, Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil Komunal İstismar Sahəsinin 683 №-li, 10.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı M.Hadi küçəsində 92N №-li ünvanda 2011-ci ildən qeydiyyatsız yaşayır. - Bakı şəhəri, Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil Komunal İstismar Sahəsinin 684 №-li, 10.11.2020-ci il tarixli arayışından görünür ki, X2 M.Hadi küçəsində 92N №-li ünvanda 2011-ci ildən qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikası vətəndaşının AZE 19195392 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 01.09.1982-ci ildə Ermənistan, Əzizbəyov rayonunda doğulmuşdur, yaşayış yeri ünvan 5 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının AZE 17798827 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 01.09.1954-cü ildə Ermənistan, Əzizbəyov rayonunda doğulmuşdur, yaşayış yeri ünvan 5 ünvanıdır. - X7 və X5 tərəfindən imzalanmaqla tərtib edilmiş 08.11.2020-ci il tarixli aktdan görünür ki, hazırda qonşuları X2 və İddiaçı ünvan 6 ünvanında inşa etdikləri yaşayış evində 2011-ci ildən bu günə kimi qeydiyyatsız yaşayırlar. - Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 06.11.2020-ci il tarixli, 101-24457M-3220 №-li məktubdan görünür ki, həyat yoldaşı Məmmədova Xatirə Müzəffər qızı ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsi, ev 92 N qeydiyyata alınmasını xahiş etmişdir. Məlumat üçün bildirilir ki, yaşayış yeri üzrə qeydiyyata alınması ücün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; dövlət rüsumu haqqında qəbz; nikah haqqında şəhadətnamə; hərbi bilet; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd). Qeyd olunan sənədləri təqdim etdikdən sonra ona göstərilən ünvana qeydiyyata alınma məsələniz öz müsbət həllini tapacaqdır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İddiaçı sözügedən ünvana qeydiyyata alınması ilə bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsinə müraciət etmişdir. İddiaçı yaşadığı həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etməmiş və bu səbəbdən də cavabdeh inzibati orqan onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. İşin halları ilə isə iddiaçının daimi yaşamaq məqsədilə qanuni əsaslarla həmin yaşayış evinə köçüb yaşamasına hüquq verən sənədin mövcudluğu müəyyən edilmir. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir, 2.3-cü bəndinə görə isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Beləliklə, iddiaçı mübahisəli ünvanda olan yaşayış sahəsinə qeydiyyata alınmasını tələb etsə də, həmin yaşayış sahəsinə qanuni əsaslarla köçüb yaşaması və buna hüquq verən sənədin mövcudluğu tərəfindən sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçı qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ünvan 1 ünvanına dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etmədiyindən, eləcə də belə sənədlərin mövcudluğu məhkəmə araşdırılması zamanı da müəyyən edilmədiyindən cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin onun həmin ünvana qeydiyyata alınmasından imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar