Məhkəmə qərarları › İş №2-1(112)-2809/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2809/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2809/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi 02.09.1991-ci ildən 14.11.2001-ci ilədək olan dövrün sığorta stajına əlavə edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyasının təyin edilməsi ilə əlaqədar 3 saylı Bakı “DOST” mərkəzinə ərizə ilə müraciət etmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 09.07.2021-ci il tarixli **********9 saylı imtina məktubunda iddiaçının 26.01.1977-ci il tarixdə tərtib edilmiş ИТ-İ ******* saylı əmək kitabçasına əsasən 01.01.2006-cı ilədək sığorta stajının 19 il 6 ay təşkil etməklə tələb olunan müddətdən az olması göstərilmiş, 02.09.1991-ci ildən 14.11.2001-ci ilədək işlədiyi Azərbaycan Respublikası Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılması mümkün olmaması və həmin dövrlərin sığorta stajına əlavə edilməməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdehin iddiaya dair etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 03.02.2021-ci il tarixdə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının № 018567 nömrəli əmək kitabçasında qeyd olunmuş 02.09.1991-ci il tarixdən 14.11.2001-ci il tarixədək Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. İddiaçının təqdim etdiyi № ******* saylı əmək kitabçasına əsasən sosial sığorta stajı 19 il 6 ay olmaqla qanunla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Həmçinin 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş, etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Ağsu rayonu, Kalva kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; ИТ-İ ******* nömrəli, 26 yanvar 1977-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı, 01.09.1973-cü ildən 12.05.1974-cü ilədək 23 №-li ŞPTM-də təhsil almış, 05.05.1974-cü ildən 01.11.1976-cı ilədək Sovet ordusu sıralarında xidmət keçmiş, 19.08.1976-23.06.1980-ci illərdə mexaniki sexdə gəmi boru kəməri çəkən qaynaqçı vəzifəsində, 15.07.1980-07.04.1981-ci illərdə “İnturist” ÜSC-nin Bakı şəhərindəki TTİ-də çilingər, 21.04.1981-14.09.2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının TTİdə çilingər, santexnik çilingər, elektrik qaynaqçısı və 15.11.2001-01.10.2003-cü illərdə Azərbaycan Elmlər Akademiyası şəhərciyində santexnik vəzifəsində işləmişdir; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 09 iyul 2021-ci il tarixli, **********9 saylı imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi 26.01.1977ci il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinə kimi sığorta stajı 19 il 6 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinə kimi fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X5, Daxili nəzarət və Monitorinq Departamentinin 21.06.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 02.09.1991-ci il tarixindən 14.11.2001-ci il tarixədək işlədiyi Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılması mümkün olmamış və həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən iddiaçıya 28.01.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsinin 06-1-769 nömrəli, 23 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, AMEA-nın İşlər idarəsinin Təmir-Tikinti Quraşdırma İdarəsi AMEA-nın Rəyasət Heyətinin 27.01.2016-cı il tarixli 1/9 nömrəli qərarı ilə ləğv edilmiş və hüquqi varisi müəyyənləşdirilməmişdir. AMEA Rəyasət Heyəti aparatı Elmi İrs şöbəsinin bildirdiyinə əsasən AMEA Təmir-Tikinti Quraşdırma İdarəsi 1986-cı ildən sonra mühafizə olunmaq üçün Elmi irs şöbəsinə arxiv sənədlərini təqdim etməyib. İddiaçı barəsində xahiş olunan 02.09.1991-14.11.2001-ci illər üzrə AMEA-nın Təmir-Tikinti Quraşdırma İdarəsinə məxsus arxiv sənədləri arasında 20.04.1981-ci il tarixli 39 nömrəli əmrdən başqa heç bir arxiv sənədi mövcud deyildir. Təqdim olunan 05.05.2021-ci il tarixli 071/35-11 və 071/37-11 nömrəli arayışlar AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsi Mühasibatlığının sənədləri əsasında Elmi İrs şöbəsi tərəfindən hazırlanmışdır; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 19 noyabr 2021-ci il tarixli 01/3-2677 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Azərbaycan Respublikası Elmlər Akademiyası Təmir-Tikinti Quraşdırma İdarəsi” 29 iyun 1996-cı il tarixindən qeydiyyatdadır; Azərbaycan Milli Elmlər X2 X4 İrs şöbəsinin 071/120-11 nömrəli, 24 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan Elmlər Akademiyasının Təmir- Tikinti Quraşdırma” İdarəsində işlədiyi barədə (02.09.1991-ci il tarixdən 14.11.2001-ci illər) arayış tələb olunur. Elmi İrs şöbəsində mühafizə edilən sənədlər 1959-1986-cı illəri əhatə edir. Göstərilən illərin arxiv sənədləri Elmi İrs şöbəsinə təqdim edilməyib. Elmi İrs şöbəsində olan məlumatlar – 071/35-11; 071/36-11 nömrəli arxiv arayışlarını 05.04.2021-ci il tarixdə İddiaçı şəxsən təqdim olunub. Həmin məktuba əlavə olunmuş AMEA X7 İrs Şöbəsinin 24 dekabr 2021-ci il tarixli 071/122-11 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsinin “15” noyabr 2001-ci il tarixli 205 №-li əmri ilə Azərb. MEK-nın Akademiya şəhərciyinə 15 noyabr 2001-ci il tarixindən santexnik vəzifəsinə təyin edilmişdir. AMEA İşlər İdarəsinin əmrlərində İddiaçı 2003-cü ildə işdən azad edilməsi barədə əmri olmadığı üçün, əmək haqqı cədvəlinə əsasən 01.10.2003-cü ilə qədər işlədiyi təsdiq edilib (əmr № 103 § 1). İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 02 iyul 1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 02 iyul 2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan iş stajı (hərbi xidmət daxil olmaqla) 19 il 6 aydır. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 02.09.1991-ci il tarixindən 14.11.2001-ci il tarixədək işlədiyi Azərbaycan Milli Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanılmaması səbəbindən həmin dövrün araşdırılması mümkün olmamışdır. Məhkəmə həmin dəlillərlə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasında qeyd olunan 02.09.1991-ci il tarixindən 14.11.2001-ci il tarixədək işlədiyi Azərbaycan Milli Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanılmaması iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Nəzərə alınmalıdır ki, arxiv sənədlərinin saxlanılmaması iddiaçının təqsiri ilə əlaqədar olan məsələ hesab edilə bilməz. Bir hala da diqqət yetirilməlidir ki, iddiaçı cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə 14.11.2001-ci ilədək işləmişdir ki, növbəti gündən 15.11.2001-ci il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin əmri ilə (əmrin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir) santexnik vəzifəsinə təyin edilmişdir. Ağlabatan mühakimə əsasında 14.11.2001-ci ildə vəzifədən azad edilməklə növbəti gündən yeni vəzifəyə təyin edilməsi mübahisələndirilən dövr üzrə qeydlərin həqiqiliyi qənaətinə gəlməyə əsas verən hallardan biri kimi qəbul edilə bilər. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 65 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq (cavabdeh tərəfindən mübahisələndirilməyən 19 il 6 ay + 10 il 2 ay 13 gün (02.09.1991-14.11.2001)) sığorta stajına malikdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi 02.09.1991-ci ildən 14.11.2001-ci ilədək olan dövr sığorta stajına əlavə edilməklə 65 yaşının tamam olduğu 28.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi 02.09.1991-ci ildən 14.11.2001-ci ilədək olan dövr sığorta stajına əlavə edilməklə 65 yaşının tamam olduğu 28.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar