Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-281/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Adi cəlbetmə qaydasında üçüncü şəxs Bakı şəhəri Səbail rayon bələdiyyəsinin nümayəndəsi X3, Adi cəlbetmə qaydasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 246 saylı qərarı ilə İddiaçı qızma verilmiş Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən 200 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 246 saylı qərarı ilə, İddiaçı Bakı şəhəri, Səbail rayonu. Gülbala Əliyev küçəsində yerləşən 200 kv.m. torpaq sahəsi verilməsi qərara alınmışdır. Həmin qərar əsasında torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən 200 kv.m. torpaq sahəsinə dair mənim mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdim. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciətdən imtina etmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən əsaslarla müraciətimdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi həmin Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçmişini, məhdudlaşdırılmasına, onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanununun 15-ci maddəsinə (Hüquqların dövlət qeydiyyatından imtina) əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda oüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə də, göstərilən qanunvericilik normalarına əsasən, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız olunmah və Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 246 saylı qərarı ilə mənə verilmiş Bakı şəhəri, Səbail rayonu. Gülbala Əliyev küçəsində yerləşən 200 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməlidir.
3. Cavabdeh orqanın imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair alqı-satqı aktı ləğv edilmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin yerləşmə sxemində istinad və məsafələr qeyd edilmədiyindən sənədlə sahənin yerini müəyyən etmək mümkün deyil. Bununla yanaşı elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi neft kəmərinin mühafizə zonasında yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
4. İddia ərizəsinə Bakı şəhəri X5 rayonu ərazisində olan 200 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi barədə xx.xx.2006-cı il tarixli 246 nömrəli qərar və torpaq sahəsinin planı təqdim edilmişdir.
5. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, daha sonra Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində nəzərə alınmışdır.
6. Məhkəmənin sorğusuna cavab olaraq Səbail bələdiyyəsi tərəfindən bildirilmişdir ki, Səbail rayonu Bələdiyyəsinin fəaliyyət dövrünə aid arxiv sənədləri istintaq zərurəti ilə əlaqədar Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən götürüldüyü üçun hal-hazırda sorğunu cavablandırmaq mümkün deyildir.
7. Azərbaycan Respublikasının Baş Prokurorluğuna təhvil verilmiş Səbail Bələdiyyəsinin bir sıra zəruri sənədlərinin göndərilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bildirilmişdir ki, Səbail Bələdiyyəsindən götürülmüş sənədlər həmin bələdiyyənin vəzifəli şəxsləri X8, X9 və X2 barələrində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 306.2, 308.1, 311.3.1, 311.3.3 maddələri ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işinin istintaq materiallarına əlavə olunmuş və cinayət işi xx.xx.2011-ci il tarixdə ibtidai istintaq başa çatdığından baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
8. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olan 1(101)-709/2011 saylı cinayət işi üzrə X4 cinayət prosesinin iştirakçısı qismində tanınmamış, həmçinin məktubunuzda qeyd etdiyiniz Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi ilə bağlı materiallar (o cümlədən müafiq icra hakimiyəti orqanının rəyi, torpaq sahəsinin mühafizə zolaqlarına düşməsini istisna edən arayış) cinayət işi materiallarında aşkar edilməmişdir.
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən bildirilmişdir ki, Səbail rayon Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2006-cı il tarixli, 246 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar olaraq Səbail rayon Bələdiyyəsinə müraciət etmək tövsiyə olunmuşdur.
10. Məhkəmənin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) sorğusuna cavab olaraq bildirilmişdir ki, kənar fiziki və hüquqi şəxslərə aid torpaq sahələrinin SOCAR-ın daimi istifadəsində, eləcə də şirkətə məxsus sənaye obyektlərinin mühafizə zonalarına aid olan torpaq sahələrinin hüdudları daxilində olub-olmadığını düzgün müəyyən etmək üçün, həmin sahələrin künc nöqtələrinin koordinatlarını özündə əks etdirən mötəbər məlumatlar təqdim edilməlidir. Müraciətlərə baxılarkən uyğunsuzluqlara yol verməmək üçün torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış (plan və ölçü ilə birlikdə) və ya “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən torpaq sahəsinin künc nöqtələrinin koordinatları əks olunmuş yerquruluşu planı təqdim edilməklə, SOCAR tərəfindən rəy verilməsi məqsədəmüvafiq hesab olunur. Məlum olduğu kimi, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən, “daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq” və 3.1.29-cu bəndə əsasən “dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın(torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək” DƏDKR-nin vəzifələrindən biridir. Odur ki, sorğu olunan torpaq sahəsi ilə bağlı rəyin verilməsi yuxarıda göstərilən sənədlərdən biri təqdim edildikdən sonra mümükün olacaqdır.
11. Torpaq sahəsinə dair müayinə aktından görünür ki, torpaq sahəsi relyefi mürəkkəb ərazidə yerləşir, yerləşmə cizgisində dəqiq istinadlar qeyd olunmadığından faktiki sahə ilə cizgi arasında müqayisə aparılması mümkün olmamışdır. Şərti sərhəddə göstərilən sahədən 40,0 metr aralıda neft burğusu (kaçalka) yerləşir. Faktiki göstərilən torpaq sahəsinin koordinatları müayinə aktına əlavə olunmuşdur.
12. İddiaçı Ulduq qızının iddia etdiyi torpaq sahəsinə rəy verilməsi barədə məhkəmənin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) sorğusuna cavab olaraq bildirilmişdir ki, qoşmada olan koordinatlar əsasında müvafiq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həmin koordinatlarda olan torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Bu maddədən açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Göründüyü kimi aidiyyəti qurum tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri gözlənilməmişdir. Bu səbəbdən, hesab edirik ki, iş üzrə Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Qeyd olunanlara əsasən, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci (Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri) və 28-ci (Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması) maddələrinin tələblərinə uyğun olaraq torpaq sahəsinin istifadəçisi “Azneft” İstehsalat Birliyinin (AZ 1000, Bakı şəhəri, Neftçilər pr., 73) iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə iddia tələbinin rədd olunması xahiş edilir.
13. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinə dair verilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Bununla yanaşı, torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətindədir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan əlavə, torpaq sahəsindən 40,0 m məsafədə neft buruğu yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli **********87 saylı cavab məktubu ünvanlanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı- satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır.
14. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.
16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
17. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs Səbail Bələdiyyəsinin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, bələdiyyənin 2006-cı ilə dair sənədlərində İddiaçı torpaq sahəsinin ayrılmasına dair hər hansı qərar yoxdur.
18. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi (vəkili) iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
19. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
21. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
24. Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.”
25. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
28. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır.
30. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
31. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
32. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
33. X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
34. Məhkəmə qeyd edir ki, bir tərəfdən torpaq ayırma haqqında həmin qərarın və torpaq sahəsinin alqı-satqısına dair aktın etibarlılığı birmənalı deyil. Belə ki, Səbail bələdiyyəsinin nümayəndəsi tərəfindən məhkəməyə bildirilmiş, eləcə məhkəmə sorğuları ilə müəyyən edilmişdir ki, İddiaçı Səbail bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılması müəyyən edilmir. Digər tərəfdən isə təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün, eləcə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bələdiyyə qərara əsasən (xx.xx.2006-cı il tarixli 246 nömrəli) bağ sahəsi kimi istifadəsi nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidəki torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə (etibarlı qərar olmuş olsa belə) X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, (etibarlı qərar olmuş olsa belə) müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur.
35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva