Məhkəmə qərarları › İş №2-1(112)-2813/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2813/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2813/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli, **********8451 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 656, məhəllə 3157-ci ünvanında yerləşən “FACE STUDİO” obyektində keçirilmiş operativ vergi yoxlamalarının nəticəsi olaraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 16 iyul 2021-ci il tarixli, **********8451 nömrəli qərara əsasən iddiaçı 10.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı həmin qərardan inzibati şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. X6 Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən qəbul edilən xx.xx.2021-ci il tarixli, **********600000 nömrəli qərarla iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Dövlət Vergi Xidmətinin 16 iyul 2021-ci il tarixli, **********8451 nömrəli və xx.xx.2021-ci il tarixli, **********600000 nömrəli qərarları ədalətsiz, qanunsuz və qeyri-humanist şəkildə tərtib edilmişdir. 27 may 2021-ci il tarixdə DVX seriyalı, 002446 nömrəli aktda və onun əlavəsində guya 5 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkarlanmışdır. Həmin şəxslər salonun işçiləri deyil, subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkarlardır. Həmin aktda qeyd olunan 5 nəfər fərdi sahibkarlar da bildirmişdirlər ki, onlar sərbəst qrafiklə işləyir, administratordan heç bir göstəriş almırlar, sifarişləri telefon vasitəsilə və ya tanışlıqla alırlar, instagram sosial şəbəkəsində usta kimi özlərinə məxsus ayrıca profilləri mövcuddur, göstərdikləri xidmətlərin qiymətlərini özləri təyin edirlər. Lakin bu göstərilənlərin heç birinə vergi xidməti əməkdaşları məhəl qoymamışlar, qanunsuz olaraq akt tərtib edilərək bunun əsasında qərar çıxarılmışdır. Cavabdehin əməkdaşları iddiaçıya həmin şəxsləri öz işçisi kimi qeydiyyata almağını tövsiyə etmişdir. Lakin həmin şəxslər subicarə müqaviləsi əsasında iddiaçının salonunda fəaliyyət göstərdikləri üçün həmin şəxslər iddiaçının işçiləri hesab olunmur və qeydiyyata almağı düzgün deyildir. Bundan başqa cavabdehin əməkdaşları həmin fərdi sahibkarların iddiaçının salonunun sosial şəbəkə hesabları vasitəsilə reklam edilməsi ilə bağlı şübhəli məqam olduğunu bildirmişlər. İddiaçıya məxsus təsərrüfat subyekti ölkədə öz sözünü demiş gözəllik və bərbərxana salonudur. Həmin şəxslər də sırf “FACE STUDİO” gözəllik salonu ölkə ərazisində yetərincə tanındığına və öz müştəri kütləsi olduğuna görə həmin salonda subicarə müqaviləsi ilə işləmək istəmişlər. İddiaçıya məxsus təsərrüfat subyektinin icarə məbləğinin digər salonlardan fərqli olmağı da bunun təzahürüdür. Beləliklə, hazırkı iş üzrə cavabdeh orqanın əməkdaşı tərəfindən qanunvericiliyin tələblərinə tam riayət edilməmişdir. Belə ki, cavabdeh orqanın operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanı əməkdaşının qərarında həmin əsaslardan hansına görə operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi operativ vergi nəzarətinin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qanunvericilik operativ vergi nəzarət tədbirlərinin keçirilməsi zamanı vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 1 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Başqa sözlə, vergi ödəyicisi tərəfindən sənədlər təqdim etməkdən imtina edildiyi halda belə vergi orqanı 1 iş günlük müddətin başa çatmasını gözləməlidir. Belə ki, cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki, cavabdeh 27 may 2021-ci il tarixdə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş, həmçinin tələbnamənin özündə belə qeyd edilmiş həmin 1 iş günlük müddəti gözləmədən və sənədlərin tədqim edilibedilməməsi barədə müvafiq akt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Operativ vergi nəzarəti keçirildiyi gündən 1 gün sonra elektron formada lazımi sənədlərin Dövlət Vergi Xidmətinə göndərilməsinə baxmayaraq, 1 günlük müddət nəzərə alınmamış və dərhal akt tərtib edilmişdir. Halbuki, qanunvericilik vergi orqanına sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Çünki vergi ödəyicisinin həmin sənədləri hətta 1 iş günün sonuncu saatında belə təqdim etmək imkanı var idi ki, vergi orqanı iddiaçının həmin hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Cavabdeh orqan operativ vergi nəzarəti tədbiri zamanı qanunun tələblərini pozmuşdur. Bundan başqa qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qanunvericiliyin tələblərinə zidd olaraq cavabdeh orqan operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etməmişdir. Çünki, əgər cavabdeh orqan qanunun tələblərinə uyğun olaraq vergi nəzarəti zamanı foto və ya video çəkilişdən istifadə etsə idi, hazırda nəzarət tədbirinin keçirdikləri obyektdə qanun pozuntuların həqiqətən mövcud olub-olmadığını açıq-aşkar görmək olardı. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, İddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və əsas fəaliyyət növü bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsidir. Cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, **********1093 nömrəli qərarına əsasən iddiaçıya məxsus AZ1138, ünvan 2 ünvanında yerləşən “Face Studio” adlı obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması məsələsini əhatə edən operativ vergi nəzarəti həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti nəticəsində iddiaçıya məxsus obyektdə 5 nəfər işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002446 saylı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında aktla rəsmiləşdirilmiş və əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin siyahısı akta əlavə edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8451 nömrəli qərar qəbul edilərək vergi odəyicisinə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə iddiaçıya göndərilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********1093 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 656, 3157-ci məhəllə, obyektin adı Face Studio, fəaliyyət növü bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211582223 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) ünvan 2 ünvandakı “Face Studio” adlı obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxlərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002446 saylı aktın və akta əlavə edilmiş siyahının təsdiq edilmiş surətlərindən görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********1093 nömrəli qərarına əsasən həmin baş idarənin əməkdaşları tərəfindən İddiaçı (VÖEN:**********) məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 656, 3157-ci məhəllə ünvanında yerləşən “Face Studio” gözəllik salonunda xx.xx.2021-ci il tarixdə, saat 15:50 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən 15 nəfər fiziki şəxsdən 5 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8451 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021 tarixədək 10.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********600000 saylı qərarının surətindən görünür ki, fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002446 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8451 nömrəli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********1093 nömrəli qərara əsasən İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 656, 3157-ci məhəllə, Face Studio, fəaliyyət növü: bərbərxana və gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002446 saylı akta əsasən iddiaçıya məxsus olan həmin obyektdə xx.xx.2021-ci il tarixdə, operativ vergi nəzarəti həyata keçirilərkən 15 nəfər fiziki şəxsdən 5 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8451 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, qanunvericilik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol vermir. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə elektron sənəd, yəni əmək müqaviləsi bildirişi daxil edilir. Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir. Hazırki iş üzrə xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən 15 nəfər fiziki şəxsdən 5 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilibedilməməsi yoxlanılmış, həmin 5 nəfər barəsində elektron informasiya sistemində məlumat tapılmamış, iddiaçı tərəfindən də bu hal mübahisələndirilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Bu halın müəyyən edilməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. İddiaçı işçinin gəlirinin gizlədilməsinə şərait yaratmadığını, 5 nəfərlə əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi ilə əlaqədar cavabdehin mövqeyinin əsassız olduğunu, həmin şəxslərlə subicarə müqaviləsi bağladığını və ona görə də əmək müqaviləsi bağlanılmasına zərurət olmadığını bildirmişdir. Lakin qeyd olunan 5 nəfərlə bağlanmış subicarə müqavilələri qeydiyyatdan keçirilməmişdir, həmin şəxslərin adına subicarə müqaviləsi əsasında qeydiyyata alınmış təsərrüfat subyektləri (obyekti) aşkar edilməmişdir və bununla əlaqədar sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı həmin 5 nəfərlə subicarə müqavilələri bağladığını bildirsə də, vergi orqanına verdiyi izahatında operativ vergi nəzarəti tədbirindən sonra həmin 5 nəfərlə əmək müqaviləsi bağladığını və sonradan ləğv etdiyini bildirmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda iddiaçı qanunvericiliyin tələblərinə zidd olaraq vergi orqanı operativ vergi nəzarət tədbirini keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya video çəkilişdən istifadə etmədiyini qeyd edir. Bununla bağlı məhkəmə qeyd edir ki, operativ vergi nəzarəti tədbiri keçirilən zaman foto və ya video çəkilişdən istifadə olunması vergi orqanının vəzifəsi deyil, hüququdur və qanunvericilikdə imperativ norma kimi nəzərdə tutulmamışdır. Ona görə də bu, vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinin pozulması hesab edilə bilməz. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı qanun pozuntusu halına yol verilmədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilmiş, mübahisələndirilən qərar qəbul edilərkən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar cavabdeh tərəfindən xx.xx.2021-ci ildə qəbul edilmişdir, iddiaçı tərəfindən həmin qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçının inzibati şikayəti təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2021-ci ildə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində … qaldırıla bilər. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar