Məhkəmə qərarları › İş №2-1(112)-2814/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2814/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2814/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2 ASC-yə qarşı kredit borcunun restrukturizasiya edillməsinə dair inzibati işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh2 ASC-yə qarşı xx.xx.2013-cü il tarixli, 019699/2013 saylı kredit müqaviləsi üzrə yaranan 1130.49 manat məbləğində qalıq borcunun, restrukturizasiya olunmalı borcların siyahısına əlavə olunması və Cavabdeh2 ASC-yə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi, xx.xx.2013-cü il tarixli, 019699/2013 saylı kredit müqaviləsi üzrə yaranan 1130.49 manat məbləğində qalıq borcunun restrukturizasiyasının təmin olunmasının Cavabdeh2 ASC-yə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 ASC arasında xx.xx.2013-cü il tarixdə 019699/2013 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə ona illik 27% olmaqla 36 ay müddətində 10000 (on min) manat məbləğində kredit verilmişdir. Sonradan ailə vəziyyəti ilə əlaqədar olaraq kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Ödəmələrində gecikmələr olduğundan borcu Azərbaycan Respubllikası Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) aktivgecikmədə olan borclar siyahısına düşmüşdür. Sonradan borcu Azərbaycan Respublikasında fiziki şəxslsərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Belə ki, ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən onun barəsində tərtib edilmiş problemli kreditlərin kompensasiyası üzrə xx.xx.2019-cu il tarixli elektron çıxarışdan göründüyü kimi, onunla “xxxx” ASC arasında 906.51 manat məbləğində, “xxxx” İKB ASC arasında 2640.94 manat məbləğində, “xxxx” ASC arasına (digər kredit müqaviləsi üzrə) – 3166.57 manat məbləğində, “xxxx” KB ASC arasında – 939.72 manat məbləğində və Cavabdeh2 ASC arasında 1130.49 manat məbləğində restruktruzasiya müqavilələri bağlanması müəyyən edilmişdir. Həmin çıxarış əsasında Cavabdeh2 ASC-dən başqa yuxarıda adlar qeyd olunan bank təşkilatları ilə aralarına məlum Fərmandan irəli gələn tələblər üzrə restrukturizasiya müqavilələri bağlanmışdır. Həmin çıxarış üzrə Cavabdeh2 ASC-nə olan 1130.49 manat məbləğində kredit qalıq borcunun restrukturizasiya olunmasına dair “xxxx” ASC-yə ərizə ilə müraciət etmişdir. Lakin, Cavabdeh2 ASC müraciətini təmin etməyərək, ona xx.xx.2019-cu il tarixli, M/19-10692/1 saylı məktub ünvanlamışdır. Həmin məktubda qeyd edilən çıxarış üzrə qalıq 1130.49 manat qalıq borcunun restruukturizasiya olunması təklif edilən kredit qismində göstərilməsi qeyd olunsa da, Azərbaycan Respublikası Maliyyə X2 tərəfindən Cavabdeh2 ASC-yə təqdim edilmiş siyahıda onun kedit borcunun restrukturizasiya olunmasının göstərilmədiyi bildirilmişdir. Bu səbəbdən, hzırda qalıq borcunun restrukturizasiya olunmasının qeyri-mümkün olduğu vurğulanmışdır. Bununla bağlı, Azərbaycn Respublikası Maliyyə X1 müraciət etsə də, həmin qurumun Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2019-cu il tarixli sərəncamı ilə ləğv edilməsi və həmin qurumun hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankının 2019-cu ilin sonuna qədər müraciətinə cavab verməməsi hüquqlarını məhdudlaşdırmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına yenidən müraciət etmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2020-ci il tarixli məktubla müraciətinin cavablandırılması vəzifəsini Cavabdeh2 ASC-nin üzərinə qoymuşdur. Cavabdeh2 ASC əsassız olaraq Azərbaycan Respublikası Mərkəzi Bankına və ona xx xxxxxxx 2020-ci il tarixli məktub göndərərək, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icra müddətinin xx.xx.2019-cu il tarixində bitməsini qeyd etmiş və bununla da, qalıq borcunun restrukturizasiyasının qeyri-mümkün olduğunu bildirmişdir. Hesab edir ki, məlum Fərmandan irəli gələn tələblər əsasında onunla Cavabdeh2 ASC arasında güzəştli restrukturizasiya müqaviləsi bağanmaması tamamilə əsassızdır. Belə ki, məlum Fərmanın icra müddətinin ötürülməsi onun səhvi nəticəsində deyil, iş üzrə cavabdehlər Azərbaycan Rspublikası Mərkəzi Bankı və Cavabdeh2 ASC-nin müraciətlərinə etinasız yanaşması, vəzifə öhdəliklərini vaxtında icra etməmələri, onu, qanunsuz olaraq get-gələ salmaları səbəbindən olmuşdur. Bu hallar onun hüquqlarının kobud şəkildə pozulması mənasına gəlir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə Cavabdeh2 ASC arasında xx.xx.2013-cü il tarixində bağlanmış 10.000 manat dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərlə cavab verdiyindən xx.xx.2019-cu il tarixinə vaxtı keçmiş əsas kredit borcu 1349.71 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmiş, habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də, bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 1130.49 manat müəyyən edilmişdir. Eyni zamanda göstərilən məlumatlar Mərkəzi Bankı tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da, yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə X3 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yeni kredit müqaviləsi üzrə borcu restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Qeyd edilənlərə əsasən, hazırki iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı “kredit borcunun restrukturizasiya edilməsi”nə dair iddia tələbinin mümkün sayılmamasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərlə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə təyin edilmiş məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşin hallarından görünür ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən iddiaçı ilə Cavabdeh2 ASC arasında xx.xx.2013-cü il tarixində bağlanmış 10000 manat dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərlə cavab verdiyindən xx.xx.2019-cu il tarixinə vaxtı keçmiş əsas kredit borcu 1349.71 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmiş, habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də, bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 1130.49 manat müəyyən edilmişdir. Eyni zamanda göstərilən məlumatlar Mərkəzi Bankı tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da, yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə X3 üzərinnə qoyulmuş vəzifə və öhdəlikləri tam şəkildə icra etmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırki mübahisədə cavabdeh Mərkəzi Bank tərəfindən iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmədiyindən iddia Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə mümkün sayılmamalıdır. Məhkəmə eləcə də, Cavabdeh2 ASC-yə münasibətdə iddia tələbi ilə bağlı qeyd edir ki, sözügedən Fərmanın 6-cı bəndinə əsasən yeni kredit müqaviləsi üzrə borcu restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması bankların hüquqları kimi müəyyən edildiyindən, iddia tələbi bu hissədə artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının tələbi borc (kredit) müqaviləsi ilə bağlı olduğundan, mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə baxılmalıdır. Bu səbəbdən də, iddia Cavabdeh2 ASC-yə qarşı hissədə də, mümkün sayılmamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyəti məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Yuxarıda şərh edilən əsaslara görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı mülki müqavilə münasibətlərindən yaranan məsələlər barəsində mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi mümkün sayılmasın. İddiaçı Cavabdeh2 ASC-yə qarşı aidiyyəti üzrə ümumi (rayon) məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar