Məhkəmə qərarları › İş №2-1(112)-2814/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2814/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2814/2022 31.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********1 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1981-ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının, H3 №3245163 saylı hərbi biletin surətinə əsasən onun sığorta stajı 23 il 11 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Sığorta stajına uyğun pensiya kapitalı 17286,26 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 102 saylı arxiv arayışında qeyd edilən 1971-1974 və 1977-1980-ci illərə aid iş stajı əmək kitabçasında qeyd olunmadığı və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyi üçün həmin dövrlər sığorta stajına daxil edilmir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması qanunvericliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixindən yaşa görə müavinət təyin olunmuşdur. Bundan sonra İddiaçı Goranboy Rayon Dövlət Arxivini üçüncü şəxs qismində göstərməklə Cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayon Dövlət Arxivinin xx-xx-2020-ci il 102 saylı Arxiv Arayışında qeyd edilən 1971-1974 və 1977-1980-ci illərin iş stajı kimi əmək kitabçasına qeyd olunmasının cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1718/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli məhkəmənin hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Buna görə də iddiaçı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli məktubla imtina etmiş və Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 102 saylı arxiv arayışında qeyd edilən 1971-1974 və 1977-1980-ci illərə aid iş stajı əmək kitabçasında qeyd olunmadığı və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyi üçün həmin dövrlərin sığorta stajına daxil edilmədiyini bildirmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya etirazında bildirmişdir ki, iddiaçının ümumi iş stajı qanunla tələb olunan müddətdən azdır, onun əmək kitabçasında qeyd edilən illərlə birlikdə 23 il 11 ay 03 gün sosial stajı mövcuddur. İşin mübahisələndirilən halı iddiaçının 1971-1974 və 1977-1980-ci illərdə Goranboy rayonu M.Ə.Rəsulzadə və Miskinli kolxozlarında işlədiyi dövrlərdir. İddiaçının xx.xx.1981-ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının, H3 ******* saylı hərbi biletin surətinə əsasən onun sığorta stajı 23 il 11 ay 03 gün olmaqla sosial sığorta stajı vardır. İddiaçı 1971-1974 və 1977-1980-ci illərdə Goranboy rayonu M.Ə.Rəsulzadə və Miskinli kolxozlarında işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyi, Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 73/1 nömrəli arayışına əsasən minimum adam günü 1971- 1976-cı illərdə 240, 1977-1980-ci illərdə 210 gün olmasına baxmayaraq adam günü normaları İddiaçı tərəfindən ödənilmədiyindən həmin kolxozlarda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Buna görə də cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2020 - 30 iyun 2021-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaşdır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2020 - 30 iyun 2021-ci il üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş, 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur. İşdə olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1973-cü ildə X4 əyirici istehsalatına çıxarıcı şagirdi qəbul olunmuş, xx.xx.1974-cü ildə əyirici istehsalatına yağlayıcı vəzifəsinə keçirilmiş, xx.xx.1974-cü ildə Azərbaycan SSR ƏQM-nin 38-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilmiş, xx.xx.1980-ci ildən xx.xx.1988-ci ilədək X3 avadanlığın təmiri üzrə çilingər, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Goranboy rayon X7 Zavodunda fəhlə, təhcizatçı, ekspeditor, xx.xx.1995-ci ildən xx.xx.2003-cü ilədək Goranboy rayonunda tikilməkdə olan 528 min başlıq broyler quşçuluq fabrikində direktor vəzifəsində işləmişdir. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1975 – xx.xx.1977-ci illərdə hərbi xidmət keçmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli 75 nömrəli sərəncamı ilə “Xalq üçün mallar” Dövlət Konserninin tabeliyində olmuş X1 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2004-cü il tarixində cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. Qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 151 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş X5 zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, xx.xx.2009-cu il tarixində cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cəfərov X2 X7 zavoduna xx.xx.1988-ci ildə 04 saylı əmrlə işə qəbul olunmuş, xx.xx.1995-ci il tarixdə 23 saylı əmrlə işdən azad olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı həqiqətən X4na xx.xx.1973-ci il tarixli §5, 245 saylı Əmrlə xx.xx.1973-cü il tarixdə Əyirici istehsalatına çıxarıcı şagirdi işə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli §22, 195 saylı Əmrlə xx.xx.1974-cü il tarixindən Əyirici istehsalatına yağlayıcı peşəsinə keçirilmiş, xx.xx.2074-cü il tarixli §12, 195 saylı Əmrlə xx.xx.1974-cü il tarixindən üzürsüz səbəbdən işə çıxmadığına görə işdən azad edilmişdir. Qeyd olunmuşdur ki, 1990-cı il mart ayında Ordjonikidze adına Kirovabad Toxuculuq kombinatı X4 adlandırılmışdır (ƏMR 66- LS, xx.xx.1990-cı il). xx.xx.2001-ci il tarixindən İqtisadi İnkişaf Nazirliyinin əmrinə əsasən "xxxx" Kombinatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ƏMR 39-KŞ, xx.xx.2001 -ci il), xx.xx.2004-cü il tarixindən isə "xxxx" ASC "xxxx" ASC-yə çevrilmişdir (ƏMR 14- LS,xx.xx.2004-cü il). Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 102 saylı arxiv arayışından görünür ki, İddiaçı M.Ə.Rəsulzadə və Miskinli kolxozlarında 1971-ci ildə kolxozçu vəzifəsində 42, 1972-ci ildə 107, 1974-cü ildə 46, 1977-ci ildə 93, 1980-ci ildə isə 70 adam günü işləmişdir. Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, M.Ə.Rəsulzadə və Miskinli kolxozlarında (keçmiş Kalinin adına kolxoz) 1971-1976-cı illərdə kişilər üçün minimum adam gün norması 240 və 1977-1980-ci illərdə isə 210 gün olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan sənədləri və normaların tələblərini nəzərə aldıqda müəyyən olunur ki, iddiaçının 65 yaşının tamam olduğu tarixə iddiaçının hərbi xidmət müddəti 2 il 04 gün, əmək kitabçasında qeyd edilən dövrlər üzrə 22 il 8 ay 24 gün, kolxozda işlədiyi dövrlər üzrə 1 il 6 ay 11 gün (42×12÷240=2.1; 107×12÷240=5.4; 46×12÷240=2.3; 93×12÷210=5.3; 70×12÷210=4) olmaqla, cəmi 26 il 1 ay 08 gün ümumi iş stajı olmuşdur. İşdə olan ********** nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərardan görünür ki, iddiaçının 25 il sosial sığorta stajı və PSK-sı olmadığından onun yaşa görə əmək pensiyası hüququnun olmaması göstərilmişdir. Həm imtina məktubundan, həm də yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının kolxozda işlədiyi dövrü qəbul etməmiş, bu zaman əmək kitabçasında bununla bağlı qeyd olmamasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin yuxarı instansiya məhkəmələrinin qərarlarında da (Ali Məhkəmənin İnzibati kollegiyası qərarlarında, o cümlədən 2-1(102)-1389/2020 saylı 22 iyul 2020-ci il tarixli və 2-1(102)-1615/2020 saylı 26 avqust 2020-ci il tarixli qərarları) 1 yanvar 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericilik əmək kitabçası olmadığı halda iş stajının arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən olunmasını təsbit etdiyindən cavabdehin iddiaçının arxiv arayışı ilə təsdiq edilən iş dövrünü sığorta stajına daxil etməməsi əsassız olmuşdur. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr arxiv arayışları ilə təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının ümumi iş stajına aid edilməli, bununla da iddiaçı qanunvericiliklə tələb olunan bütün şərtləri ödədiyindən ona 65 yaşdan pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar