Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2817/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi XXX Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 06 aprel 2024cü il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1964-cü il tarixdə Ermənistan Respublikasının Kafan rayonunda anadan olmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.1984-ci il tarixədək (xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmət) Kafan rayonunun Y.Gödəkli 8-illik məktəbin yanında qapalı yardımçı emaltxanada nitroemal boyalarla 3-cü dərəcəli rəngsaz işləmişdir. Bundan sonra “Azərelektroterm” İB Bakı ağır elektrik qaynağı zavodunda 10 iyul 1984-cü ildən 30 oktyabr 1985-ci ilədək 2-ci dərəcəli fəhlə, 01 noyabr 1985-ci ildən 19 iyun 1986-cı il tarixədək körpü kranının maşinisti, 16 sentyabr 1986-cı il tarixdən 25 iyul 1988-ci il traixdən 3-cü və 4-cü dərəcəli elektrik körpu kranı maşinisti, 25 iyul 1988-ci il traixdən 01 sentyabr 1988-ci il tarixdən 02 oktyabr 1995-ci il tarixədək 2-ci və 3-cü dərəcəli frezerçi, 02 oktyabr 1995-ci il tarixdən 01 may 1998-ci il tarixədək sınaq eksperimental laboratoriyanın rəisi, 01 may 1998-ci il tarixdən 01 iyul 1999-cu il tarixədək frezerçi fəzifələrində çalışmışdır. Bakı Steel Company Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Poladəritmə sexində 26 noyabr 1998-ci il tarixdən 11 mart 2009-cu il tarixədək kran sürücüsü vəzifəsində çalışmışdır. xx.xx.2009-cu il tarixindən 07 oktyabr 2009-cu il tarixədək "xxxx" SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda fəhlə peşəsində işləmişdir. 21 dekabr 2009-cu il tarixindən 31 iyul 2014-cü il tarixədək “Azərtunelmetrotikinti" QSC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda çilingər peşəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx"xxxx"Bakı Metropoliteni'' QSC-nin X1 sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. 26 yanvar 2015-ci il tarixindən "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin Birləşmiş təsərrüfat xidməti sahəsində çilingər-təmirçi, 01 mart 2015-ci il tarixindən Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində çalışır. İddiaçı 06 aprel 2024-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh müraciətinə 27 avqust 2024-cü il tarixli məktubu ilə imtina edərək məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin iddiaçıya pensiyanın təyin etməməsi əsassız və qanunsuzdur. İddiaçının 25 ildən artıq ümumi iş stajı, 12 il 06 aydan artıq güzəştli şərtlərlə iş staşı olduğuna görə ona 60 yaşından, yəni 06 aprel 2024-ci il tarixdən pensiya təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində (a) avadanlıqların təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunan MT-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" QSC-nin iddiaçıya dair 1 avqust 2024-cü il tarixli A/220 nömrəli arayışında xx.xx.2015-ci il tarixindən bugünədək Birləşmiş emalatxanaların reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işlədiyi və xüsusilə zərərli əmək şəraiti üzrə iş stajının 8 il 11 ay 18 gün olduğu qeyd edilib. Bununla əlaqədar olaraq, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, Birləşmiş emalatxanaların reklam işinin təşkili və onun quraşdırılması sahəsinin əmək şəraiti xüsusilə ağır və zərərli sahə olmadığından həmin sahədə çalışan şəxslərin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olmadığı müəyyən edilib. Belə ki, sözügedən peşədə çalışan şəxslər fəaliyyət dövrü ərzində yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə, yəni tunel şəraitində deyil, stansiyalarda fəaliyyət göstərmişlər. Bu fakt "xxxx" QSC tərəfindən 13 iyun 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Buna görə də həmin dövrün güzəştli iş stajınıza daxil edilməsi mümkün deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajın 12 il 6 aydan az (10 il 2 ay 15 gün (xx.xx.1998-xx.xx.2008-ci il və xx.xx.2009-xx.xx.2009-cu il tarixiəri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Filial tərəfindən müraciətə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -H3 ******* hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək orduda xidmət etmişdir. -Əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 2-ci dərəcəli fəhlə; xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək “Körpü kranın maşinisti” ixtisası üzrə 72 №-li qrupda; xx.xx.1986-cı il tarixdən elektrik körpü kranı manişinisti, xx.xx.1988-ci il tarixdən frezerçi, xx.xx.1995-ci il tarixdən sınaq-eksperimental laboratoriyanın rəisi, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək frezerçi; xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “X6”-də Poladəritmə sexində kran sürücü; xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" SC-nin Dəmir Beton konstruksiyaları zavodunda çilingər; xx.xx.2014-cü il tarixdən Bakı Metropoliteni QSC DBKİ sahəsində çilingə, xx.xx.2016-cı il tarixdən çilingər-təmirçi vəzifəsinə qəbul edilmiş və hal-hazıradək işləyir. -“X6” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1998-ci il tarixində X6 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Poladəritmə sexinə kran sürücüsü peşəsinə işə qəbul edilmiş və xx.xx.2009-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilmiş peşələr (vəzifələr) hazırda "X6" QSC-də mövcud olan və "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "metallurgiya istehsalatının kran maşinistləri" (2040200a— 13792), həmin Qərarın "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı"nın 11-ci Metal emalı bölməsinin 5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” (1110400a— 13790) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nm 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "metallurgiya istehsalatının kran maşinistləri", həmin Qərarın 11-ci Metal emalı bölməsinin 11.5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" peşələr ilə eynilik təşkil edir. -"xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixindən "xxxx" SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda fəhlə peşəsində işləmişdir. xx.xx.2009-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu il tarixindən "Azərtunelmetrotikinti” SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda çilingər peşəsinə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin X1 sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. xx.xx.2015-ci il tarixindən "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin Birləşmiş təsərrüfat xidməti sahəsində çilingər-təmirçi, xx.xx.2015-ci il tarixindən Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işləyir. İddiaçı xüsusilə zərərli əmək şəraiti üzrə əmək stajı 08 il 11 ay 18 gün (səkkiz il on bir ay on səkkiz gün) (xx.xx.2024-cü il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 Ns-li qərara müvafiq olaraq həmin siyahının 29.Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması,texniki təchizatı, bərpası və təmiri maddəsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində yer alan avadanlıqların təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) sətrinə aiddir. -"xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı növbəli iş rejimində xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər "xxxx" QSC-nin tikilməkdə olan yeraltı obyektlərində, o cümlədən tunellərində göstərici nişanların, reklam sahəsinə aid olan avadanlıqların quraşdırılmasında çalışmışdır. İşləri yekunlaşması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixindən isə N.Nərimanov adına elektrik deposunda və metro keçidlərində bu günə kimi normal iş rejimində avadanlıqların (laytboklasrın) təmiri ilə məşğuldur. -X2 İttifaqı Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı fasiləsiz olaraq xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan müddətdə növbəli iş rejimi ilə "xxxx" QSC-nin yer qurğularının rekonstruksiyasında, yeraltı işlərdə öz peşəsinə uyğun olaraq metro avadanlıqlarnın quraşdırılması və təmiri ilə məşğul olmuşdur. Gecə saatlarında yeraltı və zərərli iş şəraitinə görə ona əlavə əmək haqqı hesablanmış, eyni zamanda süd məhsulları ilə təmin olunmuşdur. Hal-hazırda isə N.Nərimanov adına elektrik deposunda normal iş rejimi ilə işinə davam etməkdədir. -İddiaçı ilə "xxxx" QSC Birləşmiş Emalatxanası arasında bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçı elektrik avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işləyir. Müqavilənin 4-cü bəndində onun əmək funksiyasının zərərli olduğu göstərilmişdir. -"xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, Ş-2866 nömrəli əmrinə əsasən Birləşmiş emalatxanalrın Reklam işinin təşkili və quraşdırılması sahəsinin 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingəri İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan iş ili hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 33 təqvim günü (21 t/g əsas +6 t/g əmək stajı + 6t/g zərərli iş şəraiti) əmək məzuniyyəti verilmişdir. -"xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, Ş-3059 nömrəli əmrinə əsasən Birləşmiş emalatxanalrın Reklam işinin təşkili və quraşdırılması sahəsinin 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingəri İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ciü il tarixədək olan iş ili hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 33 təqvim günü (21 t/g əsas +6 t/g əmək stajı + 6t/g zərərli iş şəraiti) əmək məzuniyyəti verilmişdir. -"xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda fəhlə, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda çilingər peşəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixindən İddiaçı "xxxx" QSC-nin X1 sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixindən "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin Birləşmiş təsərrüfat xidməti sahəsinə çilingər-təmirçi keçirilmiş, xx.xx.2015-ci il tarixindən hal-hazıradək Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işləyir. Qeyd: Dəmir-Beton Konstruksiyalar zavodunda çilingər peşəsinin əsas vəzifə və funksiyaları sahədə olan avadanlıqların, qurğuların və təmir olunan maşınların konstruktiv xüsusiyyətlərini nəzərə alaraq müxanizmlərin kinematik və hidravlik sxemlərinin tətbiq edilməsi, təmir edilmiş avadanlıqların sınaqdan keçirilməsinin yoxlanılması, mürəkkəb detal və hissələrin bərpası, dəyişdirilməsi və s. işlərdən ibarətdir. Yeraltı işlərə aid deyil. Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsinin əsas vəzifə və funksiyaları avadanlıqların, mexanizmlərin elektrik qovşaqlarının daim təftiş edilməsi, mövcud və ya yarana biləcək nasazlıqların aşkarlanaraq təmir edilməsi, gərginlik birləşmələrinin (naqil və kabellər) izolə edilmiş düyünlərinin mütəmadi yoxlanılması, işıqlandırma sisteminə texniki xidmət və nasazlıqların aradan qaldırılması, mürəkkəb maşın, elektrik aparatı, cihazı, dəzgah və mexanizmlərin elektrik qovşaqlarının yoxlanılması, sınanması, tənzimlənməsi, qidalandırıcı naqil və kabellərə mütəmadi nəzarətin edilməsi, bütün tiplərdən olan elektrik maşınların, elektrik ləvazimatların lövhələrinə baxış, dinamik tarazlaşdırma, elektrik fırçaların yoxlanılması, tələb olunduğu halda yenisi iə əvəzlənməsi, digər elektrik təmiri ilə əlaqədar müxtəlif həcmli işlərin görülməsi və s. işlərdən ibarətdir. Xüsusi zərərli əmək şəraitində aparılmır. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək hesablanıb verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2024-cü il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmaması ilə bağldır. Cavabdehin əsas dəlili iddiaçının Birləşmiş emalatxanalarının reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarıın təmiri üzrə çilingər pəşəsində işlədiyi müddətdə onun tunel şəraitində deyil, stansiyalarda fəaliyyət göstərməsi ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, "xxxx" QSC tərəfindən təqdim olunmuş sorğuya cavab məktubunda iddiaçının xx.xx.2015-ci il tarixindən etibarən hal-hazıradək Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində fəaliyyət göstərdiyi təsdiq edilmişdir, həmin məktubda eyni zamanda bildirilmişdir ki, bu peşəyə aid vəzifə və funksiyalar əsasən sahədə mövcud olan avadanlıqların, qurğuların və təmir olunan maşınların konstruktiv xüsusiyyətlərini, müvafiq olaraq mexanizmlərin kinematik və hidravlik sxemlərinin tətbiqini nəzərə almaqla həyata keçirilən təmir, bərpa, dəyişdirmə və yoxlama proseslərini əhatə edir və bu fəaliyyət dairəsi yeraltı işlər kateqoriyasına daxil edilmir. Bu səbəbdən də göstərilən peşə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı çərçivəsində güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilməmişdir. Lakin məhkəmə belə qənaətə gəlir ki, iddiaçının qeyd olunan tarixdən etibarən icra etdiyi fəaliyyət, yəni Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsi, məzmun və funksional mahiyyət baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr kateqoriyasına aid edilməlidir. Burada ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Məhz bu müqavilə çərçivəsində müəyyən edilmiş şərtlər, o cümlədən iş şəraitinin zərərli olması faktı hüquqi nəticələr doğuran mühüm məqam kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə "xxxx" QSC arasında əmək müqaviləsi bağlanarkən, iddiaçının əmək şəraiti müəyyən edilərkən işlədiyi şəraitin zərərli olması xüsusilə göstərilmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsinə əsasən, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. İddiaçının da məhz zərərli iş şəraitində çalışdığı üçün bu hüquqdan faktiki olaraq istifadə etməsi, onun əmək şəraitinin zərərli xarakter daşıdığını sübut edən hüquqi əlamətdir. Belə ki, ona 6 təqvim günü əlavə məzuniyyət verilmiş, bununla yanaşı əmək haqqısına əlavələr hesablanmışdır. Göründüyü kimi "xxxx" QSC sorğuya cavab məktubu ilə iddiaçının işlədiyi peşəni güzəştli pensiya hüququ olan peşəyə aid etməsə də, nəzərə alınmalıdır ki, müqavilə və məzuniyyət əmrlər əsasında iddiaçının işlədiyi peşənin zərərli peşə olması, faktiki olaraq onun zərərli iş şəraitində işlədiyinə görə əlavə məzuniyyət hüququndan və əlavə ödənişlərin almasından yararlandığı görünür. Bununla yanaşı, iş materiallarında olan və "xxxx" QSC-nin tərkibində fəaliyyət göstərən X4 İttifaqı Komitəsi tərəfindən verilmiş rəsmi arayışa əsasən iddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2023-cü il tarixədək fasiləsiz şəkildə növbəli iş rejimində, metro infrastrukturu çərçivəsində yeraltı işlərdə, konkret olaraq yer qurğularının rekonstruksiyası, metro avadanlıqlarının quraşdırılması və təmiri üzrə fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Bu fəaliyyət dövründə iddiaçıya həm yeraltı və zərərli əmək şəraitinə görə əlavə əməkhaqqı ödənilmiş, həm də süd məhsulları ilə təminat həyata keçirilmişdir ki, bu da onun icra etdiyi əmək funksiyalarının zərərli olduğunu təsdiq etmişdir. Yuxarıda sadalanan bütün faktiki və hüquqi amilləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5-ci bəndi, yəni “Metropolitenlərdə avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri” peşəsi iddiaçının faktiki icra etdiyi əmək funksiyasına məzmun və şərait baxımından tam uyğun gəlir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2024-cü il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan, cavabdehin imtinası qanunazidd olmuş, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşının tamam olduğu vaxtdan (xx.xx.2024-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2817/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2817/2025
05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver