Məhkəmə qərarları › İş №2-1(112)-282/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-282/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-282/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X15 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş 23 avqust 2019-cu il tarixli, **********220400 saylı qərarın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən qərar qəbul edilərkən İddiaçı tərəfindən təqdim edilmiş bəyannamə üzrə kassa metodunun tətbiq olunmasına baxmayaraq, inzibati orqan olaraq cavabdeh bu fakta əhəmiyyət verməmiş, eləcə də, İddiaçınə pul vəsaiti şəklində mədaxilin 2018-ci il tarixdə deyil, 2019-cu il tarixdə həyata keçirilməsini nəzərə almamışdır. Bu qərarın qəbul edilməsi üçün əsas kimi mənfəət əsas götürülmüş, lakin, mənfəətin mövcud olmamasını təsdiq edən sənədlər araşdırma üçün qəbul edilməmişdir. Qeyd etmək istəyirlər ki, İddiaçı təqdim etdiyi bəyannamə kassa metodu əsasında olsa da, səhvən dövriyyənin göstərilməsi vergi orqanı tərəfindən əsassız qərarla nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130-cu maddəsinin tələblərinə müvafiq surətdə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.1-1ci madəsinə əsasən İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər. Həmin Məcəllənin 130.5-ci maddəsinə əsasən Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 131-ci maddəsinə əsaəsn Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən Kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 133-cü maddəsinə əsasən Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı müvafiq olaraq: - Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. - Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. Göründüyü kimi, inzibati orqan onlara cavabdeh bu xüsusatlara əhəmiyyət verməmiş, bu da, qanunsuz inzibati aktın çıxarılması və hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, vergi ödəyicisinin 2018-ci ilin mənfəət vergisi üzrə kassa metodu ilə təqdim etdiyi bəyannamədə ümumi gəlir 2266270,00 manat və gəlirdən çıxılan xərc məbləği isə 2068932,00 manat, vergiyə cəlb olunan mənfəəti isə 197338,00 manat və ondan hesablanmış mənfəət vergisi isə 39467,60 manat göstərilmişdir. Həmin bəyannamə üzrə aparılmış kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin göstərdiyi xərc məbləği ilə baza məlumatlarının müqayisəsi nəticəsində baza məlumatlarına əsasən sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan 1066240,00 manat məbləğində xərc müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 27.05.2019-cu il tarixli, **********968400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2018-ci il mənfəət vergisi üzrə 213248,00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə, vergi ödəyicisinə 10.07.2019-cu il tarixli **********473100 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 12.07.2019-cu il tarixdə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Lakin, yuxarıda qeyd olunan uyğunsuzluq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində yenidən yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 16.07.2019-cu il tarixli **********203800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2018-ci il mənfəət vergisi üzrə 213248,00 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 23.08.2019cu il tarixli, **********220400 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Beləliklə, işin mahiyyətindən göründüyü kimi, vergi ödəyicisinə vergilərin hesablanmasının əsas səbəbi heç də, ödəyicinin iddia ərizəsində qeyd etdiyi kimi vergi ödəyicisinin kassa metodu ilə işləməsinin vergi orqanı tərəfindən nəzərə alınmaması yox, onun 2018-ci ilin mənfəət vergisi bəyannaməsində göstərdiyi xərc məbləğlərinin bir hissəsinin elektron baza məlumatları ilə təsdiqini tapmaması olmuşdur. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getməkdən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçının nümayəndəsi və vəkili isə gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza və etiraza əlavəyə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 23.08.2019-cu il tarixli, **********220400 nömrəli qərarını məhkəmə qaydasında mübahisələndirərək, 20.09.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun X5 Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı MMC 05.02.2018-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. İşdə olan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Deprtamentinin X10 Qeydiyyatı İdarəsindən çıxarışdan görünür ki, İddiaçı 05.02.2018-ci il tarixdə qeydiyyata alınmış, dövlət qeydiyyat nömrəsi **********, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyəti, maliyyə ili 1 yanvar – 31 dekabr, hüquqi ünvanı AZ1015, Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 95, mənzil 104 qanuni təmsilçisi X8, çıxarışın verildiyi tarix və nömrəsi, 05.02.2018-ci il, **********078300. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X10 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 05.02.2018-ci il tarixdə qeydiyyata alınmış İddiaçı MMC-nin nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, İddiaçı öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. Nizamnamənin 1.2-ci bəndinə əsasən Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, X4 küçəsi, ev 95, mənzil 104-dür. Nizamnamənin 2.2-ci bəndinə əsasən Cəmiyyətin iştirakçılarının nizamnamə kaptalındakı paylar aşağıdakı kimi müəyyən edilmişdir: X8 – 10 (on) manat, 10 (on) pay, 100 %, pul şəklində. İşdə olan 16.03.2018-ci il tarixli, hüq: 143 nömrəli "xxxx" QSC-nin Yük Daşımaları Departamentində, dəmiryolu infrastrukturunun ehtiyacları üçün tələb olunmayan, əsas vəsait sayılmayan, anbar qalıqlarının və əsas vəsaitlərin silinməsi nəticəsində əldə olunmuş material qiymətlilərinin özgəninkiləşdirilməsinə dair 02 mart 2018-ci il tarixində Bakı şəhərində təşkil edimliş qapalı hərracın nəticəsi olaraq Azərbaycan Respublikasının qanunları və öz Nizamnaməsi əsasnında fəaliyyət göstərən İddiaçı MMC (bundan sonra “Alıcı” adlandırılacaq) baş direktor X8 şəxsində bir tərəfdən və "xxxx" QSC (bundan sonra “Satıcı” adlandırılacaq) sədrin 62/S saylı 12.60.2017-ci il tarixli əmri əsasında yaradılmış Mərkəzi Hərrac Komissiyasının sədri imza səlahiyyətinə malik olan Sədrin birinci müavini X1 şəxsində digər tərəfdən (bundan sonra birlikdə “Tərəflər” adlanacaq), aşağıdakı şərtlərlə bu Müqaviləni (bundan sonra “Müqavilə” adlanacaq) bağladılar:” 1. Müqavilənin predmeti: 1.1. satıcı bu Müqavilənin 1.2.-ci bəndində qeyd edilmiş sayda istismara yararsız (silinmiş) refrejerator seksiyasının vaqonu, platforma vaqonu və 4-oxlu çən vaqonu (bundan sonra “Mal” adlanacaq) Alıcının mülkiyyətnə (təhvil) verməyi, Alıcı isə malı qəbul edib, bu müqavilənin əlavəsi olan spesifikasiyada, hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini Satıcının hesabına ödəməyi öhdəsinə götürür. 1.2. Bu Müqavilə üzrə təhvil verilən mal aşağıdakılardan ibarətdir: refejerator seksiyasının vaqonu 1000 (bir min) ədəd; platforma vaqonu 300 (üç yüz) ədəd; 4 oxlu çən vaqonu 400 (dörd yüz ədəd). 1.3. Mal Alıcının mülkiyyətinə təhvil–təslim aktı əsasında "xxxx" QSC-nin Böyük-kəsik stansiyasında təhvil veriləcəkdir. İşdə olan 16.03.2018-ci il tarixli, hüq: 143 nömrəli müqaviləyə 1 №-li əlavədən (spesifikasiya) görünür ki, müqavilə üzrə malların ümumi dəyəri 2945000.00 manat təşkil etmişdir. İşdə olan "xxxx" QSC ilə İddiaçı MMC arasında tərtib edilmiş 30.01.2018-ci il tarixli “Yük vaqonlarınn təhvil-təslimi haqqında” aktın surətindən görünür ki, "xxxx" QSC sədrinin birinci müavini X3 bir tərəfdən, İddiaçı MMC-nin direktoru X8 digər tərəfdən, bu aktı tərtib etmişlər ondan ötrü ki, hüq 143 nömrəli, 16 mart 2018-ci il tarixli alğı-satqı müqaviləsinin şərtlərinə əsasən, 28.01.2019-cu il tarixinə qədər İddiaçı MMC-yə 1101 (bir min bir yüz bir ) ədəd yük vaqonu təhvil verilmişdir. Təhvil verilən vaqonların növləri aşağıdakı kimidir: 1. Platforma vaqonu 268 (iki yüz altmış səkkiz) ədəd, 2. 4 oxlu çən vaqonu 317 ( üç yüz on yeddi) ədəd, 3. Refrijerator seksiyasının vaqonu 516 (beş yüz on altı) ədəd. İş materiallarına iddiaçı tərəfindən 2018-ci il vergi dövrü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi, X12-fakturaları və elektron qaimələr əlavə edilmişdir. İşdə olan “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” **********203800 nömrəli, 16.07.2019-cu il tarixli məktubdan görünür ki, bəyannamənin adı mənfəət vergisi, vergi dövrü 2018-ci il, bəyannamənin, hesabatın növü dəqiqləşdirilmiş, tərəflərindən 12 iyul 2019-cu il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda həmin məktubda göstərilən səbəblərdən kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməsi tələb olunmuşdur: həmin dövr üçün dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsi. İşdə olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 avqust 2019-cu il tarixli, **********220400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının surətindən görünür ki, iddiaçıya 2018-ci il mənfəət vergisi üzrə 213.248,00 manat məbləğində vergi borcu hesablanmışdır. İşdə olan "xxxx" QSC ilə İddiaçı MMC arasında 16.12.2021-ci il tarixdə tərtib edilmiş üzləşdirmə aktından görünür ki, "xxxx" QSC-nin Maliyyə və İqtisadiyyat İdarəsinin rəisi O.Yusibov, baş mühasib M.Əzizov, Gəlirlərin uçotu və təhlili şöbəsinin rəsii M.Rəhimov, Gəlirlərin uçotu və təhlili şöbəsinin mühasibi A.Əhmədova və digər tərəfdən İddiaçı MMC-nin nümayəndələri arasında 01.11.2021-ci il tarixinə qarşılıqlı üzləşmə aparılmış və aşağıdakı nəticəyə gəlinmişdir. Yekun qalıq 62700.01 manat. Məhkəmənin 2-1(112)-282/2021 saylı, 26.02.2021-ci il tarixli qərardadı ilə mübahisəli qərar ilə vergi məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “X2” MMC-yə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı məzmunda suallar qoyulmuşdur: 1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.08.2019-cu il tarixli, **********220400 nömrəli Qərarı üzrə hesablanan vergi məbləği əsaslıdırmı? 2. Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? 3. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir? 4. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir? 5. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu ayrılıqda nədən ibarətdir? 6.Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması ididaçının tətbiq etdiyi kassa və ya hesablama metodunun tələblərinə uyğundurmu? 7. Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu? 8. Gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridirmi? “X2” MMC tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq 248 nömrəli, 26 iyul 2021-ci il tarixli ekspert rəyi təqdim edilərək, rəyin nəticə hissəsində göstərilmişdir ki, birinci sual üzrə: Ciddi hesabat sənədləri əsasında müəssisələr arasında hesablaşmaların 2019-cu ildə, eləcə də, müəssisədə kassa metodu ilə uçotun aparıldığı nəzərə alınaraq, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 131-133-cü maddələri və “Topdansatış ticarət sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” əsas tutulmaqla İddiaçı MMCnin 2018-ci ilin hesabat dövrü üçün vergi orqanına təqdim etdiyi “Mənfəət vergisi bəyannaməsi” (dəqiqləşmiş) üzrə büdcəyə hesablanan 39467.00 manat, eləcə də, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral yoxlama nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.08.2019-cu il tarixli, **********20400 nömrəli Qərarı üzrə əlavə hesablanan 213248.00 manat mənfəət vergisi məbləğ əsaslı hesab edilə bilməz. İkinci, üçüncü, dördündü və beşinci suallar üzrə: gəlirin əldə edilməsi ilə bağlı iddiaçının 1849400,18 (ƏDV daxil) xərci iş materiallarında olan 30.01.2019-cu il tarixli, 281033 №-li HX seriyalı “X13- Fakturası” və 29.01.2019-cu il tarixli, 709946 №-li, EAAP seriyalı “Elektron Qaimə” ilə təsdiqini tapır. O cümlədən: 4. Platforma vaqonu 268 ədəd 361800.70 manat; 5. 4 oxlu çən vaqonu 317 ədəd 507199,17 manat; 6. Refrijerator seksiyasının vaqonu 516 ədəd 980400, 31 manat. Ciddi hesabat sənədləri olan 30.01.2019-cu il tarixli, 281033 №-li HX seriyalı “X12-Fakturası” və 29.01.2019-cu il tarixli, 709946 №-li EAAP seriyalı “Elektron Qaimə” vergi ödəyicisi "xxxx" QSC tərəfindən təqdim (tərtib) edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan ciddi hesabat sənədləri ilə öz təsdiqini tapır və həmin sənədlərin hər birinin əks etdirdiyi təsərüfat əməliyyatının məzmunu ayrılıqda aşağıdakılardan ibarətdir: “Elektron qaimə” mal-materialın təhviltəslimi üçün: “X12 faktura” isə mal-materiala görə ödənilməli ƏDV üçün tərtib edilir. Altıncı və yeddinci suallar üzrə: gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan ciddi hesabat sənədləri ilə sənədlərlə öz təsdiqini tapır həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa və ya hesablama metodunun tələblərinə uyğun deyil. Belə ki, iş materiallarında olan 2018-ci ilin “Mənfəət vergisi bəyannaməsi” (dəqiqləşdirilmiş) üzrə gəlir uçotun hesablama metodundan, xərc isə kassa metodundan istifadə edilməklə tərtib edildiyi müəyyən edilir. Halbuki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq uçotun kassa metodundan istifadə etməklə rəsmi sənədlər (elektron qaimə, X12 fakturası, bank, kassa sənədləri) əsasında 2018-ci ilin mənfəət vergisi bəyannaməsində əks olunan rəqəmlərin 2019-cu ilin gəlir və xərclərinə aid edilməsi barədə bəyannaməni qəbul edən vergilər idarəsi vergi ödəyicisinə bildirməli və 2018-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilməsini Vergi Məcəlləsinin tələblərinə müvafiq tələb etməli idi. Səkkizinci sual üzrə: Gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq 2019-cu il vergi dövrünə aid edilməlidir. Ciddi hesabat sənədləri olan 30.01.2019-cu il tarixli 281033 №-li HX seriyalı “X12-Fakturası” və 29.01.2019-cu il tarixli, 709946 №-li, EAAP seriyalı “Elektron Qaimə” tərtib edildiyi il (2019) nəzərə alınaraq, gəlirin əldə edilməsi ilə bağıl xərclərə aid olan sənədlər (malların təhvil-təslimi haqqında aktlar) ciddi hesabat sənədləri olmadığından, həmin sənədlər əsasında tərtib edilən vergi bəyannaməsi Vergi Məcəlləsi ilə əsaslı hesab edilə bilməz. Cavabdeh tərəfindən ekspert rəyinə mülahizə təqdim edilərək bildirilmişdir ki, ekspert rəyinin bir hissəsi ilə razılaşmırlar. Belə ki, birinci sual üzrə: ekspert qarşısında qoyulmuş ilk sual 23.08.2019-cu il tarixli **********220400 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla hesablanmış vergi məbləğinin əsaslı olub-olmaması olmuş, ekspert tərəfindən vergi orqanı tərəfindən əlavə hesablanmış 213248,00 manat məbləğin əsassız olduğu bildirilmişdir. Ekspert rəyinin qeyd olunan hissəsi rəydə qeyd edilmiş digər məsələlərlə ziddiyət təşkil edir. Belə ki, ekspert qarşısında qoyulmuş digər suallara cavab olaraq düzgün olaraq bildirir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər 2019-cu ilə aiddir və 2018-ci ilin mənfəət vergisinin hesablanması məqsədilə nəzərə alına bilməz. Vergi orqanı tərəfindən də, əlavə verginin hesablanmasına səbəb məhz vergi ödəyicisi tərəfindən 2018-ci il üzrə xərcləri təsdiq edən sənədlərin təqdim edilməməsi olmuşdur. Nəzərə çatdırırlar ki, hesabat dövrü üzrə iddiaçının aşağıdakı xərcləri vergi orqanı tərəfindən nəzərə alınmışdır: "xxxx" QSC tərəfindən təqdim edilmiş elektron qaimə faktura əsasında ödənilmiş 1.000.000,00 (bir milyon) manat; Vergi ödəyicisinin ƏDV depozit hesabından çıxarışa əsasən ödənilmiş 360 (üç yüz altmış) manat; 1903 manat əmək haqqı və 429 manat sosial sığorta haqqı ödənişləri. Beləliklə, vergi orqanı tərəfindən nəzərə alınmış xərc məbləği ümumilikdə 1.002.692,00 (bir milyon iki min altı yüz doxsan iki) manat təşkil etmişdir. Ekspert isə hər hansı səbəb göstərmədən və özü tərəfindən verilmiş rəyə zidd olaraq vergi orqanı tərəfindən hesablanmış məbləğin əsassız olduğunu qeyd etmişdir. Altıncı və yeddinci suallar üzrə: Altıncı və yeddinci suallara cavab olaraq ekspert, bir tərəfdən, düzgün nəticəyə gələrək iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin tətbiq edilən vergi uçotu metoduna uyğun gəlmədiyini bildirir. Digər tərəfdən isə, qoyulmuş suallardan kənar çıxaraq vergi orqanı tərəfindən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin taləb edilməli olduğunu bildirmişdir. Bu hal ekspertizanın tədqiqat sualı olmadığından ümumiyyətlə ekspert rəyində öz əksini tapmamalıdır. Beləliklə məhkəmə hesab edir i, ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edildiyindən və işdəki digər sənədlərlə öz təsdiqini tapdığından, həmin ekspert rəyi nəzərə alınmaqla, işdə olan sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapdığından, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq 2019-cu il vergi dövrünə aid edilməli olduğundan, iddiaçının təqdim etdiyi ciddi hesabat sənədləri olan 30.01.2018-ci il tarixli 281033 №-li HX seriyalı “X12-Fakturası” və 29.01.2019-cu il tarixli, 709946 №-li, EAAP seriyalı “Elektron Qaimə” tərtib edildiyi il (2019) nəzərə alınaraq, gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər (malların təhvil-təslimi haqqında aktlar) ciddi hesabat sənədləri olmadığından, həmçinin, 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 2019-cu ilin gəlir və xərclərinə aid məlumatlar öz təsdiqini tapdığından, həmin sənədlər əsasında tərtib edilən vergi bəyannaməsi Vergi Məcəlləsi ilə əsaslı hesab edilə bilmədiyindən, iş materiallarında Vergi orqanı tərəfindən iddiaçıdan 2018-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi barədə 16.07.2019-cu il tarixli, **********203800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub mövcud olduğundan, vergi orqanı tərəfindən də, əlavə verginin hesablanmasına səbəb məhz vergi ödəyicisi tərəfindən 2018-ci il üzrə xərcləri təsdiq edən sənədlərin təqdim edilməməsi olduğundan cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 23.08.2019-cu il tarixli, **********220400 nömrəli qərar əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1.Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. İşin hallarından göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliyin yuxarıda sadalanan normalarına uyğun olan bəyannamə məlumatlarında yaranmış uyğunsuzluq ilə əlaqədar təsdiqedici sənədlər nə inzibati orqana təqdim edilməmiş, nə də, məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar