Məhkəmə qərarları › İş №2-1(112)-2820/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2820/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2820/2021 10.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair reyestrdən çıxarışın və planın verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair reyestrdən çıxarışın və planın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı ŞİH başçısının xx xxxxxx 1992-ci il tarixli 2217 saylı sərəncamına əsasən iddiaçıya Göradil qəsəbəsində bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ölçüsü 0.12 ha ibarətdir və sərəncam verilən tarixdən etibarən onun istifadəsindədir. O, müvafiq qaydada sənədlərini toplayıb sözügedən torpaq sahəsinə dair çıxarış və kadastr planın verilməsi ilə bağlı cavabdeh DƏDRX 1saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə həmin sərəncama əsasən Bınəqədı rayonu, Göradil bağ massivində onun adına bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın aşkar olunmadğını bildirmişdir. Bu səbəbdən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hesab olunur ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim edilmiş sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitrusiyasının 13, 29, 43, 60, 71-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 15.2, 20-ci maddələrinə, İPM-in 2.2, 45, 46-cı maddələrinə əsaslanaraq, Balı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 0,12 ha ölçüdə bağ sahəsinə iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın və kadastr planının verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 14, 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddia etirazla qarşılanır. İddiaçının iddia tələbində göstərdiyi məsələ ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. Belə ki, vətəndaş tərəfindən İdarəyə bağ sahəsinin onun adına qeydiyyatdan keçib-keçməməsi və arxiv sənədləri barədə sorğu daxil olmuş, lakin Bakı ŞİH-in xx xxxxxx 1992-ci il tarixli 2217 saylı sərəncamına əsasən Binəqədi rayonu, Görədil bsğ massivində yerləşən, ölçüsü 0,12 ha olan bağ sahəsinin qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7, 9, 11-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» xx xxx 2007ci il tarixli sərəncamının müddəalarına və İPM-in 35.1, 48.2-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş edilir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə müvafiq bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, iddiaçı iddiasında cavabdeh inzibati orqana qarşı “bağ sahəsi üzərində hüquqların qeydiyyatı barədə reyestrdən çıxarışın və planın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, məhkəmə icraatında onun həmin cavabdehə qaldırılan məsələ ilə bağlı əvvəlcədən inzibati orqana müraciət etməmişdir. Onun inzibati orqana müraciəti isə, başqa məzmunda, yəni bağ sahəsinə hüququn qeydiyyatı barədə arxiv sorğusu qismində olmuşdur və belə müraciət “hüquqların reyestrdə qeydiyyatı barədə” ərizə qismində qiymətləndirilmir. Halbuki, mövcud qanunvericilik «İnzibati icraat haqqında» AR Qanununun 28.1-ci maddəsi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Ar Qanununu 10-cu maddəsi həmin məsələ ilə bağlı hüquq sahibinin qeydiyyat orqanına qeyd olunan məzmunda ərizə ilə müraciətini zəruri sayır. Bu isə, onu deməyə əsas verir ki, hazırkı cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar