Məhkəmə qərarları › İş №2-1(112)-2822/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2822/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2822/2020 09.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X8 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Təhsildə X4rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla diplom üzrə ixtisasın tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun X20 X13 X23 və X3 bitirməyinə dair xx xxx 1999-cu il tarixli, 137704 ******* saylı diplomu üzrə iqtisadçı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilərək (nostrifikasiya) ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh X12 Agentliyi ilə əvəz edilmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə X20 Peşə X13 Təhsil Müəssisəsi “Əmək və X5”na qiyabi şöbəyə qəbul olmuşdur. Bununla əlaqədar ona xx.xx.1992-ci il tarixli, 3ET92012 №-li tələbə bileti verilmiş və o, həmin ali təhsil müəssisəsini 1999-cu ildə bitirmişdir. “İqtisadiyyat və əməyin sosiologiyası” istiqaməti üzrə mütəxəssis proqramını mənimsədiyinə və yekun dövlət attestasiyasını müvəffəqiyyətlə keçdiyinə görə Dövlət İmtahan Komissiyasının xx xxx 1999-cu il tarixli qərarı ilə ona “İqtisadiyyat və əməyin sosiologiyası” istiqaməti üzrə iqtisadçı ixtisası verilmişdir. Oxuduğu müddətdə bütün tədris-imtahan sessiyalarında iştirak edərək 42 fənn üzrə (Fəlsəfə, Xarici dil (rus), Mədəniyyətşünaslıq, Tarix, Hüquq, Sosiologiya, Politologiya, Psixologiya və pedaqogika, Ali riyaziyyat, Qiymətli kağızlar, İnformatika, İqtisadi nəzəriyyə, İqtisadi təlimlər tarixi, İqtisadiyyat tarixi, Əməyin sosiologiyası, Əməyin iqtisadiyyatı, Əməyin elmi təşkili, Sahibkarlıq, Audit, Vergi sistemi və sair) məqbulları, aralıq və yekun imtahanları verib qiymət almışdır, Dövlət İmtahanını müvəffəqiyyətlə vermiş, oxuduğu müddətdə həmçinin tədris istehsalat təcrübələrində iştirak etmişdir, “İqtisadi nəzəriyyə”, “Marketinq", “Əməyin sosiologiyası", “Əməyin iqtisadiyyatı” fənləri üzrə kurs işləri vermişdir. Dövlət İmtahan Komissiyasının xx xxx 1999-cu il tarixli qərarı ilə ona verilmiş 137704 ******* saylı, xx-xx-0001-19-24 qeydiyyat nömrəli X16 Moskva şəhər Təhsil Departamenti tərəfindən xx xxxx 2019-cu il tarixdə 244084 sayla təsdiq edilmişdir. X24 İxtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli A78C**********9№-İi elektron müraciətinə Təhsil Nazirliyinin Akreditasiya və Nostrifıkasiya İdarəsində baxılmış, müraciəti təmin olunmayaraq ona xx xxxxxx 2019-cu il tarixli, J- 832/03 ANJ №-li məktubla imtina cavabı verilmişdir. Cavabdeh həmin məktubda imtinanın əsası kimi “nostrifıkasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edilməsi”ni göstərmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrivikasiyası) qaydalarının 3.7-ci bəndinə istinad edərək aldığı ixtisasın ölkə ərazisində tanınmasını mümkün hesab etməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, beynəlxalq hüquq normalarına və milli qanunvericiliyin müddəalarına ziddir. Belə ki, təqdim etdiyi mötəbər sübut sayılan sənədlərdən göründüyü kimi o, X18 tədrisi müvəffəqiyyətlə başa vuraraq lazımi qaydada ixtisasına yiyələnmişdir. İşin bu halı heç bir şübhə doğura bilməz və mübahisəsiz olaraq qəbul olunmalıdır. Yəni diplomun üzrə ali təhsil ixtisasının tanınmasından imtina üçün heç bir əsas yoxdur. Konkret olaraq, “aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin guya qənaətbəxş olmaması” barədə cavabdehin fikri ilə razılaşmır və onun bu razılaşmaması obyektiv və subyektiv hallardan irəli gəlir. İlk növbədə qeyd etmək istəyir ki, o, orta məktəbdə “rus dili” fənni keçmiş və bu fənni orta məktəb illəri üçün normal mənimsəmişdir. xx xxx 1990-cı ildə isə Sovet Ordusu sıralarına müddətli həqiqi hərbi xidmətə göndərilmişdir, Murmansk Vilayətində N saylı hərbi hissədə iki il hərbi xidmət etmiş, hərbi xidmətdə olarkən “tikintiquraşdırıcı” ixtisasını oxuyaraq bu ixtisasa yiyələnmiş və xx xxx 1992-ci ildə xidmət müddətinin başa çatması ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həm orta məktəbdə oxuduğu illərdə, həm hərbi xidmətdə olduğu illərdə, həm də X18 təhsil aldığı müddətlərdə o, rus dilində lazımi səviyyədə normal danışıb oxumuşdur. Bu mövcud mühitdən (orta təhsilin sovet dövrünə düşməsi və rus dilinin geniş öyrənilməsi (tədrisi), hərbi xidmətdə yalnız rus dilində danışılması və siyasi dərslərin keçirilməsi, ali təhsil illərində fənlərin rusca keçirilməsi və tədrisi və sair) irəli gələn obyektiv və subyektiv səbəblərdir. Artıq o, 1999-cu ildə ali təhsili bitirdikdən sonra 20 ildir ki, Zərdab rayonu Alıcanlı kəndində yaşayır və işləyir. Bu 20 ildə kənd mühitində rus dili ilə əlaqəli nə rəsmi, nə qeyri-rəsmi münasibətləri olmamışdır ki, bu dildən istifadə etməklə dili unutmasın. Hərçənd ki, dil müəyyən qədər unudula bilər. Hər bir halda o, hal-hazırda da rus dilini tam olmasa da qismən bilir, yəni rus dilində sərbəst oxuyur, qismən sərbəst ünsiyyət qura bilmişdir və yalnız yazıda müəyyən çətinliyi vardır. Bu isə nə hüquqi cəhətdən, nə də faktiki olaraq onun diplomumun tanınmasından imtina üçün qanuni əsas sayıla bilməz. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, X17 X1 Həmkarlar ittifaqı ali təhsil müəssisəsinin Bakı filialına 1999-cu ilin may ayında Rusiya Təhsil Nazirliyinin, 1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lisenziyası verilmişdir. xx xxxxxxx 1991-ci il tarixində Azərbaycan Respublikasının Müstəqillik aktı qəbul edildiyi, xx.xx.1992-ci il “Təhsil haqqında” Azərbaycan Respublikası qanunu qəbul edildiyi dövrdən 1999-cu ilin iyul ayınadək qeyd edilən təhsil müəssisəsinin lisenziyası və akkreditasiyası mövcud olmamışdır. Bundan əlavə iddiaçının tədris dilinin tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert Qrupu tərəfindən həmçinin, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək X20 X13 X23 və X5 tərəfindən İddiaçı verilmiş qeydiyyat nömrəsi xx-xx-0001-19-24 olan, xx.xx.2019-cu il tarixli, 137704 ******* nömrəli dublikat mütəxəssis diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Zərdab rayonunda doğulmuş, yaşayış yeri Zərdab rayonu, Alıcanlı kəndidir. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan SSR Maarif Nazirliyininin AK 586198 saylı, xx.xx.1989-cu il tarixli orta təhsil haqqında attestatından görünür ki, İddiaçı “rus dili” və “rus ədəbiyyatı” fənləri üzrə dərs keçmiş, həmin fənnlər üzrə qiyməti yaxşı (4) olmuşdur. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1993-cu ildən xx.xx.1997-ci ilə qədər İ.Talıbov adına kolxozda sıravi kolxoz işçisi, mühasib, baş iqtisadçi, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə qədər Zərdab rayon İcra Hakimiyyətinin Alıcanlı kəndi üzrə nümayəndəsinin müavini, xx.xx.2005-ci ildən xx.xx.2010-ci ilə qədər Zərdab rayon 2-ci Alıcanlı Bələdiyyəsində sədr, xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilə qədər Zərdab rayonu 1-ci Alıcanlı Bələdiyyəsində sədr müavini, xx.xx.2012-ci ildən hal-hazıradək Zərdab rayonu, Alıcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasib vəzifəsində işləyir. - Zərdab rayon İcra Hakimiyyəti Başçısının Alıcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 130 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2012-ci ildən Zərdab RHİB-nın Alıcanlı kənd İƏD-si üzrə nümayəndəliyinin (baş məsləhətçisi) baş mühasib vəzifəsinə təyin edilmişdir, hal-hazırda həmin vəzifədə işləyir. - Rusiya Federasiyası “Əmək və X7 qeydiyyat nömrəsi 40530 olan, xx.xx.1999-cu il tarixli, ABC ******* nömrəli diplomunun azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı dövlət attestasiya komissiyasının xx xxx 1999-cu il tarixli qərarı ilə “Əməyin iqtisasiyyatı və sosiologiyası” ixtisası üzrə “İqtisadçı” kvalifikasiyası verilmişdir. - X20 Peşə X13 Təhsil Müəssisəsi “Əmək və X2 qeydiyyat nömrəsi xx-xx-0001-19-24 olan, xx.xx.2019-cu il tarixli, 137704 ******* nömrəli dublikat mütəxəssis diplomunun apostol olunmuş, azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxx 1999-cu il tarixdə “İqtisadiyyat və əməyin sosiologiyası” istiqaməti üzrə mütəxəssis proqramını mənimsəmiş və yekun dövlət attestasiyasını müvəqqiyyətlə keçmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə ona “iqtisadçı” ixtisası verilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müharibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinətinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən A78C**********9 nömrəli müraciət üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - Bakı Slavyan Universiteti Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov tərəfindən məhkəməyə unvanlanan xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hər hansı xarici dildə, o cümlədən rus dilində nitq fəaliyyətinin müxtəlif səviyyələri mövcuddur: reseptiv, reprodiktiv və produktiv. İlkin, yəni reseptiv səviyyə dedikdə danışan şəxsin yalnız həmin xarici dildə nitqi dinləyib-anlama, lakin konkret mövzu ilə bağlı ünsiyyətə o qədər də daxil ola bilməmə səviyyəsi başa düşülür. Reproduktiv nitq səviyyəsində danışan dinlədiyi (oxuduğu) mətnləri təkrar canlandırmaq bacarığına malikdir. Ona mətnlə bağlı verilən sadə sualları cavablandırır. Produktiv nitq səviyyəsində danışan şəxs nəinki həmin xarici dildə danışanı dinləyib başa düşür, onunla üsiyyətə girir, hətta öz fikirlərini sərbəst ifadə etmək bacarığına malik olur. Produktiv səviyyə məhsuldar səviyyədir. Bu səviyyə özünü mövcud iki - yazılı və şifahi - formada büruzə verir. İddiaçı Tərlan oğlu özü və ixtisası haqqında ona verilən ən müxtəlif suallara şifahi və yazılı formada cavab verir. Nitqində bəzən fonetik, orfoqrafik və qrammatik səhvlərə yol versə də, əsasən fikrini düzgün ifadə edir. İddiaçı oğlunun rus dilində lüğət ehtiyatı xeyli zəngindir. “İqtisadçı” ixtisasına dair rus dilində verilən suallara məntiqi və dolğun cavabları onun bakalavr səviyyəsində yaxşı ali təhsil aldığına, rus dilində sərbəst surətdə dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarına malik olmasına əyani sübutdur. İddiaçı oğlu aldığı ixtisasına dair elmi və terminoloji söz və ifadələrdən istifadə etməyi bacarır, peşəyönümlü anlayışların izahını verə bilir, asanlıqla ünsiyyət qurur. Yuxarıda göstərilənləri ümumiləşdirərək hesab etmişdir ki, İddiaçı Tərlan oğlunun rus dilini bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən tələblərə tam cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1992-ci ildə Əmək və X9 “əməyin iqtisasiyyatı və sosiologiyası” ixtisası üzrə daxil olaraq təhsil almiş, Akademiyanın dövlət attestasiya komissiyasının xx xxx 1999-cu il tarixli qərarı ilə ona “iqtisadçı” ixtisası verilmişdir. İddiaçı təhsil aldığı müəssisəsini bitirməsinə dair qeydiyyat nömrəsi 40530 olan, xx.xx.1999-cu il tarixli, ABC ******* nömrəli diplom verilmiş, iddiaçının müraciətinə əsasən təhsil müəssisəsi tərəfindən qeydiyyat nömrəsi xx-xx-0001-19-24 olan, xx.xx.2019-cu il tarixli, 137704 ******* nömrəli dublikat mütəxəssis diplomunun verilmiş, həmin X16nın səlahiyyətli orqanı tərəfindən apostol olunmuşdur. İddiaçı diplom üzrə ixtisasının tanınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasını əsas gətirərək müraciətini təmin etməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli, xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.28-ci bəndinə görə Nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Przidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “X12 Agentliyinin Nizamnaməsi”nin: - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsli sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentiliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının xx xxx 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barədə” Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli, 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Həmin Konvensiyanın: - 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). - 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. - 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. - 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbay-can Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Məhkəmə qeyd edir ki, İddiaçı X20 X13 X23 və X2 verdiyi qeydiyyat nömrəsi xx-xx- 0001-19-24 olan, xx.xx.2019-cu il tarixli, 137704 ******* nömrəli dublikat mütəxəssis diplomuna (təhsil sənədinə) Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən xx.xx.2019-cu il tarixdə apostol möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edildiyindən cavabdeh tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Bundan əlavə iddiaçının tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmaması ilə bağlı cavabdehin əsası ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı orta məktəbdə təhsil alarkən ona “rus dili” tədris olunmuş, həmin fəndən qiymətləri yaxşı olmuş, 2 il müddətində Sovet Ordusu sıralarında hazırki Rusiya Federasiyasının ərazisində hərbi xidmətdə olmuş, bundan əlavə 1992-1999-cu illərdə təhsilini rus dilində alsa da təhsil dövründən sonra rus dili tələb olunan peşə üzrə deyil, diplomuna uyğun olaraq ixtisası üzrə işləmiş, cavabdeh tərəfindən keçirilmiş ekspertiza zamanı iddiaçının təhsil aldığı müddətdən kifayət qədər uzun müddət keçmişdir. Məhkəməyə təqdim edilmiş mütəxəsis rəyindən də göründüyü kimi İddiaçı rus dilini bilməsi produktiv səviyyəyə uyğun gəlir, ali təhsilli mütəxəssisin şifahi və yazılı peşə nitqinə verilən tələblərə tam cavab verir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda mənfi rəy xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə verilə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinə görə mənfi rəyin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, X20 X13 X23 və X5 tərəfindən İddiaçı verilmiş qeydiyyat nömrəsi xx-xx-0001-19-24 olan, xx.xx.2019-cu il tarixli, 137704 ******* nömrəli dublikat mütəxəssis diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X20 X13 X23 və X5 tərəfindən İddiaçı verilmiş qeydiyyat nömrəsi xx-xx-0001-19-24 olan, xx.xx.2019-cu il tarixli, 137704 ******* nömrəli dublikat mütəxəssis diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyi cavabdeh X10 Agentliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X20 X13 X23 və X5 tərəfindən İddiaçı verilmiş qeydiyyat nömrəsi xx-xx-0001-19-24 olan, xx.xx.2019-cu il tarixli, 137704 ******* nömrəli dublikat mütəxəssis diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyi cavabdeh X10 Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar