Məhkəmə qərarları › İş №2-1(112)-2822/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2822/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2822/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı X1 cavabdeh Təhsildə X2rşı “kvalifikasiyanın tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X4 cavabdeh Təhsildə X2rşı “kvalifikasiyanın tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 14 iyul 2023-cü il tarixli qərarın ləğv edilməsini, iddiaçının xarici dövlətin ali təhsilə aid kvalivifikasiyasının tanınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 qiyabi-distant formada bakalavr pilləsinə qəbul edilmiş və bitirmişdir. Distant təhsil aldığından ölkə ərazisini tərk etməyə zərurət olmamışdır. Bütün dərslərdə proqram-texniki vasitələrlə iştirak etmiş, imtahanları uğurla bitirmiş və diplomun tanınması ilə bağlı müraciət etmişdir ki, cavabdeh əsassız olaraq müraciətin təminindən müddətlə bağlı imtina etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı tədris ili ərzində təhsilin normativ müddətinin ən az yarısı qədər həmin ölkədə olmadığından dövlət standartlarının tələblərini yerinə yetirməsi qeyri mümkün olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eləcə də, iddia müddətinin ötürülməsi üzrlü səbəblərlə bağlı olduğundan məhkəmə qərardadı ilə bərpa edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Diplomdan görünür ki, təhsil aldığı ölkədə qiyabi təhsilalma formasında bakalavr səviyyəsi üzrə ali təhsilə dair iddiaçıya diplom verilmişdir. Arayışda qeyd edilmişdir ki, distant texnologiyalarından istifadə edilməklə qiyabi təhsil alma formasında iddiaçının ali təhsil müəssisəsində təhsil alması təmin edilmişdir. Dövlət Sərhəd Xidmətinin arayışından görünür ki, 2013-2018-ci il tarixdlərdə iddiaçının dövlət sərhəddindən hərəkəti barədə hər hansı məlumat aşkar edilməmişdir. Qərardan görünür ki, cavabdeh isə ərizəçinin (iddiaçının) ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: (ləğv olunmuş) 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: -3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili”Qaydalarının: -1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir -2.8-ci maddəsinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. -2.9-cu maddəsinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Şərh olunan normativ hüquqi aktın müddəalarından görünür ki, qiyabi təhsil zamanı isə tələbələrin hər tədris ilinə görə audoriya dərslərinin həcmi müəyyən edilir ki, bu zaman tələbələr tədris planına uyğun olaraq semestr ərzində müəyyən edilmiş qaydada dərslərdə iştirak edirlər. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan Qaydaların (Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları) müddəalarında tanınma üzrə ümumi tələblərin əhatə dairəsi müəyyən edilmiş, bu tələblərdən biri də orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) ilə bağlıdır. Qeyd olunmalıdır ki, normativ hüquqi aktların tələblərinə görə tibb və səhiyyə ixtisasları istisna olmaqla digər ixtisaslar üzrə kvalifikasiyanın tanınması üçün təhsil formasından asılı olaraq tələbənin təhsil normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkədə olması şərti tanınma üçün əsasdır. Hazırki işin hallarından da göründüyü kimi iddiaçı ixtisası üzrə aldığı kvalifikasiyanın tanınmasını arzulayır ki, bu zaman onun təhsil aldığı ölkədə olduğu müddət məhz təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması ilə müəyyən olunur. Nəzərə alsaq ki, Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə tədris ilinin müddəti 32 həftə olduğundan, iddiaçının aldığı təhsil üzrə kvalifikasiyanın tanınması üçün onun təhsil aldığı ölkədə həmin müddətin yarısı (bir tədris ilində ən azı 16 həftə) qədər olması zəruridir. Lakin işin hallarından görünür ki, iddiaçı tədris ili üzrə göstərilən müddətlərdə təhsil aldığı ölkənin ərazisində ümumiyyətlə olmamışdır. Başqa sözlə desək iddiaçının təhsil aldığı ölkədə olduğu müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaların 4.1-ci bəndinə əsasən onun aldığı təhsili mənimsəməsi üçün kifayət etmir. Bu səbəbdən də kvalifikasiyanın tanınması mümkün deyil. Məhkəmə əlavə olaraq bildirir ki, ali təhsil müəssisəinin arayışında iddiaçının təhsil müddəti əsasında distant təhsil texnoloqiyalarından istifadə olunması göstərilsə də, bu hal iddiaçının aldığı təhsilin “distant” olduğu mənasını vermir.Belə ki, qeyd olunmalıdır ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Bu üsul (distant texnologiyalar vasitəsi ilə) sadəcə şəxsin iradə ifadəsindən asılı olaraq təhsilin məsafədən davam etdirilməsinin metodudur. İş materiallarından da göründüyü kimi iddiaçının təhsilalma forması qiyabi olmuşdur ki, distant texnologiyalarından istifadə həmin təhsil alma formasının qiyabi olma xüsusiyyətlərinə xələl gətirmir ki, məhkəmə hesab edir ki, təhsil müəssisəsinin həmin arayışı distant və qiyabi təhsil formalarının daxili qanunvericilik baxımından fərqləndirilməsinin aradan qaldırılmasına səbəb ola bilməz. Eyni zamanda, iddiaçı əgər təhsili təkcə distant texnologiyalarından istifadə ilə həyata keçirilmişdirsə diplomun verən təhsil müəssisəsinə qarşı təhsilinin qiyabi yox, distant formada qeyd edilməsi ilə bağlı həmin halı məhkəmə qaydasında aidiyyəti ölkədə mübahisələndirə bilər ki, hazırkı halda diplomda nə qədər ki, qiyabi təhsil alma forması göstərilib, təkcə təhsil müəssisəsinin distant texnologiyalarından istifadə ilə bağlı mövqeyi cavabdehin imtinasının qanunsuz və əsassız olmasına səbəb olmur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-794/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir.” Ali Məhkəmənin 2-1(102)-2946/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, iddiaçı Rusiya Federasiyası V.M.Kokov adına X5 Universitetində ümumi qaydada qiyabi təhsil formasında “İstilik energetikası və istilik mühəndisliyi” ixtisası üzrə təhsil almış, distant təhsil almamışdır. Ali Məhkəmənin 2-1(102)-2762/2023 saylı iş üzrə qəbul etdiyi qərarda qeyd edilmişdir ki, İddiaçının kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, ilk dörd il ərzində distant təhsil almış, mənimsəmə üzrə imtahanları internet üzərindən yerinə yetirmiş, mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlməyə zərurət olmamışdır, ona görə də iddiaçının dərs və imtahanlarda distant iştirakı yetərli hesab edilməlidir. İddiaçının təhsil aldığı universitet tərəfindən verilmiş məktubda da göstərilmişdir ki, universitet təhsilin həyata keçirilməsi üçün müxtəlif təhsil texnologiyalarından, o cümlədən distant təhsil texnologiyalarından və elektron təhsil proqramlarından istifadə edib. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İddiaçı İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmişdir. Deməli, o, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. İddiaçının dəlili ondan ibarətdir ki, həmin dövrlərdə tədrisdə iştirakı distant formada baş tutmuşdur Kollegiya, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır. Göründüyü kimi kassasiya instansiya məhkəməsi qiyabi və distant (məsafədən) təhsilalma formalarının “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda birbirindən fərqləndirilən anlayış olduğunu bildirmiş, qiyabi təhsilalma formasında distant texnologiyalarından istifadə edilməsini təhsil metodu kimi qəbul edərək, təhsilalma formalarının eyni olmadığı mövqeyini nümayiş etdirmişdir. Odur ki, iddiaçının kvalifikasiyanın tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının kvalifikasiyadan tanınması ilə bağlı imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar