Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2824/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə qarşı “şəhid statusunun bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-cü ildə Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü qardaşı X10, hərbi xidmət vəzifələrinin icrası zamanı ağır - xəstələndiyinə və hər iki ağ ciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası, hronxolit, sağ tərəfli para, pnevmonik plevrit, toksiki hepatit, kəskin böyrək çatmazlığı və kəskin ürək-damar tənəffüs çatışmazlığından N №li hərbi hospitalda vəfat etdiyinə görə hərbi qulluqçu olaraq ona verilmiş “şəhid” adının və ailəsinə “şəhid ailəsi statusu”nun bərpa olunması vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, 1993-cü ildə Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü qardaşı X4 hərbi xidmət vəzifələrinin icrası zamanı ağır xəstələndiyinə və hər iki ağ ciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası, bronxolit, sağ tərəfli para pnevmonik plevrit, toksiki hepatit, kəskin böyrək çatmazlığı və kəskin ürək-damar tənəffüs çatışmazlığından N №li hərbi hospitalda vəfat etdiyinə görə hərbi qulluqçu olaraq, ona verilmiş “şəhid” adının qanunsuz olaraq ləğv edildiyindən mərhum qardaşına hərbi qulluqçu olaraq verilmiş “şəhid” adının bərpa olunması vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətinin Qaradağ rayon İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qardaşı X10 xx.xx.1975-ci il tarixdə doğulmuşdur. O, Qaradağ Hərbi Komissarlığı tərəfindən çağırış vərəqəsinə əsasən hərbi xidmətə çağırılıb və o dövrdə Ağdam rayonu ərazisində qısa müddətli hazırlıq keçdikdən sonra döyüşə göndərilən batalyonların birində N saylı hərbi hissənin tərkibində hərbi xidmətə başlamışdır. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Kəlbəcər, Ağdərə, Füzuli və Ağdam ərazisində gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin qışında Kəlbəcər uğrunda gedən döyüşlərdə uzun müddət mühasirədə qaldığından hər iki ayağını don vurmuşdu. Uzun çəkən müalicələrdən sonra qardaşı könüllü olaraq yenidən döyüşlərə qayıtmışdır. Onun sonuncu xidmət yeri Ağdam rayonunun ərazisi olmuşdur. Qardaşı Ağdam rayonunun ərazisində hərbi xidməti vəzifələrinin icrası zamanı ağır xəstələndiyindən ona ilk tibbi yardım göstərilərək, təcili olaraq, o dövrdə Ələt qəsəbəsində yerləşən 251 saylı hərbi hospitala təxliyyə etmişdilər. O, elə həmin gün xx.xx.1994-cü il tarixində döyüşlər zamanı əldə etdiyi hepatit, ağ ciyər xəstəliyindən və kəskin ürək-qan damar sisitemi xəstəliklərindən hərbi hospitalda vəfat etmişdir. N №li hərbi hissədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə daxil olmuş xx.xx.2009-cu il tarixli 2/271 nömrəli məktubda bildirilir ki, N saylı hərbi hissənin əsgəri X10 xx.xx.1994-cü il tarixində təxirəsalınmaz ambulator yardım alması (D-z: hər iki ağ ciyərin aşağı paylarının ləng gedişli ovaqlı pnevmoniyası. Bronxolit. Sağtərəfli para pnevmonik plevrit. Toksiki hepatit, kəskin böyrək çatmazlığı) və kəskin ürək-damar tənəffüs çatışmazlığından ölməsi qeyd olunmuşdur. Onun ölüm faktını təsdiq edən İV-ЖГ № 454769 saylı xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. Anası vəfat edənədək qardaşının şəhid statusu var idi və həmin statusdan yararlanırdı. Lakin, anası vəfatından sonra şəhid statusu ləğv edilmişdir. O, bununla əlaqədar müraciətlər etsə də heç bir nəticə əldə edə bilməmişdir. 2019-cu ildən başlayaraq, o, yaranmış şəraitlə əlaqədar müvafiq inzibati orqanlara müraciətlər etmişdir. Lakin, bu günə qədər müsbət cavab ala bilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin imtinası əsasız və ədalətsizdir. Qardaşı Ələt qəsəbəsinin şəhidlər xiyabanında dəfn olunmuş onun qardaşı X7 verilmiş “şəhid” adının ləğv edilməsi və ailəsindən “şəhid ailəsi statusu”nun götürülməsi ilə bağlı qanunsuz hərəkətinin araşdırılması və qardaşına hərbi qulluqçu olaraq verilmiş “şəhid” adının və ailəsinə “şəhid ailəsi statusu”nun bərpa olunmasını xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi ilə əvəz edilmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi tərəfindən iddaya dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin nümayəndəsi X9 izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İPM-nin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan; Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 358255 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X11 xx.xx.1975-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1975-ci ilin mart ayının 12-ci günündə 55 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında uşağın atası qismində X12, anası qrafasında isə anası qismində X5 qeyd olunmuşdur. Ağdam rayon VVAQ tərəfindən verilmiş İİİ- ЖГ seriyalı 462188 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X13 20 iyun 1989-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1989-cu ildə iyun ayının 22-ci günündə 77 № ilə qeyd edilmişdir. Bakı şəhəri Qaradağ RİHB-nın Ələt qəsəbə nümayəndəliyi tərəfindən verilmiş İİ- ЖГ seriyalı, 454769 №-li, xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 xx.xx.1994-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydəri kitabında 1994-cü ilin aprel ayının 25-ci günündə 34 № ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi “Şəhid olmuşdur” qeyd olunmuşdur. Qaradağ rayon ƏSMM tərəfindən verilmiş 42/000042 №-li vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 “Şəhid ailəsi” kimi 20 sentyabr 1994-cü ildə vəsiqə verilmişdir. Bakı şəhəri Qaradağ rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 101428 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 20 aprel 2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin aprel ayının 29 günündə 212 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon idarəsi tərəfindən verilmiş 573 №-li xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı mərhum qardaşı 1975-ci il təvəllüdlü əsgər X10 xx.xx.1993-cü il tarixdə keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb, N saylı hərbi hissədə hərbi xidmət keçərkən “Hər iki ağciyərin aşağı paylarının ləng gedişli ocaqlı pnevmoniyası Bronxiolit Sağtərəfli parapnəvmonik plevrit. Kəskin ürək-damar, tənəffüs çatmamazlıqları diaqnozundan müalicə olunarkən, xx.xx.1994-cü il tarixdə kəskin ürək-damar, tənəffüs çatışmazlığı nəticəsində vəfat etmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırma üzrə Mərkəzi filialının 3-17-1/2-23804/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, pensiya və sosial ödənişlər alt sistemində X3 aid heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 3-25-1/2-11 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından alınmış 24 fevral 2023-cü il tarixli 1039 nömrəli arayışa əsasən əsgər X10 12 aprel 1994-cü il tarixdə N nömrəli hərbi hissədə (Ələt hospitalında) ambulator müayinədə olmuş və 13 aprel 1994-cü il tarixdə saat 00:30 radələrində hər iki ağciyərin aşağı payının ocaqlı pnevmaniyası, bronxiolid ağır dərəcəli, sağ tərəfli parapnevmonik plevrit, kəskin ürək-damar ağciyər çatışmazlığı, toksiki hepatit, kəskir böyrək çatışmazlığından vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-01911/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 999 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş X10 barəsində heç bir məlumat yoxdur. Həmin məktuba əlavə olunmuş Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının “Mağaza tikintisi üçün Ələt qəsəbəsində torpaq sahəsi ayrılması haqqında” 999 №-li xx.xx.2000-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, Ələt qəsəbəsi İ.Mehdiyev küçəsi, ev 67-də yaşayan şəhid anası X1 fəaliyyəti ilə məşğul olması üçün ələt qəsəbəsində yaradılmış ticarət cərgəsində 16,0 kv. m. sahəsi olan mağaza tikintisinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 4/2-2075 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş X10 N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 173 №-li əmrilə (əsas: §-10, səh-50, sıra-16) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq, 2-ci MAT-a təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 9 №-li əmrində (əsas: §-7, səh-19, sıra-5, əmrdə soyadı “Mehtiyev” yazılmış, atasının adı yazılmamışdır) 2-ci taboru tərk edib qayıdan, siravi İdris Mehtiyevin həmin tarixdən taborun şəxsi heyətinin siyahısına salınması, bütün növ təchizatlarla təmin olunması və xidmət müddətinin xx.xx.1993-cü il tarixdən sayılması qeyd edilmişdir. N №-li hərbi hissənin “İtkin düşən, yaralanan və vəfat edənlərin siyahısı” qovluğunda (əsas: xx.xx.1992, səh-39, sıra-770) Qaradağ RHK-nın çağırışçısı, 1975-ci il təvəllüdlü, 2-ci MATın hərbi qulluqçusu X4 xx.xx.1994-cü il tarixində 251 №-li h/h-də vəfat etməsi qeyd olunmuşdur. 2-ci motoatıcı taborun əsgəri X11 hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 151 №-li əmrilə (əsas: §-4, səh-95, sıra-26, əmrdə soyadı “Mehtiyev” yazılmamışdır) bütün növ təminatları dayandırılmış və ştatdan kənar çıxarılmışdır. 2-ci MAT-da xidmət etmiş X10 xəstəxanada xx.xx.1994-cü il tarixdə xəstəliyi ilə əlaqədar vəfat etdiyi üçün, N №-li hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 193 №-li əmrində (əsas: §-2, səh-77, əsas kimi “Ölüm haqqında şəhadətnamə İİ ЖГ №-454769 25 aprel 1994-cü il” göstərilmişdir, əmr olduğu kimi köçürülmüşdür) şəxsi heyət siyahısından çıxarılmış, bütün növ təchizatı dayandırılmış və ailəsinə maddi köməklik edilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 5-13/2-407/2023 saylı, xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü X4 anası X2 Rayon İcra Hakimiyyətində şəhid ailəsi kimi qeydiyyata alınmamışdır. İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə inzibati orqan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmiş, lakin onun müraciətinə rəsmi qaydada cavab verilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları": 1.1-ci bənd. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bənd. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 4.1-ci bənd: Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 4.2-ci bənd: Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 1-ci bəndinə əsasən bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.
7. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir.
8. Müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir.
Məhkəmənin mövqeyi.
Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununda, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda verilmiş şəhid statusunun ləğv edilməsi ilə bağlı müddəalar mövcud deyil. Bununla belə, inzibati icraatın ümumi qaydalarına və prinsiplərinə əsasən, əlverişli inzibati akt da ləğv edilə bilər. Lakin əlverişli inzibati akt onu qəbul etmiş və ya onu ləğv etmək üçün qanunla səlahiyyət verilmiş digər inzibati orqan tərəfindən ləğv edilə bilər. İddiaçının tələbindən də göründüyü kimi, o, mərhum qardaşı X4 şəhid statusunun qaytarılması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mərhum qardaşı X7 şəhidlik statusunun verilməsi və ya həmin statusun ləğv edilməsi ilə bağlı heç bir inzibati akt (sərəncam, əmr, qərar) qəbul edilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, “Şəhid statusunun bərpa edilməsi” barədə iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Nəriman Abıyev