Məhkəmə qərarları › İş №2-1(112)-2826/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2826/2023

28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2826/2023 28.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı Üçüncü şəxsin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X14) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzildən X5 passport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona - İddiaçı məxsusdur. Mənzilə dair AR ƏMDK yanında DƏDRX tərəfindən Seriya MH ******* saylı çıxarış verilmişdir. Əlavə olaraq bildirmişdir ki, X14 ona məxsus olan evdə pasport qeydiyyatındadır. Suraxanı rayon məhkəməsinin 2(010)-2150/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, oğlu X16 ilə X14 arasında nikah pozulmuşdur. X14 hal-hazırda ona məxsus olan mənzildə yaşamır. Qeyd edilən şəxsin ona məxsus olan evə qeydiyyatı formaldır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdehnə müraciət edərək, X5 ona məxsus olan evdən pasport qeydiyyatından çıxarılmasının xahiş etmişdir. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixli imtina cavabı ilə qeyd olunan faktla əlaqədar olaraq məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğunu bildirmişdir. Hesab edir ki, imtina əsassızdır və Cavabdeh üzərinə X5 ona məxsus olan evdən pasport qeydiyyatından çıxarılması vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12981/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X14 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən mənzildən X5 yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı Mahir qızı ilə birlikdə pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə İPM-nin 54.1-ci maddəsinə əsasən (İnzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır) iddia tələbinin dəqiqləşdirilməsi (xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı Mahir qızının qeydiyyatdan çıxarılması ilə bağlı) ərizəsinin icraata qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2826/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş iddiaçı X5 cavabdehlər Məcidov Mahir şirvan oğlu və İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icaatında olan 2(010)-116/2022 saylı mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışına əsasən xx.xx.1990-cı il təvəllüdlü X14 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli MH seriyalı Çıxarışdan qeyd olunmuşdur ki, Verilir İddiaçı ondan ötrü ki, ünvan 2-də istifadədə olan 0.03116 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 8 otaqlı, 94.4 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 85.1 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Ramazan Məcid oğlunun 3/5 (açıq qalır), X3 1/5 hissə, İddiaçı- 1/5 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 4148 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi: 110707326, qeydiyyat tarixi: xx.xx.2007. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********87 nömrəli məktubunda bildirilmişdir ki, X1 ünvanda istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, sözügedən evin 1/5 hissəsi İddiaçı, 1/15 hissəsi X6, 1/15 hissəsi X9, 1/15 hissəsi X4, 3/5 hissəsi X7 mülkiyyətlərindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 27128- 1228 nömrəli məktubunda bildirilmişdir ki, adları qeyd olunmuş şəxs haqqında Suraxanı RPİ-nin QMB-də heçbir məlumat aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1/17 saylı məktubunda qeyd edilmişdir ki, X2 qəsəəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 7, 1 saylı evdə qeydiyyatdadır, lakin qonşuların şahidlik etdiyi akta əsasən qeyd olunan ünvanda yaşamır. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-841/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehh X12 qarşı qanunsuz evin tikintisi ilə bağlı çəkilmiş 80.000 manat məbləğində puldan 600 manat pulun tutulması tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022 tarixli 2(103)-269/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)- 841/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2150/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh X12 qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası təmin edilmiş, X16 ilə X14 arasında 21 noyabr 2009- cu il tarixdə Bakı şəhəri Əzizbəyov rayon Qeydiyyat şöbəsində 1131 nömrə ilə qeydə alınmış nikah pozulması, X16 ilə X5 birgə nikahlarından doğulmuş 22.12.201‘0-cu il təvəllüdlü İddiaçı Mahir qızı və xx.xx.2012-ci il təvəllüdlü X17 boşanmadan sonra anaları X5 yanında qalması, X8 xx.xx.2010-cu il təvəllüdlü İddiaçı Mahir qızı və xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq X10 ödənilməsi qət edilmiş, Alimentin tutulması müddəti 10 mart 2020-ci il tarixdən müəyyən edilmişdir. İddiaçı X14 cavabdehlər X16 və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən yaşayış evinə iki nəfər azyaşlı olan xx.xx.2010-cu il tarixində anadan olmuş Həcər və xx.xx.2012-ci il tarixində anadan olmuş Mehdi adlı uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(1010)-116/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-829/2023 saylı, xx.xx.2023-cü iİ tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(1010)-116/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-829/2023 saylı, xx.xx.2023-cü iİ tarixli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2121/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(103)-829/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 21349011-1222 nömrəli məktubda bildirilmişdir ki, Sizin Suraxanı RPİ-nə ünvanladığınız müraciətinizə əsasən İdarənin Qeydiyyat məsələləri bölməsində araşdırma aparılmışdır. Nəzərinizə çatdırırıq ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, Siz aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlisiniz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ünvan 2-də istifadədə olan 0.03116 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2007-ci il tarixdən paylı mülkiyyətçilərindən biridir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi X14 xx.xx.2013-cü ildən sözügedən ünvanda qeydiyyatdadır. Üçüncü şəxs iddiaçının keçmiş gəlini olmaqla övladı X16 ilə xx.xx.2009-cu ildə qeydə alınmış nikahları məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Üçüncü şəxsin mübahisəli ünvana dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hazırkı iş üzrə qeydiyyatdan çıxarılması ilə bağlı tələbə baxarkən yuxarıda qeyd edildiyi kimi üçüncü şəxsin mübahisələndirilən ünvana dair əmlak hüququnun olması baxımından yoxlama ilə müəyyən olunur ki, üçüncü şəxsin sözügedən ünvanla bağlı hüququna mülki məhkəmə icraatında qanuni qüvvədə olan qətnamələrlə hüquqi qiymət verilmişdir. Belə ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Məcidova Aygün tərəfindən yaşayış evinin tikintisinə çəkilən xərc və həmin xərcin birgə nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması barədə sübut təqdim edilmədiyindən A.Məcidovanın evin tikintisi ilə bağlı çəkilmiş xərcin tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Üçüncü şəxs mübahisəli evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qətnaməsi ilə üçüncü şəxsin hüquqlarına Mənzil Məcəlləsinin 30-cu maddəsi əsasında baxılaraq həmin evə köçürülmə barədə tələbi təmin edilməmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki: (...) iddiaçı köçmək istədiyi evin birgə nikah müddətində, birgə vəsait əsasında tikildiyi, uzun müddət orada yaşadığına görə istifadə hüququ əldə etdiyinə istinad edir. Məhz mübahisə predmeti olan evin tərəflərin birgə nikah müddətində, birgə vəsait əsasında tikilmədiyi, evin üzərində aparılmış yaxşılaşdırma işlərinin mülkiyyətçinin vəsaiti əsasında aparılması və mülkiyyətçi ilə iddiaçı arasında istifadə hüququnun yaranmasına əsas ola biləcək müqavilənin bağlanmadığı aşkardır.” Göründüyü kimi üçüncü şəxs mübahisəli ünvana hər hansı əmlak, istifadə hüququnun olmadığına dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Qeydiyyatdan çıxarılma ilə bağlı mübahisənin həllinə dair digər hal-faktiki yaşama ilə bağlı məsələyə gəlincə də işin mübahisəsiz halıdır ki, üçüncü şəxs mübahisəli ünvanda yaşamır, iddia olunan evdə iddiaçı, onun ailə üzvləri yaşayırlar. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən çıxış edərək hesab edir ki, üçüncü şəxs hazırda İddiaçı ilə faktiki olaraq birgə yaşamayan, sonuncunun övladı ilə ailə münasibətlərinə xitam verilmiş, mülkiyyətçinin ailə üzvü hesab edilməyən, eləcə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olduğundan, eyni zamanda üçüncü şəxsin sözügedən mənzilə dair əmlak hüququnun olmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmadığından evin mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin isə imtinası əsassız olmaqla mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar