Məhkəmə qərarları › İş №2-1(112)-2826/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2826/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2826/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, “qərarın ləğv edilməsi və ƏDV-nin qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və ƏDV-nin qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 26 yanvar 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası” (bundan sonra – Qayda) təsdiq edilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-dan ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 10-cu binasında, 10-cu blok, 8-ci mərtəbə 4 №-li 2 otaqlı, ümumi dəyəri 126102 manat olan mənzili almışdır. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı mənzilin dəyərini tam şəkildə MTK-nın hesabına ödəmişdir. İddiaçı həmin qaydalara əsasən əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli qərarla əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Qərarda qeyd edilmişdir ki, “...Qaydaların 5.1.2-ci bəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin 06 sentyabr 2023-cü il tarixli, **********073900 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” Qərarının ləğv edilməsi və "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 07 fevral 2023-cü il tarixli, 20749 saylı Payçı Müqaviləsinə əsasən nağdsız qaydada alınmış ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 8-ci mərtəbə, 4 №li, 2 otaqlı mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı mənzilin dəyərinin 30%-i olaraq ilkin ödəniş edərkən əsas məbləği MTK-nın bank hesabına, ƏDV məbləğini isə MTK-nın ƏDV depozit hesabına ödəmişdir. Mənzilin dəyərinin qalan hissəsinin tam olaraq MTK-nın bank hesabına ödənilməsi iddiaçı tərəfindən ƏDV məbləğinin ödənilməməsi kimi qəbul edilməməlidir. ƏDV məbləğinin dövlət büdcəsinə ödənildiyi nəzərə alınsa, son nəticədə ƏDV məbləği iddiaçının ödədiyi pul vəsaitləri hesabına ödənilmiş olur. Nəzərə alınsa ki, ƏDV məbləğini ödəmək son istehlakçının üzərinə düşür və hazırkı halda da həmin mənzili əldə edən son istehlakçıdır, bu səbəbdən ikinci ödəniş əməliyyatı zamanı ƏDV məbləğinin ayrı köçürülməməsi ƏDV məbləğinin ümumiyyətlə ödənilməməsi kimi qəbul edilə bilməz və ƏDV məbləğinin qaytarılmasından imtinanın da bununla əsaslandırılması düzgün olmamışdır. Cavabdeh inzibati orqanın imtina əsaslarından biri kimi göstərilən “90 gündən sonra ƏDV qaytarılması üçün müraciət edilməsi”nə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən 12 mart 2023-cü il tarixdən etibarən ƏDV qaytarılmasına müraciət üçün bir neçə dəfə cəhd edilmişdir. Bu hal iddiaçının elektron kabinetindən çıxarışla da təsdiqini tapır. Bundan əlavə qeyd edilməlidir ki, satıcı MTK tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası"nın 4.1-ci bəndinə müvafiq olaraq, mənzilin tam dəyərinə (ƏDV daxil olmaqla) elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə tərtib edərək vahid elektron məlumat bazasına ötürmüşdür. Həmin elektron qaimə-fakturada digər məlumatlarla yanaşı həmçinin mənzilin dəyəri, iddiaçı tərəfindən ödənilmiş ƏDV və iddiaçıya qaytarılmalı olan ƏDV-nin məbləği dəqiq qeyd edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı mənzilin alınması ilə bağlı ilkin ödənişi təşkil edən mənzilin qiymətinin 30%-ni və onun ƏDV məbləğini ayrıca göstərməklə, ödənilməsi üçün müvafiq müvəkkil banka müvafiq ödəniş tapşırıqları vermiş və bank tərəfindən icra olunmuşdur; Mənzilin ümumi qiyməti, həmin məbləğin ƏDV-si, qaytarılmalı olan ƏDV məbləği satıcı tərəfindən cavabdeh inzibati orqanın (Dövlət Vergi Xidmətinin) portalına elektron qaimə-faktura sistemi vasitəsilə vahid elektron məlumat bazasına ötürülmüşdür və cavabdeh inzibati orqanın da həmin mənzilin ƏDV qaytarılma şərti ilə alınması barədə məlumatı olmuşdur, qeyd edilən faktlar həmçinin onu da təsdiq edir ki, alıcı mənzilin qiyməti, ƏDV-si və s. şərtləri müəyyən edən və vergi orqanına təqdim edilmiş qaiməfakturadakı məlumatları təsdiq etmiş hesab edilməlidir. Həmçinin qeyd edilən faktlar onu təsdiq edir ki, iddiaçı qanunvericiliklə ona verilmiş hüquqdan istifadə etmək üçün ardıcıl davranış nümayiş etdirmiş, müraciətini təsdiqləmək üçün şəxsi kabinet açmış və zəruri məlumat və sənədləri ora daxil etmiş, yalnız texniki savadsızlıq səbəbindən təsdiq edə bilməmişdir ki, bu da həmin xidmətin yeni olması və ödənişin qalan hissəsinin bank vasitəsilə edildiyi səbəbindən müvəkkil bankda da bununla bağlı zəruri hərəkətlərin ediləcəyinə ümid etməsi ilə bağlı olmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə müraciəti MTK-nın qaimə verməməsi səbəbindən vaxtında təsdiqlədə bilməmişdir. Vergi İdarəsinə müraciəti zamanı sənədlərin tam olmaması göstərilmiş, MTK isə ona vaxtında məlumat verməmişdir. Bu səbəbdən də vaxtında müraciət edə bilməmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı mənzilin alqı-satqısı ilə bağlı ödədiyi pul məbləği üzrə ƏDV-nin geri qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir ki, bu iddia məcburetmə haqqında iddiadır (İPM, maddə 2.2.2). Cavabdeh ƏDV-in geri qaytarılmasından imtina edir ki, bu imtina iddiaçıya ƏDV məbləğinin alınmasını məhdudlaşdırır ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli qərarla imtina edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən dəyəri 126102 manat olan mənzilin dəyərini nağd qaydada pul ödəyərək almışdır. İddiaçı hazırda həmin mənzillə bağlı ödədiyi pulun 30% həcmində ƏDV-nin alınmasından imtina barədə cavabdehin hərəkətini mübahisələndirir. Məhkəmə qeyd edir ki, ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin əsaslılığı həmin qanuni əsasın dispozisiya şərtləri əsasında yoxlanılmalıdır. Tələbin qanuni əsasını Vergi Məcəlləsinin 165.6-cı maddəsi və həmin maddə ilə bağlı qəbul edilən Qaydalar təşkil edir. Həmin maddəyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İddiaçı həmin normanın və Qaydaların tələblərinə əsaslanaraq xx.xx.2023-cü il tarixdə portal vasitəsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən, Qaydaların 5.1.2-ci bəndinin tələblərinin pozulmasına, yəni mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, alıcının hesabına ödənildiyini, həmçinin iddiaçının ƏDV məbləğini geri qaytarılması üçün 90 günlük müddəti ötürməsini göstərmişdir. Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydaların 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir”. Qaydaların 6.1-ci bəndinə görə (keçid müddəları), Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin hallarından və sadalanan normalardan göründüyü kimi, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini xx.xx.2023-cü il tarixdə ödəmiş, lakin ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı 90 günlük müddəti ötürmüşdür. Qaydaların Keçid müddəlarında 165.6-cı maddənin qüvvəyə mindiyi 1.01.2020-ci ildən, Qaydanın qüvvəyə minməsinədək ödənilmiş ödənişlərə görə ƏDV-nin qaytarılması halı nəzərdə tutulsa da, 90 günlük müddətin keçməsinə görə ƏDV-nin geri qaytarılması və ya müddətin ötürülməsinin üzrlü hesab edilməsi hallarında bərpası halları nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, göstərilən müddət iddia müddəti deyil, hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi müddətdir ki, həmin müddətin üzrlü hesab edilməsi və ya bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar