Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2829/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Şimal-şərq hissəsində yerləşən 0.03 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınaraq, müvafiq çıxarışın verilməsi cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Şimal-şərq hissəsində yerləşən 0.03 ha torpaq sahəsi üzərində icarə hüququ xx.xx.2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına qeydiyyatdan keçirilmişdir. Çıxarış alınan zaman torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən AN 457036 saylı texniki pasport verilmişdir. O, həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının tanınması və adına qeydiyyatdan keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, ona xx.xx.2024-cü il tarixli 3-21- 30/2-13055/2024, **********55 saylı imtina məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatlarında göstərilən fərdi yaşayış evi ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşir. Bundan başqa, fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində, sənaye, rabitə, nəqliyyat, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası kimi qeydiyyata alınmışdır. İdarənin mütəxəsisləri tərəfindən texniki baxış və invertarlaşdırma işləri aparan zaman göstərilən fərdi yaşayış evinin təmir tikinti işlərinin tam çatdırılmadığı məlum olmuşdur. Bundan sonra, "Socar"a müraciət edilmiş və müraciətimə cavab olaraq bildirilmnişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Socar-m daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsil 356 saylı ləğv olunmuş neft-qaz quyusunun 6 metrlik məsafəsində, 1181 saylı ləğv olunmuş neft-qaz quyusunun 44 metrlik məsafəsində, 784 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 45 metrlik məsafəsində mühafizə zonasında yerləşir. Əlavə olaraq, sözügedən torpaq sahəsinin 0.9 metr məsafəsindən yanmayan materialdan dayaqlar (polad) üzərində quraşdırılmış Socar-m "Azəriqaz" İstehsalat Birliyinin istismarında olan d-57 mm-lik yerüstü aşağı təzyiqli qaz xətti keçir. Qanunverciliyin normalarına əsasən, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsindən yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciətini və müraciətinə əlavə edilən sənədləri araşdırmadan, formal olaraq qanunvericiliyin normalarını sadalamış, cavabdeh əsassız yerə çıxarışın verilməsindən imtina etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən fərdi yaşayış evi ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşir. Bundan başqa, fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası kimi qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman göstərilən fərdi yaşayış evinin təmir-tikinti işlərinin tam başa çatdırılmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 42 saylı Qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının ikinci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşir. Bundan başqa, fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası kimi qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman göstərilən fərdi yaşayış evinin təmir-tikinti işlərinin tam başa çatdırılmadığı məlum olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin rədd edilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir.
6. Üçüncü şəxs Dövlət Neft Şirkətinin etirazı onunla əsaslandırılmışdır ki, torpaq sahəsi neftqaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 1356 saylı ləğv olunmuş neft-qaz quyusunun 6 metrlik məsafəsində, 1181 saylı ləğv olunmuş neft-qaz quyusunun 44 metrlik məsafəsində, 784 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 45 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Qeyd edir ki, iddiaçı Məmmədova Ülkər Dövlətdin qızının iddia etdiyi torpaq sahəsi də iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqlarda yerləşir və vətəndaşa icarə əsasında verilmişdir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən olan **********64 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, şimal-şərq hissəsi ünvanında yerləşən, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,03 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Səadət” İK tərəfindən tərtib edilmiş fərdi yaşayış evinin layihəsinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, şimal-şərq hissəsində yerləşən və İddiaçı aid fərdi yaşayış evinin layihəsi tərtib edilmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki 300 kv.m. təşkil edir. Qeyd olunan ərazidə 1 mərtəbəli yaşayış evi mövcuddur.
10. Məhkəmənin sorğusuna cavab olaraq Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilişdir ki, Xəzər RİH-də vətəndaş İddiaçı tərəfindən heç bir (layihə, tikiliyə yazılı münasıbət və s.) müraciət qeydə alınmadığından məlumatların təqdim edilməsi mümkün olmamışdır.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
18. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
19. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.
23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
24. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən olan ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, şimal-şərq hissəsi ünvanında yerləşən, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olan 0,03 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında iddiaçı sözügedən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında fiziki şəxs tərəfindən əldə etdiyini bildirmiş və torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişdir.
25. Məhkəmə iddiaçının torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin qeydiyyata alınması tələbinə münasibətdə qeyd edir ki, sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun olmasını təsdiq edən qanunvericilikdə təsbit edilmiş hər hansı hüquqmüəyyənedici sənədi iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
26. Belə ki, fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektin olub-olmamasını və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə müvafiq icra hakimiyyətinə məlumat verilməsini təsdiq edən ərizə məhkəməyə təqdim edilməmişdir.
27. Məhkəmənin sorğusuna cavab olaraq Xəzər Rayon İcra Hakimiyyəti bildirmişdir ki, Xəzər RİH-də vətəndaş İddiaçı tərəfindən heç bir (layihə, tikiliyə yazılı münasıbət və s.) müraciət qeydə alınmadığından məlumatların təqdim edilməsi mümkün olmamışdır. İddiaçının Xəzər Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizə qəbul edilməmişdir (qəbzdə alıcının imzası və tarix göstərilməmişdir).
28. Cavabdehin imtinasının dəlili fərdi yaşayış evi ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşməsidir.
29. Qeyd edilməlidir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti etirazında, həmçinin məhkəmə iclasında bildirmişdir ki, torpaq sahəsi 1356 saylı ləğv olunmuş neft-qaz quyusunun 6 metrlik məsafəsində, 1181 saylı ləğv olunmuş neft-qaz quyusunun 44 metrlik məsafəsində, 784 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 45 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir.
30. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 2 2 . Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü maddəsinə əsasən əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur.
32. İş materiallarında olan sənədlərdən isə müəyyən edilir ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evi 1356 saylı ləğv olunmuş neft-qaz quyusunun 6 metrlik məsafəsində, 1181 saylı ləğv olunmuş neft-qaz quyusunun 44 metrlik məsafəsində, 784 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 45 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir.
33. Yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva