Məhkəmə qərarları › İş №2-1(112)-283/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-283/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-283/2021 02.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X10 oğlunun, 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Bakı şəhəri Bakı şəhər İcra Hakimiyyətinə qarşı “xxxx” MMC və “xxxx” ASC inzibati iş üzrə 3-cü şəxslər qismində cəlb edilməklə “Sərəncamın və ayrıc aktının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Bakı şəhəri Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Sərəncamın və ayrıc aktının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2014-cü il tarixli 520 saylı sərəncamının və ayrıc aktının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor “xxxx” İKB ASC yeni borclu “xxxx” MMC, üçüncü şəxs “xxxx” MMC və ilkin borclu A.Ə.Ömərovdan ibarət dördlükdə xx.xx.2013-cü il tarixdə borcun köçürülmməsi və hüququn güzəşti haqqında müqavilə imzalanmışdır. Həmin müqavilə şərtlərinə əsasən ilkin borclu hazırki müqavilənin 1.2-ci bəndində qeyd olunan zamin olduğu Kredit müqavilələri üzrə 7.793.587(yeddi milyon yeddi yüz doxsan üç min beş yüz səksən yeddi) manat əsas borc olmaqla cəmi 11.000.000 (on bir milyon) manat məbləğində borcun yeni borcluya köçürülməsini həyata keçirir, yeni borclu isə əsas borcun ona köçürülməsi, yəni kreditor qarşısında əsas öhdəliyin ödənilməsini öhdəsinə götürür və bunun müqabilində üçüncü tərəf Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı ilə ona ayrılmış Yasamal rayonu, Hüseyn Cavid prospekti 558-566-cı məhəllə ünvanından yerləşən 1,6996 ha torpaq sahəsində tikilməli olan yaşayış kompleksinin 5-ci, 6-cı, 7-ci və 8-ci blokları (Ələsgər Ələkbərov küçəsinnə baxan) üzrə və binaların yerləşdiyi torpaq sahəsi üzrə özünə məxsus olan bütün hüquqlarından yeni borclunun xeyrinə imtina etməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndi üzrə xxxx İKB ASC ilə Ömərov Azər Ələsgər oğlu arasında bağlanmış 2830(G) saylı,, xx.xx.2010-cu il tarixli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; Ömərov Ələsgər Abbas oğlu arasında bağlanmış 2288(G) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 999500 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X8 arasında bağlanmış 2400(G) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 999307 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X1 arasında bağlanmış 2829 (G) saylı, xx.xx.2010-cu il tarixli bərpa olunmayan kredit xətti müqaviləsi üzrə 1.399.186 manat məbləğində əsas kredit borcu və ona hesablnan faizlər; X9 arasında bağlanmış 2289(G) saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 1.448.994 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; “xxxx” MMC arasında bağlanmış 1856/1175/03 saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə 808.878 manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər; X6 arasında bağlanmış 2724(G) saylı, xx.xx.2010-cu il tarixli kreit müqaviləsi üzrə 689.172 manat məbləğində əsas kredit borcu və ona hesablanan faziərin tələb hüququndan, cəmi 7.793.587 manat əsas borc və ona hesablanmış faiz və cərimələrin ilkin borclarından alınmasından imtina edir. xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliklər heç bir bəndində cavabdeh yeni borclu “xxxx” MMC tərəfindən əməl edilməmişdir. Bunun nəticəsi olaraq üçüncü şəxs “xxxx” MMC müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən məhkəmə çəkişmələrinə məruz qalaraq nəticədə müəssisəyə inzibati qərarlar, inzibati cərimələr və hətta cinayət məsuliyyəti tətbiq edilmişdir. Nəticədə “xxxx” MMC-yə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Tərəflər kreditor “xxxx” İKB ASC cavabdeh yeni borclu “xxxx” MMC və digər tərəflər arasında xx.xx.2013-cü il tarixdə müqavilə imzalanan zaman tərəflərin niyyəti təmiz olmamışdır. Ona görə ki, müqavilə üzrə üçüncü şəxs “xxxx” MMC üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Ancaq “xxxx” MMC və digər tərəf iddiaçı “xxxx” İKB ASC əlaqəyə girərək vəziyyətdən sui-istifadə etməklə iddiaçı “xxxx” MMC-dən sənədləri qəbul etdikdən sonra xəbəri olmadan Bakı ŞİH müraciət edərək xx xxxxxxx 2014-cü il tarixdə 520 saylı sərəncamı və ayrıc aktı alaraq öz məqsədləri üçün istifadə etmişlər. Daha sonra iddiaçı “xxxx” İKB ASC cavabdeh “xxxx” MMC xx.xx.2013-cü il tarixli müqavilənin 2.3.5-ci bəndində göstərilən (yaşayış kompleksi üzrə hüquqlar yeni borcalanın adına tam rəsmiləşdirilib başa çatdıqdan sonra bü müqavilənin 1.2-ci bəndində sadalanan kredit müqavilələrinin təminatı olan obyektləri ilkin borcalanın xeyrinə ipoteka və girov yüklüyündən azad etmək) öhdəliyi bu günədək icra etməmişlər. Ancaq bunun əksi olaraq götürdükləri əmlakları bankda yüklü edərək öz çirkin niyyətlərini həyata keçirmişlər. Müqavilənin icrasının edilməməsi ilə əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Bütün xəbərdarlıqlara baxmayaraq, cavabdeh “xxxx” MMC müqavilə üzrə üçüncü şəxsə heç bir cavab verməmişdir. Belə olan halda xx.xx.2013-cü il tarixli müqavilə üzrə üçüncü şəxs “xxxx” MMC-nin günahı üzündən deyil, cavabdeh “xxxx” MMC-nin günahı üzündən icra olunmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-302/2020-ci il tarixli, xx xxxx 2020-ci il tarixli qərardadı ilə “xxxx” ASC iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş və növbəti məhkəmə iclası xx xxxx 2021-ci il tarixə təyin edilmiş, iddiaçının və üçüncü şəxs cavabdeh “xxxx” MMC in nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olsa da, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 oğlu iddia tələbinə etiraz edərək, iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi X7 iddiaya etiraz edərək, qeyd etmişdir ki, iddiaçının hazırki mərhələdə mübahisələndirdiyi sərəncam 2014-ci il tarixə aiddir. İddiaçı həmin sərəncamın mövcudluğundan xəbərdar olduğu halda, sərəncamı mübahisələndirməyək, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Qeyd edilənlərə əsasən, üçüncü şəxs iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdeh və 3-cü şıxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçının tələbi iki hissədən ibarətdir: 1)Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 520 nömrəli sərəncamının ləğvi, 2) ayrıc aktının ləğvi. Məhkəmə ilk öncə sərəncamın ləğvinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda qeyd edilən normalardan görünür ki, inzibati aktların mübahisələndirmə müddətləri onların qəbul edildiyi andan yaranmır və inzibati aktları mübahisələndirən subyektlərdən, onun təqdim edilmə üsulundan, inzibati aktın formasından, onun məzmununda hüquqi müdafiə vasitələrinin göstərilib-göstərilməməsindən asılı olaraq dəyişir. Hazırkı halda mübahisələndirilən inzibati aktda hüquqi müdafiə müddəti və qaydası göstərilmədiyindən onu mübahisələndirmə müddəti 6 ay qəbul edilməlidir. İş materillarında olan: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli sərəncamına əsasən “xxxx” MMC-nin xx.xx.2005-ci il tarixli 02 saylı müraciəti nəzərə alınaraq Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-ci məhəllələrdə 1,7 ha torpaq sahəsi icarə əsasında yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin MMC-yə icazə verilmişdir. - “xxxx” MMC-nin xx xxxxxx 2013-cü il tarixli 04/11 nömrəli məktubdan görünür ki, “xxxx” MMC-yə ayrılan 1.7 ha torpaq sahəsinin 0.89 ha hissəsinin “xxxx” MMC-yə verilməsinə etiraz edilməmişdir. - “xxxx” MMC-nin xx xxxxxx 2013-cü il tarixli 05/11 nömrəli məktubdan görünür ki, “xxxx” MMC-yə ayrılan 1.7 ha torpaq sahəsinin 0.89 ha hissəsinin “xxxx” MMC-yə verilməsinə etiraz edilməmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 520 nömrəli ayrılmış torpaq sahəsinin bir hissəsində yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında sərəncamına əsasən “xxxx” MMC-nin 1xx.xx.2014-cü il tarixli, 16/10 saylı müraciətini və “xxxx” MMC-nin xx.xx.2013-cü il tarixli 04/11 və 05/11 saylı razılıq məktublarını nəzərə alaraq Yasamal rayonu, H.Cavid küçəsi, 558-566-ci məhəllələrdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün “xxxx” MMC-yə ayrılmış 1.7 ha torpaq sahəsinin 0.89 ha hissəsi, eyni məqsədlə “xxxx” MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Beləliklə, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilən sərəncam 2014-ci il tarixə aiddir və iddiaçının həmin tarixdən sərəncamın mövcudluğundan xəbəri olmuş, hətta sərəncamın qəbul edilməsi ilə bağlı razılıq vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2013-cü il tarixli 04/11 (MMC-nin təsisçisi Ömərov Azər Ələsgər oğlu tərəfindən imzalanmış) və 05/11 saylı (MMC-nindirektoru X9 tərəfindən imzalanmış) Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış razılıq məktublarından aydın görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinin bir hissəsinin 3-cü şəxsə verilməsinə etiraz etməmiş və hazırda mübahisələndirilən sərəncam da sırf həmin razılıq məktublarında qeyd edilən sahədə 3-cü şəxsin istifadəsinə verilmişdir. İddiaçı isə iddia tələbində 3-cü şəxs “xxxx” MMC tərəfindən müqavilə öhdəliklərinin pozulduğunu iddia edərək sərəncamın ləğvini tələb edir. Bu hal özü də onu göstərir ki, iddiaçı sərəncam barədə vaxtilə məlumatlı olmuş, lakin müqavilə öhdəlikləri icra edilmədiyindən hazırda sərəncamın ləğvini xahiş edir. Beləliklə iddiaçı həmin sərəncamı mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə iddia mümkün sayılmamalıdır. Məhkəmə ayrıc aktının ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, həmin aktın inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: -İnzibati orqan tərəfindən qəbul edilməli; -Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; -Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; -Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; -Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; - Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən tərtib olunan “akt” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyildir. Məhkəmənin qənaətinə görə, “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti- “İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı “xxxx” MMC-nin cavabdeh Bakı şəhəri Bakı şəhər İcra Hakimiyyətinə qarşı “xxxx” MMC və “xxxx” ASC inzibati iş üzrə 3-cü şəxslər qismində cəlb edilməklə “Sərəncamın və ayrıc aktının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar