Məhkəmə qərarları › İş №2-1(112)-283/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-283/2022

27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-283/2022 27.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (inzbati məhkəmə icraatına üçüncü şəxs qismində X5 cəlb edilməklə) qarşı «iddiaçının torpaq sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi, döngə 2031A ünvanında yerləşən 600 kv.m ölçüdə torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilatın 3 iyun 2020-ci il tarixli cavab məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad məlumatı və məsafələr qeyd olunmamış, göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi üzərindən keçən 6 kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında yerləşir, qeyd olunan torpaq sahəsinə digər fiziki şəxslərin də müraciəti daxil olmuşdur. Qeyd olunmalıdır ki, Bakı şəhəri Səbail RİH-in 1 oktyabr 1994-cü il tarixli 3149 saylı sərəncamı ilə iddiaçıya fərdi evin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan etibarən sözügedən torpaq sahəsi daimi olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Bu günədək torpaqdan istifadəsinə dair heç bir fiziki və ya hüquqi şəxsin etirazı olmamışdır. İddiaçı hesab edir ki, torpağın hasarlanmaması ona dair reyestrdən çıxarışın verilməməsinə əsas deyildir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş 20 sentyabr 2019-cu il tarixli A-570 saylı Milli Arxiv İdarəsinin arayışından da görünür ki, hazırda mübahisəsi gedən torpaq sahəsi iddiaçıya 1 dekabr 1994-cü il tarixdə ayrılmışdır. İşin şərh olunan faktiki hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə bağlı hərəkətləri qanuni və əsaslı olmamışdır. Sözügedən ərazidən yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında yerləşməsi həqiqəti əks etdirmir. Hətta belə bir xəttin olması iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına maneə deyildir. Göstərilənlərə əsaslanaraq Bakı şəhəri, Səbail RİH-in 1 oktyabr 1994-cü il tarixli 3149 saylı sərəncamı ilə iddiaçıya ayrılan və hazırda onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair faktiki mövcud olan ölçülərinə uyğun olaraq onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə iddia ilə bağlı ünvanlanmış 16 sentyabr 2020-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən təqdim olunan yerləşmə cizgisində dəqiq istinad məlumatı və məsafələr qeyd olunmamış, göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında parametrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Elektron baza məlumatlarına əsasən torpaq sahəsi üzərindən keçən 6 kV-luq elektrik hava xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunan torpaq sahəsinə digər fiziki şəxsin (X2) müraciəti daxil olmuşdur. Göstərilənlərə və İPM-in 48.2-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65, 68-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarına əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf və üçüncü şəxs gəlməmişlər, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Səbail RİH başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” 1 oktyabr 1994-cü il tarixli 3149 nömrəli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd olunan sərəncama əsasən Badamdar qəsəbəsində 600 kv.m ibarət torpaq sahəsi fərdi ev tikintisi üçün İddiaçı ayrılmışdır. - Torpaq sahəsinin verilməsinə dair 1 oktyabr 1994-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Səbail RİH-in 1 oktyabr 1994-cü il tarixli 3149 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün verilən 0,06 ha torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq İddiaçı təhkim edilmişdir. İddiaçı adına ayrılmış Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi, döngə 2031A, 600 kv.m ölçüdə torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq RİH başçısının qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 3 iyun 2020-ci il tarixli məktubundan görünür ki, İdarə İddiaçı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə” müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, yerləşmə cizgisində dəqiq istinad məlumatı və məsafələr qeyd olunmamış, göstərilən torpaq sahəsi ilə faktiki olaraq torpaq sahəsi arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi üzərində keçən 6kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.2-ci yarımbənd) rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar. Həmin Fərmanın 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail RİH başçısının 1 oktyabr 1994-cü il tarixli 3149 nömrəli sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m ölçüdə torpaq sahəsi fərdi ev tikmək üçün İddiaçı ayrılmış, torpaq sahəsinin yer üzərində ara nişanları ilə ayrılaraq iddiaçıya təhkim olunması barədə akt tərtib edilmiş, sözügedən torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq RİH başçısının qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. İddiaçı yuxarıda qeyd olunan sənədlərin mövcudluğuna istinad edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı inzibat orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin olunmasından imtina etmişdir. İnzibati orqan iddiaçının müraciətindən imtina edərkən torpaq sahəsinin bir hissəsinin 6kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağına, digər hissəsinin isə digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü qənaətinə gəlmiş, bununla da iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilkin olaraq inzibati orqanın imtina əsası kimi göstərdiyi birinci dəlilə münasibətdə qeyd edir ki, inzibati orqan imtina əsası kimi torpaq sahəsinin bir hissəsinin 6kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağına düşdüyü iddia etsə də, bu hal məhkəmə tərəfindən aparılmış yerində müayinə zamanı tam təsdiqini tapmamışdır. Belə ki, alınmış mütəxəssis rəyində bu hal təsdiqini tapsa da, müayinə aktından da görünür ki, mübahisə obyekti oln sahənin üzərind keçən elektrik xətti kəsilmiş vəziyyətdədir və hər hansı mənbədən enerji almır. Sahədə dirəklər istifadəsiz qalmış kimi görünür. Odur ki, məhkəmə cavabdeh tərəfin bu dəlilini formal mülahizələrə söykənən hal kimi qiymətləndirir. Cavabdehin imtina əsasının ikinci hissəsinə gəldikdə məhkəmə vurğulayır ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin başqa şəxsə ayrılmış sahə ilə üst-üstə düşməsi və mübahisə obyekti olan torpaq sahəsinin iddiaçıya aid sahə olmaması işdə tətqiq edilmiş mütəxəssis rəyi ilə təsdiqlənir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar bildirilir: - iddiaçının (İddiaçı) iddia etdiyi və göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, natirada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən yerquruluşu planı hazırlanmışdır (əlavə olunur). 1) İddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinin qismən hissəsi (112 kv.m) ərazidən keçən 6 kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında yerləşir. 2) iddiaçının iddia etdiyi və naturada göstərdiyi 600 kv.m torpaq sahəsinin faktiki göstəriciləri Bakı şəhəri Səbail RİH başçısının 2 may 1995-ci il tarixli 1290a saylı sərəncamı və X4 ayrılmış torpaq sahəsinin göstəriciləri ilə naturada qismən eynilik təşkil etsə də, sənəd əsasında (3149 nömrəli sərəncama əlavə olunmuş cizgi) eynilik təşkil etmir və tamamilə fərqli mövqelərdə yerləşir. Xüsusi ilə qeyd olunmalıdır ki, hazırkı üçüncü şəxs X5 mübahisə obyekti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı Bakl İnzibati Məhkəməsində iddia qaldırmış (2-1(112)-1375/2021 saylı iş) və hazırda həmin iş ürzə məhkəmə icraatı (apellyasiya instansiyası məhkəməsində) davam edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Eləcə də «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Beləliklə, Məhkəmə göstərilənləri qüvvədə olan qanunvericiliyin müddəaları ilə təhlil etdikdə hesab edir ki, iddiaçı torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədə malik olsa da, onun iddia etdiyi torpaq sahəsinin faktiki koordinatları digər fiziki şəxsə (X5) ayrılmış torpaq sahəsinin koordinatlarına uyğun olduğundan, həmçinin üst-üstə düşən sahə məhz üçüncü şəxsin qanuni istifadəsinə verilmiş sahə olduğundan, o cümlədən yerləşmə cizgisi ilə naturada torpaq sahəsinin dislokasiyası fərqli olduğundan, iddiaçı iddia etdiyi torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə edə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar