Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2830/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kvadrat metr 6484 saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, vətəndaşlara bağ sahəsinin ayrılması barədə” 24 iyun 1999-cu il tarixli, 584 N-li Sərəncamına əsasən İddiaçı 06 yanvar 2010-cu il tarixdə vəfat etmiş əri X6 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kvadrat metr 6484 saylı bağ torpaq sahəsi ayrılmışdır və Sərəncamda bağ torpaq sahəsinin nömrəsi birbaşa 6484 saylı bağ torpaq sahəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsi X5 tərəfindən hasarlanmış və 25 ildən artıq müddətdə ailənin istifadəsində olmaqla hər hansı bir 3-cü şəxs tərəfindən həmin torpaq sahəsinə iddia və tələb yoxdur, olmamışdır. Mərhum əri X3 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kvadrat metr 6484 saylı bağ torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə imtina edilmiş və imtinada aşağıdakılar göstərilmişdir: “06 may 2024-cü il tarixli Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24 iyun 1999-cu il tarixli, 584 N-li Sərəncamı ilə X6 Ləhiş bağ massivində 6484 saylı bağ sahəsinin ayrılması barədə məlumat idarənin arxivində mğvcuddur. Lakin ayrılması nəzərdə tutulmuş 6484 saylı bağ sahəsinin istifadəyə verilməsi barədə X7 ilə müqavilə bağlanılıb-bağlanılmaması barədə məlumat və sənəd (müqavilə) barədə arxiv qovluğunda aşkar olunmamışdır”. Bundan sonra imtinaya aydınlıq gətirilməsi üçün digər əldə etdiyi sübutları təqdim etməklə 16 iyul 2024-cü il tarixli ərizəyə isə aşağıdakı qaydada cavab verilmişdir: “16 iyul 2024-cü il tarixli, müraciətinizlə əlaqədar bildiririk ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24 iyun 1999-cu il tarixli, 584 N-li Sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir”. Həmin bağların ərazisinə aid Bağlar Təsərrüfatı tərəfindən mərhum X6 təqdim edilmiş adlı siyahıda və bütün torpaq sahələrinin ölçüləri 1200 kvadrat metr göstərilmişdir və qonşulardan X2 məxsus 6461 saylı bağ sahəsinə dair və X4 məxsus 6483 saylı bağ sahəsinə dair müvafiq çıxarışlar mövcuddur.
3. İddiaçının müraciətinə cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının 584 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.
4. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24 iyun 1999-cu il tarixli, 584 N-li Sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.
5. Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən cavabdeh quruma torpaq sahəsinə dair arayışın verilməsinə dair müraciət edilərək bildirilmişdir ki, X5 (doğum tarixi xx.xx.1938-ci il, fin kod: 2S26K3K ) 06 yanvar 2010-cu il il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsə İddiaçı ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Ləhiş bağ 6484 nömrəli bağ sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün daşınmaz əmlaka hüquq müəyyənedici sənədin (reyestrdən çıxarış və ya hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət arayışın) verilməsi xahiş olunur.
6. Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 iyun 1999-cu il tarixli, 584 №li sərəncamından çıxarışa əsasən X6 Ləhiş bağ massivində 6484 nömrəli torpaq sahəsi ayrılmışdır.
7. Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 iyun 1999-cu il tarixli, 584 №li sərəncamına əsasən vətəndaşlara ayrılmış bağ sahələrinin siyahısında 6484 nömrəli, 0,12 ha bağ sahəsi X6 ayrılmışdır.
8. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 6484 saylı bağ sahəsinə dair İdarənin arxivində mövcud olan sənədləri, müayinə aktının təsdiq edilmiş surətləri və ortofoto məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunur ki, göstərilən bağ sahəsi hasar daxilindədir. Göstərilən sahə faktiki olaraq 1323.0 kv.m təşkil edir. Hüquqmüəyyəndedici sənəd üzrə yoxdur. Sahədə tikili yoxdur. Göstərilən sahənin koordinatları əlavə olundu. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 6484 saylı bağ sahəsinin xəritəsi məhkəməyə təqdim edilmişdir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
I. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İddia mümkündür.
II. Məhkəmənin mövqeyi
14. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 iyun 1999-cu il tarixli, 584 №li sərəncamı ilə X6 Ləhiş bağ massivində yerləşən, 6484 nömrəli bağ sahəsi ayrılmışdır, həmin şəxs isə xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. 27 saylı Notariat Ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş edilmişdir.
15. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
24. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
25. Cavabdehin etirazında göstərdiyi yeganə dəlili ondan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24 iyun 1999-cu il tarixli, 584 N-li Sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir.
26. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 iyun 1999-cu il tarixli, 584 №li sərəncamı əsasında Ləhiş bağlar massivində 6484 nömrəli, 0,12 ha bağ sahəsi X6 ayrılmışdır.
27. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən Ləhiş bağ massivində yerləşən 6484 saylı bağ sahəsinə aid olduğu qeyd edilən sxematik xəritənin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə müəyyən edir ki, torpaq sahəsi X6 qanuni əsaslarla ayrılmış, torpaq sahəsi geri alınmamış, bağ sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir və torpaq sahəsi ilə bağlı mübahisə yoxdur.
28. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə 6484 saylı bağ sahəsinin ölçüsü qeyd edilməsə də, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 iyun 1999cu il tarixli, 584 №li sərəncamına əsasən vətəndaşlara ayrılmış bağ sahələrinin siyahısından 6484 nömrəli bağ sahəsinin ölçüsünün 0,12 ha olması aydın olur.
29. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum ərinin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
30. Beləliklə məhkəmə hesab edir ki, inzibati orqan 6484 saylı (hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m) bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 1200 kvadrat metr olan 6484 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X6 məxsus olmasına dair arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva