Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2831/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 57 yaşı tamam olduğu 02 fevral 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1964-cü il tarixdə doğulmuşdur. Əmək kitabçasının, hərbi biletinin və diplomumun sürətlərindən görünür ki, o, 01 sentyabr 1981-ci il tarixdən 08 iyun 1982-ci il tarixinədək (9 ay 8 gün) 155 №-li Tovuz texniki peşə məktəbində təhsıl almış, 25 oktyabr 1982-ci il tarixdən 29 oktyabr 1984-cü il tarixinədək (2 il 4 gün) Sovet Ordusı sıralarında həqiqi hərbi xidmət keçmiş, 11 aprel 1985ci il tarixdən 26 fevral 1991-ci il tarixinədək (5 il 10 ay 15 gün) “Azneftkimyaquraşdırma’' trestinin 1-ci “Bakı Quraşdırma İdarəsi”ndə quraşdırıcı-çilingər, 03 yanvar 1991-ci il tarixdən 29 yanvar 1992-ci il tarixədək (1 il 26 gün) 1 saylı Təmir-Tikinti İdarəsində çilingər, 04 fevral 1992-ci il tarixdən 16 mart 1996-cı il tarixinədək (4 il 1 ay 12 gün) texniki avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işləmiş, 16 mart 1996-cı il tarixdən bu günə kımi həmin zavodun 10 №-li sexində qazançı peşəsində işləyir. Onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 23 il 10 ay 28 gün, güzəştli iş stajı isə 19 il 10 ay 12 gün təşkil etmişdir. Lakin nəzərə alınmalıdır ki, hərbi biletdə olan qeydlər əsasında o, 01.12.1993- 11.10.1995-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə onun 01.01.2006-cı il tarixədək ümumilkdə iş stajı 25 ildən çox təşkil edir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş və bu halı ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun pensiya hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı 05 iyul 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əholinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbərtutur. Sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam ərnək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (23 il 10 ay 28 gün (01.09.1981-08.06.1982-ci il, 25.10.1982-29.10.1984-cü il, 11.04.1985-26.02.1991-ci il, 01.03.1991-29.01.1992-ci il, 04.02.1992-31.12.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 57 yaşı tamam olduğu 02 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının vəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Tovuz rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 Dövlət Peşə Təhsil X4 Liseyi tərəfindən verilmiş 933 №-li arayışdan görünür ki, İddiaçı 155 №-li Tovuz Texniki məktəbi üzrə 1-K nömrəli 01.09.1981-ci il tarixli əmrlə 3 №-li “Rəngsaz” qrupuna tələbə qəbul edilmiş və 16-K nömrəli 08.06.1982-ci il tarixli əmrlə tam kursunu bitirmişdir. - İddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 25 oktyabr 1982-ci ildən 29 oktyabr 1984-cü ilə qədər Sovet ordu sıralarında, 01.12.1993-cü il tarixdən 11.10.1995-ci il tarixədək Azərbaycan Respublikasının Silahl Qüvvələrində hərbi xidmətdə olmuşdur. - Bakı şəhəri Nizami R.H.K tərəfindən verilmiş M/V № 035250 vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - İddiaçıya məxsus 08 avqust 1985-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 11.04.1985-ci ildən 26.02.1991-ci ilə qədər “Azneftkimyaquraşdırma” trestinin 1-ci “Bakı Quraşdırma İdarəsi”ndə quraşdırıcı-çilingər (05 il 10 ay 16 gün), 01.03.1991-ci ildən 29.01.1992-ci ilədək 1 saylı Təmit-Tiikinti İdarəsində çilingər (10 ay 29 gün), 04.02.1992-ci ildən 12.03.2015-ci ilədək “Azərneftyağ” Bakı Neftqayırma Zavodunda texniki avadanlıqların təmiri üzrə çilingər, qazançı (23 il 01 ay 09 gün); 13.03.2015-ci il tarixdən hal-hazıradək 13 №-li sahədə qazan qaynaq üzrə xidmət sahəsində 6-cı dərəcəli qazançı vəzifəsində işləyir. - “SOCAR” Heydər Əliyev adına X5 tərəfindən verilmiş SOCAR**********81200601B00037 №-li, 10 iyun 2021-ci il tarixli zərərli iş şəraiti haqqında arayışdan görünür ki, İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli peşələrdə çalışmışdır: 04.02.1992-ci il tarixdən 16.03.1996-cı il tarixədək 10 №-li sexdə texnoloji avadanlıqların təmiri və xidməti üzrə çilingər vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı (2-ci siyahı) şifrə 2130301a-18547, Xİİ bölməsinin 3-cü yarımbölməsi; 16.03.1996-cı il tarixdən 07.01.2008-ci il tarixədək 10 №-li sexdə qazançı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı (2-ci Siyahı) şifrə 2130301a-13144, Xİİ bölməsinin 3-cü yarımbölməsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi; 07.01.2008-ci il tarixdən 13.03.2015-ci il tarixədək 10 saylı (mexaniki təmir) sexinin qaynaqçı sahəsində qazançı vəzifəsi və 13.03.2015-ci il tarixdən hal-hazıradək 13 №-li sahədə qazan qaynaq üzrə xidmət sahəsi, qazançı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlamış 28.02.2022-ci il tarixli 11/741 №-li məktuba əlavə olunmuş Müdafiə Nazirliyinin Katibiyi X1 14.02.2022-ci il tarixli, 4/2-947 saylı arxiv arayışından görünür ki, təkrar çağırışçı, 1968-ci il təvəllüdlü sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 01.12.1993-cü il tarixli 141 №-li əmrilə (əsas: səh 74, § 3, sıra 12, əmrdə təvəllüdü “1968” yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək artilleriya divizionu 2-ci batareyada baş kəşfiyyatçı vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: Delo № 28, səh 54, sıra 10, məlumatda atasının adı tam yazılmamışdır) aprel 1994-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş artilleriya divizionu 2-ci batareyanın şəxsi heyətinin siyahısında baş kəşfiyyatçı sıravi İddiaçı M.oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qoviuğunda (əsas: Delo № 31, səh 69, sıra 9, məlumatda atasının adı yazılmamışdır) may 1994-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş artilleriya dıvizionu 2-ci batareyanın şəxsi heyətinin siyahısında baş kəşfiyyatçı çavuş İddiaçı adı qeyd edilmişdir. Müdafiə nazirinin 14.09.1995-ci il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından tərxis edildiyi üçün yuxarı yaş hədli, 1964-cü il təvəllüdlü, tank əleyhinə batareya idarəetmə manqasının radiotelefonçusu sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 11.10.1995-ci il tarixli 135 №-li əmrilə (əsas: səh 91, § 4, sıra 50, əmrdə təvəllüdü “1964” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tovuz RHK-na göndərilmişdir. - Həmin məktuba əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İİİ Müdafiə Nazirinin Katibliyinin 23.02.2022-ci il tarixli, 4/32137 №-li məktubundan görünür ki, N nömrəli hərbi hissə 01.01.1992-12.05.1994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 16.09.2021-ci il tarixli, **********9 nömrəli məktubdan görünür ki, Filiala 08 iyul 2021-ci il tarixdə daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumu iş stajı 01 yanvar 2006-cı il tarixinədək 25 ildən (23 il 10 ay 28 gün) (01.09.1981-08.06.1982-ci il, 25.10.1982-29.10.1984-cü il, 11.04.1985- 26.02.1991-ci il; 01.03.1991-29.01.1992-ci il; 04.02.1992-31.12.2005-ci il tarixləri arasındaki dövrlər təşkil edir) az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 57 yaşı tamam olduğu 02 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdeh inzibati orqandan tələb edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün üç element mövcud olmalıdır:
1. İddiaçının 57 yaşının tamam olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı İddiaçı Sovet ordusunda hərbi xidməti, təhsil müddəti və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olan dövrlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək ümumi iş stajının 23 il 05 ay 26 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçı ümümi iş stajı müəyyən edilən zaman cavabdeh inzibati orqan tərəfindən onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş əməliyyatlarında iştirak etdiyi 01.12.1993-cü il tarixdən 11.10.1995-ci il tarixədək dövrün ikiqat ölçüdə güzəştli şərtlərlə sığorta stajına daxil edilməməsini mübahisələndirir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun: - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilir. Göründüyü kimi qanunvericilik vətəndaşa əmək pensiyası hüququ verən sığorta stajına xidmət illərinin güzəştli şərtlərlə, yəni ikiqat ölçüdə daxil edilməsi hüququ vermişdir ki, bu zaman mühüm olan arqument şəxsin döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmətinin və ya muzdla işləməsini, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və ya birləşmələrində xidmətinin təsdiq olunmasıdır. Hazırki mübahisə üzrə Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda İddiaçı həqiqətən də 01.12.1993-cü ildən 11.10.1995-ci ildək N nömrəli hərbi hissədə ximdət etməsi və həmin hərbi hissənin 01.01.1992-12.05.1994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı 01.12.1993-cü il tarixdən 11.10.1995-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etsə də onun xidmət etdiyi hərbi hissə 01.01.1992-12.05.1994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etdiyindən iddiaçının da 01.12.1993-cü il tarixdən 12.05.1994-cü ilədək döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi müddət ikiqat ölçüdə sığorta stajına daxil edilməlidir. İddiaçının 01.12.1993-ci il tarixdən 12.05.1994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi dövrü “Əmək pensiyaları haqqında” Qanunun 24.0.1-ci maddəsi əsasında ikiqat ölçüdə, yəni 10 ay 24 gün kimi güzəştli şərtlərlə sığorta stajına daxil edilsə belə, iddiaçının ümumi iş stajı 25 ildən az, yəni 24 il 4 ay 20 gün təşkil edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün ümumi iş stajı ilə bağlı şərt ödənilmədiyindən, onun güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində araşdırmanın aparılmasına zəruriyyət yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova