Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2833/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (böyük mütəxəssis, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 21.08.2014-cü il tarixində etibarən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 57 yaşı tamam olduğu 20 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. 29.08.1983-cü il tarixindən etibarən (37 il) əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, əmək fəaliyyəti müddətinin əhəmiyyətli bir hissəsini (təxminən 35 ildən çox müddətini) insan sağlamlığı üçün olduqca zərərli olan peşə fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ 21.08.2014-cü il tarixindən yaranmışdır. Belə ki, 29.08.1983-cü ildən “26 Bakı Komissarları adına” Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcı maşinisti peşəsində işə başlamışdır və 14.11.1984-cü ilədək həmin peşədə işləmişdir. (vəzifənin kodu:1100000a-14012) – (1 il, 02 ay, 07 gün); 15.11.1984-cü ildən 10.06.1985-ci ilədək “26 Bakı Komissarları adına” Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli yuyucu aqreqatların maşinisti peşəsində çalışmışdır. (vəzifənin kodu:1100000a- 14065) – (0 il, 06 ay, 25 gün); 10.06.1985-ci ildən 16.01.1992-ci ilədək “26 Bakı Komissarları adına” Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində çalışmışdır. (vəzifənin kodu:1100000a-14012) – (6 il, 07 ay, 06 gün); 17.01.1992-ci ildən 31.03.1992-ci ilədək “Ə.C.Əmirov adına” Neft və qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində çalışmışdır. (vəzifənin kodu: 1100000a-14012)- (0 il, 2 ay 15 gün); 01.04.1992-ci ildən 21.09.1994-cü ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexində 5-ci dərəcəli qaldıncının maşinisti peşəsində çalışmışdır (vəzifənin kodu:1100000a-14012)-(2 il, 5 ay, 20 gün); 24.07.1998-ci ildən 02.04.2007-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexində 5-ci dərəcəli qaldıncının maşinisti peşəsində çalışmışdır. (vəzifənin kodu:1100000a-14012)-(8 il, 8 ay, 09 gün); 02.04.2007-ci ildən 09.01.2008-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexində sex rəisinin müavini vəzifəsində çalışmışdır. (vəzifənin kodu: 1100000a-11292)- (0 il, 9 ay, 07 gün). 10.01.2008-ci ildən 21.05.2009-cu ilədək Quyuların yeraltı təmiri və xüsusi texnika sexində sex rəisinin müavini vəzifəsində çalışmışdır. (01 il, 04 ay, 11 gün); 22.05.2009-cu ildən indiyədək “Bibiheybət” NQÇİ-nin İstismar avadanlıqları sahəsində 14cü dərəcəli sahə rəisi vəzifəsində çalışır. Quyuların yeraltı təmirlərə hazırlanması üzrə operator peşəsinin (4%), quyuların yeraltı təmiri üzrə operator peşəsinin və quyuların əsaslı təmiri üzrə qazmaçı peşəsinin əmək şəraiti ağır və zərərli peşələr hesab olunduğu üçün vəzifə (tarif) maaşına əmək şəraitinə görə (8%) əlavə ödəniş təyin edilir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Qeyd edilən qanuna və digər əlaqədar normativ hüquqi aktlara əsaslanaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də heç bir müsbət nəticə əldə edə bilməmiş, qanuni müraciətləri cavabsız qalmışdır. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 8 sentyabr 1983-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (23 il 2 ay 2 gün) təşkil edir. "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 52 yaşı, 2 №-li siyahısı üzrə 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının işlədiyi vəzifə və sahələrin qanunvericiliklə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olmasının təsdiqlənməsi üçün Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi" nə uyğun gəlməlidir. Lakin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 08 sentyabr 1983-cü il tarixli, ******* nömrəli əmək kitabçasında və 13.05.2020-ci il tarixli arayışda qeyd edilən peşələr “dəniz neftçiləri üçün” neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid deyildir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda və etiraza əlavədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Gədəbəy rayonu Göyəlli kəndində doğulmuşdur. İşdə olan НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 09 noyabr 1980-ci il tarixdən 12 oktyabr 1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan SSR X3 Təhsili Komitəsi tərəfindən verilmiş B seriyalı 680052 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 10 yanvar 1983-cü ildə Bakı şəhəri 14 saylı orta şəhər texniki məktəbinə daxil olmuş və 20 avqust 1983-cü ildə qaldırıcı traktor maşinisti peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 10.01.1983-cü ildən 20.08.1983-cü ilədək müddətə 14 saylı TM-də təhsil almışdır. 29.08.1983-cü ildən 14 saylı TM bitirdikdən sonra 5 dərəcəli qaldırıcı mexanik işinə qəbul edilmiş, 15.11.1984-cü ildən yuyucu aqreqatın 5 dərəcəli maşinisti, 10.06.1985-ci ildən 5 dərəcəli qaldırıcı maşinisti vəzifəsinə keçirilmiş, 03.04.1987-ci ildən quyuların əsaslı yeraltı təmiri sexinin adı dəyişdirilərək quruların və xüsusi texnikanın əsaslı təmiri sexi adlandırılmış, 01.07.1988-ci ildən əməyin ödənilməsi ilə bağlı yeni taarif şərtlərinin daxil edilməsi ilə əlaqədar olaraq 5 dərəcəli qaldırıcı maşinisti vəzifəsi müəyyən olunmuşdur. 17.01.1992-ci ildən 26 Bakı Komissarları adına neft və qazçıxarma idarəsi Ə.C.Əmirov adına neft və qazçıxarma idarəsi adlandırılmışdır. 01.04.1992-ci ildən “Bibiheybətneft” neft və qazçıxarma idarəsinə eyni vəzifəyə keçirilmişdir. 01.04.1992-ci ildən Ə.C.Əmirov adına neft və qazçıxarma idarəsindən keçirilməsi qaydası ilə xüsusi texnika sexinə 5 dərəcəli qaldırıcı maşinisti vəzifəsinə qəbul olunmuşdur. 21.09.1994-cü ildə “Xəzərdənizneftdonanma” İdarəsinin gəmi təmiri zavoduna keçidiyinə görə köçürmə yolu ilə işdən azad edilmişdir. 22.09.1994cü ildən “Bibiheybətneft” neft və qazçıxarma İdarəsindən köçürmə yolu ilə yaşayış sahəsinə texnik qəbul edilmiş və 06.07.1995-ci il tarixədək həmin vəzifədə işləmişdir. 07.07.1995-ci il tarixdən 27.08.1997-ci il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. 24.07.1998-ci ildən 02.04.2007-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexdə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində işləmişdir. 02.04.2007-ci ildən 09.01.2008-ci ilədək Xüsusi texnika sexdə sex rəisinin müavini vəzifəsində, 10.01.2008-ci ildən 21.05.2009-cu ilədək Quyuların yeraltı təmiri və xüsusi texnika sexində sex rəisinin müavini vəzifəsində, 22.05.2009-cu ildən hal-hazıradək “Bibiheybətneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində 14-cü dərəcəli sahə rəisi vəzifəsində işləyir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş 07 may 2020-ci il tarixli, 67 saylı arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan sabiq “N.Nərimanov” adına kolxozun 1979-1980-ci illərə dair şəxsi hesab kitabında İddiaçı 01.06.1979-cu ildən 30.10.1980-ci il tarixədək həmin kolxozda işləməsi qeyd edilmişdir. İşdə olan SOCAR “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” Neft və qazçıxarma İdarəsi tərəfindən verilmiş 13 may 2020-ci il tarixli, SƏ14-20/A saylı arayışdan görünür ki, İddiaçı 29.08.1983-cü ildən 26 Bakı Komissarları adına Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində işə başlamışdır və 14.11.1984-cü ilədək həmin peşədə işləmişdir. (1 il 02 ay 07 gün) 15.11.1984-cü ildən 10.06.1985-ci ilədək 26 Bakı Komissarları adına Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli yuyucu aqreqatların maşinisti peşəsində (6 ay 25 gün), 10.06.1985-ci ildən 16.01.1992-ci ilədək 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (6 il 7 ay 6 gün), 17.01.1992-ci ildən 31.03.1992-ci ilədək Ə.C.Əmirov adına Neft və qazçıxarma idarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (2 ay 15 gün) işləmişdir. 01.04.1992-ci ildən 21.09.1994cü ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (2 il 5 ay 20 gün) işləmişdir. 24.07.1998-ci ildən 02.04.2007-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexdə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (8 il 8 ay 09 gün), 02.04.2007-ci ildən 09.01.2008-ci ilədək Xüsusi texnika sexdə sex rəisinin müavini vəzifəsində (9 ay 07 gün), 10.01.2008-ci ildən 21.05.2009-cu ilədək Quyuların yeraltı təmiri və xüsusi texnika sexində sex rəisinin müavini vəzifəsində, 22.05.2009-cu ildən hal-hazıradək “Bibiheybətneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində 14-cü dərəcəli sahə rəisi vəzifəsində işləyir. Qeyd: qaldırıcının maşinisti peşəsinin əmək şəraiti ağır və zərərli peşə hesab olunduğu üçün vəzifə (tarif) maaşına əmək şəraitinə görə 12% əlavə ödəniş, yuyucu aqreqatların maşinisti peşəsinə görə 8% əlavə ödəniş təyin edilir. İşdə olan Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş 07 may 2020-ci il tarixli, 67 saylı arxiv arayışından görünür ki, İddiaçı “N.Nərimanov” adına kolxozda işləyərkən 1979-cu il üzrə minimum əmək günü norması 50 gün, qazandığı əmək günü 78 gün, adam günü 60 gün təşkil etmişdir. 1980-ci il üzrə minimum əmək günü norması 50 gün, qazandığı əmək günü 65 gün, adam günü 62 gün təşkil etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29 sentyabr 2020-ci il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, 06 mart 2007-ci il tarixli 260-İİİDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi sənədlərdən görünür ki, onun ümumi iş stajı 01 yanvar 2006-cı il tarixinədək 25 ildən az (23 il 2 ay 2 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırması dövründə İddiaçı “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas olan əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olubolmaması, olduğu halda bu barədə güzəştli arayışın verilməsi “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Socar “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli, SƏ16-05/188 saylı məktub əsasında İddiaçı “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-də işlədiyi peşələr üzrə həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilmiş siyahısına” daxil olubolmaması barədə məlumat arayış formasında məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş SƏ14-74A saylı, 03.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 29.08.1983-cü ildən 26 Bakı Komisarları adına Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində işə başlamışdır və 14.11.1984-cü ilədək həmin peşədə işləmişdir.(1il 02 ay 07 gün) 15.11.1984-cü ildən 10.06.1985-ci ilədək 26 Bakı Komisarları adına Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli yuyucu aqreqatların maşinisti peşəsində (0 il 6 ay 25 gün); 10.06.1985-ci ildən 16.01.1992-ci ilədək 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (6 il 7 ay 6 gün); 17.01.1992-ci ildən 31.03.1992-ci ilədək Ə.C. Əmirov adına Neft və qazçıxarma idarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (0 il 2 ay 15 gün) işləmişdir. 01.04.1992-ci ildən 21.09.1994-cü ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexdə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində( 2 il 5 ay 20 gün) işləmişdir. 24.07.1998-ci ildən 02.04.2007-ci ilədək Bibiheybətneft" NQÇİ-nin Xüsusi texnika sexdə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində (8 il 8 ay 09 gün); 02.04.2007-ci ildən 09.01.2008-ci ilədək Xüsusi texnika sexdə sex rəisinin müavini vəzifəsində ( 0 il 9 ay 07 gün); 10.01.2008-ci ildən 21.05.2009-cu ilədək Quyuların yeraltı təmiri və xüsusi texnika sexində sex rəisinin müavini vəzifəsində; 22.05.2009-cu ildən hal-hazıradək “Bibiheybətneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində 14-cü dərəcəli sahə rəisi vəzifəsində işləyir. Qeyd:qaldırıcının maşinisti peşəsinin əmək şəraiti ağır və zərərli peşə hesab olunduğu üçün vəzifə (tarif) maaşına əmək şəraitinə görə 12% əlavə ödəniş, yuyucu aqreqatların maşinisti peşəsinə görə 8% əlavə ödəniş təyin edilir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırda pensiyaçı deyildir. Onun 57 yaşı 20 avqust 2019-cu il tarixdə tamam olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçıya pensiya təyin edilməsindən onun ümumi iş stajının 25 ildən az təşkil etməsi əsası ilə imtina edilmişdir. Məhkəmə araşdırması dövründə cavabdehin nümayəndəsinin izahatı əsasında həmçinin müəyyən edildi ki, iddiaçının 01.01.2006-ci il tarixədək ümumi iş stajı üzrə onun 01.06.1979-cu ildən 30.10.1980-ci il tarixədək “N.Nərimanov” adına kolxozda işlədiyi dövr mübahisələndirilmiş, buna görə də onun 01.01.2006-ci il tarixədək ümumi iş stajı 23 il 2 ay 2 gün olaraq hesablanmışdır. İddiaçının qeyd olunan dövr üzrə “N.Nərimanov” adına kolxozda işləməsi Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 07 may 2020-ci il tarixli, 67 saylı arxiv arayışı əsasında öz təsdiqini tapır. Həmin arxiv arayışından görünür ki, iddiaçının stajı 1979-cu il tarixi üzrə 60 adam günü, 1980-ci il tarixi üzrə 62 adam günü təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri Gədəbəy rayon Dövlət Arxivinin 67 nömrəli 07.05.2020-ci il tarixli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir və həmin arxiv arayışındakı iş iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Digər tərəfdən arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 07 may 2020-ci il tarixli, 67 saylı arxiv arayışının mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 1979, 1980-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilənəminimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtın hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Gədəbəy rayon Dövlət Arxiv İdarəsinin verdiyi 67 saylı, 07 may 2020-ci il tarixli arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması 1979-1980-ci illərdə 50 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1979-cu ildə 78 gün, 1980-ci ildə 65 gün əmək günü işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasından artıq işləmişdir. Sözügedən illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla hesablanmalı və 1 illik dövr üzrə tam əmək stajı nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Belə ki, iddiaçının 1979-cu ildə 78 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - 78x12=936/60=15 ay 6 gün, 1980-ci ildə 65 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - 65x12=780/62=12 ay 5 gün. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının bir il üzrə 12 aydan artıq işlədiyi faktiki müddət 1 il olaraq nəzərə alınmaqla, aparılmış hesablama nəticəsində ümumi olaraq 1979-1980-ci illər üzrə 2 il iş stajına malik olduğu müəyyən edilir. Hazırki mübahisə üzrə iddiaçının 01.01.2006-cı il tarixədək olan dövr üzrə 23 il 2 ay 2 gün müddətinə ümumi sosial sığorta stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilmədiyindən və iş materiallarında olan əmək kitabçasına əsasən öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, həmin iş stajının üzərinə iddiaçının 1979 və 1980-ci illərdə “N.Nərimanov” adına kolxozda işlədiyi müddət, həqiqi hərbi xidmətdə olduğu və orta texniki peşə məktəbində təhsil aldığı müddət də nəzərə alındıqda onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması öz təsdiqini tapır. Cavabdeh tərəfindən iddiaya dair verilmiş yazılı etiraz əsasında həmçinin iddiaçının 01.01.2006-cı il tarixədək işlədiyi vəzifə və sahələrin “dəniz neftçiləri üçün” neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid olmadığı, buna görə də güzəştli iş stajına hesablanan sahələrə aid olmadığı göstərilmişdir. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq müddətə ümumi iş stajına malik olması ilə, həmin stajın 12 il 06 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olduğu müəyyən edilmişdir. Hazırki iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 29.08.1983-cü ildən 26 Bakı Komissarları adına Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində işə başlamışdır və 14.11.1984-cü ilədək həmin peşədə işləmişdir. 15.11.1984-cü ildən 10.06.1985-ci ilədək 26 Bakı Komissarları adına Neft və Qazçıxarma İdarəsinin (indiki “Bibiheybətneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli yuyucu aqreqatların maşinisti peşəsində, 10.06.1985-ci ildən 16.01.1992-ci ilədək 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində, 17.01.1992-ci ildən 31.03.1992-ci ilədək Ə.C. Əmirov adına Neft və qazçıxarma idarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexində 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində, 01.04.1992-ci ildən 21.09.1994-cü ilədək “Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexdə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində, 24.07.1998ci ildən 02.04.2007-ci ilədək Bibiheybətneft” NQÇİ-nin Xüsusi texnika sexdə 5-ci dərəcəli qaldırıcının maşinisti peşəsində, 02.04.2007-ci ildən 09.01.2008-ci ilədək Xüsusi texnika sexdə sex rəisinin müavini vəzifəsində, 10.01.2008-ci ildən 21.05.2009-cu ilədək Quyuların yeraltı təmiri və xüsusi texnika sexində sex rəisinin müavini vəzifəsində, 22.05.2009-cu ildən hal-hazıradək “Bibiheybətneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində 14-cü dərəcəli sahə rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (kod ********) bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı (kod ********) a) fəhlələr yarımbəndində 2130200a-14012 kodlu qaldırıcıların maşinistlər peşəsinə uyğundur və həmin peşələr üzrə iddiaçının güzəştli iş stajı 01.01.2006-cı il tarixədək 12 il 6 aydan artıq müddəti təşkil edir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə ona 57 yaşı tamam olduğu 20 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 20 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2833/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2833/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver