Məhkəmə qərarları › İş №2-1(112)-2833/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2833/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2833/2022 13.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (baş hüquqşünas, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Bakı Dövlət Sirkinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Dövlət Sirki cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 24 sentyabr 2021-ci il tarixli **********779400 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Dövlət Sirkinin 2021-ci il avqust ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi, 09 sentyabr 2021-ci il tarixli **********986300 saylı kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubda, göstərilmişdir ki, müəssisənin 06 sentyabr 2021 -ci il tarixində təqdim etdiyi bəyannamədə, hesabatda göstərilən səbəblərdən kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır: təqdim edilmiş bəyannamə məlumatlarına, əsasən, əvəzləşdirmə üçün təqdim edilmiş, EBBH seriyalı 181190 nömrəli elektron qaimə-fakturası üzrə "xxxx" MMC-ə 25,66 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə- fakturası üzrə əvəzləşdirmə aparıla bilməz. Adı çəkilən qaimə-fakturaya əsasən bütün ƏDV məbləği ödənilmişdir, müvafiq sənədlər bəyannaməyə əlavə edilmişdir və əvəzləşdirmədə göstərilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş, EBBH seriyalı 181190 nömrəli elektron qaiməfaktura üzrə müəssisənin borcu 232,17 manat, ƏDV-si 41,79 manat göstərilmişdir. Müəssisə tərəfindən 209,73 manat əsas borc və bu məbləğin 37,75 manat ƏDV məbləği tam olaraq ödənilmişdir. İddiaçı tərəfindən 22,44 manat borc qaldığından, onun 4,04 manat ƏDV-si bəyannamədə əvəzləşdirilməmişdir. Göründüyü kimi, ödənilmiş borcun ƏDV-si ödənilmişdir, qalıq borcun ƏDV-si isə borc ödənildikdə əvəzləşdiriləcəkdir. Bu da ki, tam olaraq qanunvericiliyə müvafiqdir. İkinci səbəb olaraq məktubda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi bəyannamənin 308-ci “VM 175.1-ci maddəsinə, əsasən, alınmış elektron qaimə-fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ” sətrində 317,53 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 293,52 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1057/2021 nömrəli 07 aprel 2021-ci il tarixli qanunu qüvvəsinə almış məhkəmə qətnaməsinə əsasən Bakı Dövlət Sirkinin cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilmiş, hesablanmış borcun 182,4 manat hissəsi saxlanılmaqla, qalan 1289,6 manat hissəsi isə əsassız hesablandığından silinmişdir. Qanunvericiliyə, əsasən, qanuni qüvvəsinə almış məhkəmə qətnaməsi ilə silinmiş borcun, əsasını təşkil edən qaimə-fakturaları etibarsız sayılır. Bu səbəbdən məhkəmənin qətnaməsi ilə, Bakı Dövlət Sirkinə hesablanmış 182,4 manat borcun ƏDV hissəsi olaraq 24,01 manat ödənilmişdir. Bu məbləğin əsasını məhkəmənin qətnaməsi təşkil edir. Bununla da yoxlama zamanı əmələ gələn 24,01 manat məbləğində pul vəsaiti kənarlaşma yaranmış kimi vergi xidməti tərəfindən qiymətləndirilmişdir. 16 sentyabr 2021ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər İdarəsinə, qeyd edilən faktlarla bağlı müvafiq məktub göndərilmişdir. Lakin, Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin 24 sentyabr 2021-ci il tarixli vergilərin, sosial-sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********779400 qərarı ilə, Bakı Dövlət Sirkinə 50,05 manat əlavə vergi hesablanmışdır. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Bakı Dövlət Sirki tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBBH seriyalı 27.08.2021-ci il tarixli 181190 nömrəli elektron qaimə-fakturası üzrə "xxxx" MMC-yə 25,66 manat ƏDV məbləği ödənilmədiyi üçün, həmin elektron qaimə-fakturası üzrə əvəzləşdirmə aparıla bilməz. Bundan əlavə, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 308-ci "VM 175.1ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab- fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 317,53 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğinin cəmi 293,52 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə 09.09.2021-cı il tarixli **********986300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 50,05 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24.09.2021-ci il tarixli **********779400 nömrəli qərar vergi ödəyicinə göndərilmişdir. Bakı dövlət Sirkinin şəxsi hesab vərəqəsindən göründüyü kimi 01.11.2021-ci ıl tarixə dövlət büdcəsinə ödənilməmiş borcu yoxdur və 2.559,43 manat artıq ödəməsi var. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24.09.2021-ci il tarixli **********779400 nömrəli qərarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan 24 sentyabr 2021-ci il tarixli **********779400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin avqust ayına əlavə dəyər vergisi üzrə 50,05 manat məbləğində əlavə vergi hesablanmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicısindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən 24 sentyabr 2021-ci il tarixli **********779400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 2021-ci ilin avqust ayına əlavə dəyər vergisi üzrə 50,05 manat məbləğində əlavə vergi hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir. Belə ki, iddiaçı, mübahisələndirilən qərarda göstərilən vergi borcunun hesablanmasına əsas olan halları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İnzibati akt qəbul edilərkən Qanunun tələblərinə əməl olunmuş, inzibati aktın ləğv edilməsi üçün əsas müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1 barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2 barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3 şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar