Məhkəmə qərarları › İş №2-1(112)-2836/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2836/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2836/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehiyata buraxılma vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ordu onun xx.xx.2022-ci il tarixli raportuna əsasən AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (‘'öz arzusu ilə” maddəsi ilə) ehiyata buraxılması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o artıq 20 ildən çoxdur ki, AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. 17-ci ildir ki, zabit kimi həqiqi hərbi xidmət keçir. Hazırda N №-li hərbi hissədə “mayor” hərbi rütbəsində “hərbi-nəqliyyat eskadrilyasının komandiri müaviniqərargah rəisi” vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə AR Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi Xidmət Keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin raportu qeydiyyata alınmamış və cavablandırılmamışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə AR Müdafiə Nazirliyinə, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanına etibarnamə üzrə səlahiyyətli nümayəndə vasitəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın N №-li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və onun həmin raportuna uyğun olaraq “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq göstəriş verilməsini xahiş edib. Lakin bu müraciətləri də cavabsız və nəticəsiz qalmışdır. Hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə utulmuş müraciət etmə və hərbi xidmətdən ehtiyata buraxılma hüquqlarım cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur.

3. Cavabdeh orqan iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı mayor İddiaçı xx.xx.1984-cu il tarixdə anadan olmuşdur. 2006-ci ildə Ali Hərbi Təyarəçilik Məktəbini bitirmişdir. Həmin vaxtdan Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə hərbi nəqliyyateskadrilyasının komandirinin müavini-qərərgah rəisi vəzifəsində xidmət edir. Qeyd etmək lazımdır ki, iddiaçı mayor İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 17 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda mayor İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son vas həddi kiçik zabitlər (o cümlədən, mayor, polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Ordusu tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi gənc zabitlərin hazırlıq prosesində mənfi nəticələrə gətirib çıxarar. Bu da Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. Nəticədə, Azərbaycan Respublikasının mənafeyinin, suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün yaradılmış Azərbaycan Ordusu qarşısında Azərbaycan Respublikası Prezidenti-Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən qoyulan əmr və tapşırıqların tam, dəqiq və vaxtında yerinə yetirilməsinə təsir göstərə bilər. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Ordusu ehiyata buraxılmasına dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan iddiaçının ehtiyata buraxılması ilə əlaqədar inzibati icraat materiallarında olan N nömrəli hərbi hissənin komandirinə təqdim olunması üçün yazılmış raportlarının surətlərindən görünür ki, iddiaçının izahatı alınmış və onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması qanunauyğun olduğu göstərilmişdir.

5. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, iddiaçı qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmuşdur.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də baxış iclasında cavabdehin nümayəndəsi iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

8. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

9. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə hərbi hissənin komandanlığına müraciət etmiş (xx.xx.2022-ci il tarixdə çatdırılıb), lakin ehtiyata buraxılması üçün yuxarı komandanlığa müvafiq təqdimat göndərilməmiş, göndərilməmə səbəbləri barədə ona məlumat verilmədiyi üçün xx.xx.2022-ci il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

11. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

12. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddia “məcburetmə” növündə iddiaya aiddir və mübahisə hərbi qulluqçu kimi onunla inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti hüquq münasibətlərindən yarandığından, işin aidiyyəti İPM-in 8.1.3-cü maddələrinə uyğun həll edilməlidir.

13. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci bəndinin 5-ci hissəsinə əsasən, xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir.

14. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

15. İddiaçının təqdim etdiyi Abşeron rayon Mənzil İstismar sahəsinin 1N saylı komendant sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, o, həqiqətən Xəzər rayonu, Qala qəsəbəsi N nömrəli hərbi hissənin yerləşdiyi N saylı şəhərcikdə ev 2, mənzil 3 qeydiyyatındadır yaşayır.

16. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə Bakı inzibati Məhkəməsində müraciət etməkdə haqlı olmuşdur.

17. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

18. İddiaçıya N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, o həqiqətən xx.xx.2006-cı il tarixindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmətdədir.

IV. Məhkəmənin mövqeyi

19. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunundan: 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş. 30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur:

Hərbi qulluqçuların və Hərbi rütbələr hərbi vəzifəlilərin tərkibi Ümumqoşun Hərbi Dəniz Əsgərlər və matroslar Əsgər (kursant) Matros (kursant) Baş əsgər Baş matros Çavuşlar Kiçik çavuş Kiçik çavuş Çavuş Çavuş Baş çavuş Baş çavuş Gizirlər və miçmanlar Kiçik gizir Kiçik miçman Gizir Miçman Baş gizir Baş miçman Zabitlər: Kiçik leytenant Kiçik leytenant Kiçik zabitlər Leytenant Leytenant Baş leytenant Baş leytenant Kapitan Kapitan-leytenant Baş zabitlər Mayor 3-cü dərəcəli kapitan Polkovnik-leytenant 2-ci dərəcəli kapitan Polkovnik 1-ci dərəcəli kapitan Ali zabitlər General-mayor Kontr-admiral General-leytenant Vitse-admiral General-polkovnik Admiral Ordu generalı 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;

20. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən:

8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.

155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir.

156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.

21. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir, 4-cü bəndinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.

22. İddiaçının raportu ilə bağlı aparılmış inzibati araşdırma materialları məhkəməyə təqdim edilmişdir. İddiaçının raportuna əsasən N nömrəli hərbi hissənin hərbi nəqliyyat eskadrilyasının (İL-76) komandirinin müavini-qərargah rəisi vəzifəsində xidmət edən mayor İddiaçı ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq istədiyinə görə fərdi söhbət aparılmış, söhbət zamanı bildirmişdir ki, şəxsi ailə problemi olduğu üçün bu barədə danışmaq istəmir. Hərbi hissənin rəhbərliyi tərəfindən onun xidmətinə heç bir çətinlik və ya hər hansı maneə yaradılmadığını qeyd etmişdir, hərbi hissənin rəhbərliyindən onun ehtiyata buraxılması işinin tezləşdirilməsini xahiş etmişdir. Bundan əlavə olaraq fikrinin qəti olduğunu bildirmiş və hərbi xidmətini davam etdirmək üçün heç bir köməkliyə və ya dəstəyə ehtiyacı olmadığını qeyd etdi. Sonda isə heç bir şikayət və təklifi olmadığını bildirdi.

23. N nömrəli hərbi hissənin təhqiqatçısı tərəfindən hərbi hissənin komandirinə ünvanlanmış raporta əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunauyğundur.

24. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı raport yazdığı xx.xx.2022-ci il tarixə zabit kimi ən azı 16 il xidmət etmişdir. Odur ki, onun azı 10 il xidmət etmiş zabit kimi öz arzusu ilə ehtiyata buraxılmaq hüququ vardır.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. N nömrəli hərbi hissənin hərbi nəqliyyat eskadrilyasının (İL-76) komandirinin müaviniqərargah rəisi vəzifəsində xidmət edən mayor - İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar