Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2837/2020 09.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 mənzil 22 ünvanında qeydiyyatda olan) iştirakı ilə, Cavabdehin nümayəndəsi Həmidova Fatimə Rövşən qızının (Astara rayonu, Ərçivan qəsəbəsi ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə “pensiyanın təyin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı İddiaçı əmək pensiyası almaq hüququ yarandığı gündən, yəni xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və xx.xx.2019-cu il tarixdən ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. xx.xx.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2005-ci il tarixinə qədər müxtəlif orqan və təşkilatlarda işləmişdir. Ümumilikdə 31 il siğorta stajı vardır. Əmək fəaliyyətinin 6 ilə yaxın müddətində Azərbaycan-Gürcüstan "xxxx’' birgə müəssisəsində işləmişdir. Belə ki, Azərbaycan-Gürcüstan “xxxx” birgə müəssisəsinin xx.xx.1999-cu il tarixli əmri ilə baş mühəndis vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə Müəssisə bağlanmışdır. İddiaçı Müəssisənin xx.xx.2005-ci il tarixli 121 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. İşə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə ƏƏSMN yanında DSMF-nun Xətai rayon şöbəsinə pensiya təyin edilməsi barədə müraciət etmişdir. Lakin, İddiaçı müraciət etdiyi vaxt kifayət qədər əmək stajı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Belə ki, cavabdeh ƏƏSMN yanında DSMF-nun Xətai rayon şöbəsinin xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən, İddiaçı iş stajı olmadığı üçün pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, Azərbaycan-Gürcüstan “xxxx” birgə müəssisəsində çalışdığı müddəti müəyyən etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanlarm qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1 -ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1 -ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 31.1 -ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı əmək pensiyası almaq hüququ yarandığı gündən, yəni xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və 01 tarixindən ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh ƏƏSMN yanında DSMF-nun Xətai rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı əmək pensiyası almaq hüququ yarandığı gündən, yəni xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh ƏƏSMN yanında DSMF-nun Xətai rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş, -iddiaçıya məxsus Əmək Kitabçasının Azərbaycan dilinə tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə birinci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1974-cü ildə Sovet Ordusunun sıralarına çağırılması səbəbi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1978-ci ildə “Muğanmeliosutikinti” TQİ- 16 trestinə ikinci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1978-ci ildə bənna peşəsi verilmiş, xx.xx.1978-ci ildə ştat ixtisarı səbəbi ilə işdən azad edilmiş, xx.xx.1978-ci ildə Hacıqabul aeroportunun hərbiləşdirilmiş mühafizə komandasının atıcı-yanğınsöndürən vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə Hacıqaul aeroportunun hərbiləşdirilmiş mühafizə komandasının qarovul rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1979-cu ildə təhsillə bağlı Azərbaycan SSR ƏHQM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azd edilmiş, xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilədək Həştərxan balıq sənayesi və təsərrüfatı institutunda təhsil almış, xx.xx.1984-cü ildə konserv sexinin ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə Bakı Balıq Soyuducu Donanmasının sərəncamına verilmiş, xx.xx.1985-ci ildə isehsalat şöbəsinin baş mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1985ci ildə istehsalat şöbəsinin rəisinin v.m.i.e vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci ildə konserv zavodunun rəisinin v.m.i.e vəzifəsinə təyin edilmişdir. xx.xx.1986-cı ildə köçürmə qaydasında Bakı Balıq Soyuducu Donanma İdarəsinə istehsal şöbəsinin rəisinin v.m.i.e t vəzifəsinə təyin edilmişdir. xx.xx.1986-cı ildə istehsalat şöbəsinə baş mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə istehsalat şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin edilmiş, xx.xx.1988-ci ildə “Hövsan balıqçısı” SRTM balıqçılıq ustası vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə tədarük resurslarının istifadəsi, nəqliyyat və kooperativlər şöbəsinin İ dərəcəli mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə sosial inkişaf üzrə sektorun İİ dərəcəli mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.1989-cu ildə sosial məsələlər üzrə sektorun İİ dərəcəli mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.19990-cı ildə Birliyin yenidən təşkili və birləşdirilmiş aparatın yaradılması səbəbilə köçürmə qaydasında istehsalat texniki şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı ildə müvəqqəti olaraq istehsalat-texniki şöbənin aparıcı mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə istehsalat-texniki şöbənin baş mütəxəssisinin vəzifəsini icra edən vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə Elmi-texniki inkişaf, əməkdaşlıq, istehsalat və satış şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildə “Balıqsatış” İdarəsinin rəisi vəzifəzi müvəqqəti olaraq həvalə edilmiş, xx.xx.1994-cü ildə “Balıqsatışı” İdarəsinin rəisinin vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci ildə Bakı balıq Soyuducu donanması İdarəsinin rəisi vəzifəsinə köçürülmə yolu təyin edilmiş, xx.xx.1995-ci ildə Bakı Balıq Soyuducu Donanması İdarəsinin rəisi vəzifəsinə köçürülə yolu ilə təyin edilmiş, xx.xx.1995-ci ildə həmin idarədə rəisin birinci müavini vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və “Bazar islahatlarına hazırlıq” qrupunun rəisi vəzifəsinə köçürülmə yolu ilə təyin edilmişdir. xx.xx.1966-cı ildə istehsalat texniki şöbəsinə baş mütəxəssis vəzifəsinə köçürülmüşdür. xx.xx.1997-ci ildə Azərbaycan Respublikası ƏQMnin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1997-ci ildə “xxxx” Azərbaycan-Gürcüstan birgə müəssisəsinə baş direktor vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə tutduğu vəzifədən azad edilmiş və köçürmə yolu ilə “Aqrarsənaye” firmasına köçürmə yolu ilə Baş direktor vəzifəsinə təyin edilmişdir. xx.xx.1998-ci ildə “Azərbalıq” Azərbaycan-Gürcüstan birgə müəssisəsində baş direktor vəzifəsinə qaytarılmış, xx.xx.1998-ci ildə Aqrosənaye Firmasının Baş Direktor vəzifəsinə köçürülmə yolu ilə təyin edilmiş, xx.xx.1999-cu ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad eilmiş, xx.xx.1999-cu ildə “xxxx” Azərbaycan- Gürcüstan birgə müəssisəsinə baş mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad eilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli imtina məktubu ilə iddiaçının müraciətinə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı komissiyasında baxılaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad etmiş, qeyd olaraq həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddinin 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırıldığı, iddiaçının tələb olunan yaş stajının olmadığı qeyd olunaraq ərizənin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla, iddiaçının tələbi əsaslıdır və ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki halda iddiaçı xx xxx 2019-cu il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsini tələb edir. Göründüyü kimi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı X4 əmək kitabçası və əmək kitabçası olmadığı halda isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. İş mateiallarında olan iddiaçıya məxsus əmək kitabçasından iddiaçının xx.xx.1999cu ildən xx.xx.2005-ci ilədək “xxxx” Azərbaycan-Gürcüstan birgə müəssisəsində mühəndis, direktor vəzifələrində işləməsi müəyyən edilmişdir. Lakin cavabdeh həmin dövr üzrə iddiaçının iş stajının qarşılıqlı yoxlanılması mümkün olmadığına görə iddiaçının 25 il sığorta stajına malik olmaması səbəbilə imtina edilmişdir. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin cavabdehə ünvanladığı hüquqi şəxs barədə məlumatdan müəyyən edilir ki, Azərbaycan-Gürcüstan «xxxx» Birgə Müəssisəsi xx.xx.1997-ci il tarixdən dövlət qeydiyyatına alınmış, lakin hüquqi şəxsin fəaliyyət göstərməsi barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 5/392 saylı məktubla bildirilmişdir ki, Azərbaycan-Gürcüstan “xxxx” birgə müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin iddiaçıya ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli, 18/S-340 saylı məktubda bildirilmişdir ki, iddiaçının işlədiyi Azərbaycan-Gürcüstan “xxxx” birgə müəssisəsinin arxiv sənədləri geoloji informasiya fonduna təhvil verilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1999-cu ildən “xxxx” Azərbaycan- Gürcüstan birgə müəssisəsinə baş mühəndis vəzifəsinə təyin edildiyi, xx.xx.2005-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad eildiyi müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş X1 və xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən müəyyən edilir ki, X2 ayrı-ayrı illərdə iddiaçı ilə Azərbaycan-Gürcüstan «xxxx» Birgə Müəssisəsində birgə işləmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1997-ci ildə “xxxx” Azərbaycan-Gürcüstan birgə müəssisəsinə baş direktor vəzifəsinə təyin edildiyi, xx.xx.1998-ci ildə köçürmə yolu ilə “Aqrarsənaye” firmasına köçürmə yolu ilə Baş direktor vəzifəsinə təyin edildiyi, xx.xx.1998-ci ildə “Azərbalıq” Azərbaycan-Gürcüstan birgə müəssisəsində baş direktor vəzifəsinə qaytarıldığı, xx.xx.1998-ci ildə Aqrosənaye Firmasının Baş Direktor vəzifəsinə köçürülmə yolu ilə təyin edildiyi, xx.xx.1999-cu ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən həmin vəzifədən azad edildiyi, xx.xx.1999-cu ildə “xxxx” Azərbaycan-Gürcüstan birgə müəssisəsinə baş mühəndis vəzifəsinə təyin edildiyi, xx.xx.2005-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə göstərilən əsaslarla iddiaçının işlədiyi illərin ümumi iş stajına hesablanmamasının əsassız olduğu və həmin dövrün ümumi iş stajına hesablanmalı olduğu qənaətində olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin qeyd hissəsini nəzərə alaraq məhkəmə qeyd edir ki, yaşa görə əmək pensiyası təyin edilməsi üçün 2019-cu ilin yanvar ayının 1-də kişilərin yaş həddi 64 yaş olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 64 yaşı xx.xx.2019-ci ildə tamam olmuşdur. İddiaçının xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilədək Azərbaycan-Gürcüstan «xxxx» Birgə Müəssisəsi”ndə mühəndis vəzifəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, onun ümumi sosial sığorta stajı həqiqi hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 31 il 03 ay 8 gün təşkil edir. Bu da iddiaçının qanunla tələb olunan minimum sosial sığorta stajından artıq staja malik olduğunu, onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Məhkəmə qeyd edir ki, cavabehin imtinası iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə olmaqla, belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 64 yaşı tam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 64 yaşı tam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilərək hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2837/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2837/2020
09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver