Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2837/2021 27.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" açıq səhmdar cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensassiya” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" açıq səhmdar cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə, “kompensassiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi müraciət edərək, "xxxx" ASC-nin Göyçay filialı ilə aralarında bağlanmış müqavilə üzrə yaranmış 6.120,59 ABŞ dolları borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunmasına köməklik edilməsini xahiş etmişdir. Müraciəti "xxxx" MMC tərəfindən 27.08.2020-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına çatdırılmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, müraciət Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən araşdırılmamış, cavab göndərilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, "xxxx" ASC-nin Göyçay filialı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Belə ki, "xxxx" ASCnin Göyçay filialı ilə aralarında bağlanmış 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak tələblərinin ödənilməsi məqsədi ilə illik faiz dərəcəsi 25 olmaqla 36 ay müddətinə 6.400 ABŞ dolları kredit vermişdir. Kredit borcu ABŞ dolları ilə olduğundan devalvasiya nəticəsində o, öz öhdəliyini lazımi qaydada icra edə bilməmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. "xxxx" ASC-nin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinin həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara gorə Fərmanın təsiri altına düşür. Fərmanın 5-ci bəndinə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Belə ki, "xxxx" ASC-nin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış müqavilə 15 yanvar 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmış, həmin müqavilə əsasında 6400 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin ödənilməmiş əsas məbləği hazırda "xxxx" ASC-nin iddia etdiyi kimi 6120,59 ABŞ dolları təşkil edir. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən, fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və onlardan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddia tələbinə dair 09.12.2020-ci il tarixli 16-04756-2020 yazılı münasibəti məhkəməyə daxil olmuşdur. Cavabdeh iddiaya dair mülahizəsində göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar əsasında "xxxx" ASC ilə bağlanmış 15.01.2015-ci il (6.400,00 ABŞ dolları dəyərində) və 31.03.2015-ci il tarixli kredit müqavilələri (6.290,00 ABŞ dolları dəyərində) ilə bağlı məlumatlar düzgün ötürülsə də, "xxxx" ASC ilə bağlanmış 14.08.2012ci il tarixli kredit müqaviləsi barədə məlumatlar qeyri-dəqiq ötürüldüyündən vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsnə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Eyni zamanda qeyd edilmişdir ki, məhkəmə mübahisəsinin daha çevik və hərtərəfli araşdırılması, habelə iddiaçının tələbi üzrə yekun mövqeyin bildirilməsi məqsədilə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 14.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas kredit borclarını əks etdirən ssuda hesabından çıxarışın, baş vermiş devalvasiya günlərinə (21.02.2015-ci və 21.12.2015-ci il tarixlərinə günün əvvəlinə) və hazırki günə əsas kredit borcunun qalıq məbləği barədə müvafiq arayışın təqdim edilməsinə dair həmin kredit təşkilatına məhkəmə sorğusunun göndərilməsinə zərurət vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş tərəflər və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, iddiaçı teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh və üçüncü şəxs isə gəlmədikləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin və ücüncü şəxsin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1979-cu ildə Göyçay rayonunda doğulmuş İsayev X1 şəhəri Nəsimi küç., d 2, ev 25 ünvanda qeydiyyatdadır. 15.01.2015-ci il tarixli 020CASA150150002 nömrəli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, "xxxx" ASC-nin Göyçay filialı (Kredit verən) ilə İddiaçı (“Borcalan”) arasında 15.01.2015-ci il tarixdə bağlanmış 020CASA150150002 saylı kredit müqaviləsinə əsasən “Kredit verən” tərəfindən “Borcalan”a illik 25 faiz olmaqla, 36 ay müddətinə 6.400 (altı min dörd yüz ) ABŞ dolları kredit verilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən cavablandırılmamışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - "xxxx" ASC-nin Göyçay filialı tərəfindən verilmiş 914 saylı 11.06.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı adına ABB Göyçay filialında 21.02.2015-ci il tarixə 2.329 USD, 21.12.2015-ci il tarixə isə 709.09 USD kredit borcu olmuşdur. Hal hazırda sözügedən şəxsin adına ABB Göyçay filialında heç bir borc yoxdur. - "xxxx" ASC-nin Göyçay filialı tərəfindən verilmiş 911 nömrəli 03.06.2021-ci il tarixli arayışda göstərilmişdir ki, "xxxx" ASC-nin Göyçay filialı ilə İddiaçı arasında bağlanmış 14.08.2012-ci il tarixli “256TRLF122270001” saylı kredit müqaviləsinə əsasən (h/n: ********************) 3.800 (üç min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu Banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İddiaçı həmin kredit üzrə 03.06.2021-ci il tarixinə Bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyil. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış 29.06.2021-ci il tarixli 16-02491-2021 nömrəli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar əsasında "xxxx" ASC ilə bağlanmış 15.01.2015-ci il (6.400,00 ABŞ dolları dəyərində) və 31.03.2015-ci il tarixli kredit müqavilələri (6.290,00 ABŞ dolları dəyərində) ilə bağlı məlumatlar düzgün ötürülsə də, "xxxx" ASC ilə bağlanmış 14.08.2012ci il tarixli kredit müqaviləsi barədə məlumatlar qeyri-dəqiq ötürüldüyündən vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsnə düşən şəxslrin siyahısına əlavə edilməmişdir. Hazırda "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda göstərilmişdir ki, 14.08.2012-ci il tarixli sözügedən kredit müqaviləsi İddiaçı ilə bağlanmış və sonuncunun birinci devalvasiya gününə (21.12.2015-ci il tarixə) 709,09 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuşdur. Hal-hazırda həmin müqavilə üzrə bütün öhdəliklər icra edilmişdir. Beləliklə, İddiaçı ilə “Bank Respublika" ASC arasında bağlanmış 15.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə birinci devalvasiya gününə 6.283,24 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olduğundan Fərmanın 1.1-ci bəndinə əsasən bu hissədə 1.570,81 manat kompensasiya, 31.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə ikinci devalvasiya gününə 6.120,96 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olduğundan Fərmanın 1.2-ci bəndinə görə bu hissədə 3.672,57 manat kompensasiya olmaqla, cəmi 5.243,38 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Eyni zamanda qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumatlara əsasən tərəflər arasında bağlanmış 14.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə də kompensasiyanın hesablanması mümkündür. Belə ki, həmin bank tərəfindən təqdim olunmuş sənədlərə əsasən iddiaçının birinci devalvasiya gününə 2.329,73 ABŞ dolları və ikinci devalvasiya gününə 709,09 ABŞ dolları məbləğində əsas borclarının olduğu nəzərə alınarsa, bu müqaviləyə əsasən cəmi 1.007,88 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı barəsində kredit məlumatlarının cavabdeh inzibati orqana qeyri-dəqiq göndərilməsi səbəbindən Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı onun barəsində tətbiq edilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin tərəfindən imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə İddiaçı "xxxx" ASC-nin Göyçay filialı ilə bağladığı 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə iddiaçı xx.xx.1979-cu il təvəllüdlü İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin Göyçay filialı ilə bağladığı 15 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiyanın hesablanması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2837/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2837/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver