Məhkəmə qərarları › İş №2-1(112)-2837/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2837/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2837/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “qərarın qanunsuz hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Filialın 2016-2019-cu illəri əhatə edən dövr ərzində müvəqqəti idxal gömrük proseduru altında ümumilikdə 32 sayda gömrük bəyannamələri üzrə idxal edilmiş mallara görə cəmi 6.139.858,72 manat məbləğində borcun (4.609.159,65 manat müvəqqəti idxalın aylıq ödənişləri, 50,15 manat gömrük rüsumları, 211,17 manat əlavə dəyər vergisi və 1.530.317,75 manat miqdarında dəbbə pulu üzrə) müəyyən edilməsi və tutulması ilə bağlı Cavabdehin 2 sentyabr 2022-ci il tarixli 1000-160/0xx-xx/015334 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. İddia tələbi “Filialın 2016-2019-cu illəri əhatə edən dövr ərzində müvəqqəti idxal gömrük proseduru altında ümumilikdə 32 sayda gömrük bəyannamələri üzrə idxal edilmiş mallara görə cəmi 6.139.858,72 manat məbləğində borcun (4.609.159,65 manat müvəqqəti idxalın aylıq ödənişləri, 50,15 manat gömrük rüsumları, 211,17 manat əlavə dəyər vergisi və 1.530.317,75 manat miqdarında dəbbə pulu üzrə) müəyyən edilməsi və tutulması ilə bağlı cavabdehin 2 sentyabr 2022-ci il tarixli 1000-160/0xx-xx/015334 nömrəli inzibati aktı ilə müəyyən edilmiş hesablamalarına aid hərəkətlərin qanunsuz hesab edilməsinə dair qərar çıxarılması” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış 2 sentyabr 2022-ci il tarixli 1000-160/0xx-xx/015334 saylı məktubu ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249.1 və249.2-ci maddələrinə istinad edərək Filial tərəfindən 2016-2019-cu illəri əhatə edən dövrdə Bakı Baş Gömrük İdarəsi, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş mallara dair ümumilikdə 32 gömrük bəyannaməsi üzrə cəmi 6.139.858,72 manat məbləğində borcun (4.609.159,65 manat müvəqqəti idxalın aylıq ödənişləri, 50,15 manat gömrük rüsumları, 211,17 manat əlavə dəyər vergisi və 1.530.317,75 manat miqdarında dəbbə pulu) yaranmasının müəyyən edildiyini bildirmiş, həmin borcun Filial tərəfindən ödənilməsi ilə bağlı qısa müddətdə borcun ödənilməsinin təmin edilməsi barədə Filiala göstəriş vermiş, əks təqdirdə isə gömrük borcunun icra (ödəniş) sənədi əsasında Filialın bank hesabından tutulmaqla təmin edəcəyini bildirmişdir. Aşağıda qeyd olunan dəlil və sübutları əsas tutaraq hesab edilmişdir ki, Cavabdehin borcun yaranması və tutulması barədə qərarı əsassız və qanuna zidd olduğuna görə ləğv edilməlidir. Filial Azərbaycan Respublikasında 2011-ci ildən etibarən fəaliyyət göstərir və onun əsas fəaliyyəti hasilatın pay bölgüsü haqqında sazişlər üzrə fəaliyyət göstərən şirkətlərə qısa müddətli müqavilələr üzrə dəniz nəqliyyatı xidmətlərinin göstərilməsindən ibarətdir. Filial bu məqsədlə ölkəyə dəniz nəqliyyatı vasitələrinin 1 (bir) ildən artıq olmayan müddətə müvəqqəti idxalını həyata keçirir. Filial fəaliyyət göstərdiyi bütün müddət ərzində müvəqqəti idxal etdiyi mallara dair qanunvericiliyə uyğun qaydada gömrük bəyannamələrini müvafiq gömrük orqanlarına təqdim etmiş və bu cür gömrük bəyannamələri həmin orqanlar tərəfindən təsdiq edilmişdir. Filial tərəfindən müvəqqəti idxal edilən malların müvəqqəti idxal müddəti 1 (bir) ildən artıq olmadığı və uzadılmadığı üçün qanunvericiliyə əsasən həmin mallar gömrük rüsumlarından və vergilərdən, o cümlədən müvəqqəti idxalın aylıq ödənişlərindən azaddır. 2019-cu ilin sentyabr ayından etibarən Cavabdeh müvəqqəti idxal müddəti 1 (bir) ildən artıq olmayan mallar ilə bağlı yeni yanaşmanın yarandığını, yəni həmin mallara gömrük rüsumlarının və vergilərin, o cümlədən aylıq ödənişlərin dərhal tətbiq edildiyini bildirmişdir. Qeyd edilmişdir ki, həmin tarixdən etibarən İddiaçı tərəfindən hər hansı mal müvəqqəti idxal proseduru altında bəyan edilməmişdir. Cavabdeh 2 sentyabr 2022-ci il tarixli 1000-160/0xx-xx/015334 saylı məktubu ilə İddiaçı tərəfindən 2016-2019-cu illəri əhatə edən dövr ərzində müvəqqəti idxal edilən mallara münasibətdə faktiki olaraq 6 il keçdikdən sonra gömrük rüsumları və vergiləri, o cümlədən müvəqqəti idxalın aylıq ödənişlərini tətbiq etmiş və borcun yarandığını bildirmişdir, borcun ödənilməsi barədə Filiala göstəriş vermiş, habelə icra sənədi əsasında borcun ödənilməsinin Filialın bank hesabından məcburi tutulmaqla təmin ediləcəyi barədə xəbərdarlıq etmişdir. Qeyd olunduğu kimi, Filialın fəaliyyət göstərdiyi 10 ildən artıq müddətdə, o cümlədən Qaydaların qüvvəyə mindiyi 2013-cü ildən etibarən Cavabdeh Qaydaların 7.4-cü bəndinə əsasən 1 (bir) ilə qədər müvəqqəti idxal edilən mallara gömrük rüsumlarını və vergiləri, o cümlədən müvəqqəti idxalın aylıq ödənişlərini tətbiq etməmiş, bununla bağlı sahibkarlıq subyektlərinə (o cümlədən Filiala) borcun yaranması barədə hər hansı məlumat verməmiş, bu cür borcun ödənilməsini tələb etməmiş və borcun məcburi tutulması ilə bağh qanunvericiliklə nəzərdə tutulan hər hansı təminat tədbiri həyata keçirməmişdir. Bunun sübutu olaraq İddiaçı tərəfindən 2013-2016-cı dövrlər üzrə müvəqqəti idxal proseduruna dair 16 sayda gömrük bəyannamələri, həmçinin müvəqqəti idxal olunan mallara münasibətdə gömrük rüsumlarının və vergilərin tətbiqi ilə bağlı praktikaya dair gömrük brokeri tərəfindən verilmiş məktub çıxış edir (müvafiq bəyannamələr və məktub əlavə olunur). Göründüyü kimi, 2013-2016-cı dövrlər üzrə gömrük bəyannamələri Cavabdehin borcun hesablanması üçün əsas götürdüyü Gömrük Bəyannamələri ilə eynidir. Eyni zamanda, gömrük brokerinin verdiyi məktubdan da görünür ki, 2019-cu ilin sentyabr ayınadək müvəqqəti idxal müddəti 1 ilədək olan mallar gömrük orqanları tərəfindən gömrük rüsumlarından və vergilərdən, aylıq ödənişlərdən azad hesab edilirdi. Beləliklə, Cavabdeh uzun müddət ərzində Qaydaların 7.4-cü bəndini 1 (bir) ilə qədər müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən, o cümlədən müvəqqəti idxalın aylıq ödənişlərindən azad edilməsi istiqamətində tətbiq etmiş, nəticədə Cavabdehin həyata keçirdiyi bu cür davranış inzibati praktikaya çevrilmiş və İddiaçıda belə praktikanın qanuna uyğun olmasına dair etimad yaratmışdır. Bu səbəbdən, İddiaçı sözügedən müddət ərzində öz sahibkarlıq fəaliyyətini və dövlət büdcəsi qarşısında öhdəliklərini Cavabdehin Qaydaların 7.4-cü bəndinə əsaslanaraq illərdir tətbiq etdiyi inzibati praktikaya uyğun həyata keçirmişdir.

4. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olan İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışı verilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Eyni zamanda Məcəllənin 249.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət (3 il) ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Bildirilmişdir ki, Caspian Marine Services Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Bakı Baş Gömrük İdarəsi, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş mallara dair gömrük bəyannamələri üzrə ümumilikdə 6.139.858,72 manat o cümlədən: müvəqqəti idxalın aylıq ödənişləri üzrə 4.609.159, 65 manat, gömrük rüsumları üzrə 50,15 manat, əlavə dəyər vergisi üzrə 211,17 manat, gömrük yığımları üzrə 120,00 manat və dəbbə pulu üzrə 1.530.317,75 manat borcun yarandığı müəyyən edilmişdir. Yaranmış gömrük borcunun və bu borca görə hesablanmış dəbbə pulunun ödənilməsi üçün iddiaçı tərəfindən təxirəsalınmaz tədbirlər görülməli və qısa müddət ərzində gömrük borcu və dəbbə pulunun dövlət büdcəsinə köçürülməsi təmin edilməlidir. Əks təqdirdə ödənilməmiş gömrük ödənişləri (borcu) gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında dövlət büdcəsinə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq ödəyicinin bank hesabından tutulmaqla təmin ediləcəyi bildirilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/331 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən Bakı Baş Gömrük İdarəsinin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticələrinə dair aktdan çıxarışda qeyd edilir ki, iş planının 13-cü bəndinə əsasən rəsmiləşdirmə zamanı gömrük prosedurlarının və xüsusi gömrük prosedurlarının tələblərinə əməl olunmasının vəziyyəti yoxlanılarkən müəyyən olundu ki, bir çox halda müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar ilə bağlı həyata keçirilən tədbirlər zamanı Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarına əsasən "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalan”nın 7.2-ci, 7.3-cü və 7.5-ci bəndlərinin tələbləri pozulmaqla müvəqqəti idxal xüsusi gömrük proseduru altında bəyan olunmuş mallar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilmiş malların siyahısına aid edilmədiyindən və müəyyən edilmiş daha qısa müvəqqəti idxal müddəti pozulduğu üçün sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında gömrük ödənişləri hesablanmamışdır.

7. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/034 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı Baş Gömrük İdarəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticələrinə dair aktdan çıxarışda qeyd edilir ki, iş planının 13-cü bəndinə əsasən rəsmiləşdirmə zamanı gömrük prosedurlarının və xüsusi gömrük prosedurlarının tələblərinə əməl olunmanın vəziyyəti yoxlanılarkən müəyyən olundu ki, bir çox halda müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar ilə bağlı həyata keçirilən tədbirlər zamanı Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarına əsasən "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları’nın 7.2-ci, 7.3-cü və 7.5-ci bəndlərinin tələbləri pozulmaqla müvəqqəti idxal xüsusi gömrük proseduru altında bəyan olunmuş mallar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilmiş malların siyahısına aid edilmədiyindən və müəyyən edilmiş daha qısa müvəqqəti idxal müddəti pozulduğu üçün sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında gömrük ödənişləri hesablanmamışdır.

8. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/091 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Bakı Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə fəaliyyətinin auditinin nəticələrinə dair aktdan çıxarışda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli 168 nömrəli qərarının 1.4-cü bəndinin tələbləri pozulmuşdur. Belə ki, gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və ya iş yerindən kənarda həyata keçirildiyi halda, düzgün olmayaraq gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları ikiqat məbləğdə hesablanmamışdır. Bəzi hallarda isə rəsmiləşdirilmiş malların gömrük dəyəri gömrük bəyannamələrinin 22-ci qrafasında göstərilmiş invoys dəyərini ifadə edən valyutaya uyğun bəyan edilməməklə gömrük ödənişlərinin düzgün olmayaraq az hesablandığı müəyyən edilmişdir.

9. Cavabdehin təqdim etdiyi raportda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il 245 saylı “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarının 7.3-cü bəndinə əsasən malların bu Qaydaların 7.2.1 - 7.2.9-cu yarımbəndlərində göstərilən şərtlərə uyğun istifadə edilməsi nəzərdə tutulmadıqda müvəqqəti idxal edilən mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edilir. Gömrük məcəlləsinin 238.2-ci maddəsinə əsasən gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. Əlavə olaraq bildirilmişdir ki, Gömrük Məcəlləsinin 247.1 və 247.3 cü maddələrinin tələblərinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, qanunvericiliyə uyğun olaraq hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında dəbbə pulu hesablanmaqla gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bəyannamələr üzrə yaranmış gömrük borcunun məbləği 1324161.39 (bir milyon üç yüz iyirmi dörd min yüz altmış bir manat, otuz doqquz qəpik) manat və gecikdirlmiş gömrük borcuna görə hesablanmış dəbbə pulunun miqdarı 483268.10 (dörd yüz səksən üç min iki yüz altmış səkkiz manat, on qəpik) manat təşkil edir. Cavabdeh tərəfindən iddiaçının ünvanına gömrük borcunun ödənilməsi ilə bağlı bildirişlər göndərilmişdir, lakin iddiaçı tərəfindən heç bir ödəniş edilməmişdir.

10. Cavabdehin iddiaçıya ünvanlanmış çox saylı bildirişlərində iddiaçının Dövlət Gömrük Komitəsinə gömrük borcu olduğu qeyd edilmişdir.

11. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının gömrük borclarına dair məlumat cədvəlində 2016-2019-cu illər ərzində sorğu nömrəsi **********2868, **********5784, **********6714, **********6705, **********3039, **********3425, **********6450, **********6498, **********0878, **********21, **********3296, **********2206, **********02207, **********8388, **********8096, **********4673, **********4280, **********4190, **********4677, **********7387, **********9318, **********3930, **********5129, **********3329, **********0581, **********6611, **********3340, **********2967, **********7409, **********3718, **********6484, **********0932 olan bəyannamələrə əsasən 6.139.858,72 manat o cümlədən: müvəqqəti idxalın aylıq ödənişləri üzrə 4.609.159, 65 manat, gömrük rüsumları üzrə 50,15 manat, əlavə dəyər vergisi üzrə 211,17 manat, gömrük yığımları üzrə 120,00 manat və dəbbə pulu üzrə 1.530.317,75 manat borcun yarandığı qeyd edilmişdir.

12. Cavabehin məhkəməyə təqdim etdiyi etirazda qeyd edilir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddia ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2016- 2019-cu illəri əhatə edən dövr ərzində müvəqqəti idxal gömrük proseduru altında ümumilikdə 32 sayda gömrük bəyannaməsi üzrə idxal edilmiş mallara görə cəmi 6.139.858,72 manat məbləğində borcun müəyyən edilməsi və tutulması ilə bağlı cavabdehin xx.xx.2022-ci il tarixli 1000-160/0xx-xx/015334 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 1000-160/0xx-xx/015334 nömrəli məktubda 2016-2019-cu illəri əhatə edən dövr üzrə Bakı Baş Gömrük İdarəsi, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş mallara dair iddiaçının ümumilikdə 32 gömrük bəyannaməsi üzrə cəmi 6.139.858,72 manat məbləğində borcun yaranması müəyyən edildiyi bildirilmişdir. Həmin məktubda yaranmış gömrük borcunun iddiaçı tərəfindən qısa müddətdə ödənilməsinin təmin edilmədiyi təqdirdə gömrük borcunun icra sənədi əsasında iddiaçının bank hesabından tutulmaqla təmin edəcəyini bildirmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edilmişdir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Kollegiyasının xx.xx.2015 tarixli Qərarı ilə təsdiq edilmiş “Ümumi risklərin idarə edilməsi Qaydaları”nın 1.3.1-ci yarımbəndindən də müəyyən olunur ki, risklərin idarə edilməsi sistemi (RİS) risklərin idarə edilməsi zamanı məlumatların toplanması, məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi görülən tədbirlərin həyata keçirilməsini tənzimləyir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında əsasnamənin tələbinə əsasən Dövlət Gömrük Komitəsinin malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirmələrini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat- axtarış fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək hüquqlara malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” qaydası: 7.1-ci bəndinə əsasən müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi həmin malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verildikdə, gömrük orqanı tərəfindən bu Qaydalara uyğun olaraq müəyyənləşdirilir. 7.2. 1 (bir) il müddətində təkrar ixrac olunması şərtilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş aşağıdakı xarici mallardan gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunmaqla istifadə olunur: 7.2.1.tədbirin keçirildiyi yerdən kənara aparılmaması, icarəyə verilməməsi və ya mükafat müqabilində başqa cür istifadə olunmaması şərtilə sərgilərdə, yarmarkalarda, konfranslarda, təqdimatlarda, müsabiqələrdə və iclaslarda nümayiş və ya istifadə üçün nəzərdə tutulan mallar; 7.2.2.rezidentlə bağlanılmış müqavilə əsasında birgə filmlərin, televiziya proqramlarının və ya audiovizual materialların istehsalı halları istisna olmaqla, kirayə obyekti olmaması şərtilə aşağıdakı peşə avadanlığı və həmin avadanlıq üçün ləvazimatlar: 7.2.2.1. reportajların hazırlanması, müəyyən proqramlar üçün verilişlərin və yazmaların həyata keçirilməsi məqsədi ilə mətbuat, radio və ya televiziya yayımı avadanlığı; 7.2.2.2. film çəkmək məqsədi ilə kinematoqrafiya avadanlığı; 7.2.2.3. peşə avadanlığının təmiri üçün nəzərdə tutulmuş ehtiyat hissələri; 7.2.2.4. peşə avadanlığının daşınması üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitələri; 7.2.3. sənaye istehsalı, təbii sərvətlərin istismarı, binaların tikintisi, təmiri və istismarı, torpaq işləri üçün nəzərdə tutulan mallar istisna olmaqla, şəxsin vəzifəsinin, sənətinin və ya peşəsinin icrası məqsədi ilə müvəqqəti gətirilən hər hansı digər mallar; 7.2.4. malların qablaşdırılması üçün taralar və ya malların yüklənməsi üçün konteynerlər və onların təmiri üçün tələb olunan ehtiyat hissələri; 7.2.5. gəlir əldə etmək məqsədi ilə istifadə etməmək, digər şəxslərə müvəqqəti istifadə üçün verməmək şərtilə tədris məqsədləri və ya elmi tədqiqat mərkəzlərində tədqiqat işlərinin aparılması üçün gətirilən mallar, pedaqoji ləvazimatlar; 7.2.6. satmamaq şərtilə teatr və ya sirk tamaşalarının, konsertlərin, idman tədbirlərinin və ya məşqlərinin və digər mədəniyyət tədbirlərinin keçirilməsi üçün xüsusi geyimlər, idman malları, musiqi alətləri, səhnə ləvazimatları və ya rekvizitləri; 7.2.7. təlim, əhliləşdirmə, çoxaltma, baytarlıq müalicəsi, turizm, təcrübə keçmə və digər xüsusi tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş heyvanlar; 7.2.8. təbii fəlakətlərin, qəzaların və bədbəxt hadisələrin aradan qaldırılmasından ötrü Azərbaycan Respublikasının dövlət orqanlarına və təşkilatlarına əvəzsiz müvəqqəti istifadəyə verilməsi üçün gətirildikdə və ya xarici dövlətlərə həmin hadisələrin aradan qaldırılması üçün aparıldıqda; 7.2.9. hüquqi və fiziki şəxslərin mülkiyyətində qalmaqla müalicə və digər tibb müəssisələrinə əvəzsiz müvəqqəti istifadəyə verilməsi üçün tibb avadanlıqları və ləvazimatları gətirildikdə (aparıldıqda). 7.3. Malların bu Qaydaların 7.2.1-7.2.9-cu yarımbəndlərində göstərilən şərtlərə uyğun istifadə edilməsi nəzərdə tutulmadıqda, müvəqqəti idxal müddəti 1 (bir) ildən artıq müəyyən edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti idxal müddəti uzadıldıqda, müvəqqəti idxal edilən mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edilir. 7.4. Müvəqqəti idxal müddəti 1 (bir) ildən artıq müəyyən edildikdə və ya müəyyən edilmiş daha qısa müvəqqəti idxal müddəti uzadıldıqda, müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən qismən azad edilməsi müvafiq olaraq birinci ilin bitdiyi tarixdən və ya müvəqqəti idxal müddətinin uzadıldığı tarixdən həyata keçirilir. Cavabdeh bildirmişdir ki, Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/331 nömrəli Sərəncamı ilə Bakı Baş Gömrük İdarəsinin xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan fəaliyyəti, xx.xx.2020-ci il tarixli 1000/034 nömrəli Sərəncamı ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyəti və xx.xx.2021-ci il tarixli 1000/091 nömrəli Sərəncamı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyəti yoxlanmışdır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən aparılmış araşdırma zamanı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının Bakı Baş Gömrük idarəsi, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş mallara dair gömrük bəyannamələri üzrə ümumilikdə 6.139.858,72 manat gömrük borcun yarandığı müəyyən edilmişdir. Belə ki, gömrük orqanı tərəfindən toplanmış məlumatlar əsasında İddiaçı Şirkətinin Azərbaycan Respublikasındaki Filialının 2016-2019-cu illəri əhatə edən dövr ərzində aparılmış gömrük əməliyyatları nəticəsində 6.139.858,72 manat təşkil edən gömrük ödənişlərinin dövlət büdcəsinə ödənilməsindən yayındırılması müəyyən edilmişdir. Qeyd edilənlərdən də müəyyən edilir ki, Dövlət Gömrük Komitəsi tərəfindən aparılmış araşdırma iddiaçının sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə əlaqədar deyil. Eyni zamanda iddiaçının 2016-2019-cu illər üzrə təqdim edilmiş 32 ədəd gömrük bəyannaməsi ilə idxal edilmiş mallara görə ümumilikdə 6.139.858,72 manat məbləğində gömrük borcu müəyyən edilməsinə dair sərəncamlardan çıxarışlar və gömrük borcunun ödənilməsi barədə bildirişlər ünvanlanmışdır. Hazırkı iddia tələbi üzrə cavabdeh olaraq qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayət edici olmamasını və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir və iddiaçının iddiası hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: 249.1.Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2.Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1 -ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3.Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 249.4.Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin oanklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. 249.5. Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən qanunsuz keçirən şəxs, həmçinin onların qanunsuz keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə əməliyyatda ştirak edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə məsuliyyət daşıyırlar. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) və cavabdehin nümayəndəsi iştirak etmişdir.

14. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

16. “İnzibati icraat haqqında” Qanun 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

17. İnzibati Prosessual Məcəllədən: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Gömrük Məcəlləsindən: 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. 98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. 98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010- cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur

21. Məhkəmə qeyd edir ki, cavavdeh qurum gömrük bəyannamələri üzrə gömrük borcunun yarandığını bildirsə də, bununla bağlı hər hansı inzibati araşdırmanın aparıldığı, həmin araşdırmanın nəticəsi olaraq borcun tutulmasına dair qərar qəbul edildiyi müəyyən edilmir.

22. Gömrük Məcəlləsinin bu qərarda qeyd olunan normalarının tələblərinə görə, gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilməklə yanaşı, hər iki auditin aparılması barədə qərar qəbul edilməli, həmin qərarın surəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə çıxarış audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalı, gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilməlidir.

23. Cavabdeh qurumun faktiki xarakterli hərəkətləri nəticəsində gömrük borcu hesablanmış, lakin həmin borcun tutulmasını təmin etmək məqsədilə hər hansı hərəkət həyata keçirilməmişdir (məsələn, bank hesablarının dondurulması barədə sərəncam verilməsi, mallarının ölkəyə idxal olunması zamanı hesablanmış gömrük borcunun tutulması və ya mallarının ölkəyə idxalına məhdudiyyət qoyulmasl kimi).

24. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 396/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına uyğundur.

25. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, bununla bağlı “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraat başlanılmamış və keçirilməmişdir.

26. Belə ki, iddiaçı müəssisə barəsində hər hansı yoxlama keçirilməmiş, belə qərar qəbul edilməmişdir.

27. Eyni zamanda məhkəmə bildirir ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir.

28. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən aparılan və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan hesablama ilə bağlıdır.

29. X7 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X5rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X4rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

30. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı münasibətlər işığında hazırkı “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Belə ki, müvafiq hesablamaya dair məktub inzibati akt hesab olunsa belə, iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı (faktiki) müdaxilə mövcud deyil və özlüyündə hər hansı hüquqi nəticə yaratmır.

31. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

32. Azərbaycan Respublikası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

33. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

34. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar