Məhkəmə qərarları › İş №2-1(112)-2837/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2837/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2837/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin tarixinin göndəriş əsasında müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (atası) X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin tarixinin göndəriş əsasında müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 13 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar “Kəskin disseminə olunmuş ensefalit, kəskin disseminə olunmuş ensefalit. Dəqiqləşdirilməmiş epileptik status, dəqiqləşdirilmiş epleptik status. Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, .Xüsusi epileptik sindromlar” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinin ağırlaşması ilə bağlı Bakı Baş Səhiyyə İdarəsinin U00157051THY nömrəli xx.xx.2023-cü il tarixli göndərişi rəsmiləşdirilmiş və göndərişin natama doldurulması (İTSDA tərəfindən göndərilən F 88 məlumatlarında seçilmiş diaqnozlar üzrə amillər təqdim edilməmişdir”) əsası ilə göndəriş tibb müəssisəsinə geri qaytarılmışdır. Həmin göndərişdə, diaqnozun mətni: Baş beynin ocaqlı travması. Baş beynin QKBT ağır dərəcədə əzilməsi. Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu. Baş beynin üzvi xəstəliyi nəticəsində affektiv pozuntu. Depressiv emzodlar; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: İddiaçı Agentlikdə əyani müayinə olunmuş və xx.xx.2024-cü il tarixli qərarla ona hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmiş, lakin həmin qərar altsistemə əlavə edilməmiş, iddiaçının əlilliyin dərəcəsi və müddəti dəyişdirilməmişdir. İddiaçının əlillik vəziyyətinin ağırlaşması ilə bağlı yenidən V00207268TJG nömrəli, xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı ona təyin edilmiş İ qrup əlilliyin ödənişlərinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş və cavabdeh xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublarla iddiçıya bildirmişdir ki, İ dərəcə əlilliyi xx.xx.2024-cü il tarixdən təyin edildiyinə görə, ödənişlər də, həmin tarixdən ediləcəkdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2024-cü il tarixdən təyin edilmiş İ dərəcəli müddətsiz əlilliyin təyin tarixinin 21 dekabr 2023-cü il tarixli göndəriş əsasında müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı DİN daxili qoşunların Ali Hərbi Məktəbində 2020 sentyabr tarixindən 2021 iyun tarixinədək kursant kimi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu dövrdə xx.xx.2021-cil tarixində növbədə olarkən baş ağrıları ilə tibb məntəqəsinə gətirilmiş, sonra 1.06.2021-ci il tarixində Daxili qoşunların hərbi hospitalına gətirilmişdir. Ayın 14-nə qədər müalicədən sonra komaya düşmüşdür. 3 ay komada yatmışdır. İnfeksiyon mənşəli kəskin ensafalit diaqnozu ilə hərbi hospitala yerləşdirilmişdir. Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə kəskin ensafalit və kəskin psixoloji durumu ilə əlaqəli diaqnoz əsasında İİ dərəcəli əlilliyi müəyyən olunmuşdur. Bundan sonra, xx.xx.2021-ci tarixində qəfil epilepsiya və kəskin psixoloji vəziyyətinə düşərək Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 14-ün 3 mərtəbəsində yerləşən 98 nömrəli mənzilin eyvanından (balkonundan) epilepsiya tutması nəticəsində yerə yıxılmış və kəllə beyin sümüyünün sınığı, kəllə beyin əzilməsi və sol budun diz qapağının qırılması, qəlpə halında dağılması, sol budunun dizdən ombaya qədər 5 yerdən qırılması travmalarına məruz qalmışdır. Həmin gün Sabunçu xəstəxanasına yerləşdirilmiş və kəllə beyin tibbi əməliyyatlar keçirmişdir və sol budunu müvəqqəti gipsə qoydular. Sonra xx.xx.2021 tarixində məni travmatoloji xəstəxanaya sol budunun əməliyyat olunması üçün ora aparmışdılar. 1 ay orada qaldıqdan sonra xx.xx.2022 tarixində evə buraxılmışdır. Yuxarıda qeyd olunan hadisədən sonra əmək qabiliyyətini tam itirmişdir. Əmək qabiliyyətini tam itirdiyinə görə sağlamlığının yenidən qiymətləndirilməsi üçün Tibbi- Sosial Ekspert Komissiyasına yenidən müraciət etməyə məcbur olmuşdur. Bu məqsədlə ilk növbədə 6 nömrəli şəhər poliklinikadan xx.xx.2023-cü il tarixli 0063003AADRX nömrəli "Forma-88" arayışını sistemə köçürdülər. Arayışı digər sənədlərlə birlikdə cavabdehə təqdim etmişdir. Müraciəti cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən araşdırıldığı dövrdə (xx.xx.2024 tarixində) müəyyən olunmuşdur ki, poliklinikanın 0063003AADRX nömrəli Forma-88 arayışında məruz qaldığı travmalar natamam əks olunmuş və bu səbəbdən diaqnoz natamam və yanlış göstərilmişdir. Belə olan halda Forma - 88 arayışına zəruri düzəlişlər olunması üçün yenidən həmin poliklinikaya müraciət etmişdir. xx.xx.2024 tarixində mənə yeni Forma - 88 arayışı verildi və onu xx.xx.2024 tarixində cavabdehə təqdim etmişdir. Bundan sonra Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə sağlamlığımın 90% itirilməsi diaqnozu əsasında İ dərəcəli əlilliyi müəyyən olunmuşdur. Kəllə beyin sınığının Forma-88də qeyd etməmişlər. Cavabdehin imtinası onun İ dərəcəli əlilliyini müəyyən edərkən biləbilə süründürməçiliyə yol vermiş, müayinə tarixini uzatmaqla onu əlillik pensiyası hüququndan xx.xx.2023 müddətində məhrum etmiş və bununla ona 1500 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 6 nömrəli Şəhər Polikinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə əlillik müddətinin bitməsi ilə əlaqədar Bakı Baş Səhiyyə idarəsinin xx.xx.2023cü il tarixli göndərişi ilə əsasında baxılaraq Göndərişin natamam doldurulması - Səbəb: İTSDA tərəfindən göndərilən F 88 məlumatlarında seçilmiş diaqnozlar üzrə amillər təqdim edilməmişdir-əsası ilə tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra həmin tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Hərbi xidmət dövrü ilə əlaqədar OFP 90 faiz olmaqla müddətsiz əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçı imtina ilə bağlı qərarın verildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-ci il tarixədək 7 ay ərzində heç bir müraciəti olmamışdır. Belə ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya ilk dəfə xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ağırlaşdığına görə, əlilliyin dərəcəsinin artırılması ilə bağlı Bakı Baş Səhiyyə İdarəsinin U00157051THY nömrəli xx.xx.2023-cü il tarixli göndərişi rəsmiləşdirilərək TSEK-ə göndərilmiş, həmin göndəriş natamam doldurulma əsası ilə tibb müəssəsinə geri qaytarılmışdır. Göndəriş tibb müəssisəsinə geri qaytarılsa da, iddiaçı Agentliyə əyani müayinə olunmuş və xx.xx.2024-cü il tarixli qərarla ona hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə İ dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Lakin əlilliyin dərəcəsinin və müddətinin dəyişdirilməsi barədə həmin qərar altsistemə əlavə edilməmiş, iddiaçının əlilliyin dərəcəsi və müddəti dəyişdirilməmişdir. Bundan sonra iddiaçının barəsində yeni göndəriş, yəni V00207268TJG nömrəli, xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdən müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı əlilliyin təyinin xx.xx.2024-cü il tarixli göndəriş əsasında deyil, xx.xx.2023-cü il tarixli göndəriş əsasında müəyyən edilməsinə yönəlmişdir. Bununla iddiaçı İ dərəcə əlillik üçün müəyyən edilmiş pensiya məbləğini xx.xx.2023-cü il tarixli göndərişin tarixindən almaq istəyir. Cavabdeh isə, iddiaçının xx.xx.2023-cü il tarixli göndərişin natamam doldurulması barədə cavabdehin imtinasını mübahisələndirmədiyindən iddianın mümkünsüz sayılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin və etirazının dəlilləri kimi istinad etdiyi hallar əsassızdır. Belə ki, ilk növbədə məhkəmə iddia tələbinin mümkünsüz sayılması ilə bağlı cavabdehin etirazının dəlili ilə bağlı qeyd edir ki, hazırkı iddianın növü nə mübahisələndirmə, nədəki məcburetmə haqqında iddia deyil. İddiaçı ona əlilliyin xx.xx.2023-cü il tarixli göndəriş əsasında təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir ki, bu öhdəliyin icrası haqqında iddiadır. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, iş materiallarında olan əyani müayinənin nəticələrinə dair cavcabdehin xx.xx.2024-cü il tarixli qərarından göründüyü kimi, cavabdeh iddiaçının əyani müayinəsini həyata keçirərərkən iddiaçının barəsində ikinci göndəriş, yəni xx.xx.2024-cü il tarixli göndəriş mövcud deyildi. Cavabdeh iddiaçının əyani müayinəsini birinci göndəriş, yəni xx.xx.2023-cü il tarxli göndəriş əsasında aparmış və ona hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 90 faiz pozulması ilə İ dərəcə müddətsiz əlilliyin təyin edlməsi barədə qərar qəbul edilmişdir. Lakin cavabdeh pozuntuya yol verərək əyani müayinnin nəticələrinə dair qəbul etdiyi qərarla iddiaçıya təyin etdiyi İ dərəcə müddətsiz əlillik barədə məlumatları altsistemə əlavə etməmişdir. İddiaçının hüquqi marağı isə buna yönəlmişdir ki, ona təyin edilmiş İ dərəcə əlillik xx.xx.2024-cü il tarixli göndəriş əsasında deyil, xx.xx.2023-cü il tarixli göndəriş əsasında təyin edilsin. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Sadalanan normalardan göründüyü kimi, şəxsə əlillik tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən verilmiş göndəriş əsasında aparılır. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin 2024-cü il tarixli icmal məktubunda qeyd edilmişdir ki: Bənd 15. Eyni zamanda, işlərin təhlili ilə müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə mübahisələrə baxılarkən bəzi hallarda şəxsin sağlamlıq vəziyyətinin tibbi göndərişlərin verildiyi vaxta uyğun qiymətləndirilməli olması baxımından, əlilliyin müəyyən olunmasından imtina edildikdən uzun müddət sonra qaldırılan iddialar mümkün sayılmamış, bəzi hallarda isə iddianın mümkünlük şərtlərinin ödənildiyi hesab edilməklə, işlərə mahiyyəti üzrə baxılmışdır. Bənd 16. Göstərilən xüsusata münasibətdə qeyd edilməlidir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Bənd 17. Bununla belə, bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsi göstərir ki, tibbi-sosial ekspert komissiyası tərəfindən “diaqnoz əlillik əlaməti təyin etmir”, “əlavə müalicəyə ehtiyacı var”, “göndəriş natamam doldurulmuşdur” kimi əsaslarla əlilliyin müəyyən edilməsindən imtinaya dair qərarlar qəbul edilir. Bənd 18. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir. Bənd 20. Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. Bənd 21. Digər tərəfdən, TSEK-in göndərişin natamam və yanlış doldurulması səbəbindən əlilliyin müəyyən edilməsindən imtina qərarlarının motivasiyasını aydınlaşdırmaq mümkün olmur, yəni natamamlıq və yanlışlığın nədə təzahür etməsi tam dəqiqliklə göstərilmir. Halbuki, normativ hüquqi sənəddə həkim komissiyası tərəfindən göndərişdə əks etdirilməli olan məlumatlar siyahı şəklində tam dəqiqliklə göstərilmişdir ki, həmin siyahıya şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər daxildir (“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.5-ci bəndi). Göstərilənlərə müvafiq olaraq, TSEK də göndərişin natamam və ya yanlış doldurulması və buna görə də, əlilliyin qiymətləndirilməsinin mümkün olmaması barədə qənaətini dəqiqliklə və yuxarıda qeyd olunan konkret əsaslara söykənən qaydada əsaslandırmalıdır.\ Bənd 22. Bu baxımdan, məhkəmələr tərəfindən qeyd edilən halda əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə işlərə baxarkən, ilk növbədə, göndərişdəki məlumatların natamamlığının və ya yanlışlığının nəyi ehtiva etdiyi aydınlaşdırılmalıdır. Əgər həqiqətən belə bir natamamlıq və ya yanlışlığın olması müəyyən edilərsə, bu halın TSEK tərəfindən aradan qaldırılmasının mümkünlüyü nəzərə alınmaqla diferensiasiyası aparılmalı, belə bir imkanın mövcudluğu halında, məhkəmə İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində təsbit edilən imkandan istifadə etməklə göndərişdə olan natamamlıq və ya yanlışlığın aradan qaldırılmasının təmin edilməsi və şəxsin əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi üçün müəyyən müddət təyin etməlidir. Əgər imtina qərarında göstərilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı natamamlıq və ya yanlışlıq kimi bildirilən halların mövcud olmadığı müəyyən edilirsə, bu halda, cavabdehin hərəkəti əlilliyin müəyyən edilməsindən imtina kimi qiymətləndirilməli və mübahisəyə mahiyyəti üzrə baxılmaqla müvafiq qərar qəbul olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı birinci göndəriş (xx.xx.2023) əsasında cavabdehin imtinasını mübahisələndirməli deyil. Belə ki, qeyd olunduğu kimi, cavabdeh həmin gödərişin natamam doldurulmasını bildirsə də, iddiaçını əyani müayinəyə dəvət etmiş və ona həmin göndəriş əsasında İ dərəcə əlillik təyin etmişdir. Belə olan halda, cavabdeh göndərişin natamamlığının aradan qaldırılmasına yönəlik hərəkət etmişdir. İddiaçı da həmin göndəriş əsasında ona əlilliyin təyin edilməsinə ümid etmişdir. Odur ki, iddiaçının cavabdehin göndırişin natamam doldurulması əsası ilə imtinasını mübabisələndirməsinə zərurət olmamışdır. İddiaçının hüuqunun pozulmasını, yəni ona birinci göndəriş (xx.xx.2023) əsasında deyil, ikinci gönəriş (xx.xx.2024) əsasında əlilliyin təyin edilməsini, yalnız ona İ dərəcə əlilliyin görə ödənişlərinin xx.xx.2024-cü il tarixdən sonra ödəniləcəyi barədə cavabdehin məktublarından sonra məlumatlı olmuşdur. Cavabdeh iddiaçının əlilliyinin faktiki olaraq xx.xx.2023-cü il tarixli göndəriş əsasında təyin etdiyi halda, altsistemdə olan məlumatları ikinci göndəriş əsasında əlavə etmişdir. Bu hal isə, iddiaçıya əvvəlki dövrlər üzrə İ dərəcə əlilliyə görə ödənişlərin ödənilməsi ilə bağlı müraciətindən sonra ona verilmiş xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktublardan sonra məlum olmuşdur. Hazırkı işin hallarına əsasən cavabdeh xx.xx.2023-cü il tarixli göndərişin natamam doldurulmasını bildirməklə yanaşı, eyni zamanda iddiaçının əyani müayinəyə dəvət etmiş və əyani müayinənin nəticələrinə dair xx.xx.2024-cü il tarixli qərarla artıq iddiaçıya İ dərəcə əlillik təyin etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli göndəriş əsasında artıq xx.xx.2024-cü il tarixli qərarla İ dərəcə əlillik təyin edildiyinə görə, həmin əlilliyin təyin edilməsi altsistemdə əlavə edilməli idi. Həmçinin həmin tarixdə iddiaçıya artıq əlillik təyin edildiyinə görə, idiaçının barəsində təkrar olaraq yeni göndərişin rəsmiləşdirilməsinə zərurət yox idi. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı İ dərəcəli müddətsiz əlilliyin təyin tarixinin 21 dekabr 2023-cü il tarixli göndəriş əsasında müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar