Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2838/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya N N-li hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli əmri ilə verilmiş, lakin 2019-cu ilin dekabr ayında keçirilən sınaq imtahanlarından sonra saxlanılmamış 2-ci məharət dərəcəsinin bərpa olunması, N N-li hərbi hissədə 2019-2020-ci illərdə xidmət edərkən xidməti məzuniyyətdə olduğu 187 ezamiyyət gününə görə ezamiyyət xərclərinin (pullarının) və hüquqi yardıma görə ödədiyi 100 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçının xx.xx.2019-cu il tgarixdən xx.xx.2019-cu il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi arxivində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təşkilat Səfərbərlik İdarəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Mdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində ezamiyyətdə olduğu dövr üzrə ezamiyyət xərclərinin iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2007-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2011-ci ildə həmin məktəbi bitirmiş, xx.xx.2012-ci ildən xx.xx.2021-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi xidmət keçmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək N N-İi hərbi hissədə zabit kimi hərbi xidmət etmişdir. 44 günlük “Vətən müharibəsi”ndə iştirak etmiş, döyüş vaxtı ağır yaralanmış, AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli Qərarı ilə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunaraq AR Müdafiə Nazirinin 0458 N-li, xx.xx.2021-ci il tarixli əmri ilə xəstəliyə görə AR Silahlı Qüvvələrindən istefaya buraxılmışdır. 2-ci qrup “Vətən Müharibəsi” əlilidir. N N-li hərbi hissədə xidmət keçərkən onun aşağıda göstərilən bir çox maddi təminat hüquqları pozulmuş və indiyədək bərpa edilməmişdir: N N-li hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli müvafiq əmri ilə ona 2ci məharət dərəcəsi verilmişdir. Ona verilən məharət dərəcəsi 1 ildən sonra-2019-cu ilin dekabr ayında keçirilmiş sınaq imtahanlarında təsdiqlənməli idi. Lakin o, 2019-cu ilin dekabr ayında keçirilmiş sınaq imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmişdir. Belə ki, həmin vaxt Bakı şəhərində AR Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində xidməti ezamiyyətdə olmuşdur (xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək). Göründüyü kimi o, üzrlü səbəbdən 2019-cu ilin dekabr ayında keçirilən sınaq imtahanlarında iştirak edə bilməmişdir, lakin onun məharət dərəcəsi növbəti sınaqlara qədər saxlanılmamış və 3-cü məharət dərəcəsinədək endirilmişdir. N N-li hərbi hissədə xidmət edərkən dəfələrlə xidməti məzuniyyətlərdə olmuşdur. (xx.xx.2019-cu il tarixdən 0108.2019-cu il tarixədək AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivində-176 gün), (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək AR MN Təşkilat Səfərbərlik İdarəsində-2 gün), (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək AR MN Təşkilat Səfərbərlik İdarəsində-3 gün), (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivində-6 gün), cəmi 187 gün. Lakin bu günə qədər ezamiyyətdə olduğu günlərə görə ona ezamiyyət xərcləri (pulları) ödənilməmişdir. Pozulmuş maddi təminat hüquqlarının bərpası üçün o, cavabdehə, axırıncı xidmət yeri olan N N-li hərbi hissə komandirinə və N N-li hərbi hissəyə tabe olduğu N N-li hərbi hissəyə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Lakin müraciətim bu günə qədər cavabsız və nəticəsiz qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçının cavabdeh inzibati orqana müraciətinin və müraciətini təsdiq edən poçt qəbzinin surəti. - İddiaçı AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - İddiaçı EZ ******* nömrəli Hərbi biletinin surəti. - Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən ona hər hansı cavab verilməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 377 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu kapitan İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təşkilat Səfərbərlik İdarəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Mdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində ezamiyyətdə olmuşdur. N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu kapitan İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə yuxarıda sadalanan tarixlərdə ezamiyyətdə olduğu müddətlər üçün ezamiyyət xərcləri ödənilməyib. İş materiallarında olan əmrlərdən İddiaçı qeyd edilən tarixlərdə ezamiyyətdə olması öz tədiqini tapmışdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 137-ci maddəsinə əsasən hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir: a) toplanışlar keçmək və kurslarda oxumaq üçün; b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün; v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət edilməsi üçün; q) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün; d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün; e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün; ə) ordenlər və medal almaq üçün; z) məhkəmə və istintaq orqanlarında ittiham olunan zərərçəkən, şahid, ekspert, tərcüməçi kimi iştirak etmək üçün; idman və mədəni-kütləvi tədbirlərdə, habelə hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı digər işlərdə iştirak etmək üçün. Həmin Əsasnamənin 138-ci maddəsinə əsasən ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir. Ezamiyyətlərin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin edilir. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 1 ay müddətində “X1”nı hazırlayıb müvafiq qaydada təsdiq edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2012-ci il Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.1-ci yarımbəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təşkilat Səfərbərlik İdarəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində ezamiyyətdə olması, həmçinin qeyd edilən tarixlərdə ezamiyyətdə olduğu müddətlər üçün ona ezamiyyət xərclərinin ödənilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təşkilat Səfərbərlik İdarəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində ezamiyyətdə olduğu dövr üzrə ezamiyyət xərclərinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təşkilat Səfərbərlik İdarəsində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində ezamiyyətdə olduğu dövr üzrə ezamiyyət xərclərinin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev