Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2838/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsinə dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 774 saylı xx.xx.1987-ci il tarixli doğum haqqında akt qeydi əsasında təkrar şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Aslanova X7 rayonu, Suraxanı qəsəbəsində qeydiyyatsız yaşayır və xx.xx.1987-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Bu günədək şəxsiyyət vəsiqəsi olmayıb. İddiaçı hal-hazırda Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada isə sənədləri nəzərdən keçirilərkən şəxsiyyət vəsiqəsi olmadığından müvafiq sənədin təkrar verilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı bu məsələ ilə bağlı Bakı şəhər “ASAN xidmət” şəxsiyyət vəsiqələrin verilməsi və dəyişdirilməsi bölməsinə müraciət etsə də, lazımı hüquqi yardım göstərilməmişdir. İddiaçı bildirir ki, diqqətsiz olduğundan və sənədlərə fikir vermədiyindən bu günədək həmin vəziyyətdən xəbərdar olmamışdır.
3. Cavabdeh Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarinın dövlət qeydiyyatı qaydası”nın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qeyd edilir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Qeyd edilən müddəaları nəzərə alaraq bildiririk ki, şəxsiyyəti təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından doğum haqqında təkrar şəhadətnamənin şöbə tərəfindən verilməsi mümkün deyildir. Doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında şəhadətnamə ilə təmin olunacaqdır.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən xx.xx.1987-ci il təvəllüdlü İddiaçı doğumu haqqında akt qeydi təqdim edilmişdir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X2 və X3 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 №-li X15 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı və X10 1990-2000-ci illər ərzində ərazi vərəm əleyhinə dispanserinin göndərişləri əsasında “Tub Kontakt” diaqnozu ilə aşağıda göstərilən tarixlərdə müalicə və təhsilini davam etmək üçün sanatoriyaya daxil olublar:
1. Daxil olublar: xx.xx.1996-cı il, Xaric olunublar: xx.xx.1997-ci il
2. Daxil olublar: xx.xx.2001-ci il, Xaric olunublar: xx.xx.2002-ci il
3. Daxil olublar: xx.xx.2002-ci il, Xaric olunublar: xx.xx.2002-ci il
4. Daxil olublar: xx.xx.2003-cü il, Xaric olunublar: xx.xx.2004-cü il
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, xx.xx.1987-ci il təvəllüdlüdür. X18 xx.xx.1959-cu il təvəllüdlüdür, anası Aslanova Cəmilə xx.xx.1964-cü il təvəllüdlüdür. Anası və atası ölüb. Ailə qursa da, şəxsiyyət vəsiqəsi olmadığı üçün rəsmi nikaha daxil ola bilməmişdir. İndiyə kimi heç bir poliklinika, notarius və digər xidmətlərdən istifadə etməmişdir. X11, X6 və X10 iddiaçının bacılarıdır. Hamısının şəxsiyyət vəsiqəsi var. İddiaçının əvvəl doğum haqqında şəhadətnaməsi olub, daha sonra itirmişdir. Mərdəkanda yerləşən 3 saylı Sanatoriyada böyümüşdür. 3 saylı Mərdəkanda yerləşən Sanatoriyada qeydiyyatda olmuşdur. 16 yaşına qədər orada böyümüş, ancaq məktəbdə təhsil almamışdır.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, iddiaçının şəxsiyyətini müəyyənləşdirə bilmədikləri üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir
9. Üçüncü şəxs X3 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, İddiaçı bacısıdır, Mərdəkanda böyümüşdür, 182 nömrəli orta məktəbdə təhsil almışdır. Digər bacılarla əvvəl məktəbə getmiş, sonradan 3 saylı Sanatoriyada yaşamağa başlamışdırlar.
II. İddianın növü
10. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
12. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. III. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
13. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
15. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə doğum haqqında qeydin olması və ya onun bərpa edilməsi ilə bağlı təqdim edilmiş sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən təkrar “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur.
16. Cavabdeh orqan imtinanın əsası olaraq qeyd etmişdir ki, iddiaçının şəxsiyyəti müəyyənləşdirmək mümkün olmadığı üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
17. Məhkəmə müəyyən edir ki, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, xx.xx.1987-ci il təvəllüdlüdür, X18 xx.xx.1959-cu il təvəllüdlüdür, anası Aslanova Cəmilə xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçı tərəfindən qeyd olunan faktlar xx.xx.1987-ci il tarixli 774 №-li Doğum haqqında Akt Qeydi ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.1987-ci il tarixli 774 №-li Doğum haqqında Akt Qeydinə əsasən İddiaçı xx.xx.1987-ci il təvəllüdlüdür. Atası xx.xx.1959-cu il təvəllüdlü X12, anası xx.xx.1964-cü il təvəllüdlü X1r.
18. Digər tərəfdən məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X2 və X3 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X3 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, İddiaçı bacısıdır, Mərdəkanda böyümüşdür, 182 nömrəli orta məktəbdə təhsil almışdır. Digər bacılarla əvvəl məktəbə getmiş, sonradan 3 saylı Sanatoriyada yaşamağa başlamışdırlar.
19. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı X9 sorğu ünvanlanaraq İddiaçı və X4 1990-200-ci illər ərzində 3 nömrəli X5 yaşayıb-yaşamamaları, eləcə də təhsil alıb-almamaları, təhsil aldıqları təqdirdə təhsil aldıqları dövr barədə məlumatın məhkəməyə təqdim olunması tələb olunmuşdur.
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 №-li X15 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı, X11, X6 və X10 1990-2000-ci illər ərzində ərazi vərəm əleyhinə dispanserinin göndərişləri əsasında “Tub Kontakt” diaqnozu ilə müalicə və təhsilini davam etmək üçün sanatoriyaya daxil olublar: (Daxil olublar: xx.xx.1996-cı il, Xaric olunublar: xx.xx.1997-ci il; 2. Daxil olublar: xx.xx.2001-ci il, Xaric olunublar: xx.xx.2002-ci il; 3. Daxil olublar: xx.xx.2002-ci il, Xaric olunublar: xx.xx.2002-ci il; 4. Daxil olublar: xx.xx.2003-cü il, Xaric olunublar: xx.xx.2004-cü il).
21. Məhkəmə işin faktiki hallarını məcmu halında qiyməltəndirərək hesab edir ki, iddiaçının (fərdi vəziyyəti nəzərə alınaraq) qeyd edilən dəlilləri inandırıcılıq və ağlabatanlıq keyfiyyətinə malikdir. Belə ki, xx.xx.1987-ci il tarixli 774 nömrəli Doğum haqqında akt qeydinin hazırki iş üzrə İddiaçı məxsus olması məhkəmədə şübhə yaratmır.
22. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
23. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada hazırkı mübahisə üzrə “xx.xx.1987-ci il tarixli 774 №li Doğum haqqında Akt Qeydi” iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir.
24. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin mövcud olması öz təsdiqini tapmışdır (cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir) və həmin sənəd əsasında iddiaçıya təkrar doğum haqqında şəkadətnamə verilməsi mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.1987-ci il tarixli 774 nömrəli Doğum haqqında akt qeydi əsasında doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Xəzər Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva