Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2839/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının son təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının son təminat xərcliyinin hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsində xidmət edərkən Müdafiə Nazirinin 11 mart 2021-ci il tarixli 0347 nömrəli əmri ilə müvafiq hərbi hissənin komandiri vəzifəsinin icrasına buraxılmış və Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2021-ci il tarixli 3023 nömrəli Sərəncamına əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1 və 41.9-cu maddələrinə (öz arzusu ilə) və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün Müdafiə Nazirliyinin 8 dekabr 2021-ci il tarixli 01743 nömrəli əmri ilə müvafiq hərbi hissənin komandiri vəzifəsinin icrasından azad olunmuşdur. Son təminat xərcliyini də, müvafiq hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə İdarəsi tərəfindən iddiaçıya pensiya təyin olunması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş məlumat vərəqəsində onun təminat xərcliyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin aylıq vəzifə maaşına uyğun hesablanmışdır. Belə hesablama tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı 7 mart 2021-ci il tarixdən 8 dekabr 2021-ci il tarixədək müvafiq hərbi hissənin komandiri vəzifəsində xidmət etmiş və son təminat xərcliyini də, həmin vəzifəyə uyğun almışdır. Qeyd olunan tarixdən sonra o, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsində xidmət etməmiş və həmin vəzifədən də heç bir əmək haqqı almamışdır. Hətta Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçının əmək pensiyası 2022-ci ilin yanvar ayından, yəni ehtiyata buraxıldığı növbəti aydan başlayaraq hesablanmışdır. Bu isə onu göstərir ki, onun son təminat xərcliyi 2021-ci ilin dekabr ayında aldığı, yəni hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun hesablanmalıdır. 13 iyul 2022-ci il tarixdə iddiaçı son təminat xərcliyinin hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun yenidən hesablanması üçün rəsmi ərizə ilə cavabdehə müraciət etsə də, bu günədək ona heç bir cavab verilməmişdir. Müdafiə Nazirliyinin Maliyyə İdarəsi tərəfindən iddiaçının son təminat xərcliyinin müvafiq hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun hesablanmaması onun pensiya məbləğinin əhəmiyyətli dərəcədə aşağı salınmasına səbəb olmuşdur. Təqdim olunmuş əmrdən çıxarışlarla müəyyən olunur ki, İddiaçı son xidmət yeri müvafiq hərbi hissənin komandiri vəzifəsi olmuş və o, son təminat xərcliyini də, həmin vəzifəyə uyğun almışdır. Odur ki, iddiaçının son təminat xərcliyi hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun yenidən hesablanaraq tərtib olunmuş məlumat vərəqəsi DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasına, «Əmək pensiyaları haqqında» Qanunun 1-ci maddəsinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Qanunun 6-cı maddəsinə, İPM-in 2.2.3, 34, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının son təminat xərcliyinin müvafiq hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun yenidən hesablanması və bu barədə tərtib olunmuş məlumat vərəqəsinin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaçıya ünvanlanmış imtina məktubuna istinad etdiyini bildirdi və imtinanın iddiaya münasibət qismində qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 2-ci maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsasnamənin 156-cı maddəsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar, q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları); j) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Həmin Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: - (41.0.9) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.18-ci maddəsinə görə səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 2-ci bəndində göstərilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə görə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində DSMF-yə təqdim edilir. İş materiallarında olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin ərizəçi İddiaçı ünvanlanmış 4 avqust 2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: O (ərizəçi İddiaçı), Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2021-ci il tarixli 3023 nömrəli Sərəncamına əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci və 41.0.9-cu maddələrinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunun Təlim və Tədriz Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 8 dekabr 2021-ci il tarixli 01744 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Bu səbəbdən də onun adına tərtib olunmuş MN- 17830 nömrəli “Məlumat vərəqəsi”ndə məhz hərbi xidmətdən buraxıldığı vəzifə üzrə, yəni “Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi” vəzifəsi üzrə təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin 3 dekabr 2022-ci il taroxli 4081 nömrəli arayışında bildirilir ki, İddiaçı sonuncu dəfə 2021-ci ilin mart ayında 1902 manat 02 qəpik məbləğində əmək haqqı ödənilib. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan iddiaçının müvafiq müraciəti üzrə qaldırılan məsələnin müsbət həllindən 4 avqust 2022-ci il tarixli məktubla imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, inzibati mübahisə hərbi qulluqşu və müvafiq inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti münasibətlərdən yarandığından, ona baxılmasında İPM-in 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, İddiaçı xidmətdən ehtiyata buraxılanadək sonuncu tutduğu vəzifəsi Azərbaycan Ordusunun Təlim və Tədriz Mərkəzinin rəisi olduğundan, eləcə də həmin vəzifəyə keçirilməsi barədə əmr mübahisələndirilmədiyindən və qüvvədə olduğundan, habelə o, həmin sonuncu vəzifəyə səhhəti və ya yaşı ilə əlaqədar xidmət mənafeyi ilə bağlı keçirilmədiyindən, hərbi hissə komandirinin vəzifəsinə uyğun təminat xərcliyi nəzərə alınaraq onun barəsində yeni məlumat vərəqəsinin tərtib olunub DSMF orqanına göndərilməsindən imtina olunması qanuna zidd qiymətləndirilə bilməz. Odur ki, İddiaçı iddiası əsassızdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının son təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının son təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2839/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2839/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver