Məhkəmə qərarları › İş №2-1(112)-284/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-284/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-284/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərizisindəki 0,12 hektar torpaq sahəsi olan «1995a» №-li bağın adına şəxsi mülk kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarış verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsi olan «1995a» №-li bağa iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyətinin X2 və Birliyi arasında 24 mart 2006-cı il tarixdə 35975 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin tarixdən indiyə kimi qeyd etdiyi bağ sahəsi onun qanuni istifadəsindədir. İcarə müqaviləsi bağlanan zaman həmin bağ sahəsi hər tərəfdən hasarlanmış vəziyyətdə idi və hazırda da hasarlanmış vəziyyətdədir. Qeyd edilən bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində şəxsi mülk kimi qeydiyyata alınması ilə bağlı cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, lakin cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli imtina cavabı ilə ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd edilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin bağ sahəsinin nömrəsi qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********36 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin/(əmin edilməməsini xahiş edilir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərizisindəki 0,12 hektar torpaq sahəsi olan «1995a» №-li bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 3146/17 nömrəli məktubu ilə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 70 saylı sərəncamdan çıxarışa əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 № li sərəncamına əsasən: 1. Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilsin. 1.10. Goradildəki 1995 a nömrəli bağ - İddiaçı q.. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********43 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 1995a saylı bağ sahəsi ilə bağlı müvafiq sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki: -Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X2 və X4 bağlar sahəsindəki 142 saylı kooperativ 12 saylı orderindən görünür ki, X1 Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.1992-ci il tarixli 1633 saylı qərarına əsasən Goradil bağlar sahəsindən 142 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1995a saylı bağ sahəsi ayrılmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-bağ təsərrüfatının inkişaf Departamenti X2 və X7 ərazisindəki 1995a nömrəli bağın istifadəyə verilməsi haqqında 35975 saylı xx.xx.2005-ci il tarixli müqavilə ilə X5 Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha torpaq sahəsi olan 1995a №li bağ sahəsi verilmişdir. -Bakı şəhər Bağlar İdarəsinə Musayeva Zəhra tərəfindən ünvanlanmış xx.xx.2006cı il tarixli ərizədə sonuncu ona məxsus olan Goradil bağlar sahəsində yerləşən 1995a №li bağı İddiaçı adına keçirilməsini xahiş etmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 35975 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə ilə Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha torpaq sahəsi olan 1995a №li bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********45 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1995a saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m., faktiki 1200.0 kv.m.-dir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Tikili yoxdur. Darvazası yoxdur. Bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmayıb. Göstərilən sahənin koordinatları əlavə olundu. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********66 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsi hasar daxilindədir, tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa qonşu bağ nömrələri 1652z, 449ç. 826M, 826B olmaqla iddia olunan 1995a nömrəsi bu əraziyə uyğun gəlmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Sözügedən sahə 1600 ilə başlayan bağların ərazisinə uyğun gəlir. Belə ki, bu ərazidə hasarlama işləri sxematik xəritənin nömrələnməsinə uyğun plan üzrə aparılmadığı üçün göstərilən sahənin hansı bağın yerinə düşməsini müəyyən etmək mümkün olmamışdır. İnzibati icraat materialları ilə təqdim edilmiş torpaq sahəsinin ortofoto görüntüsündən görünür ki, mübahisələndirilən bağ sahəsinin qonşuğlunda 826K, 826U, 1635C, 1652Z, 826B, 826M, 449Ç, 1643Ə, 449K, 1703J nömrəli bağ sahələri yerləşir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********36 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən “1995a” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd edilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin, bağ sahəsinin nömrəsi qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.1992-ci il tarixli 1633 saylı qərarına əsasən Goradil bağlar sahəsində 142 saylı BTK nəzdində 1995a №li 0,12 hektar ölçüdə bağ sahəsi ilkin olaraq X1 12 saylı orderlə verilmiş, daha sonra həmin bağ sahəsi X5 5975 saylı xx.xx.2005-ci il tarixli müqavilə ilə istifadəsinə verilmiş, Musayeva Zəhranın xx.xx.2006-cı il tarixli ərizəsi əsasında həmin bağ sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 70 saylı sərəncamı ilə İddiaçı adına keçirilməsi qərara alınmış, bu barədə X2 və İstismarı Birliyi ilə İddiaçı arasında 35975 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə bağlanmışdır. Beləliklə, adıçəkilən X2 və istismarı Birliyi ilə iddiaçı arasında 35975 nömrəli, xx.xx.2006-cı il tarixli bağın istifadəyə verilməsi barədə müqavilə Bakı şəhəri, Göradil ərazisində sahəsi 0,12 ha olan 1995a №li saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin imtina dəlili aşağıdakılardan ibarət olmuşdur: - bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. -bağ sahəsinin nömrəsi qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin qeyd edilən imtina dəlillərinin iddiaçının iddia etdiyi 1995a nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas vermir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bağlar təsərrüfatının arxiv saxlayıcısı olan cavabdeh orqanın öz arxivindən təqdim etdiyi arxiv sənədlərindən görünür ki, iddiaçının iddia etdiyi Göradil bağ masivində 0.12 ha ölçüdə 1995a nömrəli bağ torpaq sahəsinə dair torpaqayırma sənədləri mövcuddur, ləğv edilməmiş, etibarsız hesab edilməmiş, qüvvədədir. Təqdim edilmiş arxiv sənədlərində isə iddia olunan bağ sahəsinə dair əlavə digər şəxsin adına hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Belə ki, cavabdeh göstərilən dəlili ilə bağlı Göradil bağlar sahəsində yerləşən bağ sahələrinin sxemini təqdim etmişdir. Təqdim edilən sxematik xəritənin yazı qrafikası, şriftindən görünür ki, bağların sxematik xəritəsi bağlar Təsərrüfatı İdarəsinin mühəndisləri tərəfindən ən tezi 90-cı illərdən əvvəl tərtib edilmişdir və belə olan halda aydın məsələdir ki, təqdim olunan xəritə məhz həmin illərdəki vəziyyətə uyğun olaraq ayrılmış bağların yerləşmə yerini, ardıcıllığını göstərir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi 1995a nömrəli bağ sahəsi ilkin olaraq 142 nömrəli BTK tərkibində ilkin istifadəçi-Q.C.Qurbanova xx.xx.1992-ci ildə ayrılmış, sonuncu dəfə 2006-cı ildə iddiaçının adına keçirilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin arxivindən əldə edilmiş 142 nömrəli BTK üzvlərinin siyahısı və BTK-ya aid bölgü sxemadən görünür ki, BTK üzvlərinin siyahısı xx.xx.1990-cı ildə təsdiq edilmiş və həmin siyahıda, eləcə də həmin vaxt tərtib edilən bölgü sxemdə Q.C.Qurbanovun adı və ya 1995a nömrəli bağ sahəsi olmamışdır. Başqa sözlə, istər Göradil bağ mssivinə aid ümumi sxematik xəritə, istərsə də 142 nömrəli BTK-ya aid bölgü sxem 1995a saylı bağ sahəsinin xx.xx.1992-ci ildə ayrılmasından öncə tərtib edildiyindən hazırkı halda iddia olunan 1995a nömrəli bağ sahəsinin nömrəsinin hər iki sxmetaik xəritədə öz əksini tapmaması mümkün və ağlabatandır. İşin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. Cavabdeh məhkəmə sorğusuna cavab olaraq sxematik xəritə ilə uyğunsuzluğu əsasən sözügedən ərazinin “1600" ilə başlayan bağların ərazisi olmağı ilə əsaslandırsa da naturada faktiki bağ sahəsinin sxematik xəritədə hansı nömrəli bağ sahəsinə uyğun gəldiyini bildirməmiş, eyni zamanda Göradil bağ massivi ərazisində 1995a saylı torpaq sahəsinin bölgü sxemə uyğun yerləşməli olduğu torpaq sahəsinin koordinatlarını müəyyən edərək məhkəməyə təqdim etməmişdir. İddia olunan bağın yerləşdiyi ərazinin ortofoto görüntüsündən də görünür ki, iddiaçının 1995a saylı bağ sahəsi kimi naturada təqdim etdiyi bağ sahəsinin qonşuluğunda 826K, 826U, 1635C, 1652Z, 826B, 826M, 449Ç, 1643Ə, 449K, 1703J nömrəli bağ sahələri yerləşir. Cavabdeh orqan 1995a nömrəli bağ sahəsinin yerləşmə uyğunuzluğunu iddia etmiş olsa da lakin bunu təsdiq edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Əksinə, ortofoto görüntüdə əsas yoldan sağda qalan hissədə- iddia olunan naturadakı bağ sahəsinin qonşuluğunda olan bağların nömrələrinin qarışıq şəkildə yerləşdiyi görünür. Bu halda mübahisəli ərazidə bağların hansı ardıcıllığa uyğun yerləşdirildiyi, hansı sxematik xəritədə yerləşmə vəziyyətinə uyğun qeydiyyata alındığı bilavasitə müəyyən olunmur. Ən azından eyni sırada yalnız 1600 nömrəsi ilə başlayan bağlar olmaqla yanaşı həm də 449, 826, 1700 nömrələri ilə başlayan bağların da olduğu, qeydiyyata alınmış həmin bağ sahələrinin sxematik xəritədəki ardıcıllığa uyğun yerləşmədiyi, bir-birindən fərqli bağ nömrələrinin yan-yana yerləşdiyi adi gözlə müşahidə olunur. Başqa sözlə, cavabdeh sxematik xəritəyə əsasən iddia olunan bağ sahəsinin faktiki yerləşmə vəziyyətinin uyğun gəlmədiyini qeyd etdiyi halda rəqəm ardıcıllığına uyğun belə olmayan bağ sahələrinin eyni ərazi və yaxın koordinatlar üzrə qeydiyyata alındığı müəyyən olunmur. Məhkəmə o halı da nəzərə alır ki, iddia olunan 1995a saylı bağ sahəsinin qonşuluğunda onunla eyni 142 nömrəli BTK tərkibindən ayrılmış 449ç saylı bağ sahəsi yerləşir. Həmin bağ sahəsi ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.1997-ci il tarixli 541 saylı qərarına əsasən 142 saylı BTK nəzdində ayrılmış (vət.X6) bağ olmaqla, 142 nömrəli BTK-ya aid bölgü sxemdə öz əksini tapmamış olsa belə cavabdeh tərəfindən mülkiyyət hüququ üzrə həmin bağ sahəsi qeydiyyata alınmışdır. Qonşuluqda olan digər fərqli nömrəli bağ sahələri isə BTK nəzdində deyil, bağlar idarəsi ilə bağlanmış icarə müqavilələri əsasında vətəndaşların istifadəsinə verilmişdir. Dolayısı ilə, cavabdehin mübahisəli ərazidə bağ sahələrini hansı sxematik xəritə və ya bölgü sxemdəki ardıcıllığa uyğun qeydiyyata aldığı müəyyən olunmadığı halda iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsinin həmin əraziyə aid olmaması ilə bağlı müvafiq sübut və əsaslandırmanı cavabdeh məhkəməyə təqdim etməmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Məhkəmə cavabdeh inzibati orqanın bağlar idarəsinə aid sənədlərin arxiv saxlayıcısı olmaqla bağ torpaq sahələrinin sxematik xəritədə yerləşmə vəziyyətlərinə dair elektron məlumat bazasına da sahib olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh 1995a nömrəli bağ sahəsinə dair arxiv sənədlərinə sahib olduğu halda həmin bağ sahəsinin sxematik xəritədəki vəziyyətinə uyğun olaraq naturada yerləşmə koordinatlarını təqdim edə bilməməsi ağlabatan və əsaslı deyildir. Hətta iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərizisindəki 0,12 hektar torpaq sahəsi olan «1995a» №-li bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərizisindəki 0,12 hektar torpaq sahəsi olan 1995a №-li bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar