Məhkəmə qərarları › İş №2-1(112)-2843/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2843/2020

21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2843/2020 21.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızı, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Mətləb oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6 Ələkbər oğlunun, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, X2, İddiaçı20, İddiaçı21 Muxtar oğlunun, İddiaçı22 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı «qərarın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Mətləb oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6 Ələkbər oğlu, İddiaçı7n, İddiaçı8n, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, X4, İddiaçı20, İddiaçı21 Muxtar oğlu, İddiaçı22 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli, 273 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların iddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçılar yaşadıqları binaların 1971-ci ildən etibarən daimi sakinləridirlər və ümumi həyətin abadlaşdırılıb qorunmasında iştirak etmişlər. Lakin 8-ci mikrorayon, N.ünvan 1 ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., Azadlıq prospekti, 180) binanın qarşısındakı 1485 kv m torpaq sahəsinin X1 barədə Binəqədi bələdiyyəsi tərəfindən xx.xx.2004-ci il tarixli,273 nömrəli qərar verilmiş və onun tərəfindən avtoparkinq kimi istifadə olunmuşdur. Həmin ərazi iddiaçıların evlərinin qarşısında yerləşir, ictimai zonaya daxildir və adı gedən qərar onların qanuni mənafelərinə toxunmuş, hüquqlarını pozmuşdur. Bu məsələ ilə əlaqədar aidiyyəti orqanlara müraciət olunmuşdur. Müəyyən olunmuşdur ki, Binəqədi bələdiyyəsinin göstərilən qərarı tamamilə qanunsuzdur, yəni sənəd saxtakarlığına yol verilmişdir, torpaq sahəsi faktiki olaraq zəbt edilmiş, alver predmetinə döndərilmişdir. İddiaçıların sorğuları əsasında müəyyən edilmişdir ki, Binəqədi rayon Qeydiyyat Şöbəsinin verdiyi xx.xx.2013-cü il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən O.Əmirov xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Həmçinin xx.xx.2004-cü il tarixli, 273 nömrəli qərarda qeyd olunan torpaq sahəsinin satılmasına dair alqı-satqı protokolu mövcud olmamışdır, qərara uyğun olaraq torpaq sahəsi üzrə reyestr çıxarışı verilməmişdir.Qərarda qeyd edilən ərazi iddiaçıların sakinləri olduqları binalara aid həyətyanı zonadır. Ümumilikdə sakinlərə məxsusdur.Qeyd edilən qərar hüquqi zidd olduğu üçün ləğv edilməlidir.Qeyd edilən qərarın ləğv edilməsi barədə cavabdehə müraciət edilsə də müraciət təmin edilməmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdehidən iddiaya dair etirazın təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiya dair etraz bildirilməmişdir. “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X6 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Goranboy, Göygöl, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Tərəflər ayrı-ayrılıqda məhkəməyə ərizə təqdim edərək məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən həll edilməsini xahiş etmişlər. Məhkəmə, işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 273 nömrəli, xx.xx.2004-cü il tarixli qərarına əsasən Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, 20 saylı binanın qaşrısında 1485 kv metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyətinin göstərilməsi üçün X7 mülkiyyətinə alqı-satqı yolu ilə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu X9 Hüseynova, Tapdıq İbrahimova və digərlərinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən Binəqədi Bələdiyyəsi tərəfindən vətəndaş X7 mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə 273 nömrəli, xx.xx.2004-cü il tarixli qərar verilmişdir, lakin həmin qərara uyğun olaraq əmlak vergisi üzrə hər hansı ödəniş 2019-cu ilə qədər ödənilməmiş, zamanında alqı-satqı aktı tərtib edilməmişdir. Sözü gedən torpaq üzərində bələdiyyə qərarına uyğun olaraq rəsmi reyestr çıxarışı alınmamışdır. X7 2012-ci ildə vəfat etməsi barədə Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixli şəhadətnamə verilmişdir.İddiaçılara 273 nömrəli, xx.xx.2004-cü il qərarın ləğvi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. 591413 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X12 xx.xx.2012-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli, 273 nömrəli qərarı Mərkəzə təqdim olunmamışdır. X7 xx.xx.2006-cı il tarixi ərizəsinə əsasən o, bildirmişdir ki, cavabdehin 273 saylı, xx.xx.2004-cü il tarixli qərarı əsasında ona ayrılmış torpaq sahəsini o, X5 üçün sövdələşmiş, torpağa görə 87400 manat məbləğini əvvəlcədən almışdır. Sənədləri hazırlayıb qalan məbləği aldıqdan sonra həmin torpaq sahəsini X13 adına rəsmiləşdirəcəkdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1607/2018 nömrəli, xx.xx.2018-ci il tarixli iddianın mümkün sayılmaması barədə qərardadına əsasən iddiaçılar X14, X11 və X21 oglu cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 100 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə məhkəmədə iddia qaldırmışlar, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-296/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.Həmin birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətə apellyasiya instansiya məhkəməsində baxılan zaman üçüncü şəxs L.Əmirova izahatında göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə mərhum ərinə ayrılmış torpaq sahəsi hələ ərinin sağlığında "xxxx" MMC-nin təsisçilərindən olan X3, bu barədə sadə yazılı formada müqavilə bağlanmış, xx.xx.2006-cı ildə notarius tərəfindən təsdiqlənmişdir.Lakin həmin vaxt torpaq sahəsi üzərində ərinin hüquqları lazımi qaydada rəsmiləşdirilmədiyindən notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır.Həmin torpağın müqabilində "xxxx" MMC tərəfindən ona bir ədəd 3 otaqlı, bir ədəd 2 otaqlı, 1 ədəd bir otaqlı, cəmi 3 mənzil verilmişdir.Bununla da torpaq sahəsinin dəyəri tamamilə və ədalətli şəkildə mərhumun ailəsinə ödənilmişdir.Bu barədə onun tərəfindən 17 iyul 2016-cı il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə səlahiyyətli orqanlara ünvanlanmşdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 273 nömrəli, xx.xx.2004-cü il tarixli qərarına əsasən Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi, 20 saylı binanın (hazırda Bakı şəhəri, Azadlıq prospekti,180) qarşısında 1485 kv metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq sahibkarlıq fəaliyyətinin göstərilməsi üçün X7 mülkiyyətinə alqı-satqı yolu ilə ayrılmışdır.Hazırda iddiaçılar həmin qərarın etibarsız hesab edilməsini tələb edirlər. Məhkəmə iddiaçıların iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir, 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir, 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir, 35.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin faktiki hallarına əsasən iddiaçılar tərəfindən mübahisələndirilən cavabdehin qərarı hazırda faktiki səbəblər üzündən icrası mümkün olmayan akt olduğu üçün etibarsız sayılır. Belə ki, əvvəla həmin qərarla mülkiyyətinə torpaq sahəsinin ayrıldığı şəxs vəfat etmişdir və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyd edilən qərar əsasında rəsmiləşdirilməsi artıq mümkün deyildir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarda qeyd edilən torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin şəxs notariat qaydasında ərizə verərək cavabdehin 273 saylı, xx.xx.2004-cü il tarixli qərarı əsasında ona ayrılmş torpaq sahəsini X5 üçün sövdələşmiş, torpağa görə 87400 manat məbləğini əvvəlcədən almışdır. Sənədləri hazırlayıb qalan məbləği aldıqdan sonra həmin torpaq sahəsini X13 adına rəsmiləşdirəcəkdiyini bildirmişdir. Eyni zamanda qeyd edilən torpaq sahəsi ilə bağlı həmin torpaq sahəsinin "xxxx" MMC-yə ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 100 saylı sərəncamının ləğv edilməsi ilə Bakı Apellyasiya Məhkəməsində işə baxılan zaman X7 arvadı (birinci növbə vərəsəsi) bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə mərhum ərinə ayrılmış torpaq sahəsi hələ ərinin sağlığında "xxxx" MMC-nin təsisçilərindən olan X3, bu barədə sadə yazılı formada müqavilə bağlanmışdır.Lakin həmin vaxt torpaq sahəsi üzərində ərinin hüquqları lazımi qaydada rəsmiləşdirilmədiyindən notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır.Həmin torpağın müqabilində "xxxx" MMC tərəfindən ona bir ədəd 3 otaqlı, bir ədəd 2 otaqlı, 1 ədəd bir otaqlı cəmi 3 mənzil verilmişdir.Bununla da torpaq sahəsinin dəyəri tamamilə və ədalətli şəkildə mərhumun ailəsinə ödənilmişdir.Bu barədə onun tərəfindən 17 iyul 2016-cı il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə səlahiyyətli orqanlara ünvanlanmşdır. Yəni mübahisələndirilən qərarla torpaq sahəsinin ayrıldığı şəxsin vərəsəsinin də torpağa aid heç bir iddiası və tələbi yoxdur və torpaq sahəsini öz adına rəsmiləşdirmək niyyəti də mövcud deyildir. Belə olan halda cavabdehin hazırda mübahisələndirlən qərarı faktiki səbəblər üzündən icrası mümkün olmayan akt olduğu üçün etibarsız sayıldığına görə, iddiaçılar da qərarla torpağın ayrıldığı ünvanda yerləşən çoxmənzilli binanın sakinləri olmaqla həmin qərarla mənafelərinə toxunulduğu üçün iddiaçıların iddia tələbi təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli, 273 saylı qərarı etibarsız hesab edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 68ci,69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin olunsun. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli, 273 saylı qərarı etibarsız hesab edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar