Məhkəmə qərarları › İş №2-1(112)-2843/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2843/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2843/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, operativ vergi nəzərətinin nəticəsi üzrə tərtib edilən aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının 2021-ci ilin iyun-iyul dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 1.767.659,38 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qəaətinə gəlmişdir. Halbuki, iddiaçının əsas fəaliyyəti topdan satışdan ibarət olsa da, dövriyyəsinin müəyyən faizi pərəkəndə satış da təşkil edir. Məhz bu səbəbdən də iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektləri topdan satışla yanaşı, həmçinin pərakəndə satış kimi vergi uçotuna qeydiyyata alınmışlar. Qeyd olunmalıdır ki, malların satışının topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. Lakin operativ vergi nəzarəti zamanı cavabdeh heç bir qanuni əsas olmadan və araşdırma aparılmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Göstərilənlə əsasən iddiaçı hesab edir ki, iddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarda vergi ödəyicisinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri göstərilir. Bundan başqa cavabdeh tərəfindən qərarla Vergi Məcəlləsində göstərilən bütün formal tələblərə riayət olunmuş, qərarda operativ vergi nəzarəti zamanı tərtib olunmuş akta istinad edilmiş, həmin aktda hansı səbəbdən qərarın qəbul edilməsi üçün əsas olduğu aydın şəkildə göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2- ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys) və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda : 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də malların elektron qaimə təqdim edilməli olduğu halda təqdim edilmədən satılmasıdır. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mallar elektron qaimə-faktura verilmədən təqdim edilmədiyindən, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə ilk öncə bildirir ki, vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, İddiaçı MMC-nin hazırkı operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri “Alkoqollu və digər içkilərin topdan satışı”, “Alkoqolu içkilərin pərakəndə satışı”, “İxtisaslaşdırılmış mağazalarda alkoqollu və digər içkilərin pərakəndə satışı”, “ İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı”, “Saxlama və anbarlara yığma”, “Alkoqollu içkilərin ixtisaslaşdırılmış mağazalarda pərakəndə satışı”, “Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin topdan satışı” olmuşdur. Başqa sözlə desək, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Yəni, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd edilməlidir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaiməfaktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının göstərilən tarixlərdə əslində topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edir, bunu konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçının malların bir qismini nəzarət-kassa aparatı vasitəsi ilə pərakəndə qaydada satdığını və malların alıcılarının vergi uçotunda olmadığını bildirdiyi halda, əslində həmin alıcıların vergi ödəyicisi, ticarət fəaliyyətinin isə topdansatış olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini dəf edə biləcək bir arqument ortaya qoya bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Məhkəmə bildiririk ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan aşağıdakı əsaslardan birinin olması mütləq şərtdir: 50.1.1 vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.4-cü maddəsi, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduğu göstərilsə də, iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən 16.06.2021-ci il tarixli **********3688 nömrəli qərar əsasında 17.06.2021-ci il tarixdən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor (Daş Karxana) 2071-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində-(anbarında) Vergi Məcəlləsinin 50.1.13-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsinə nəzarət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Tədbirin nəticəsində 16.07.2021-ci il tarixli DVX seriyalı 001251 nömrəli akt tərtib olunmuş və 1.767.659,38 manat dəyərində malların elektron qaiməfaktura təqdim edilmədən satılması əsası ilə iddiaçı barəsində 31.08.2021-ci il tarixli inzibati aktla 176.765,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri aşağıdakı qeyd olunan hallarla əlaqədar həyata keçirilir: -Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; -Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; -Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; -Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; -Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; -Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; -Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -İstehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; -Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; -Vergi Məcəlləsinin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; -Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; -Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; -Malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; -“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Məhkəmə bildirir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi zamanı müəyyən olunan pozuntu halında tətbiq olunur. Qeyd olunan nəzarəti isə yalnız tədbir zamanı həyata keçirmək mümkündür. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmaması müəyyən olunsun. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri 17.06.2021-ci il tarixdə həyata keçirilsə də, həmin vaxtda iddiaçı tərəfindən malların elektron qaimə- aktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmayıb. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla 16.07.2021-ci il tarixli DVX seriyalı 001251 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan 31.08.2021-ci il tarixli inzibati akt qəbul olunmuşdur. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39- 43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Qeyd olunan normaların qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, şəxsin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2- ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-740/2022 saylı iş üzrə qəbul etdiyi 22.04.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur..” Həmin mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1076/2021 saylı iş üzrə qəbul etdiyi 23.06.2021-ci il tarixli qərarında da əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “Hazırki halda parəkəndə satış növü ilə məşğul olan təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün yetərli sübut mövcud olmadığından cavabdehin dəlili əsaslı sayıla bilməz” Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-330/2022 saylı iş üzrə qəbul etdiyi 13.04.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Hazırkı mübahisəyə münasibətdə isə cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti 19 noyabr 2020-ci ildən 18 dekabr 2020-ci ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, 11.09.2020-ci il tarixdən 20.11.2020-ci ilədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir” Göründüyü kimi kassasiya instansiya məhkəmələrin hazırki oxşar mübahisələr üzrə formalaşdırdığı mövqeyi odur ki, əgər vergi orqanı vergi ödəyicisi tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia edirsə, bu halı sübut etmək vergi orqanının üzərindədir. Həmçinin vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirdiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cаvаbdеh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 31.08.2021-ci il tarixli, **********6254 nömrəli saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar