Məhkəmə qərarları › İş №2-1(112)-2843/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2843/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2843/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 826 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992ci il tarixli, 1133 nömrəli sərəncamına əsasən, Bakı şəhər Soveti icraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən, Bağ-tikinti kooperativinin tərkibində Bakı şəhəri Bilgəh qəsəbəsində yerləşən 38 №-li BTK-ya əsasən Bilgəh Bağlar sahəsində onun adına 0,12 hektar torpaq sahəsi ayrılmış və həmin bağ sahəsinə adına Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 139 №-li Order verilmişdir. O, həmin bağ sahəsi ayrılan kimi bağ sahəsini öz vəsaiti hesabına təmizləyib yararlı vəziyyətə salıb, ətrafını daş hasara alaraq meyvə ağacları əkmişdir. Eyni zamanda həmin torpaq sahəsində yaşamaq üçün mənzil inşa etmiş və həmin Bağ sahəsi mübahisəsiz olaraq, 1992-ci ildən onun istifadəsindədir. xx.xx.2022-ci il tarixli ərizə ilə, 1992-ci ildən istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən "826" saylı torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2022-ci il tarixli (№**********81) məktubla cavab bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsnə dair sxematik xəritə ilə uyğunzusluq təşkil edir. Belə ki, torpaq sahəsi digər bağların ərazisinə uyğundur. Qeyd edilənlərə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə istinad etməklə hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən faktiki göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi 1800-lə başlayan bağların ərazisinə uyğun gəlir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********81 nömrəli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirilmişdir ki, müqavilə əsasında eyni bağ nömrəsi ilə bağ evi digər fiziki şəxsin adına (X3) qeydiyyatdan keçmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********81 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktuba əsasən elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edərək, torpaq sahəsi digər bağların ərazisinə uyğun gəldiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

8. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 01 avqust 2022-ci il tarixli Q-268- 112 nömrəli arxiv arayışına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1133 nömrəli sərəncamından çıxarış təqdim edilmişdir. Həmin çıxarışdan müəyyən edilmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən sərəncamın 2-ci bəndində, 139-cu sırada adı qeyd edilən İddiaçı – Bilgəh ərazisindəki 38 nömrəli BTK-da bağ sahəsi ayrılmışdır.

9. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfaının İnkişafı və X5 bağlar sahəsindəki 38 nömrəli BTK tərəfindən X4 Bakı şəhər İcraiyyə Komitəsinin 11 avqust 1992-ci il tarixli 1133 nömrəli qərarına əsasən ümumi sahəsi 0.12 ha olan 826 nömrəli bağ sahəsinə dair order verilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən 7-5744/17 nömrəli 24 noyabr 2022-ci il tarixli arxiv arayışı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1133 nömrəli sərəncamından arxiv çıxarışı təqdim edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********26 nömrəli məktubla 38 nömrəli bağ tikinti kooperativinə aid arxiv qovluğu məhkəməyə təqdim edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3- 30/2-12542/2023 **********42 nömrəli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 826 saylı bağ evinə dair sənədlərin surətləri məhkəməyə təqdim edilmiş, məktubda əlavə olaraq bildirilmişdir ki, X1 adına olan qeydiyyat vəsiqəsinin surəti arxiv qovluğunda saxlanılmamışdır. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X1 adına olan 826 saylı bağ sahəsi ilkin olaraq başqa şəxsin adına Bağlar Təsərrüfatı İdarəsinin 6511 nömrəli 05 aprel 1983-cü il tarixli müqaviləsi əsasında ayrılmış, sonradan X3 həmin bağ sahəsini alğı-satqı müqaviləsi əsasında həmin şəxsdən almışdır.

13. Cavabdeh tərəfindən təqdim edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən göstərilən bağ sahəsi 815 saylı bağ sahəsi ilə bir hasar daxilindədir, ara sərhədləri şərtidir, iddiaçının bildirməsinə görə 815 saylı bağ sahəsi qardaşının adınadır. 826 saylı bağ sahəsində iki mərtəbəli ev və həyət tikilisi var. 815 saylı bağ sahəsi kimi göstərilən sahədə tikili yoxdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. İşin hallarından göründüyü kimi, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 1133 nömrəli sərəncamına və 38 nömrəli BTK tərəfindən verilmiş orderə əsasən Bilgəh ərazisində 38 nömrəli BTK-nın nəzdində iddiaçıya 0.12 ha ölçüdə 826 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə dair xüsusi mülkiyyət hüqunun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.

22. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncam və order mübahisələndirilməmişdir.

22. Məhkəmə araşdırması zamanı da, məhkəmə tərəfindən sözügedən sərəncamın arxiv nüsxəsinin əldə olunması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərilmiş və sərəncamdan çıxarışın surəti məhkəməyə təqdim edilmişdir.

23. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.

24. Cavabdehin iddiaçıya məxsus bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsası sözügedən bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə, bağ sahəsinin 1800-lə başlayan bağların ərazisinə uyğun gəlməsinə, həmçinin müqavilə əsasında eyni bağ nömrəsi ilə bağ evinin digər fiziki şəxsin adına (X3) qeydiyyatdan keçməsinə istinad edilmişdir.

25. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus bağ sahəsi ilə digər fiziki şəxsin mülkiyyətində olan “826” saylı bağ sahəsi ilə üst-üstə düşməsi halı mövcud deyildir. Digər tərəfdən həmin fiziki şəxsin mülkiyyətində olan “826” saylı bağ sahəsi həmin şəxsə 1983-cü il tarixli müqavilə əsasında ayrılmış, iddiaçıya isə hazırki mübahisənin predmeti olan bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci il tarixli sərəncamı əsasında ayrılmışdır. Bundan əlavə, iddiaçının iddia etdiyi torpaq sahəsinin hər hansı bir şəxsin sərəncamında, icarəsində, istifadəsində olması məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, belə bir halın olması ilə bağlı cavabdeh tərəfindən aparılmış inzibati icraat çərçivəsində və məhkəməyə təqdim edilmiş etirazda hər hansı bir mülahizə təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, bağ sahəsi fasiləsiz olaraq iddiaçının istifadəsində olmaqla onun tərəfindən bağ sahəsində iki mərtəbəli ev və həyət tikilisi inşa edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə bağ sahəsinin nömrəsində yanlışlıq olduğu və bağ sahəsinin yerləşməsində sxematik xəritə ilə uyğunsuzluq olduğu təqdirdə belə, bağ sahəsinin nömrəsindəki səhvin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Bu uyğunsuzluğun, eləcə də, sxematik xəritədəki uyğunsuzluğun aradan qaldırılması öhdəliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. İddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsinin nömrəsinin uyğun olmaması, həmçinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi ilə bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina edilməsində haqlı sayıla bilməz.

27. Göründüyü kimi, cavabdehin dəlili əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

29. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 826 saylı 0.12 ha ölçüdə bağ sahəsinə dair mülkiyyət hüquqlarının (nömrə uyğunsuzluğunun aradan qaldırılmaqla) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar