Məhkəmə qərarları › İş №2-1(112)-2843/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2843/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2843/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra –cavabdeh) müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış 33635,54 manat pensiya kapitalı (2024-cı il tarixinə indeksləşdirilmiş) əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləğində (408,52 manat) dəyişiklik olmamışdır. xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, əyani təhsil aldığı illər və xx.xx.1978ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 21 il 6 ay 10 gün olduğu halda, iddiaçıya Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Təqdim edilən Azərbaycan Respublikası “Azərittifaq” Qubadlı rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının xx.xx.2024-cü il tarixli 019 saylı arayışını məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq etdikdən sonra təkrar müraciət əsasında yaşa görə əmək pensiyanın yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-xx.xx.1998-ci illərdə Qubadlı rayon İstehlak Cəmiyyətinin Bazaryanı Sənaye Malları mağazasında işlədiyi müddətin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesblanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Qubadlı rayonunda anadan olmuşdur. Qubadlı rayonu işğal olduqdan sonra Bakı şəhərində məskunlaşmışdır. Hazırda təqaüdçüdür. Aldığı təqaüdə 1988-ci ildən 1998-ci ilə qədər Qubadlı rayon istehlak cəmiyyəti bazaryanı sənaye mallar mağazasının müdiri işlədiyi üçün həmin dövrün sosial siğorta stajına əlavə olunmasını tələb etsə də, inzibati orqan imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddianın təmin olunmaması xahiş etmiş və bildirmişdir ki, iddiaçı S.Allahverdiyevin faktiki sığorta stajı xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 21 il 10 ay 25 gün təşkil edir. Qeyd edilən dövrlər iddiaçının mübahisələndirilməyən sığorta stajına daxildir. İddiaçı S.Allahveriyevin mübahisələndirilən sığorta stajı “Azərittifaq” Qubadlı rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının xx.xx.2024-cü il tarixli 019 saylı arayışında qeyd olunmuş xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək tarixədək olan əmək fəaliyyəti dövrləridir. S.Allahverdiyevə Qanunun 22-1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2024cü il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 25 il tam iş stajı qarşılığında xx.xx.2024-cü il tarixədək pensiya kapitalı 33635,54 (indeksləşdirilmiş məbləği) manat təşkil edir. İddiaçının yaşa görə əmək pensiyası xx.xx.2024-cü tarixə 408,52 təşkil edir. İddiaçı A.Safəralıyevin xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 25 il deyil, 21 il 10 ay 25 gün təşkil etməsinə baxmayaraq 21- 1.1 maddəsinə əsasən 25 il nəzərə alınmışdır. İş üzrə icraat materiallarında olan “Azərittifaq” Qubadlı rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının xx.xx.2024-cü il tarixli arayışında iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi qeyd olunsa da, dövlət tərəfindən işsiz kimi müavinət aldığı bildirilir. Həmçinin işdən azad olduğu tarixədək koopersiya sistemi dövriyyəsinə əsasən hər ay orta hesabla 120-160 rubl əməkhaqqı aldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Ancaq iş materiallarında olan arxiv arayışında iddiaçının əməkhaqqını rublla aldığının qeyd olunması qeyd olunan arayışın mötəbətləyinə əsaslı şübhələrin yaranması üçün əsasdır. Digər diqqət yetirilməli xüsusat isə iş yerindən verilmiş arayışda iddiaçının məcburi köçkün həyatı yaşadığından işsizlik müavinətinin almasıdır. Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 181 nömrəli Qərarın qəbul edilməsində məqsəd “Respublikaya edilmiş hərbi təcavüz nəticəsində 1000-ə yaxın təhsil və 700-dən çox səhiyyə müəssisəsi, 2000-dən artıq mədəniyyət ocağı və digər humanitar istiqamətli sosial obyektlər işğal altında qalmış, burada işləyən on minlərlə qulluqçu və fəhlələr iş yerlərindən məhrum olaraq acınacaqlı vəziyyətə düşməsi nəticəsində məcburi köçkünlərin ağır həyat şəraitini yaxşılaşdırmaq, işlə təmin etmək və onlara mütəmadi olaraq əmək haqqı verilməsidir”. Qərarın ikinci bəndində qeyd olunur ki, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etsin. Göründüyü kimi orta aylı əməkhaqqı o şəxslərə münasibətdə saxlanılır ki, onların işlədikləri işləri dövlət büdcəsi hesabına maliyyələşmiş olsun. İddiaçı isə “Azərittifaq” Qubadlı rayon İstehsal İstehlak cəmiyyətləri İttifaqında əmək fəaliyyəti ilə məşğul olduğunu iddia edir. Qeyd olunan müəssisə isə dövlət büdcəsi hesabına maliyyələşdirilən müəssisələrə daxil deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2022 - 30 iyun 2023-cü il üzrə 63 yaşdır. Qeyd olunan normalardan görünür ki, kişilərə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 65 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. ƏPQ-nin 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; ƏPQ-nin 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ƏPQ-nin 22-1-ci maddəsinin tələbləri əsas götürülməklə 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajının 25 ilən çox olduğunu iddia edərək faktiki sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə Qubadlı şəhərində anadan olmuş, 65 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. İş materiallarında olan ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixində Qubadlı zona Aqrokimya laboratoriyasında texnik vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixində vəzifəsindən azad edilmiş, xx.xx.1983-cü il tarixində Azərittifaq “Azkoopinşaatquraşdırma” trestinin 12 nömrəli tikinti sahəsində İİİ dərəcəli bənna vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixində yoxlama komissiyası tərəfindən imtahan edilərək gördüyü bənna işi üzrə İV dərəcə verilmiş, xx.xx.1988-ci il tarixində Azkoopinşaatquraşdırma trestinin xx.xx.1988-ci il 17 nömrəli əmrinə əsasən 12 nömrəli tikinti sahəsinin ləğv edilməsi ilə əlaqədar Zəngilan rayonu 13 nömrəli tikinti sahəsinə dəyişdirilmiş, xx.xx.1988-ci il tarixində Azkoopinşaatquraşdırma Trestinin 13 nömrəli Tikinti İdarəsinə bənna vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixində Qubadlı XRSU idarəsinə bənna keçirilmiş, xx.xx.1989-cu il tarixində Qubadlı rayonu T.N.T.T sahəsi üzrə ərizəsinə əsasən İİ dərəcəli divar ustası vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.1989-cu il tarixində Qubadlı rayonu T.N.T.T sahəsi üzrə ərizəsinə əsasən İİİ divar ustası vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixində ərizəsinə əsasən Qubadlı rayon istehlak cəmiyyəti bazarınin sənaye malları bazarına müdir təyin edilmiş, xx.xx.1998-ci il tarixində ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.1998-ci ildə Nizami rayonu 145 nömrəli məktəbdə texniki işçi vəzifəsinə təyin edilmişdir. Eldar Quliyev adına 145 nömrəli tam orta məktəbin 309 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Eldar Quliyev adına 145 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyir. 90 nömrəli xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 048220 nömrəli diplomdan görünür ki, iddiaçı 1975-1978-ci illərdə Bakı Kooperativ texnikumunda təhsil almışdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qeyd olunan normaların tələbləri nəzərə alınmaqla, istinad olunan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə cəmi 29 il 10 ay 1 gün ümumi iş stajı olmuşdur. Lakin işdən görünür ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək olan stajının 25 ildən az olmasına istinad edərək, iddiaçı S.Allahverdiyevin faktiki sığorta stajının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 21 il 10 ay 25 gün təşkil etdiyini bildirmişdir. Belə ki, cavabdeh iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrü qəbul etməmişdir. Halbuki işdə olan «AZƏRİTTİFAQ» idarə heyəti aparatının rəhbəri AAŞ-09/07 nömrəli xx.xx.2025-ci tarixli məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1989-cu il tarixdən (sər.172, xx.xx.1989) xx.xx.1983-cü il tarixədək Azərittifaqın tərkibində olan Qubaldı Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının (RİİCİ) Bazaryanı Sənaye malları mağazasında müdir vəzifəsində işləmişdir. xx.xx.1998-ci ildə İddiaçı öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.1993-cü il tarixdə erməni işğalçıları tərəfindən Qubadlı rayonu işğal olunduğu üçün o da başqaları kimi məcburi köçkün həyatı yaşamış və dövlət tərəfindən işsiz kimi müavinət almışdır. İşğal zamanı müəssisənin bütün sənədləri işğalçılar tərəfindən məhv edildiyi üçün İddiaçı işlədiyi illərə dair əmək haqqı cədvəlləri təqdim edilə bilmir. Qubaldı Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqı (RİİCİ) xx.xx.2024-cü il tarixli 019 saylı məktubla kooperasiya sistemində əmək haqqı dövriyyəyə görə hesablandığı və işlədiyi dövrlərdə ay ərzində orta hesabla 120-160 rubl əmək haqqı almışdır. Sosial ödənişlər müəssiəsə tərəfindən ödənilmişdir. Həmin vaxtlarda fərdi qaydada heç bir fərdin adına ayrılıqda pul vəsaiti ödənilmirdi. Göründüyü kimi, əmək kitabçasından əlavə, iddiaçının 1989-1998-ci illərdə Qubaldı Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının (RİİCİ) Bazaryanı Sənaye malları mağazasında müdir vəzifəsində işləməsi işəgötürən tərəfindən də təsdiq edilmişdir. Buna baxmayaraq cavabdeh həmin dövrü iddiaçının sığorta stajına salmaqdan imtina etmiş, lakin qeyd edilən həmin dövrlərin mötəbər olmaması ilə bağlı hər hansı bir sübutu təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin birinci abzasına əsasən 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Lakin işdən görünür ki, cavabdeh heç bir əsaslı şübhə olmadan iddiaçının 1989- 1998-ci illərə aid sığorta stajını qəbul etməmiş, bununla iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, cavabdeh həmin arayışda əmək haqqının 120-160 rubl olaraq ödənilməsinin və “Azərittifaq” Qubadlı rayon İstehsal İstehlak cəmiyyətlərinin dövlət büdcəsi hesabına maliyyələşdirilən müəssisələrə daxil olmadığından işsiz kimi müavinət almasının mümkünsüz olmasına istinad edərək, arayışda göstərilən məlumatları şübhə altına alsa da, iddiaçının 1989-cu ildən həmin müəssisədə işləməsini, həmin vaxt milli valyutanın olmamasını, iddiaçının aldığı müavinətin iş yerini itirməsi ilə bağlı olmasını nəzərə almamışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin bu dəlilləri formal mülahizələrdən ibarətdir. Qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bu hal işəgötürənin arayışı ilə təsdiq edildiyindən iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan hər hansı mötəbər sübut təqdim etmədiyindən, əksinə iddaçının 1989-1998-ci illərdə həmin müəssisədə işləməsi öz təsdiqini tapdığından məhkəmə belə qənaətə gəlir ki, inzibati orqanın bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 27.1-ci maddəsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Qubaldı Rayon İstehsal İstehlak Cəmiyyətləri İttifaqının (RİİCİ) Bazaryanı Sənaye malları mağazasında müdir vəzifəsində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar