Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2847/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********3 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33381,45 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə yenidən cavabdehə müraciət edərək ona 57 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişlərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişlərinin ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq pensiya ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2022-ci il tarixində cavabdehə müraciət etmişdir. Həmin məktubuna cavab verilməmişdir. O, xx.xx.1984-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək Azərbaycan Dövlət X3nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində motorçu, 4-cü, 3-cü, 2-ci və baş mexanik vəzifələrində işləmişdir. Bu fakt MT-1 seriyalı, ******* nömrəli əmək kitabçasında öz əksini tapmışdır. Üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 30 il 02 ay 16 gün təşkil edir. Tutduğu vəzifələr və çalışdığı zərərli işlərin kateqoriyası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edimiş 2 nömrəli siyahısında 23003000 kodla qeyd olunmuşdur. Həmçinin işləmədən öncə 1979-1983-cü illərdə o, “Gəmi güc qurğularının istismarı” ixtisası üzrə təhsil almışdır. Bundan əlavə 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana yenidən müraciət edərək ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə **********4 nömrəli Qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan onun müraciətini tam təmin etməmiş, buna görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, ƏPQ-nin 9.8-ci maddəsinin tələbinə əsasən 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi iş stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşdə olan İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, ET №039706 nömrəli diplomun və ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1979-cu ildə Qafur Məmmədov adına Bakı dəniz yolları məktəbinə “Gəmi güc qurğularının istismarı” ixtisası üzrə əyani şöbəyə qəbul olunmuş və 1983-cü ildə həmin məktəbi bitirmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdə Azərbaycan Dövlət X3nin üzücü heyətinin nəqliyyat donanmasında motorçu vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə 4cü dərəcə mexanik, xx.xx.1990-cı il tarixdə 3-cü dərəcə mexanik, xx.xx.1997-ci il tarixdə 2ci dərəcə mexanik,xx.xx.2004-cü il tarixdə baş mexanik vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 nömrəli və xx.xx.2014-cü il tarixli, 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət X3nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X2 yenidən təşkili yolu ilə "Azərbaycan X3"Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. xx.xx.2014-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İstinad edilən normalara əsasən iddiaçının ali təhsil dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə 25 il 9 ay 18 gün ümumi iş stajı olmuşdur. Belə olan halda aydındır ki, iddiaçı ƏPQ-nin 9.8-ci maddəsinin tələbinə əsasən 2 nömrəli siyahı üzrə ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ilkin şərti ödəmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 23003000, 3. Dəniz və çay donanması 1) Üzən heyət üzrə kod 23003010- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İşdə olan “Azərbaycan X3” QSC-nin xx.xx.2022-ci il tarixli, 01/17-223 nömrəli arxiv arayışından görünür ki, “İddiaçı Bakı Dəniz Yolları məktəbini bitirdikdən sonra (Diplom № ET039706) xx.xx.1984-cü ildən (xx.xx.1984-cü il tarixli 09/з nömrəli əmr) xx.xx.2014-cü ilə kimi (xx.xx.2014-cü il tarixli 56/ü mömrəli əmr) Azərbaycan Dövlət X3nin “Fizuli”, “Murqab”, “İslam Səfərli”, “Mikayıl Müşfiq”, “Q.Xəlilbəyli”, “Rəsul Rza”, “Cəfər Cabbarlı”, “Saatlı”, “R.Behbudov”, “Tovuz”, “Cəlil Məmmədquluzadə”, “Nəriman Nərimanov” gəmilərində matorçu, 4-cü mexanik, 3-cü mexanik, 2-ci mexanik, baş mexanik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 30 il 02 ay 16 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b"yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 154 nömrəli Qərarına əsasən X3 Azərbaycan Dövlət X3 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət X3nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X2 yenidən təşkili yolu ilə "Azərbaycan X3" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmışdır.” Göründüyü kimi, iddiaçının xx.xx.1984-cü ildən etibarən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı ilə təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox, 21 il 11 ay 19 gün güzəştli iş stajı mövcuddur. Deməli, iddiaçı ƏPQ-nin 9.8-ci maddəsinin tələbinə əsasən 2 nömrəli siyahı üzrə ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün ikinci şərti də ödəmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının nə ümumi, nə də xüsusi stajını mübahisələndirmiş, etirazın yeganə dəlilini iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ona 57 yaşdan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi təşkil etmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, həmin tələb qanunvericiliyə xx.xx.2017-ci il tarixdən etibarən, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən əlavə edilmiş, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ isə ƏPQ-nin 9.8-ci maddəsinin tələblərinə görə xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən yaranmışdır. Həmin Qanunda, həmçinin ƏPQ-nin 9.8-ci maddəsində pensiya kapitalı ilə bağlı hər hansı bir göstəriş olmadığından məhkəmə hesab edir ki, həmin şərt hazırkı halda iddiaçıya tətbiq edilə bilməz. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcud olduğundan onun 57 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış, cavabdeh isə iddiaçının bu tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (iddiaçı cavabdehə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya ödənişinin həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2847/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2847/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver