Məhkəmə qərarları › İş №2-1(112)-2850/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2850/2021

30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2850/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin imtinası qanunsuz sayılmaqla iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxxxx 1963-cü il tarixdə doğulmuşdur. Əmək fəaliyyətinə 1981-ci ildən “Kommunist” Nəşriyyatında başlamış və sonradan müxtəlif təşkilatlarda çalışmış, 6 avqust 1992-ci il tarixdən 25 oktyabr 1999-cu il tarixədək “Azərb.Dizayn” YİB-in 1 nömrəli “Təmir Tikinti Dizayn” Trestində işləmişdir. 2 noyabr 1999cu il tarixdə xxxxnə işə qəbul olunmuşdur. Həmin tarixdən 16 may 2003-cü il tarixədək xxxxnin Tunel Qurğuları Xidmətində 4-cü dərəcəli texnik vəzifəsində işləmişdir. 16 may 2003-cü il tarixdən 1 iyul 2004-cü il tarixədək yalnız gecə işində 2-ci dərəcəli tunel fəhləsi, 1 iyul 2004-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək yalnız gecə işində 3-cü dərəcəli tunel fəhləsi, 1 yanvar 2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixədək yalnız gecə işində 3-cü dərəcəli suvaqçı, 1 dekabr 2014-cü il tarixdən 1 mart 2016-cı il tarixədək yalnız gecə işində 3-cü dərəcəli tunel fəhləsi, 1 mart 2016-cı il tarixdən 15 fevral 2018-cı il tarixədək 4cü dərəcəli süni qurğular və yol baxıcısı işləmiş, 15 fevral 2018-ci il tarixdən Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtonəqliyyat Kolonunun (Dəstəsinin) Motoroles distansiyasında 6-cı dərəcəli texnik vəzifəsinə keçirilmiş və hazırda həmin vəzifədə işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar əmək kitabçasını və işlədiyi müəssisədən alınmış 28 avqust 2020-ci il tarixli arayışı müvafiq ərizəyə əlavə edərək Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN-5 mərkəzi vasitəsilə hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Filiala təqdim edilən 17 sentyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun (ərizəçinin) 2 noyabr 1999-cu il tarixdən 1 fevral 2014-cü il tarixədək olan dövr ərzində xxxxndə işlədiyi texnik, dövrü tunel fəhləsi və suvaqçı vəzifələri, 1 mart 2016-cı il tarixdən 15 fevral 2018-ci il tarixədək olan dövr ərzində işlədiyi yol baxıcısı və texnik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az (1 il 3 ay) təşkil edir. Hesab olunur ki, cavabdehin imtinası onun pensiya hüququnu pozmuşdur. Cavabdehin imtina üçün əsaslandığı AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən məlum olur ki, onun işlədiyi tuneldə yalnız gecə işində fəhlə peşəsi qərarla təsdiqlənmiş Siyahının 21.5-ci “Metropoliten” bölməsində (birinci sətirdə) nəzərdə tutulmuşdur. 25 yanvar 2018-ci il tarixdə onun 55 yaşı tamam olmuşdur. Həmin tarixdə onun artıq 20 ildən artıq ümumi sığorta stajı, 10 ildən çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə sığorta stajı olmuşdur. O, güzəştli şərtlərlə pensiya hüququ verən tuneldə yalnız gecə işində fəhlə işlərində sığorta stajına, 16 may 2003-cü il tarixdən 1 aprel 2014-cü il tarixədək olan dövr üzrə 10 il 7 ay 15 gün, 1 dekabr 2014-cü il tarxdən 1 mart 2016-cı il tarixədək olan dövr üzrə 1 il 3 ay, cəmi 11 il 10 ay 15 gün staja malikdir. O, həmin işinə görə həm də əmək haqqına gecə işinə görə əlavələr almışdır. Cavabdehin imtina məktubunda heç bir əsas olmadan onun işlədiyi “tuneldə yalnız gecə işində fəhlə” peşəsinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamasını göstərməklə yanaşı güzəştli iş stajının 10 ildən az (1 il 3 ay) təşkil etməsinin hansı əsasla bildirilməsi anlaşılan deyil. Bundan əlavə, 1 yanvar 2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixədək yalnız gecə işlərində suvaqçı kimi işlədiyi də “tuneldə yalnız gecə işində fəhlə” peşəsidir və həmin işə görə onun əmək haqqına əlavə ödəniş edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 38-ci maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsaslanaraq, İPM-in 2, 14, 33-cü maddələrini rəhbər tutaraq, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz sayılaraq, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməyə pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 21 dekabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassızdır və qanuna zidd olduğundan rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrun və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə əmək pensiyası hüququ vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının fərmanlarını və sərəncamlarını, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməni və DSMF-nin Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmr və sərəncamlarını, Fondun İdarə heyətinin qərarlarını, Fondun İdarə heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etdiyi 17 sentyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 2 noyabr 1999-cu il tarixdən 1 fevral 2014-cü il tarixədək olan dövr ərzində xxxxndə işlədiyi texnik, dövrü tunel fəhləsi və suvaqçı vəzifələri, 1 mart 2016-cı il tarixdən 15 fevral 2018-ci il tarixədək olan dövr ərzində işlədiyi yol baxıcısı və texnik vəzifələri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az (1 il 3 ay) təşkil edir. Qeyd olunanlara əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhləmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki üç il üzrə ödənilməyən pensiya məbləğinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nünayəndəsi və vəkili X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazı müdafiə etdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmidir. Qərarla təsdiqlənmiş Siyahının “21.Nəqliyyat” bölməsinin “21.5.Metropolitenlər” bəndində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” peşəsi də daxil edilmişdir. İş materiallarından görünür ki, hazırkı İddiaçı xx xxxxxx 1963-cü tarixdə doğulmuşdur və onun hazırkı yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi, ev 60, mənzil 27-dir. İş materiallarında olan “xxxx” QSC-nin A/198 nömrəli 28 avqyst 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: - xx xxxxxx 1963-cü il tarixdə doğulmuş X6 xxxxnin Tunel qurğuları xidmətində 2 noyabr 1999-cu tarixdən 16 may 2003-cü il tarixidək 4-cü dərəcəli texnik, 16 may 2003-cü il tarixdən 1 iyul 2004-cü il tarixədək yalnız gecə işində 2-ci dərəcəli tunel fəhləsi, 2 iyul 2004-cü il tarixdən 1 yanvar 2014-cü il tarixədək yalnız gecə işində 3-cü dərəcəli tunel fəhləsi, 1 yanvar 2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixədək yalnız gecə işində 3-cü dərəcəli suvaqçı, 1 dekabr 2014-cü il tarixdən 1 mart 2016-cı il tarixədək yalnız gecə işində 3-cü dərəcəli tunel fəhləsi, 1 mart 2016-cı il tarixdən 15 fevral 2018-ci il tarixədək 4cü dərəcəli süni qurğular və yol baxıcısı, 15 fevral 2018-ci tarixdən Nəqliyyat və Xüsusi Texnika Departamentinin X1 distansiyasında 6-cı dərəcəli texnik vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə işləyir. AR Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına uygun olaraq həmin Siyahının “21.Nəqliyyat” bölməsinin 21.5-ci “Metropolitenlər” bəndinə uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 12 il 9 ay 15 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən xxxx və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkil yolu ilə səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmışdır. Məhkəmə araşdırılması zamanı toplanmış sübutlar, o cümlədən iddiaçının işlədiyi müəssisənin yazılı məlumatı belə qənaətə gəlməyə əsas verir ki, xx xxxxxx 1963-cü il tarixdə doğulmuş İddiaçı 1981-ci ildən əmək fəaliyyətinə başlamış və 2015-ci ilin yanvar ayınadək 20 ildən artıq ümumi iş stajına malik olan şəxs kimi onun 52 yaşı tamam olmuşdur. Həmin iş dövrünün 10 ildən artıq hissəsini o, yalnız gecə işində tunel fəhləsi peşəsində işləmişdir, hansı ki, həmin vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədir. O, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün hazırkı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindın imtina etmiş və imtinasını onun güzəştli əmək pensiyası hüququ verən peşələrdə 10 ildən artıq iş stajının olmaması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələbləri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 52 yaşa çatması; 2) həmin vaxtadək 20 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 10 ilinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Məhkəmə vurğulayır ki, İddiaçı 52 yaşa çatanadək 10 ildən artıq müddət işlədiyi “yalnız gecə işində tunel fəhləsi” peşəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21.5-ci bəndində göstərilmişdir. Nəzərə alınmalıdır ki, Siyahının sözügedən bənddinə fəhlə peşəsindən başqa, briqadirlər, ustalar, mühəndislər və s. peşələr də əksini tapmışdır. Odur ki, məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlili əsaslı saymır. Belə olan halda, iddiaçıya münasibətdə yuxarıda qeyd olunan üç şərtin hamısı –52 yaşa çatçası, 20 ildən artıq ümumi iş stajı, 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajı mövcud olduğundan, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olur. Bu səbəbdən də cavabdehin ona həmin pensiyanın təyin olunmasından imtina etməsi qanuna zidd, eləcə də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İddiaçı 2020-ci ilin sentyabr ayında müraciət etsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə ona əmək pensiyasının təyin olunmasında «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 2015-ci ilin yanvar ayının 25-də qüvvədə olan tələbləri rəhbər tutulmalıdır. Məhkəmə bir xüsusatı da diqqətə çəkir ki, iddianın ikinci hissəsində “hazırkı dövrədək yaranmış fərq məbləğinin ödənilməsi” tələb olunur. Bu tələbə münasibətdə məhkəmənin qənaəti belədir ki, iddiaçıya əmək pensiyası təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsi üzrə ona münasibətdə «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1, 37.7-ci maddələrinin tələbləri tətbiq olunmalıdır. Yəni müraciət etdiyi tarixdən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləği ona ödənilməlidir. İPM-in 98-1.1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. İPM-in 98-1.3-cü maddəsinə görə Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. İPM-in 98-1.4-cü maddəsinə əsasən Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında göstərilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki üç il ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar