Məhkəmə qərarları › İş №2-1(112)-2853/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2853/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2853/2021 26.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi-X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı Dost Mərkəzi tərəfindən onun 16.01.1984-cü il tarixdən 1984-cü ilin mart ayının sonuna qədər X1 Taksimotor Parkında taksi maşınının sürücüsü işləməsinin nəzərə alınaraq, həmin Mərkəzin üzərinə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən məhkəməyə, iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən onun 16.01.1984-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna qədər X1 Taksimotor Parkında taksi maşınının sürücüsü işləməsinin nəzərə alınaraq, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əlilliyə görə əmək pensiyasının yenidən hesablanması barədə 11 iyun 2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətindən imtina olunmuşdur. 16 yanvar 1984-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna qədər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən X1 Taksimator Parkının taksi maşınının sürücüsü işləmişdir. Bu barədə müvafiq arxiv arayışı almışdır. Lakin əmək vəzifələrinin icrasının əks etdirən əmək kitabçasını itirmişdir. Buna görə də DSMF-nun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən ona təyin olunmuş 126,95 manat məbləğdən artıq pensiya hesablanmır. Hesab edir ki, pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 09.06.2021-ci il tarixli **********1 №li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçıya hüququnun yarandığı 25 mart 2018ci il tarixdən etibarən 21 il 07 ay sosial sığorta stajı nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 16 yanvar 1984-cu ildən 1994-cü ilin mart ayının sonuna qədər X1 Taksimator Parkında taksi maşınının sürücüsü işlədiyini iddia edir. İddia edilən illərə dar iddiaçının əmək kitabçasında qeydlər aparılmamışdır. X7 tərəfindən məhkəməyə ünvanlanmış 18 mart 2021-ci il tarixli 02/33 nömrəli məktubun məzmunundan aydın olur ki, X1 Taksimator Parkında taksi maşınlarının sürücülərinin 1992-1993-cü illərdə işləmələri və əmək haqqı almaları haqqında sənədlər Dövlət Arxivinə verilməmişdir. Qeyd olunan məktubla iddiaçının cavabdeh quruma və məhkəməyə sübut qismində təqdim etdiyi 28 noyabr 1997-ci il tarixli arxiv arayışı arasında ziddiyyət mövcuddur. Belə ki, həmin arayışda iddiaçının bütün illər üzrə əmək haqqı alması qeyd edilmişdir. İşdə olan 15 noyabr 2018-ci il tarixli X5 13/1135 nömrəli arayışında işə əmək haqqına dair hər hansı bir məlumat verilməmiş, yalnız 1990-cı ilə qədər olan əmr kitablarının arxivə təhvil verilməsi, işdən azad olunma əmrinin olmaması göstərilmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab olunur. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi-X3 iddianı qəbul etməyərək və məhkəməyə təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: - ASAN 4 tərəfindən 22.10.2014-cü ildə verilmiş AZE seriyalı 00****** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Naxçıvan MR, Babək rayonu, Hacıvar kəndində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən 21 mat 2021-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş iddiaçıya aid 153676 №li “pensiya işi”ndən müəyyən olunur ki, DSMF Nizami rayon şöbəsinin 611 №li 13.06.2018-ci il tarixli qərarı ilə İddiaçı 27.03.2018-ci il tarixdən 01.04.2023-cü il tarixədək əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Pensiya işinin materiallarına əlavə olunmuş; - NZ seriyalı ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı 15.10.1977-ci ildən 23.10.1979-cu ilədək həqiqi hərbi xidmətdə olmuşdur. - İT-İ seriyalı ******* №li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 06.05.1994-cü ildən 08.04.2016-cı il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş **********5 №li 10.02.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı 153676 №li “pensiya işi” üzrə İİİ qrup əlilliyə görə müddəti 31.07.2023-cü il tarixədək müəyyən olunmuş 259,78 manat məbləğində əmək pensiyası alır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş; - 14/890 №li 28.11.2017-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, X1 Taksi motor parkının sənədlərinə baxıldıqda müəyyən edilmişdir ki, İddiaçı 16 yanvar 1984-cü ildə 03 №li əmrlə taksi maşınının sürücüsü qəbul edilmişdir, lakin onun işdən çıxma əmrinə rast gəlinməmişdir. Əmək haqqı cədvəllərində 1984-cü ilin yanvar ayından 1994-cü ilin mart ayı daxil omaqla əmək haqqı alması sənədlərdə göstərilmişdir (Əsas fond: 27, s:8,1 a: 19,22) - 13/492 №li 30.04.2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, X1 Taksimotor Parkı sürücülərinin sənədlərinə baxıldıqda müəyyən edilmişdir ki, İddiaçı 16 yanvar 1984cü ildə 03 №li əmrlə sürücü qəbul edilməsi əmr kitablarında göstərilmişdir. Qeyd: 1995-ci ildən yuxarı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi üçün işdən azad edilməsi haqqında məlumat yoxdur (Əsas: fond- 27, siyahı-3, sax/vah. 579, 1006). Arxiv arayışına əlavə olunmuş əmək haqqın cədvəlində İddiaçı 1985-ci ildə yanvardekabr ayları üzrə; 1986-cı ildə yanvar-dekabr ayları üzrə; 1987-ci ildə yanvar-dekabr ayları (may ayı istisna olmaqla) üzrə; 1988-ci ildə yanvar-dekabr ayları üzrə; 1989-cu ildə yanvar-dekabr ayları üzrə; 1990-cı ildə mart-dekabr ayları üzrə; 1991-ci ildə yanvar-dekabr ayları (may və avqust ayları istisna olmaqla) üzrə; 1992-ci ildə yanvar-avqust üzrə; 1993cü ildə mart ayı üzrə əmək haqqı alması qeyd olunmuşdur. Qeyd: Taksimator parkı sürücülərinin 1984, 1993-cü illərə dair əmək haqqı cədvəlləri, 1995-ci ildən yuxarı illərə dair əmr kitabları və əmək haqqı cədvəlləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməyib (Əsas: fond-27, siyahı -2 , sax/vah-914, 931, 942, 952, 970, 979). İddiaçının hazırki tələblə bağlı 24.06.2020-ci il tarixdə etdiyi müraciətə cavab olaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********2 №li 06.07.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən İİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığorta stajının hesablanması zamanı nəzərə alınan və ya digər fəaliyyət müddətinin müəyyənləşdirilməsi əmək kitabçasına uyğun olaraq aparılır. Təqdim olunmuş sənədə əsasən sığorta satajının yenidən hesablanması mümkün deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə iddiaçıya əmək pensiyası təyin edilmiş, lakin 16 yanvar 1984-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna qədər X1 Taksimotor Parkında taksi maşınının sürücüsü işlədiyi dövr cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan pensiya məbləği hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 16 yanvar 1984-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna qədər X1 Taksimotor Parkında taksi maşınının sürücüsü işləməsinin əmək stajı kimi nəzərə alınaraq, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı olduğundan qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 16 yanvar 1984-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna qədər X1 Taksimotor Parkında taksi maşınının sürücüsü işləməsinin əmək stajı kimi nəzərə alınaraq, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar